Sabirabadda Quliyevlər imperiyası

sabirabadBu ailənin rəhbər vəzifəli şəxsləri Mehriban xanım Əliyevanın adından istifadə edərək Heydər Abbasovu da qorxudublar…

Sabirabad rayonundan redaksiyamıza daxil olan məlumatların həcmi durmadan artmaqdadır. Rayondakı ağır sosial durumun yaratdığı fəsadlar nəticəsində yerli məmurlar arasındakı ziddiyətlərin pik həddə çatmasını əks etdirən onlarla məlumatlar almaqdayıq. Qəzetimizin ötən saylarında yazmışdıq ki, Sabirabadın icra başçısı Heydər Abbasov rayonun əslən sabirabadlı olan məmurlarının girovluğunda fəaliyyət göstərir. Hətta bu idarə rəhbərlərinin bir neçəsinin icra başçısı ilə konfliktdə olması barədə də yazmışdıq.

Ən əhəmiyyətlisi və önəmlisi rayondakı «Kapitalbank»ın rəhbərliyinin Sabirabadın büdcəsinə aid olan pulları əhaliyə faizlə verməsi ilə bağlıdır. Aparılan araşdırmalar göstərir ki, rayonun «Kapitalbank»ı əslində dövlət büdcəsinin vəsaitlərini mənimsəməklə məşğuldur. Maraqlıdır ki, bankın əməkdaşı Hacı Şəmsəddin Əliyev əhaliyə faizlə pul verən ən iri bank işçilərindən biridir. O, əhaliyə pulu faizlə çox sadə üsulla verir. Məsələn, dövlət büdcəsindən əmək haqqı alan və «Kapitalbank»ın bankomat kartı olan vətəndaşa pulu aylıq 10 faizlə verir. Girov olaraq isə bankomat kartlarını götürür. Məsələn, 200 manat faizə pul götürən rayon müəllimi, ayın sonunda, yəni əmək haqqı bankomat kartına köçəndə onun hesabından 220 manat silinir. Lakin bu, Sabirabadın «Kapitalbank»ında baş verən tək pozuntu faktı deyil. Məsələn, rayonun 63 saylı Dairə Seçki Komissiyası da bu bankla «sıx əməkdaşlıq» edir. Dairə üzrə 33 məntəqə və 200-ə yaxın məntəqə işçisinin əmək haqqı kartının hər birində 15 manat aylıq haqq tutulur. Bu pulların isə bankın sədri Elçin Quliyevlə DSK sədri Məstalı Nuriyev arasında «dədə malı» kimi yarı bölüşdürüldüyü söylənilir. Digər bir fakt isə məntəqə üzvü olan bir vətəndaşın bankomat kartının vaxtının keçməsi ilə bağlıdır. Vətəndaş kartını yeniləmək üçün banka müraciət etdikdə, ona deyirlər ki, biz sizdən kart götürə bilmərik. Məntəqə Seçki Komissiyasının üzvü olan vətəndaş da məcburiyyət qarşısında qalaraq DSK-ya müraciət edir. DSK da kartı bankın filialına verir. Sonra vətəndaş yenidən yenilənmiş kartını almaq üçün banka müraciət edir və cavab əlbəttə ki, müsbət olmur. Məlum olur ki, MnSK üzvü olan vətəndaş bankomat kartını bankdan deyil, dairədən almalıdır. Nəhayət sonucda məlum olur ki, bankomat kartındakı pulun yarısı mənimsənilib.

Rayonun bu bankındakı qanun pozuntuları bununla yekunlaşmır. Ən narahatedici məqam odur ki, bu fililalın rəhbəri rayonun Quliyevlər ailəsinin böyük bir şəbəkəsinə daxildir. Məsələn, Sabirabad Şəhər Bələdiyyəsinin sədri Şamil Quliyev «Kapitalbank»ın Sabirabad filalının rəhbəri Qəşəm Hüseynovun dayısıdır. İndi isə rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsi haqqında qısaca məlumat verək:

– Ən böyük vəzifəli Quliyev Zakirdir. O, Su Meliorasiya Cəmiyyətində sədrin, yəni Əhməd Əhmədzadənin müavini vəzifəsində işləyir. Bu yaxınlarda Sabirabaddan daxil olan məlumatlarda deyilirdi ki, Zakir Quliyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından istifadə edərək Zəngənə kəndi yaxınlığında böyük bir balıq vətəgəsi yaradır. Və əhali arasında Quliyevlər iddia edirlər ki, bu vətəgə Kəmaləddin Heydərovundur.

– Zakir Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir. Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.

– Zakir Quliyev komitə sədrinin müavini vəzifəsinə təyin ediləndən sonra köhnə iş yerini də əldən buraxmayıb. O, Su Meliorasiya Cəmiyyətinin Aran zonası üzrə idarəsinə bibisi oğlu Elman Nuriyevi təyin edib. Qeyd edək ki, Zakir Quliyev uzun müddət bu idarədə rəhbər vəzifədə işləyib.

– Quliyevlərin əmisi oğlu Şamil Quliyev isə bu yaxınlarda, daha dəqiq desək, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində Sabirabad Şəhər Bələdiyyəsinin sədri təyin olunub.

Bu məlumatları təsadüfən yazmadıq. Məlum olduğu kimi dövlət büdcəsinin əsas hesabları iki bankda «Kapitalbank» və «BeynəlxalqBank»da yerləşir. Sabirabad və Şirvan şəhərlərində isə rayonların büdcəsi məhz «Kapitalbank»ın fililallarında cəmləşir. Bununla da Quliyevlər ailəsi istədikləri zaman rayonun icra başçısı Heydər Abbasova təsir edə bilir və büdcə pullarını istədikləri qədər yubadaraq şəxsi təsərrüfatlarının və bizneslərinin xeyrinə yönəldə bilirlər. Məsələn, rayondakı Oxucularımız deyirlər ki, adətən Sabirabad sakinləri digər qonşu rayonlarla müqayisədə pensiya və əmək haqlarını bankın bankomatlarında pul olmadığından 7-10 gün gec alırlar. Bu isə böyük pul vəsaitlərinin 7-10 gün dövriyyədə saxlanılaraq yüksək gəlir əldə edilməsi ilə izah olunur. Ötən yazılarımızda da qeyd etmişdik ki, icra başçısı Heydər Abbasov rayondakı yüksək vəzifəli şəxslərin girovluğundadır. Bu yazılanlardan sonra icra başçısı şəxsən etiraz bildirərək deyilənlərin həqiqət olmadığını bəyan etmişdi.

Qeyd edək ki, Sabirabadda əhali arasında Quliyevlər özlərini ölkənin birinci xanımı, Mehriban xanım Əliyevanın kadrları kimi təqdim edərək nəinki sıravi sabirabadlılara, hətta rəhbər vəzifəli şəxslərə də hədə gəlməkdən çəkinmirlər.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Kamal Hüseyn

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Sabirabad rayon icra Hakimiyyeti Bawcisinin muavini Hesen Hesenov haqda melumatlar var Hesen Hesenov Memur ozbawinaliqi ve korrupsiyonerdi rayonda fehleni vurdu Qacaqmalciliqla mewquldu rayonu viran edib . fb.com
    Azadxeber xeberler ( yazin ) fb.com. aranxeber.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button