Sabahımız Dünənimizdən asılıdır…

Eldəniz Quliyev

Azərbaycan Ziyalılar Birliyinin sədri

 

MƏDƏNİYYƏTİMİZİ DÜŞÜNƏRKƏN…

Qəribə səslənsə də, indiyəcən Azərbaycanın milli mədəniyyət konsepsiyası olmayıb və bu, bir həqiqətdir. Mədəniyyətə həmişə dar çərçivədən və yalnız bir başıx bucağından yanaşılıb. Bəlkə elə buna görədir ki, bu gün yalnış nəticə və mahiyyətlər labirintində ilişib qalmışıq… Azərbaycan zəngin mədəni irsə malikdirmi? Əlbəttə. Nizamidən, Füzulidən, Nəsimidən üzü bəri, Şirvani, Axundov, Məmmədquluzadə, Sabir, Zərdabi, Hacıbəyov və digər çoxsaylı yaradıcı, maarifpərvər, vətənpərvər və s. ləyaqətli şəxsiyyətlərin sayəsində böyük və qiymətli mədəni irs ehtiyatlarına sahiblənmişik. Azərbaycan bu gün mədəni ölkədirmi və ya azərbaycanlııar bu gün həqiqətənmi mədənidirlər, həqiqətənmi onlar etik davranış qaydalarına əməl edirlər? Təəssüflər ki, yox. Yaxşı, onda bu necə olan işdir ki, zəngin mədəni irsə malik olan bir millətin mədəni səviyyəsi bu gün… qənaətbəxş və məqbul sayılmır?.. İlk baxışda təzadlı səslənir, deyilmi? Bunu müxtəlif səbəblərlə izah etmək olar, amma məncə, bu “səbəblər”dən ikisini xüsusi vurğulamaq lazımdır.

Əvvəla, yuxarıda qeyd etdiyim kimi, ortada hər hansı mədəniyyət konsepsiysı olmaması səbəbindən, biz zaman-zaman mədəniyyət anlayışını ancaq çalıb-oynamaqla, oxumaqla, rəssamlıq, heykəltəraşlıq, tətbiqi sənət, kino, teatr və sair incəsənət növləri ilə məhdudlaşdırmışıq. Bu isə öz növbəsində, ciddi yanılışlığa yol açmış və mədəniyyət anlayışının budanması, arıtdanması ilə nəticələnmişdir. İndi mədəniyyətin nə olduğunu kimdən soruşsan, şübhəsiz ki, mədəniyyətlə incəsənəti eyniləşdirəcək və öz-özlüyündə haqlı olduğunu da düşünəcək. Əslinə isə bu, belə deyil. Yəni mədəniyyət bildiyimizdən və qəbul etdiyimizdən daha geniş anlam daşıyıcısıdır. Belə ki, mədəniyyət anlayışı, incəsənət sahələrindən başqa, özündə – təhsil, səhiyyə mədəniyyətini, cəmiyyətin davranış qaydalarını, jurnalist və digər qələm sahiblərinin peşə etikasını, siyasi mədəniyyəti, o cümlədən sənaye, hətta istehsalat və kulinariya və sair və ilaxır mühüm mədəniyyətləri ehtiva edir. Məncə, bu barədə daha ciddi düşünməyə dəyər… İkincisi, nədənsə bu gün milli-mənəvi dəyərlər və mental keyfiyyətlər haqqında söhbət düşəndə bir çoxları ağız büzür… Sabahımızın müəyyən dərəcədə Dünənimizdən asılı olduğunu heç vəclə qəbul etmək istəmirlər. Bu, əlbəttə ki, kökündən səhv yanaşma və psevdo-kreativlik həvəskarlarının xətalı dünyagörüş ambisiyasından irəli gəlir. Belələri anlamırlar, bəlkə də anlamaq istəmirlər ki, mənəvi-mental dəyərlər mənəvi və mental xüsusiyyətlərlə eyni məna yükü daşıyan anlamlar deyillər. Xüsusiyyətlər eyni ilə RƏY kimidir – istənilən vaxt onu dəyişmək olar. Dəyərlər isə FAKTdır – onu, istəsən belə, dəyişmək, inkar etmək olmaz! Və ən əsası: hər bir xalqın, millətin, etnosun mədəniyyətinə, onun mənəviyyatının tərkib hissəsi kimi baxmaq lazımdı. Əks təqdirdə, yanlış labirintlər dəhlizində itib-batmaq təhlükəsi qaçılmazdır. Kim bilir, bəlkə məhz elə bu səbəbdəndi ki, bu gün biz, qaynar tavaya düşmüş soyuq su damcısı kimi, cızdağımız çıxa-çıxa bu qədər problemlər, ağrı-acılar yaşamağa məhkum olmuşuq?! Bəlkə məhz elə buna görədir ki, milli mədəniyyətin mahiyyətini sırtıq gülüş və həqarətlə dəyərləndirən bir sürü qudurğan məmurun tapdağı altında haqqımızı, hüququmuzu, ruzimizi tələb etməkdən qorxur, çəkinirik?.. Əsil mədəniyyət “marqansovka” kimidi – bircə çimdiyi bir çən suyun rəngini dəyişir. Əsil mədəniyyətsizlik də eynən… Mədəniyyətə layiqincə və obyektiv qiymət verə bilsəydik, yəqin ki, ölkədə heç bu qədər siyasi və vicdan məhbusu da olmazdı. Bu qədər günahsız insan zindan həyatı yaşamazdı, bu qədər çətinliklərlə, məhrumiyyətlərlə, haqsızlıqlarla üzləşməzdik. Son olaraq, qeyd edim ki, mədəniyyət əbədi – ömür müvəqqətidir! Əbədi olan isə, haqlı olaraq özünə qarşı həmişə həssaslıq və hörmət tələb edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button