Sabir Tarverdiyev sifarişlə MDP adından bəyanat verib

02.09.2012

Ə.Zeynallı: “Azərbaycanın bütün vətəndaşları üçün qanunlar eyni olmalıdır. Gülər Əhmədova haqqında da CM-nin 311-ci maddəsilə cinayət işi qaldırılmalıdır.”

Sabir Tarverdiyev: “Mənim Ramiz Mehdiyevlə münasibətim olsaydı, mən də deputat olardım da…”

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edir. 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə iclasında Sumqayıt Maşın bazarının sahibi, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev şahid qismində  ifadə verib. Əvəz Zeynallı şahidin dindirilməsindən əvvəl məhkəmə qarşısında bir sıra vəsatətlər verilməsinin vacibliyini vurğulayıb: “Mənim son olaylarla bağlı vəsatətlərim var. Haqqımda qaldırılan CM-nin 311-ci maddəsinin bu gün heç bir hüquqi əsası qalmayıb. Mənim son 6 ayda məhkəmədə dediklərim, bu gün Gülər Əhmədovanın rüşvət qalmaqalı ilə üst-üstə düşür. Bu adam haqqında AR CM-nin 178-ci maddəsilə cinayət işi qaldırılıb. Mən dəfələrlə demişəm ki, Ramiz Mehdiyev mənim üzəimə Gülər Əhmədovanı göndərib, şər-böhtan ataraq həbs etdirib, bu gün dediklərimin hamısı öz təsdiqini tapıb. Məni şərləyib bura atdıran adamın özü haqda Məhkəmə bütün bunları bir-bir araşdırmalı və hüquqi qiymətini verməlidir.” Hakim G.Əhmədovanın “məsələsinin” məhkəməyə heç bir aidiyyatı olmadığını bildirdi və bu da baş redaktorun qəzəblənməsinə səbəb oldu: “Necə yəni aidiyyatı yoxdur? Birbaşa aidiyyatı var. Cinayətkar bir adamın əli ilə məni həbs etdirib, 1 ildir həbsdə saxlayırlar. İndi mənim dediklərim bir-bir təsdiqini tapır. Baş prokuror dünən bir bəyanat verib. Bu bəyanatın 4 bəndinin 4-də tam mənə aiddir.  Bu qanun hamı üçün birdirsə, o zaman haqqımda qaldırılan CM 311-ci maddəsinə xitam verilməlidir. Çünki 311-ci maddənin bütün pərdəarxası məqamları artıq açıqlanıb. Məni şərləyən G.Əhmədovanın evimdən nə axtardığı artıq hamıya məlumdur. O bu kasetləri evimdən, redaksiyamdan, maşınımdan axtatdırıb. Mən bilməmişəm, başa düşməmişəm. Ona görə bu qadın məni xəbərdar edirmiş ki, haqqımda sənə nə material gətirsələr, dərc eləmə, yoxsa… Sən demə o da mənim müstəqil olduğumu və belə məsələlərdə müstəqil qərar verdiyimi bilirmiş, ona görə də bunun qarşısını almaq üçün mənə hədə-qorxu gəlirmiş. İndi üstü açılır. Siz də deyirsiniz bu işlə əlaqəsi yoxdur. Hanı sizin ədalətiniz? Azərbacanın bütün vətəndaşları üçün qanunlar eyni olmalıdır. Gülər Əhmədova haqqında da CM-nin 311-ci maddəsilə cinayət işi qaldırılmalıdır.” Ə. Zeynallı bildirib ki, ötən gün baş prokuror Zakir Qaralov Gülər Əhmədova və Elşad Abdullayevlə bağlı yayılan məlum videomateriala münasibət bildirərkən E.Abdullayevin Azərbaycana gəlməsinin və G. Əhmədova ilə üzləşməsinin lazım olduğunu deyib: “Mən məhkəmədən bu açıqlamaya münasibət bildirməsini istəyirəm. Çünki həmin açıqlama mənimlə bağlıdır. Nəyə görə Gülər Əhmədova barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlayıb, mənə isə rüşvət alma maddəsi ilə cinayət işi qaldırıblar?”

“14 uşağım var, hamısı da cəlladdır”

Hakim S.Tarverdiyevin məcburi qaydada məhkəməyə gətirdiyini xatırlatdı, bundan sonra şahid dindirildi.  S. Tarverdiyev bildirib ki, Əvəz Zeynallı ilə görüşüb ona məsləhət verib ki, şantajdan əl çəksin: “Mən bir ağsaqqal kimi həmişə ona öyüd vermişəm. Əvəz Zeynallı Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən məqalə yazmışdı. İcra Hakimiyyətindən mənə zəng edib dedilər ki, Əvəz onlardan pul istəyib. Mən də dedim ki, özüm ona pul verərəm”.  Vəkilin suallarına cavab verərkən S.Tarverdiyev E.Vəliyevi ümumiyyətlə tanımadığını, onun hansısa işçisinin S.Tarverdiyevə zəng vurduğunu və “Xural”da dərc olunan yazılarla bağlı ondan xahiş edildiyini deyib. Sonradan həmin əməkdaşın kim olduğunu da şahid açıqlaya bilməyib. Prokuror Ramazan Hadıyevin yönləndirici suallarından sonra S.Tarverdiyev anlaşılmaz, bir-birilə əlaqəsi olmayan ifadələr verməyə bağlayıb: “Mən istintaqa verdiyim ifadəni təsdiqləyirəm”, “bəs məhkəmədə dediklərinizi necə?” sualı ilə müraciət edən hakimə, “elə məhkəmədə dediklərimi də təsdiqləyirəm.” cavabını verib. Bununla yanaşı S. Tarverdiyev Ə. Zeynallının həbs olunmasının tərəfdarı olmadığını deyib: “Əvəz Zeynallı özü- özünü bəlaya salıb. Onun bizim dahilərlə nə işi vardı? Dedim bala sakit otur, sənin bu adamlarla nə işin var? Qulaq asmadı, yazdı, axırı da belə oldu. İndi deyir ki, onu Gülər Əhmədova həbs etdirib, özü bilər. Sən ağlına gələni yazanda bilmirdin ki, səni ora salacaqlar? Özünsən günahkar. Şəxsən mənim heç kimdən qorxum syoxdur, nə iqtidarı, nə də müxalifəti təmsil etmirəm. Pulum da var, imkanım da var. Mənim 14 uşağım var. Hamısı da cəlladdır”.  Sabir Tarverdiyev Əvəz Zeynallı ilə görüşəndə ona pul verdiyini də bildirib:

– Mən həmişə Əvəzlə görüşəndə ona pul vermişəm. Lakin bunu rüşvət kimi verməmişəm. Əvəz Zeynallı dahi adamlar haqqında mənasız yazılar yazırdı.

Əvəz Zeynallı

– Kimdir dahi adamlar?

– o deyyy… Nizami Gəncəvi.Deyirdi ki, Nizami Gəncəvinin anası kürd olub.

(Zalda gülüş)

Əvəz Zeynallı

– Mən heç vaxt o dahidən yazmamışam. Ramiz Mehdiyevdən yazılarımız olub. Bəlkə o dahi səni bura göndərib ki, get üzünə dur, günahlarını bağışlayım?

Sabir Tarverdiyev:

– Ramiz Mehdiyevlə tanışlığım yoxdur. Mən 2005-ci il deputat seçkilərində 1 milyard 200 milyon manat xərcləmişəm. Ramiz Mehdiyevlə münasibətim olsaydı, mən də deputat olardım da… Münasibətim olmadı, deputat da olmadım…”

Mən hər zaman xalqıma yardım eləmişəm. Mən onsuz da yanıma gələnlərin çoxuna kartof, yumurta, pul verdim ki, gedib dolansınlar”. Ə.Zeynallının əsəbi halda “kimə verirdin?” sualına S.Tarverdiyev, “sən olma, başqa jurnalistlər olsun…” kimi məntiqsiz danışıqlarına etiraz edən prokuror nə qədər S.Tarverdiyevin “ciddi şahid” olduğunu sübut etməyə çalışsa da, məqsədinə nail olmayıb. Zalda yaranmış narazılıqlar şahidi hədə-qorxu və təhdidlə danışmasına səbəb olub: “Mənim 14 uşağım var hamısı da cəlladdır.”

 Ə.Zeynallı daha bir fakt göstərib. Milli Dövlətçilik Partiyasının Ə.Zeynallı və “Xural” qəzetilə bağlı oktyabrın 8-də bəyanatı dərc olunub. Həmin bəyanatda “Xural” qəzetinin əmlakının müsadirə olunması ilə bağlı məqama toxunulur. Ə.Zeynallı bu sənədin də saxta olunduğunu diqqətə çatdırıb: “Necə olur ki, redaksiyanın əmlakı oktyabrın 19-da müsadirə olunur, bu haqda bəyanat isə 8-də verilir. 11 gün əvvəl kim haradan bilə-bilərdi ki, əmlakımız müsadirə olunacaq. Deməli, bu bəyanat sifarişlə yazılıb və KQMİ tərəfindən istintaqa əlavə edilib.”

Daha sonra Sabir Tarverdiyev dövlət ittihamçısının, vəkillərin və Əvəz Zeynallının suallarını cavablandırıb.

Prosesdə Milli Dövlətçilik Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Mustafayev ifadə verib.

Proses oktyabrın 3-də, saat 15.00-da davam etdiriləcək.

Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

Məhkəmələrin stenoqram yazılarını yaxın günlərdə saytımızda izləyin.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button