SABİR RÜSTƏMXANLI DAK-I İKİYƏ BÖLDÜ!!!

Ağalar Bayramov: «Separatçılığa əl atmağın kimə nə xeyiri oldu?»

Dünya Azərbaycanlıları Konqresi – DAK-lar haqqında dərc etdiyimiz yazılar geniş ictimaiyyətdə əks-səda yaratdı. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qanad bütün yazılarda olduğu kimi, bu yazını da qulaqardına vurması səbəbindən bizə müraciət də etmədi. Amma Paşa Qəlbinurun rəhbərlik etdiyi DAK-ın Mədəniyyət və İncəsənət Mərkəzinin sədri, görkəmli qiraətçi Ağalar Bayramov yazının izi ilə bizi aradı və redaksiyamıza gəldi. Onunla DAK mövzusunda və bizi narahat edən digər məsələlər ətrafında söhbətləşdik və bu söhbətimizin mövzu ilə maraqlananlar üçün dəyərli bir material olduğuna inanırıq. Ağalar Bayramovla söhbət zamanı ortaya çıxdı ki, əslində siyasi arenamızda yaşanan bölünmə problemləri DAK-da da var və buna görə də arada ciddi narazılıqlar yaşanır.
Beləliklə, DAK-da baş verənlər haqqında bu dəfə Ağalar Bayramovla danışırıq…
Dünya Azərbaycanlıları Konqresində – DAK-da baş verənlər az qala Azərbaycanın ən yaralı problemlərindən birinə çevrilib. «Xural» da zaman-zaman bu məsələyə toxunub. Ümumiyyətlə, bu təşkilatın daxilində nələrin baş verdiyini açıqlaya bilərsinizmi?
– DAK ictimai təşkilatdır və hesab edirəm ki, orada baş verənləri nə şişirtmək, nə də böyütmək lazımdır. Hər kəs başını aşağı salıb öz işini görməlidir. Ancaq etiraf edək ki, bunu alver, bazar predmetinə döndərənlər oldu. Sizə məlumat verim. Xalqımız bu haqda məlumatı hər halda kiminsə dilindən eşitməlidir. Yəqin həqiqətləri açıqlamaq da mənim payıma düşüb. «Xural»ın əvvəlki sayında bu məsələ ilə bağlı bir məlumat oxudum. Beynimdən keçdi ki, bunu açıqlamaq lazımdır, qoy camaat da həqiqəti bilsin. Sizə həqiqəti açıqlayıram – DAK 1997-ci ildə Los-Ancelesdə təsis olunub. ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən…
Qulamrza Təbrizli yaratmışdı?
– Yox… Yox… Ardıcıllığı ilə danışıram. Bu təşkilatın yaranmasında Əhməd Obalının xüsusi xidmətləri olub. Çox əvəzolunmaz, ziyalı bir insandır. İndi də öz evində Günaz TV açıb. O, çox dəyərli soydaşımızdır və qəlbində ancaq Vətən eşqi olan bir insandır. Güney Azərbaycanın Obalı kəndindəndir. O vaxtlar bu təşkilata kimlər rəhbərlik etdilər, onu bilmirəm. Amma mən gözümü açanda artıq 2004-cü il idi və həmin DAK-ın Almaniyada VII qurultayı keçirilirdi. Bu o ərəfə idi ki, 2003-cü ildə mən Tənzilə xanım Rüstəmxanlının xahişi ilə millət vəkili Sabir bəy Rüstəmxanlının prezidentliyə keçirilən seçki kampaniyasında Beyləqanda, Masallıda, onun ana Vətəni Yardımlıda çıxışlar edirdim. Açığı, mənim şəxsən Tənzilə xanıma da, Sabir bəyə də böyük hörmətim var. Bu başdan onu da deyim ki, çox sadəlövh adamam və insanlara da çox asanlıqla inanıram. Həmin inamın içərisində kiçicik bir tel qırılan kimi tamamilə dönürəm…
– Yəni Sizi aldatmaq asandır, amma inamınızdan sui-istifadə etməyi də bağışlamırsınız?
– Bəli. Yəni məni ikinci dəfə artıq aldatmaq mümkün deyil. Sözü nəyə gətirirəm? Mən orada çıxışlar etdim və hesab edirəm ki, bu çıxışlarım da çox uğurlu alındı. Sonrakı il Tənzilə xanım mənə müraciət etdi ki, Sabir Rüstəmxanlının 58 yaşının tamam olması münasibətilə onun şeirlərindən ibarət bir poetik film çəkək. «Cavad Xan» filmini çəkən Rövşən Almuradlı ilə birgə «Tanrı işığı» adlı bu filmi çəkdik və o vaxtkı «Moskva» otelində onun təqdimatı keçirildi. Yeri gəlmişkən, Rövşən Almuradlını da mən onlarla tanış etmişdim. Çox təəssüf ki, həmin film televiziya ekranlarında göstərilmədi. 2004-cü ildə Tənzilə xanım mənə dedi ki, DAK-n VII qurultayına məni də aparmaq istəyirlər, böyük məmnuniyyətlə razılaşdım. Çünki harada Təbriz var, Ərdəbil var, Vətən var, ona xidmət göstərmək var, mən hər zaman hazır olmuşam. Çox tez bir zamanda yol pulumu, xərclərimi maliyyələşdirdilər, mən də çox sevincək qrupa qatıldım. 2004-cü ildən, DAK-ın VII qurultayından sonra artıq bu axına düşdüm… Bu işin içinə girdim…
Qurultay Almaniyanın Köln şəhərində keçirildi və Cavad Derexti bu təşkilata sədr seçildi. Beləcə illər keçdi. O vaxtlar qurultay hər il keçirilirdi və 2005-ci ildə VIII qurultay İsveçdə keçirildi və yenidən Cavad Derexti sədr seçildi. O vaxtlar yadınızda olar, İlhamə Quliyeva Xəzər Eminlə və ətrafındakılarla bir yerdə məsələ qaldırmışdılar ki, DAK-nin İncəsənət Akademiyasını yaransın və onun prezidenti də İlhamə Quliyeva olsun. Bu, bir qədər gülünc səslənirdi. Mən bunu ayıb hesab edirəm. Çünki DAK ictimai təşkilatdır və onun tərkibində hansısa Akademiyanı yaratmaq iddiasına düşməyin özü yanlış şeydir. İctimai təşkilatın tərkibində İdarə Heyətindən başqa uzaqbaşı hansısa mədəniyyət bölümü ola bilər, bu qədər… Yəni hər hansı bir Akademiyanı DAK-ın tərkibində yaratmaq iddiasına düşməyin özü qeyri-ciddi görünür. Mirzə Cəlilin sözü olmasın, mənim qandığıma görə, ilk növbədə hər birimizin vəzifəsi ailəmizdə övladlarımıza bir şeyləri başa salmaqdır. Biz onlara deməliyik ki, Cənubi Azərbaycan nə deməkdir. Çünki soruşanda deyirlər, Yardımlı, Masallı və s. Elə bilirlər, söhbət Azərbaycanın cənub bölgələrindən gedir. DAK-ın əsas məqsədi də dünya azərbaycanlılarına millətimiz haqqında bütün həqiqətləri çatdırmaq, üzdə olan insanlar arasında bir bağlılıq yaratmaq, faciələrimizi təhlil edib bir daha onların baş verməməsi üçün müəyyən təbliğat işləri aparmaq, hər zaman soydaşlarımızın səsinə səs vermək, hələ də işgəncələrə və mədəni təcavüzə məruz qalan cənublu soydaşlarımızın müdafiəsinə qalxmaqdır.
Stokholmda keçirilən VIII qurultayda Cavad Derexti yenidən sədr seçildi və 2007-ci ildə IX qurultay Köln şəhərində baş tutdu. DAK üzvləri yekdilliklə cavad Derextini sədr vəzifəsindən uzaqlaşdırdılar. Çünki artıq oranı bazara döndərmişdilər. Məsələn, DAK-a köçürülən pullar hara xərclənirdi, onu bir Allahın özü bilirdi. Hələ başqa şeyləri demirəm…
– Deyirlər, otelin nömrələrini də satırlar…
– Mexanizm düz qurulmamışdı. Artıq 2007-ci ildə Kölndə keçirilən DAK-ın IX qurultayında Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizli DAK-a sədr seçildi. Hər zaman da DAK-ın İdarə Heyətinin hörmətli üzvlərindən biri Sabir Rüstəmxanlı olub. Mən isə seyrçi, nümayəndə kimi bu tədbirlərə qatılıram, öz sözümü poeziya ilə ifadə edirəm. 9-cu qurultaydan sonra, 2008-ci ildə DAK-ın 10-cu qurultayı keçirilməli idi, buna 1 ay qalmış qərara alındı ki, qurultay İsveçdə və ya İsveçrədə keçirilsin, birdən məlum oldu ki, İdarə Heyətinin 3-4 nəfər üzvü toplaşıb – Adil Minbaşı, «vətənpərvərlik» pərdəsinə bürünən Əjdər Tağızadə, Tənzilə Rüstəmxanlı… Mən çox Vətən, Vətən deyənlər görmüşəm, amma hər zaman da o insanların məkrli niyyətlərinin olduğunu bilmişəm. Tənzilə xanım DAK-da türkdilli ölkələr üzrə nümayəndə kimi təmsil olunur. Adamın başının üstündə Allah var, çox da işgüzar və qabiliyyətli, bacarıqlı bir qadındır. O da orada olub. Yəni 3-4 nəfər yığılıblar və ortaya da məsələ qoyublar ki, Qulamrza bəy qoca kişidir, lazımi qaydada işləri apara bilmir, onu DAK-dan uzaqlaşdıraq. Ancaq burada bir məqam yaddan çıxıb. DAK-a sədri qurultay müəyyənləşdirir, qurultay sədri təsdiqləyir…
– Yəni qurultay keçirilmədən DAK sədrini vəzifədən kənarlaşdırmaq nizamnaməyə ziddir?
– Bəli, qurultaysız mümkün deyil. Həm də qurultaya artıq bir ay qalıb. Buradan sual yaranır – Bu qoca kişidir və işləyə bilmirsə, bir aya yeni sədr təyin edilsə o nə iş görəcəkdi ki? Niyə səbrləri çatıb, qurultayı gözləmirdilər? Bu cür separatçılığa əl atmağın kimə nə xeyiri oldu? Elə bil başımdan qaynar qazanla su tökdülər bu xəbəri eşidəndə… Bölünməyə hazırıq ey… Hər zaman ortaya bölünmək söhbəti düşəndə ona əl qaldrırıq. Allah Bəxtiyar Vahabzadəyə qəni-qəni rəhmət eləsin. Keçən saylarınızda da vermişdiniz onun «Utanıram» şeirini:
Allah, necə millətdir bu?
Millət deyil, zillətdir bu,
Öz-özünə qənimdir bu,
Yüz illik düşməninə,
Deyə bilmir öz sözünü,
Amma qırır öz-özünü,
Utanıram…
Yəni onun sözləri olmasın, bu xəbəri eşidəndə əvvəlcə inana bilmədim ki, belə bir şey ola bilər. Utandım. Sabir bəyin özü bununla razılaşmırdı. Axı bu tələskənliyi başa düşmək olmur. Qurultay kimi seçərdisə, onu da seçərdi də… Bunu etməyin heç bir məntiqi yox idi.
– Əgər düz xatırlayıramsa, orada belə bir məsələ də var idi ki, DAK sədri Nizamnaməyə görə Cənubi Azərbaycandan olan soydaşlarımızın arasından seçilməli idi. Yəni Şimali Azərbaycandan ora kimsəni seçmək artıq DAK-ın Nizamnaməsinə zidd olmalı idi…
– Bəli. Bunları da qatlayıb bir kənara qoydular… İnanın, elə bil dünyamı dəyişdim. Mənim insanlara inamım böyükdür, amma sonradan baxıb gördüm ki, Allah, mən burada Yaqub (Milli Məclisin sədri Yaqub Məmmədovun «biz hamımız peşkayıq» ifadəsinə işarə edir – Red.) bəyin sözü olmasın, piyada kimi bunların oyununda lazım olmuşam. Mənim də nifrət etdiyim və qəbul etmədiyim şey kimsənin əlində alət olmaqdır.
– Çox ciddi məsələlərə toxunursunuz. Yəni deyirsiniz ki, Sabir Rüstəmxanlının əlində alət olmusunuz…
– Yox, mən elə başa düşdüm ki, orada bu insanlara səs vermək üçün, onlara dəstək olmaq üçün lazım imişəm. Əslində isə, hərə öz oyununu oynayırmış… Bunu da o vaxt başa düşdüm – 2008-ci ildə keçiriləcək X qurultay ərəfəsində… Təsəvvür edirsinizmi, bu qurultayın adını da «Birlik qurultayı» qoymuşdular. O zamanlar Əhməd Obalı da, Cavad Derexti də DAK-dan uzaqlaşmışdılar. Qulamrza Təbrizi də deyirdi ki, bu dəfəki qurultayımız birlik qurultayı olacaq. Amma 10 günün içərisində hər şey dəyişdi. 4-5 nəfər – Əjdər Tağızadə, Adil Minbaşı, Sabir Rüstəmxanlı – artıq bunu kimin fitvası ilə elədiklərini də anlamadım, bu qərarı niyə verdilər, onu bir özləri bildi, bir də Allahları – yığışdılar və dedilər ki, guya DAK-ın İdarə Heyətinin 3-də ikisinin səs çoxluğu ilə – yalandır, ağ yalandır – Qulamrza Təbrizi DAK-dan uzaqlaşdırılır, Sabir Rüstəmxanlı da müvəqqəti olaraq qurultaya qədər sədr təyin edilir. Qurultaya bir ay qalmışdı və bununla kim razılaşardı?
Mayın 28-də İrşad Əliyevin dəvəti ilə 28 May İstiqlal Günü bayramı ilə bağlı Beyləqanda idim. Sabir Rüstəmxanlı mən orada olanda zəng vurub dedi ki, bəs Almaniyaya gedirik. Deməli, bu addımı atandan sonra artıq qurultaya hazırlaşırdılar. Mən hər zaman Sabir bəylə arada hörmət və pərdə saxlamışam. Ona nə deyə bilərdim ki? Dedim, mən Beyləqanda bir tədbirdəyəm, səhər Bakıya gələcəm. Yəni özümü elə apardım ki, guya olanlardan xəbərim yoxdur. Səhər naməlum nömrələrdən zəng vurdular və bir məlum nömrədən cavan oğlan zəng vurdu ki, «bəs qurultaya getmirsiniz, pasportu çatdırmırsınız?» Dedim, «hansı qurultaydan danışırsan? Əgər bir də bu işlə bağlı mənə müraciət edəcəksinizsə, bir daha zəng vurmayın». Bu hadisə 2008-ci il mayın 28-29-da baş verib. Qurultaya bir ay qalmışdı. Açığı, mənim bütün münasibətlərim Sabir Rüstəmxanlıgilnən idi. Qulamrza Təbrizi ilə heç bir şəxsi münasibətim yoxdur. Amma onu «qocalıb» bəhanəsilə tutduğu vəzifədən uzaqlaşdırmaq tərzi məni hiddətləndirdi. Mən hər zaman haqqın və ədalətin yanında olmuşam. Bütün dünyanın gözü bizdədir. Gülürlər bizə… Hamı sual verir ki, bu nədir? Nə işdir? Belə olan şəraitdə Qulamrza Təbrizi də «Birlik qurultayı»nı çağırdı və iyunun ortalarında Belçikanın Brüssel şəhərinə gəldik. Biz orada olanda DAK-ın bünövrəsini qoyan Əhməd Obalı da o məkana qayıtdı, Teymur Eminbəyli də gəldi və bu qurultayı keçirdik. Orada belə qərara gəlindi ki, təşkilat həmsədrlik yolu ilə idarə olunsun. Sədrlərdən biri Şimali Azərbaycandan – Paşa Qəlbinur seçildi, Cənubi Azərbaycandan isə ABŞ-da yaşayan professor Məhəmməd Rza Xişdi oldu. 2008-ci ildən bu günə kimi camaat çaş-baş düşüb ki, hansı DAK-a inansın…
– O vaxtdan indiyədək qurultay keçirilməyib?
– Xeyr. İndi artıq XI qurultaya hazırlıq gedir. Mən bəyan edirəm, bütün Oxucularıma və xalqıma – DAK ictimai təşkilatdır, ABŞ-da təsis olunub, onun Azərbaycanla rəsmi bağlılığı yoxdur. O baxımdan da hərə başını aşağı salıb Vətənə öz xidmətini göstərsin, yetər…
– Fikrimcə, DAK o qədər də xırda bir təşkilat deyil. 50 milyon azərbaycanlının göz dikdiyi bir quruma necə bu cür baxmaq olar?
– Düzdür. Sadəcə, mən bir şeyi bəyan etmək istəyirəm ki, həmsədri Paşa Qəlbinur və Məhəmməd Rza Xişdi olan, eləcə də fəxri sədri Qulamrza Təbrizi olan DAK-ın dekabrın 10-dan 14-nə kimi Böyük Britaniyanın paytaxtı London şəhərində XI qurultayı keçiriləcək. 2008-ci ildə «Birlik qurultayı»nda məni Mədəniyyət və İncəsənət məsələləri üzrə «Akademiyaya» prezident seçmək istəyəndə mən etiraz etdim. Dedim, «Akademiya» sözünü artıq yığışdırmaq lazımdır, çünki bu, çox qeyri-ciddi və normal mexanizmi olmayan bir şey olacaq. DAK-ın Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri kimi təyin oluna bilərəm. Onlar da məni X qurultayda bu vəzifəyə təsdiqlədilər. Mən XI qurultay haqda «Yeni Müsavat» qəzetinə məlumat verəndən sonra Sabir Rüstəmxanlı mənə zəng vurdu, açığı, onun özünə hörmət əlaməti olaraq telefonu götürmədim.
– Niyə götürmədiniz? Nə deyəcəkdi ki?

– Piyada kimi bunların oyununda lazım olmuşam…

Sonu gələn sayımızda

“Xural” qezeti
il: 9, sayı: 045(405), 05-11 dekabr 2010-cu il

Əlaqəli məqalələr

1 şərh

  1. yetər daha bölünmələr
    Mənim özümdən böyuklərə həmişə hormət etmişəm
    Kimsə yetimi qinamasın
    Hər kəs ki millətin bu gunundə yenədə öz mənafeyi naminə milləti qurban verir demək onun qanı mutləq yoxlanmalıdır
    Əsil Turk bunu eləməz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button