Sabir Rüstəmxanlıdan Əjdər Tağızadəyə sərt cavablar…

“O yalanları oxuyanda adamın ürəyindən keçir desin ki, yalançının filanı, filanı, filanı belə – belə olsun”

“İndi məlum olur ki, bunların mənim, qardaşlarımın ev – eşiyinə də ayaq açmalarının kökündə bir xəfiyyəçilik dayanırmış”


Moderator.az millət vəkili, xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının “Hürriyyət” qəzetinə müsahibəsinin sonuncu hissəsini təqdim edir.

– DAK-la bağlı son durumu soruşacaqdım. Əjdər Tağızadənin ittiham dolu müsahibəsinə cavab vermək istəmədiniz deyəsən…
– Əslində mən bu suala cavab vermək istəmirəm. Çünki DAK – la bağlı illər uzunu davam edən bir düşmənçilik kampaniyası var. Müəyyən qüvvələr ümumiyyətlə DAK – ı Azərbaycandan çıxarmaq istəyirlər ki, bu qurum İranla Azərbaycanın münasibətlərinə təsir göstərə bilər. İddia edirlər ki, bu təşkilat xaricdə fəaliyyət göstərsin və başında da Güney Azərbaycanlılar dayansın və bu qurum Güney Azərbaycan Konqresi olsun. Halbuki bu gün Avropada onsuz da bir Güney Azərbaycan Konqresi var. Amma biz deyirik ki, DAK – ın nizamnaməsinə görə o diaspor təşkilatıdır, onu ancaq İranla bağlamaqla hədəfə çevirmək və məhv etmək doğru deyil. Bir müddət öncə 13 – cü qurultayı İstanbulda keçirdik. Mənim iştirak etmədiyim 5 – ci qurultayda DAK – ın içində parçalanma yaranıb. Bundan sonra iki istiqamətdə fəaliyyət göstəriblər. Onlardan biri DDAK olub, o biri DAK. Bu parçalanmanın kökündə dayanan ziddiyyət də güneydən olan qardaşlarımızdan qaynaqlanır. Onlar nədənsə bir – birilərini qəbul eləmirlər. DAK – ın İdarə Heyətində Güney Azərbaycandan xeyli adam var, Avropa da bir xeyli fəalımız var. Onlar da bu qurultaydan əvvəl çox dirəşdilər ki, ya biz, ya Daimi Şura və onun sədri? Ultimatumla dedilər ki, o olsa biz olmayacağıq. Mən də lap əvvəldən bu adamların hamısına dedim ki, münasibətlərinizi düzəldin, yoxsa heç biriniz İdarə Heyətinə seçilə bilməyəcəksiniz. Qurultayda da bu mənzərə göz qabağında idi. Ona görə də həmin adamlar uzaqlaşdırıldılar. Burda mənim günahım yoxdur. Sadəcə olaraq İdarə Heyətinin və Avropada yaşayan Güneylilərin iradəsiydi bu. Iddia edirlər ki, DAK – da güneyli yoxdur. Amma DAK – ın İdarə Heyətində 6 – 7 güneyli var və məhz onların iradəsiylə biz bu şəkildə qurmuşuq.
– Deyəsən hətta DAK uğrunda rinqə də çıxmısınız…
– İddia edilir ki, guya mən DAK – da kiminləsə əlbəyaxa olmuşam. Guya əlbəyaxa olduğumu iddia etdikləri adamlar DAK – ın İdarə Heyətinin üzvləridir. Əlbəyaxa olmayıb, sadəcə aramızda mübahisə olub və DAK tarixi boyu heç vaxt mənim Firudin Pərvizniyarla həmsədr olduğumuz dövrdəki qədər iş görməyib. Həm Avropa və Amerikada, həm konqresdə, Dövlət Departamentində, BMT – də, Avropa Parlamentində, hətta Avstraliyada tədbirlər, görüşlər, müzakirələr keçirmişik. Uzun müddət “Bakı – Təbriz” jurnalı buraxmışıq, burda saytımız fəaliyyət göstərib. Təəssüf ki, xaricdəki saytımızı həmin qüvvələr bizdən uzaqlaşdırıblar. Alternativ ikinci bir DAK da yoxdur. Kimsə gedib mətbuatda özünü DAK kimi təqdim edə bilər, amma reallıqda bir dənə DAK var. Son qurultayda mən çox istədim ki, vaxtı ikən uzaqlaşmış adamların hamısı gəlsin, amma təəssüf ki, hamı gəlmədi və bu gün DAK – ın əleyhinə danışan güneylilərin özləri mane oldular. Məsələn, Əjdər Tağızadə deyir ki, mən Əhməd Obalı ilə, filankəslə, filankəslə bir araya gələ bilmərəm. Amma mənim üçün elə bir problem yoxdur, mən hamının bir araya gəlməsini istəyirəm. Mən bütün bunların hamısına “DAK-dan nə istəyirlər” adlı yazımda cavab vermişəm. Mənzərə göz qabağındadır. Amma görünür, müəyyən qüvvələr DAK – ın bu inkişafını həzm edə bilmirlər və DAK – dakı sakitliklə barışmaq istəmirlər. Onu dövlətlərarası münaqişəyə də çəkmək istəyirlər. Ona görə də ağılasığımaz böhtanlar körükləyirlər. O şeyləri ki, həmişə özləri danışıblar, indi onu mənim adımdan danışırlar. Demədiyim sözləri ortaya ataraq mənimlə yüksək çinli dövlət məmurları arasında ziddiyyət yaratmağa çalışırlar. Hər şeydən əlləri üzüləndə və deməyə söz tapmayanda qayıdırlar ki, Sabir Rüstəmxanlı kimdir? Özü də bunu kimlər deyir? Bunu qapılar sülənmə – sülənə şəxsiyyətini, kimliyini itirmiş, İranda xəyanət, Azərbaycanda xəyanət, xaricdə xəyanət, getdiyi yola, çörək kəsdiyi adamlara xəyanət etmiş, vücudu qara qəpiyə dəyməyən adamlar birdən qalxırlar ki, Sabir Rüstəmxanlı kimdir? Əslində bu cür adamların Bakıda gəzib bu ölkənin havasını udmağa mənəvi haqları yoxdur. Çünki bu millət Sabir Rüstəmxanlını yaxşı tanıyır. Amma bax bayaq o dediyimiz ictimai rəyin zəifliyindən istifadə edirlər, elə bilirlər bu etdiklərinin hamısı cəzasız qalacaq.
 
– Heç zəng edib ürəyinizi də boşaltmadınız?
– Bilirsən, o yalanları oxuyanda elə o dədə – baba qaydasıyla adamın ürəyindən keçir desin ki, yalançının filanı, filanı, filanı belə – belə olsun. Amma mən özümə sığışdırmıram elə bir şeyi deməyi. Amma əslində heç bu adamların ondan başqa cavabı da yoxdur. İnsan yəni bu qədər də rəzil ola bilərmi?
 
– Onun Tehran rejimi ilə bağlılığı barədə hər hansı ehtimalınız varmı?
– İndi məlum olur ki, bunların mənim, qardaşlarımın ev – eşiyinə də ayaq açmalarının kökündə bir xəfiyyəçilik dayanırmış. Yəni bu günki o yazıların mahiyyəti İran xəfiyyəsinə məlumat ötürməkdir əslində, İranla Azərbaycanın rəsmi dairələrinin münasibətlərini pozmaqdır. Mənim güney azərbaycanlıların insan haqlarıyla, bu bölgənin gələcək taleyi ilə bağlı öz mübarizəm var və bu başqa bir şeydir. Amma DAK bir diaspora təşkilatıdır və bu təşkilatın da öz nizamnaməsi var. Ona görə də bu gün özünü yuyulmamış qaşıq kimi ortaya ataraq hadisələri qabaqlamaq, heç bir gücü, heç bir imkanı olmaya – olmaya bu cür təxribatçılıq etmək yaramaz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button