Sabiq nazirdən prezidentin sərt tənqidinə dəstək

“Əgər prezident bir sahənin qalxması, inkişafı üçün zəruri olan bütün addımları atırsa və bu zaman hansısa bir məmur onu əngəlləyirsə bu, sadəcə xəyanətdir”

“Azərbaycan hökuməti bu gün Azərbaycana gələn turistlərin ölkəyə maneəsiz daxil olmasını təmin edən bütün tədbirləri görür və bu sahədə neqativ hallara yol verənlərə qarşı barışmaz mübarizə aparır. Turizmin inkişafına ölkə prezidentinin bu qədər həssas bir münasibəti fonunda hansısa məmurun və ya hansısa sahənin rəhbərinin münasibəti fərqli ola bilməz. Bu, dövlətin və onun başçısının apardığı siyasətə qarşı çıxmaqdır”.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bu fikirləri prezidentin turizm sektoru ilə bağlı sərt çıxışını şərh edərkən söyləyib. Ekspert Musavat.com-a deyib ki, turizm Azərbaycanda qeyri-neft sektorunun aparıcı həlqələrindən birinə çevrilməkdədir: “Hökumət bu sahənin sürətli inkişafını təmin etmək üçün son bir neçə ildə çox mühüm addımlar atıb. Sahənin əhəmiyyətini nəzərə alan ölkə prezidenti onun inkişafı ilə bağlı məsələləri daima nəzarətində saxlayır. Hökumət ölkəyə turistlərin gəlib-getməsini əngəlləyən bütün maneələri aradan qaldırıb, viza rejimi isə kifayət qədər sadələşdirilib. Turizmin inkişafına bu səviyyədə qayğı son iki – üç ildə öz bəhrəsini əsaslı şəkildə verməyə başlayıb. Bu gün Azərbaycan turizmin inkişaf sürətinə görə dünyada aparıcı yerlərdən birini tutur. Cari ilin 3 ayı ərzində ölkəmizə gələn turistlərin sayı ötən ilin birinci rübü ilə müqayisədə 12,5 faiz artıb. Regionun başqa turizm ölkələrindən fərqli olaraq, Azərbaycanda bu ilk növbədə illərdir hökm sürən ictimai-siyasi sabitliyin və təhlükəsizliyin nəticəsində mümkün ola bilib. Digər tərəfdən, ölkəmizdə yaradılan böyük turizm kompleksləri turistlərə burada öz rahatlıqlarını tapmaqda çox böyük imkanlar yaradır. Azərbaycanda turizmin bu sürətlə inkişafını şərtləndirən əsas məsələlərdən biri də ölkəmizdə son illər ərzində keçirilən mötəbər beynəlxalq yarışlar vasitəsilə məmləkətimizin bütün dünyaya tanıdılması olub. Bu tədbirlər sırasında Eurovision mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və Formula 1 yarışları xüsusi qeyd olunmalıdır. Təkcə Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir”.

F.Yusifovun sözlərinə görə, bütün bu səbəblərdən də aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda prezident İlham Əliyev bu sahədə yol verilmiş nöqsanlarla bağlı ciddi xəbərdarlıqlar etdi: “Bu, tamamilə doğru bir tənqid və doğru bir xəbərdarlıq idi. Kimliyindən və indiyəqədərki xidmətlərindən asılı olmayaraq, heç bir məmurun və ya sahə rəhbərinin prezidentin müəyyən etdiyi inkişaf kursunu əngəlləmək haqqı yoxdur. Əgər prezident bir sahənin qalxması, inkişafı üçün zəruri olan bütün addımları atırsa və bu zaman hansısa bir məmur onu əngəlləyirsə bu, sadəcə xəyanətdir. Elə buna görə də ölkə başçısı məsələ ilə bağlı xəbərdarlığı bu qədər kəskin bir şəkildə bildirdi”.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button