Sağ ol, Rövşən! Çox sağ ol!

Rövşən Hacıbəyli

Şahvələd Çobanoğlu

(Rövşən Hacıyevin 50 yaşına)

Bakı Dövlət Universitetinə əsgərlikdən öncə daxil olmuşdum. Bir gün sovet ordusundan dönüb təzədən universitetə gəldim. Dekanlıqda məni yeni qrupumuzun “starosta”sı ilə tanış etdilər. Adı Rövşən idi. Onda da beləcə rahat, gülərüz idi.
Tanış olduq və dekanlıqdan çıxanda sordu ki, məni qrupa necə təqdim etsin. Özü unudub bəlkə də, mən də onun sualına belə bir cavab verdim: söylə ki, Qavroş onun sevimli qəhrəmanıdır.
Göydə tutdu nə dediyimi və dərhal da cavab verdi. Dedi ki, bu olmaz, biz də Qavroşu sevirik, fərqli bir şey olsun. Mən də dedim ki, onda fərqli bir şey yoxdur. Ilk dialoqumuz idi.
20 ildən çox keçib. 5 illik tələbəlik dövründə adam bir-birini yaxından tanımaya bilməz. O tanıdığımızdır, bu tanıdığımızdır. Və mən olduğu kimi deyəcəyəm: biz bu adamı çox istəyirik. 5 illik tələbəlik dövrünün üstünə də uzun illərin jurnalistika fəaliyyəti gəlib. Üstəlik, ölkənin çox tanınmış jurnalistidir. Bəs deyirdilər ki, hamı dəyişir. Onda Rövşən niyə dəyişmədi?
Rövşənin 50 yaşı tamam oldu. Xoş bir ovqatla, yaxşı xatirələrlə bu haqda düşünməli oldum. Mənim yadıma Əkrəm Əylislinin bir sözü düşdü. Bir vaxtlar Əkrəm müəllimin o sözü çox məşhur idi. Rəhmətlik Elçin Səlcuqdan eşitmişdim ilk dəfə: Həyat – əclaf olmayınca insandan əl çəkmir. Sonralar o söz çox yayılmışdı. Bəli, həyat doğrudan belədir, xüsusən də Azərbaycan kimi ölkələrdə. Amma şəxsən Rövşən bəy bizə sübut etdi ki, 50 yaşacan həyatın özünə elə dərs vermək olar ki, bir də sənin dalınca düşməsin, nəinki səndən əl çəkməmək fikrinə düşsün. Mən əminəm ki, həyat onu əclaf etmək niyyətindən tam əl çəkib. Başa düşüb ki, bunu bacarmadı artıq.
Əyrilər düz adam cildində min hay-küy qoparanda, düz adamlar tez-tez “baxın, mən düzəm” bağıranda Rövşən bəy sakitcə düz ilə gedir. Dərədə, təpədə də düz gedir. Həm də o qədər sakit gedir ki, hərdən adama elə gəlir ki, o özünün nə qədər təmiz və düz adam olduğunu heç bilmir də. Fərqində deyil bunun. Amma ən yaxşısı odur ki, ətrafda bunu bilirlər. Etiraf edirlər, deyirlər. Adam məhz buna sevinir. Təkcə haqsızlara qarşı çıxmaq azdır, gərək düzləri də biləsən. Biz onun düzlüyünü görürüksə, özümüzə bir “sağ ol” deməliyik. Amma öncə ona sağ ol deməliyik.
Sağ ol, Rövşən! Çox sağ ol!
***
Istedadlı bir jurnalist olması öz yerində, amma bu gün onun bir cəhətini deməyə bilmərəm. Rövşən bəyin həyatında poeziyanın çox böyük yeri var. Yox, o, şeir yazmır. O, sadəcə şeiri sevir. Heç şairlər şeiri onu qədər sevməz bəlkə də. O qədər şeir bilir əzbərdən, adamın inanmağı gəlmir. Onun bütöv bir poemanı əzbərdən deməsini də görmüşük. Bu gün təbrikimi şeirlə bitirmək istədim. Aqşin Yeniseyin gözəl bir şeiri ilə. “Qədim türkülərdən biri” adlanır.

Qurdun sınmış pəncəsi
Çölün ağrıyan yeridir
Ulayaraq çölü ovundurur qurd.
At ayaqlarının tappıltısı ilə
Çölün üstünə yeriyir qaranlıq
Bir «ho» səsi at ayaqlarını sönməyə qoymaz
“Ho” ahın tərs üzüdür,
At belində ah çəkilməz!
Dağların belindən atların belinə sıçradıq
Atlarla at dilində danışdıq…
“Azadlıq” qəzeti, 7 yanvar 2011

Bu isə “Xural”dan…

Əziz Rövşən bəyi “Xural” qəzeti olaraq biz də təbrik edir, bu ləyaqətli yazarımıza sağlam ömür və azad yaradıcılıq mühiti arzulayırıq. İnanırıq ki, Rövşən Hacıbəyli kimi yazarlarımızın var olduqları müddətcə jurnalistikamız da nikbin notlar üzərində yaşamağa davam edəcək. Biz bu qaranlıq və sonu görünməyən mətbuat bataqlığından yalnız Rövşən Hacıbəyli kimi qələm sərraflarının mövcudluqları ilə çıxa bilərik. Bu adam ədalətli, obyektiv, prinsipialdır… Hər zaman haqqı tapdalananların yanındadır. Heç bir zaman şəbəkənin ümumi xoruna qoşulmadı. Onun hər zaman özünün ayrıca səsi, sözü var – Rövşən Hacıbəyli kimi…

“Xural” qəzetinin kollektivi

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button