“Şəriətmədari təpədən dırnağa türk düşməni idi”

guntay7Güntay Gəncalp:İranda əsla milli türk şəxsiyyəti yetişmədi

II-sonuncu hissə

Birinci hissəni bu linkdən oxuya bilərsiniz: Güntay Gəncalp: “Tariximiz saxta qəhrəmanlarla doludur” https://www.xural.com/?p=26853

Strateq.az-da “16-1” layihəsinin təqdimatı davam edir. Bu dəfə qonağımız son zamanların ən ziddiyyətli tarixçilərindən sayılan Güntay Gəncalpdır. Onunla İranda yaşayan soydaşlarımızdan və “Cənubi Azərbaycan” məsələsindən danışdıq. Söz-sözü apardı…

Güntay Gəncalp öz orijinal baxışı ilə uzun müddətdir ki, sosial şəbəkələrdə bəzi təpkiləri üzərinə çəkib. Onun Azərbaycan tarixinə maraqlı yanaşması var və bu yanaşma bəziləri tərəfindən qəbul olunmur. Hətta onu bu yanaşmalarına görə “farsın adamı” kimi dəyərləndirənlər də yox deyil. Bunların da səbəbi var. Güntay Gəncalp Azərbaycan tarixinin elə simalarına “ilişir”, o şəxsiyyətlər haqqında o sözləri yazır ki, biz uzun illər o tarixi şəxsiyyətləri qəhrəman bilib, fotolarını başımızın üzərinə qaldırmışıq. Uzun Sovet dönəmində belə olub, Sovet dövründən sonrakı dönəmdə də bu, davam edib. Biz tənbəlliyimizdən tarixə baxışımızı dəyişməmişik. Açığı, heç o suala da cavab verməmişik ki, necə olur bizə düşmən olan və tariximizi bizə az qala qadağan edən bir Sovet rejiminin bizə qəhrəman bildiyi şəxsiyyətlər hələ də öz “yerlərini” qorumaqdadır? Düşmənin bizə qəhrəman kimi təqdim etdiyi şəxsiyyətlər həqiqətənmi bizim qəhrəmanlarımızdır?

Güntay Gəncalpın müsahibəsində bu məsələlər barədə maraqlı məqamlar var. Orada Şah İsmayıl Xətaidən Səttarxana, Şeyx Məhəmməd Xiyabanidən Seyid Cəfər Pişəvəriyə, Şəriətmədaridən tarixin ən qaranlıq məsələlərinə qədər münasibət var. Güntay Şərq-Qərb ziddiyyətini də bizə açmağa, mahiyyətini izah etməyə çalışır.

Azərbaycan tarixinə körlü-köməcli fərqli baxış bucağından yanaşan bu tarixçinin müxtəlif müzakirələrə səbəb olacaq müsahibəsini təqdim edir və müzakirələrin dəyərli tarixçilərimiz tərəfindən davam etdirilməsini arzulayırıq. Azərbaycanın həqiqi tarixi naminə!..

Əvəz Zeynallı

 

Səfəvilərdən sonra heç bir alim yetişməmişdir

 

– Şah İsmayılın Mövlananın kitablarını qadağan etdiyini iddia edirsiniz, amma onun ciddi döyüşlər ərəfəsində elm və sənət adamlarını mağaralara doldurub qoruduğu haqqında danışmırsınız…

– Bunlar Bakı yalanlarıdır. Elm və sənət adamlarımı sağ buraxdı Şah İsmayıl? Şah İsmayıl Heratı işğal etdikdən sonra oradakı bütün alimləri sünnidilər deyə qətl etdi. Behzad adında bir rəssam şiə olduğunu iddia etdiyi üçün öldürülmədi. Behzadı Təbrizə gətirmişdi. Təbrizdə onu kitabxananın müdiri təyin etdi və Şahnamənin yenidən yazılmasını ona tapşırdı. İsmayıl sənət adamlarına Şahnaməni yenidən yazdıraraq türkləri təhqir edən bütün aşağılayıcı sözləri oraya artırtdı. Günümüzdə əlimizdə olan və Firdovsiyə aid edilən “Şahnamə”ni İsmayıl yenidən yazdırdı. Ərəbləri və özəlliklə türkləri təhqir edən misraları Şah İsmayıl və oğlu Təhmasib Şahnaməyə artırdı. Mövlana yasaqlanırsa, artıq o siyasi mühitdə hansı elmdən söhbət gedə bilər? Mövlana “Məsnəvi”sində şiələrin aşura günü özlərini döymələrini tənqid etmiş və bu şəkildə Hüseyni anmaq Hüseynə qarşı təhqirdir deyə yazdığı üçün Şah İsmayıl tərəfindən yasaqlanmışdı. Bu haqda tutarlı bəlgələr var. İndinin İran şiə hakimləri də Mövlananı sapıq olaraq görərlər. Səfəvilərdən sonra heç bir alim yetişməmişdir. Bir alim adını deyə bilməzsiniz. Əlxarəzmi, Farabi, Biruni, İbni-Xəldun, Mövlana, Xaqani, Hafiz, Nizami və bu kimi böyüklərin hamısı Səfəvi öncəsinə aid. Səfəvilərdən sonra büzüşüb ağlayan kölə sürülər ortaya çıxdı. Ağlaşma ilə düşüncə bir yerdə ola bilməz.

 

Kürdlər 150 ildir dağda savaş təcrübəsinə sahibdirlər

 

– Güneylə Quzeyin bir dövlət halında birləşməsi məsələsinə necə baxırsınız?

– Bu əsrdə mümkün deyil. Bunun üçün öncə İranın parçalanması lazımdır. Xarici müdaxilə olmaz, böyük güclər tərəfindən Türkiyə və İran işğal edilməzsə, parçalanmaları mümkün deyil. Tarix bunu isbat etmişdir. İstanbul işğal edildi, Türkiyə parçalandı. Rusiya hər kərəsində İranı işğal etdiyində parçalanmış və ya parçalanma ehtimalı doğmuş. Ən son Stalinin işğalı ilə İranın quzeyində Kürdistan və Azərbaycan adında yerli hökümətlər yarandı. Diqqət etsəniz, bütün bu gəlişmələr xarici müdaxilələrin nəticəsi kimi ortaya çıxıb. İqtisadi, dini, tarixi zəmində bizi İran xalqlarından qoparacaq diqqətədəyər güclü faktor ortada yoxdur. Biz öz ana dilimizdə İranın sərhədləri daxilində məktəb haqqı əldə etsək, böyük işdir. Ayrıca, İran parçalanarsa Urmiya və ətrafını kürdlər işğal edərlər. Çünkü kürdlər 150 ildir dağda savaş təcrübəsinə sahibdirlər, bizim xalqın savaş təcrübəsi yoxdur. Urmiyanun türk əhalisi rahat şəhər həyatına alışmışlar və kürdlər kimi silahlanıb savaşa bilməzlər. İranda kürd dağları silah anbarlarıdır. Mutlu ölkə olmaq üçün mütləq birləşməliyik deyə bir qayda yoxdur. Birləşmə tarixi təsadüfün nəticəsi ola bilər, lakin belə siyasi, tarixi, elmi, iqtisadi, kültürəl, mədəni və sosial zərurət ortada yoxdur. Gələcəkdə bütün ölkələr arasındakı sərhədlər yox olacaq. Yer üzündə sərhədlər ortadan qalxmalıdır.

 

guntay gencalp1

Səttarxan – öz ağlını qullanmayan lider!

 

– Səttarxanı, Şeyx Məhəmməd Xiyabanini, Seyid Cəfər Pişəvərini və Şəriətmədarini bizə anlada bilərsinizmi?

– Səttar Xandan “niyə savaşırsan” deyə sorulduğunda “Nəcəf ayətullahları savaş fətvası vermişlər, ona görə savaşıram” demişdi. Yəni öz ağlını qullanmayan lider! Səttar Xanın yazıb-oxuması yox idi. Nə istədiyini bilmirdi. Qaçaq Nəbi kimi biri idi. Sadəcə Qaçaq Nəbi kənd, Səttar Xan şəhər hərəkəti içində idi. Lenin Səttar Xanı öyüb onu Rusiyanın Pukaçevinə bənzətdiyi üçün Bakıda onu sovet zamanında göylərə qaldırmışdılar.

Xiyabani Azərbaycan adını dəyişdirdi

Xiyabani Azərbaycan adını dəyişdirdi. Çünkü Rəsulzadənin türklük mehvərli Azərbaycan adlı ölkəsini qəbul etmirdi. Türk dilinə sayqısı yox idi. Fransızca və farsca dərslik kitabları çıxardı, türkcə çıxarmadı.

Pişəvəri müstəqil Azərbaycanın İrana qatılmasını təbliğ edirdi

Pişəvəri Bakıda olduğunda Rəsulzadə hökümətinin devrilməsində fəal iştirak etdi. Müstəqil Azərbaycanın İrana qatılmasını təbliğ edirdi. 21 Azərdə ölkəsini başsız buraxıb gəlməsi üzündən yüzlərcə günahsız adamın ölümünə səbəb oldu. Bu arada 21 Azərdə 30 min insanın ölməsi iftira və şişirdilmiş rəqəmdir. Təqribən 300 adam Şəriətmədarinin fətvası ilə öldürüldü. Ordu Təbrizə girdiyində kimsəni öldürmədi. Ordudan öncə başsız qalan fədailəri mollaların qulbeçələri öldürmüşdülər.

Şəriətmədari təpədən dırnağa türk düşməni idi

İran şiə üsyanından sonra Dr.Cavad Heyət və digərləri türk dilində məktəb açmaq üçün ondan yardım istəmişdilər. Şəriətmədari bu istəyi komik olaraq görmüş və “ölkəmiz parçalanar” demişdi.

 

– İranda milli hərəkat vardısa, niyə qalib olmadıq, yox idisə, adını çəkdiyimiz bu tarixi şəxsiyyətlər kimlərdi?

– İranda milli türklük hərəkəti heç vaxt olmamışdır. Bu tarixi şəxsiyyətləri Azərbaycanın saxta tarixçiləri milli Azərbaycan şəxsiyyətləri adlandırmışlar. Tarixi saxtalaşdırmışlar. Onların hamısı İran milliyyətçiləri olmuşlar. Milli türk hərəkəti bundan sonra başlayacaqdır. Çünkü Azərbaycandakı saxta bilgilər bir sürə bizi çox məşğul etdi, artıq bu yalan və çayxana bilgilərini sorğulayıb iftira olduqlarını ifşa edən şəxsiyyətlərimiz meydana çıxmışdır. “Niyə bu hərəkət sonuc verməmişdir” deyə sormanız çox gözəldir. Çünkü türk milli kimliyi heç bir zaman bir hərəkətin məzmunu və niyyəti olmamışdır.

guntay4

Tarixi yenidən yazmağa qərar verdim

– Bir Oxucunuz haqlı olaraq, “siz köhnə nə varsa dağıdır, amma yeni heç nə yaratmırsınız” deyir, doğru deyilmi?

– Doğru deyil. Mən hər şeyi dağıtmıram. Məsələn, mənim “Qafqaz türklərinin oyanış dövrü” kitabım Axundovdan Hüseyn Cavidə qədər bütün aydınlarımızın siyasi, fəlsəfi, sosial dünyagörüşlərini incələmiş, Böyük Rəsulzadəni fərqli açılardan dəyərləndirmişdir. Modern millət olmaq tarixin qaranlığına sıxılıb qalmaqla mümkün olmaz. Bizim indiki durumumuz tarixi sürəcin nəticəsi deyilmi? Tarixdə yaxşı bir şeylər olsaydı, bizim də durumumuz bu şəkildə olmaz, dünyanın etibarlı millətlərindən sayılardıq. Ancaq əhalisinin çoxu türk olan İranda bizim heç bir statusumuz yoxdur. Niyə? Bunu fars-filan etməmiş, farsdan öncə nəyimiz vardı? Mən də Azərbaycandakı yalan və saxta tarixin təsirində idim. Araşdırdığımda gerçəklərlə qarşılaşırdım və böyük ümidsizliyə qapılırdım, az qala intihar edəcəyim anlarım oldu. Çünkü ömrümü yalanlara həsr etdiyimi görürdüm və dilimizi sevən birisi olaraq tarixi yenidən yazmağa qərar verdim. Bir neçə tarix kitabım sırf bu mövzuda Bakıda çap olunmuşdur. Yalan və yanlış bilgi hər zaman sıxıntı yaradar, doğru bilgiləri qəbul etmək zor olsa da, ancaq düşünməyə və aydınlanmaya yol açar. Tarixdə heç bir iz buraxmayacaq bir neçə adamın mənə nəsə demələrindən çəkinib doğruları araşdırmamalı idimmı? Həqiqəti heç vaxt çoxluq qəbul etməz, çoxluq onu məst edəcək yalanlara və saxtakarlıqlara inanar. Çünkü həqiqət qəbuledilməz, araşdırılar. Bitməyən bir araşdırmadır həqiqət yolçuluğu. Mənim haqqımda o sözləri söyləyənlərin həyatlarını incələsəniz, görərsiniz ki, bütün ömürlərində beş kitabı sonuna qədər oxumayıblar. Açıqcası, mən heç bir millətə qarşı düşmən deyiləm. Bir toplum öz iç dinamiklərini itirmişsə, sürəkli günahı başqalarında görər. Öz ana dilimizdə bu qədər kitab yazıb tərcümə etmənin nə kimi zərəri var? Xalqın alışdığı yalanları mən də təkrarlayıb durmalıyam? Kitablarım hər iki tərəfdə böyük etiraz və qəbullarla oxunmuşdur. Toplumun pis vərdişlərini və zehnini işğal etmiş yalanları ancaq bu şəkildə ortadan qaldırmaq olar.

 

Bir mədəniyyətin inanc sistemi çökərsə, artıq o mədəniyyət ölmüşdür

 

– Dünya Azərbaycanlıları müxtəlif təşkilatlar yaradırlar. Onlardan biri də Dünya Azərbaycanlıları Konqresidir. Bu təşkilatlara münasibətiniz necədir?

– Bu mövzu haqqında mən həm praktikada məşğul olmuş, həm də çox düşünmüşəm. Ciddi müşahidələrim var. Xaricdə qurulan təşkilatların tərkibində Qərbdə dünyaya gəlmiş, ya da 15 yaşın altında ailəsi ilə 20-25 il öncə Qərbə getmiş insanlarla qarşılaşmadım. Hamısı yaşlı vaxtda Qərbə gedən, Qərb kültürünə, dilinə inteqrə ola bilməyən insanlardır. Ancaq erməni, yəhudi və digər xalqlarda bu şəkildə deyildir. Onların Qərbə gedən dədələrindən törəmiş oğulları, nəvələri, nəticələri, kötücələri və iticələri də təşkilatlarda aktivdirlər. Həm də bulunduqları ölkələrdə elmi-iqtisadi status qazanmış nəsillərdir. Bizdə belə deyildir. Nədən əcəba? DAK və digər təşkilatlar da eynidir.

 

– Nədən bizdə belə deyildir?

– Hər bir mədəniyyətin orta dirəyini təşkil edən bir inanc və o inanca bağlı əxlaq və davranış düzənidir. İqtisadi və siyasi ehtiyaclar mədəniyyətin yan dirəyini təşkil edərlər. Bir mədəniyyətin yan dirəkləri, yəni iqtisadi və siyasi dirəkləri yıxlarsa, o mədəniyyət yaralanar, ancaq çökməz. Özünü yenidən təmir edərək canlanma imkanını itirməz. Lakin bir mədəniyyətin orta dirəyi, yəni inanc sistemi çökərsə, artıq o mədəniyyət ölmüşdür və canlanma imkanı olmaz. Mənim müşahidələrimə görə Səfəvi sonrası bizim mədəniyyətin orta dirəyi çökmüşdür. Bu üzdən İranın lideri Xamneyi “Səfəvi sonrası şiənin dili farsca olmuşdur” dedi haqlı olaraq. İrandan Avropaya gələn bir türk gənci hansı tarixi-milli xatirələrlə gəlir? Bu tarixi xatirələr Qərb mədəniyyəti qarşısında dirənə bilərmi? Bu adam tarixi xatirələrini övladlarına çatdırmaq istərmi? Mənim müşahidələrim gösətərir ki, Qərb mədəniyyəti ilə tanış olan bizlər aşağılıq kompleksinə giririk və daşıdığımız tarixi xatirələrdən utandığımız üçün onu övladlarımıza çatdırmaq istəmirik. Çünkü bizim tarixi şüuraltımızı şəkilləndirən inanc sistemimizdə şiddətdən, qoçuluqdan, qabadayılıqdan, baş yarmaqdan, sinə və zəncir vurmaqdan başqa nə var?

guntay3Araşdırmalarım, yazdığım və oxuduğum kitablar olmasaydı, mütləq intihar edərdim

Məsələn, mən özüm qələmi olan, kitab əhli birisiyəm. Bilincaltımdakı xatirələrin övladlarıma keçməsindən qorxuram. Özəlliklə Avropa mədəniyyəti bizim bilincaltımızı ifşa edir. Yuxumda görürəm, İrandayam və saqqallı çirkin adamlar kəskin qılınclarla öz başlarına döyürlər. Yuxuda öz-özümə “Tanrım, bura İran olsun da yaşadığım ölkə olmasın, gördüyüm gerçək deyil, yuxu olsun” deyə yalvarıram. Uşaqlığımda bu aqressiv sürülərin saxta din adı ilə özlərinə qıymaları ruhumu yaralamış. Qorxu içində yuxudan oyanıram. Əllərim titrəyir, yata bilmirəm. Bu üzdən tariximizə aid olan nə varsa hamısını unutmaq üçün psixoloqa getdim. İndi dərman qəbul edirəm. Araşdırmalarım, yazdığım və oxuduğum kitablar olmasaydı, mütləq intihar edərdim. Bu üzdən oxucularınıza şiddətlə uşaqlarını aşura günləri məscidlərə, şəbeh meydanlarına, zəncir və sinə məclislərinə aparmamalarını tövsiyə edirəm. Hər bir şiə-qızılbaş toplantısı çocuğun ruhuna vurulan yaradır.

 

İranda əsla milli türk şəxsiyyəti yetişmədi

 

– Qorxunc bir tablo təsvir edirsiniz. O zaman çıxış yolu nədir sizə görə?

– Bizim taleyimizlə almanların tarixi taleyi bir-birinə bənzəyir. Almanlar 16-cı əsrə qədər inanc zəminində Vatikanın kölələri idilər. Din anlayışlarında reform gerçəkləşdirdikdən sonra yüksələrək dillərini fəlsəfə dili etdilər, dünyanın böyük iqtisadi, siyasi, mədəni gücünə dönüşdülər. Bizim din anlayışımızda reform olmalıdır. Şirkdən azad olaraq Qurana görə İslamı qəbul etməliyik. İslamda insanın özünə zərər verməsi, öz başına döyməsi, həm də bunu balaca uşaqların yanında etməsi deyə bir şey yoxdur. Hz.Hüseyn macərası İslam deyil, Hz.Hüseyn İslam tarixində ortaya çıxan önəmli bir şəxsiyyətdir. İslamın bilgi kitabı Quran və praktikası da Peyğəmbərin həyatıdır. Bu ikisindən kənarda İslam yoxdur. Bu üzdən diqqət etsəniz, əsla farslar bir meydan savaşında bizi məğlub edib ölkəmizi işğal etməmişlər. Biz inanc zəminində almanların Vatikan qarşısında yenildiyi kimi, fars-Sasani din anlayışının köləsi halına gəlmişik. İnanc zəminində yenilmişliyimiz buradan qaynaqlanır. Bakıda uydurulan fars şovinizmi qurama bir şeydir. İranşünaslıq üzərinə elmi bilgisi olmayanların xəyal quruntusudur. Biz könüllü olaraq sömürülməyə təslim edilmişik. Mənim mücadiləm bu baxımdan Avropa aydınlarının son 500 ildə verdikləri aydınlanma mücadilə sisteminə dayanmaqdadır. Hər bir insanın içində Allah var. Şah damarımızdan bizə yaxındır. O zaman zəncirlə, şillə-yumuruqla özümüzü döydüyümüzdə Allaha da saldırmış oluruq. Bu xəstə din anlayışında Allahdan başqa imamdan, imamzadadan, pirdən, məzardan da imdad bəklənilməkdədir. İslama görə də bunlar açıqca şirk sayılmaqdadır. Bu şirkdən azad olunmadıqca da könüllü köləlik davam edəcəkdir. Könüllü köləlik mənim təsbitimə görə bir Səfəvi projesi olmuşdur. İranda sırf bu baxımdan əsla milli türk şəxsiyyəti yetişmədi. Keçən əsrin əvvəllərində bütün dünya türklüyü qurtuluş düşüncəsi axtararkən, İran türkləri içindən bir tək milli şəxsiyyət çıxmadı.

Fars irqçiliyinin modern proqramını səfəvizədə türklər yazdılar!

Tam tərsinə, fars irqçiliyinin modern proqramını səfəvizədə türklər yazdılar! Bakıda uydurulan saxta qəhrəmanların heç birində türklük bilinci olmamışdır. Hamısı səfəvizdə türk düşmənləri olmuşlar. Keçən min ildə türklərə “qılınc ağaları” və farslara da “qələm ağaları” ləqəbi taxılmışdı. Gerçək olan budur ki, farsın qələmi türkün qılıncını qırıb tarixə gömdü. Qələm savaşı meydanında yer almalıyıq. Bu faciənin genişliyini anlamaq üçün sizə iki örnək vermək istəyirəm. Hindlilərin 200 ilə zəhmət çəkib təsis etdikləri böyük bir şəhərin əhalisini Mahmud Qəznəvi qətl etdi və şəhəri də tarixdən silərək bolca altun və cəvahirlə döndü. Sarayında 4500 farsca şeir yazan şair saxlayır, hamısına da altun və gümüş verirdi. Qəznəvilərdən sanki heç türk olmamışlarcasına bir tək cümlə də türkcə miras qalmamış. Bir tək fars yurddaşı olmayan Osmanlıda 2200 farsca divan yazılmış. Türkcə heç iki divan belə yox. Bu üzdən Türkiyə türklərinin də estetik zövqləri yoxsul. Tarixi xatirələrində anlaya biləcəkləri nə bir Mövlana, nə Hafiz, nə Xaqani, nə Nizami, nə Əttar, nə dərin minyatur bir xatirə və tarixi dərinliyi olan bir musiqi mətni var. Şüuraltıları çöllük. Ümumi bir türk tarixinin faciəsi.

 

İran nə zaman təhlükəyə girmişsə, Azərbaycan onun dağılmasına əngəl olmuş

 

– Azərbaycanın gələcəyi haqqında düşüncələriniz varmı və onlar nələrdən ibarətdir?

– İran Azərbaycanının durumu çox bərbaddır. Səbəblərinin bir qismini açıqladım. İran nə zaman təhlükəyə girmişsə, Azərbaycan onun dağılmasına əngəl olmuş. Fars millətçiləri İranın quzeyində bitişik yaşayan türkləri təhdid olaraq görmüşlər. Hətta Birinci Pəhləvi dönəmində əhalini Xorasan çöllərinə daşımağı da düşündülər, İkinci Dünya Savaşı baş qaldırdı və bu proje həyata keçmədi. Lakin İran-İraq savaşında İraqın təcavüzü qarşısında heç bir millət səfəvizədə Azərbaycan türkləri qədər qəhrəmanlıq göstərmədi. Hətta bir çox millətçi fars stratejistlərinə görə, İraq-İraq savaşı böyük zərər versə də, ancaq fars kimliyi mərkəzli İran bu savaş sırasında parçalanmayacaq biçimdə tamamlandı. Çünkü İranda ən böyük etnos olan türklər könüllü olaraq İrani kimlik yolunda ölümə getdilər. Bir sözlə, İrani kimlik yolunda bu qədər fədakarlıq göstərən bizim xalq tarixin heç bir mərhələsində öz kimliyinin yolunda bu fədakarlığın milyonda birini də göstərməmişdir. Bunun əsas səbəbini mən inanc zəminində ruhən sömürülməkdə görməkdəyəm. İndiki İranda bu dini faşizmi devirib sekulyar, demokratik bir dövlət düzəni qurmaq üçün öncə İranın bütün xalqları və demokratiyaya inanan insanları ilə birləşməliyik. Çünki milli haqqımızı da ancaq demokratik və sekulyar bir sistem içində əldə edə bilərik. Bu yolla modern dünyanın diqqətini cəlb edə bilərik. Azərbaycan Respublikasında durum fərqli ola bilər. Azərbaycan Rusiya və Qərblə mədəni münasibətlərini genişlətməlidir məncə. Çünkü boşluq yaranarsa, yerini irani kimlik doldurar. Görürsünüz, İranda təhsil alıb geri dönən terroristlər, imampərəstlər və pirpərəstlərin sayı Azərbaycanda hər gün artmaqdadır. Bunlar ölkəmiz üçün ciddi təhdid və təhlükədir. Azərbaycan sekulyar ölkə olaraq dini fanatizmin sosial həyatı təsiri altına almasının önünü kəsməlidir. Küçələrdə, açıq yerlərdə zəncir vurmanın, uşaqların gözləri önündə şiddət çağrışdıran eyləmlərdə bulunmaların qarşısı şiddətlə alınmalıdır. Yoxsa “Molla Nəsrəddin” məktəbinin mübarizə apardığı cəhalət ölkəmizdə yenidən xortlayar. Bu üzdən Azərbaycanın aydın gələcəyini müsavatçıların elan etdikləri türkcəmizdə modern bilgilərlə dinimiz İslamı anlamaqdan keçər.

 

guntay5“Qarabağın yolu Təbrizdən keçir” demək, Qarabağı ermənilərə bağışlamaq fikri ilə örtüşməkdədir

 

– Siz Bütöv Azərbaycan məsələsinə necə baxırsınız?

– Bütöv Azərbaycan, parçalanmış Azərbaycan ifadələri ilə İranda türk milli şəxsiyyəti olaraq politikacı ortaya çıxa bilməz. Dünyanın ən demokratik ölkəsi sayılan Amerikada bilə ölkə bütövlüyünü təhdid edən politikalara izin verilmir, haqlarında edam cəzası çıxarılır. Bu üzdən İranda milli kimliyimizin yüksəlişi və demokratikləşən İran ortamında siyasi mövzu edilməsi yolunda iki təhdid var: 1- İranda Güney Azərbaycan sinifləndirməsi ilə siyasi fəaliyət göstərmək istəyənlər. Çünkü bu, öz-özünə Bütöv Azərbaycan anlayışını gətirir və bunun üçün də nə Azərbaycan Respublikasında, nə İranda siyasi, iqtisadi, mədəni ortam var, nə də bölgədə və dünyada İranın bölünməsi yolunda istəklər söz qonusudur. 2 – Ölkədən kənarda, özəlliklə Avropada siyasi təşkilat quraraq məramnamələrinə Bütöv Azərbaycan yerləşdirənlər də siyasətlə deyil, qurqu ilə məşğuldurlar. İndiki tarixi pozisiyada bizim problemimiz Azərbaycanın bütövləşməsi deyil, İran sınırları içində milli kimliyimizi modern insan haqları çərçivəsində yüksəltməkdir. Öz ana dilində bir cümləni yaza bilməyən bir topluma belə bir ülkü yükləmək komikdir və fars şovinisti adlandırdıqları zehniyyətdən də təhlükəlidirlər. Çünkü hər ideya öz zaman və məkan ölçümündə ortaya atılmadığında yararlı olmaq yerinə, zərərli olar. Böyük mədəni inqilab yolunda düşüncə istehsal etmək lazımdır. Böyük siyasi hərəkətlərin də mədəni altyapısı olmalıdır. Bunun üçün Bakı bizim üçün bir fürsətdir. Bütövlükdən-filan danışmaq yerinə, dilimizi yaxşıca öyrənib fars dilində olan minlərcə tarixi mənbələri tərcümə edib Bakıda çap etdirmək daha yararlıdır. Çünkü dilimiz tarixi qaynaqlar baxımından çox yoxsuldur. Bu utopiya yoxsul sinif cocuqlarının həyatını sorumluluq daşımadan atəşə atmaqdan başqa bir şey deyildir. “Qarabağın yolu Təbrizdən keçir” demək, Qarabağı ermənilərə bağışlamaq fikri ilə örtüşməkdədir. Siyasət güncəl söyləm və imkanlara dayanar. Min il sonranın utopiyaları ədəbiyatın və mədəniyətin qonusudur. O qaranlıq mühitdən tarixi hadisələr sizi uzaqlaşdırmış. İrəliyə doğru gedin və oradakılara da nümunə olun. Bir zaman Azərbaycan Respublikasında illik ortalama gəlir adam başına, 25 min dolar olarsa, o zaman İrandakı tərəfi də çəkib öz içinizdə həzm edə bilərsiniz. İnsan bir ömrə sığan xəyallarla məşğul olmalıdır.

Əvəz Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button