Sabir Rüstəmxanlının etirazı spikerin təpkisilə qarşılandı

sabir02.07.2013

Sabir Rüstəmxanlı yeni təyin olunacaq hakimləri, “Bir “paçka” Naxçıvana, bir “paçka” Şırvana getdi” deyərək dəyərləndirdi.

İqbal Ağazadə: “Həbs qətimkan tədbirinin seçilməsi elə bil ki, Azərbaycan məhkəmələrinin boyuna biçilib. Məhkəməyə iş gəlirsə, dərhal 2-3 aylıq həbs qətimkan tədbiri seçilir. Xüsusilə siyasi motivlərlə işlərdə bu, adi hal alıb”.

Milli Məclisin növbədənkənar sessiyasının son -n bu günkü iclasında spiker Oqtay Əsədov gündəliyin səsə qoyulmasını təklif edəndən sonra ilk məsələ, Ali və Apelyasya məhkəmələrinin hakimlərinin təsdiqlənməsi ilə bağlı müzakirələrə keçdi.

Komitə sədri Əli Hüseynli Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında layihən təqdim etdi. O dedi ki, hakim korpusunda 66 vakansiya mövcuddur. Apelyasiya və Ali məhkəmələrə indiki təyinat çox geniş təyinatdır və artıq bundan sonra demək olar ki, vakansiya qalmayacaq. Ə.Hüseynli bildirdi ki, MM-in müzakirəsinə 57 hakimin Ali və Apelyasiya məhkəmələrinə təyin edilməsi məsələsi təqdim edilib. Çıxışdan sonra çoxluq “səsə qoyaq” təklifini verdi.

Deputat Fazil Mustafaya dedi ki, bu gün Azərbaycan hakimi yaşayış standartlarına görə çox aşağı səviyyədə yaşayır. O, hakimlərin maaşlarının artırılmasını təklif etdi: “Hətta hakimlərin təhlükəsizlik məsələsi Azərbaycanda öz həllini tapmayıb. Yaxşı olar ki, hakimlərə məzuniyyət dövründə əmək haqqı ilə bərabər müavinət də verilsin”.

İqbal Ağazadə hakimlərin prokurorluqdan asılı olduğunu dedi: “Həbs qətimkan tədbirinin seçilməsi elə bil ki, Azərbaycan məhkəmələrinin boyuna biçilib. Məhkəməyə iş gəlirsə, dərhal 2-3 aylıq həbs qətimkan tədbiri seçilir. Xüsusilə siyasi motivlərlə işlərdə bu, adi hal alıb. Bu günlərlə Yadigar Sadıqovu qondarma xuliqanlıq hadisəsi ilə bağlı həbs ediblər. Məhkəmə araşdırmayıb ki, Yadigar Sadıqovun üzünə duran adam ştatla üzə durandır. Məhkəmə araşdırmayıb ki, bu adamın adı neçə məhkəmə işində, cinayət işlərində neçə dəfə keçib. Bu kimi hallar məhkəmə hakimiyyətin gözdən salır. O cümlədən əmlak məsələlərində qərarlar yuxarı strukturların sifarişi ilə həyata keçirilir.

Məhkəmə qərarının yerinə yetirilməməsi ilə bağlı da ölçü götürmək lazımdır. Məhkəmə qərar verir, prokuror protest verir, qərar yerinə yetirilmir”.

İ.Ağazadə də aşağı instansiya hakimlərinin aşağı miqdarda maaş aldığını dedi. Bu şəraitdə ədalətli qərarın qəbulunu mümkünsüz saydı. O, sonda hakimlərə müraciət edib onları ədalətə dəvət etdi: “Mən hakimləri həm Tofiq Yaqublu, həm İlqar Məmmədov, həm Yadigar Məmmədov, həm “Nida”çıların barəsində ədalətli qərar qəbul etməyə çağırıram”.
Spiker ölkə prezidenti tərəfindən təqdim olunan siyahının təqdim olunması üçün sözü təkrar Ə.Hüseynliyə verdi. O, məhkəmələrin adı çəkilərkən hakimlərin ayağa qalxmasını xahiş etdi.

Hər məhkəmənin hakimləri ayrıca ayağa qalxdı və onlarla bağlı səsvermə keçirildi.

Sabir Rüstəmxanlı isə hakimlərin bu şəkildə təsdiqlənməsinə etiraz etdi: “Çox istərdim ki, onların hər birinin adı çəkilsin, onlar ayağa dursun, biz tanıyaq. Bu Məclisə də hörmət olardı. Yoxsa bizə bir siyahı verilib, bilmirik kimə səs veririk. Bir “paçka” Naxçıvana, bir “paçka” Şırvana getdi… Hara tələsirik?”

O.Əsədov isə ona etiraz etdi: “Elə bil sizdən başqa heç kim bunu fikirləşmir. Bunların tərcümeyi -halı sizin masanın üstündədir. İkincisi də onlar təcrübə sahibləridir”.

S.Rüstəmxanlı ilə O.Əsədov arasında mübahisə davam etdi. Spiker isə “siz dediniz, mən də fikrimi bildirdim, yerdən danışmayın” – deyib irad tutdu: “Səsini əlindən almışdım. Səs verməzdin”.

Novruz Aslanov general Şıxlinski haqqında danışdı. Dedi ki, onun rəhbərlik etdiyi qurum ölkə rəhbərliyinə müraciət edəcək ki, məzarların ya köçürülməsi, ya yenidən qurulması məsələsi həllini tapsın.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button