Sahibkar “El Cargo Azerbaijan”dan şikayətçidir: “Çində 10 kilo olan mal Bakıya çatanadək necə 33 kilo olub?”

“Mən kiçik biznes fəaliyyətiylə məşğul oluram. Lazım olan malları çox vaxt onlayn axtarıb tapıram. Bu yaxınlarda mənə çap maşını üçün bir avadanlıq lazım oldu. Kompüter vasitəsi ilə onu istehsal edən firmanın tapdım. Bu, Çinin Hanco şəhərində olan bir firma idi. Firmanın nümayəndəsi ilə danışdıq, razılığa gəldik. Həmin adam ümumi çəkisi 10 kq olan bu malı göndərməyə hazır olduğunu bildirdi”.

Xural.com xəbər verir ki, bu sözləri Sherg.az-a hadisənin qurbanına çevrilən “Sağlamlıq” jurnalının baş redaktoru Qüdrət Şahməmmədoğlu söyləyib.

Onun sözlərinə görə, əldə etmək istədiyi məhsulu tapdıqdan sonra onu Çindən Bakıya gətirmək üçün yollar axtarıb və bu işlə məşğul olan “El Cargo Azerbaijan” firmasını tapıb: “Firmada özünü məsul şəxs kimi təqdim edən Fuad Məmmədovla danışdım və onlar malı qısa müddətə Bakıya gətirə biləcəklərini söylədi. Bu firma beynəlxalq yükdaşıma ilə məşğul olur və onların Çinin Quanzhou şəhərində nümayəndəlikləri var. Onlar, ora çatdıra bilsəm, böyük məmnuniyyətlə malı Bakıya gətirməyə hazır olduqlarını bildirdilər. Belə olan halda, Çindəki malı mənə satan firmanın nümayəndəsi ilə danışdım və o, malı Hango şəhərindən Quanzhou şəhərinə göndərməyə razılıq verdi. Bakıdakı “El Cargo Azerbaijan” firmasının meneceri F.Məmmədov bu 10 kq yükün 90 ABŞ dollarına başa gələcəyini bildirdi. Həmin mal təcili lazım olduğu üçün mən onu təyyarə ilə gətirtməyə qərar verdim. F.Məmmədov bildirdi ki, yaxın vaxlarda malı sizə çatdıracağıq.”

Sahibkar baş redaktir deyir ki, aradan 10 gün keçsə də, yükdən xəbər çıxmayıb: “Hər dəfə F.Məmmədova zəng edəndə ya telefonu bağlı olurdu, ya da açıb bildirirdi ki, hələ mal gəlməyib. Nəhayət, mayın 8-dən yola çıxan mal 35 gündən sonra – iyunun 14-də gəlib çıxdı. “El Cargo Azerbaijan”nın Binə bazarında yerləşən ofisinə yollandım. Mənə dedirlər ki, 520 manat ödəməlisən. “Axı biz 90 ABŞ dollarına razılaşmışıq” – deyə etirazımı bildirdim . “Danışdığımız məbləğ təxminən 150 manat edir. Bəs 370 manat əlavə pul haradan çıxdı? – soruşduqda, cavab verdilər ki, malın çəkisi 33 kq-dır. Dəhşətə gəlirəm ki, 10 kq olan avadanlıq axı necə 33 kq ola bilər?”

Q. Şahməmmədoğlunun sözlərinə görə, məlum oldu ki, bu firma Çindəki anbarında 2 sm-lik qalınlığı 1 metr eni, 1 metr uzunluğu olan “dik” materialı 10 kq malın üstünə bağlamaqla onun çəkisini 33 kq-a çatdırıb: “Sual etdim ki, axı çinli bu malı sizin firmanın Çindəki anbarına göndərmək üçün cəmi 10 kq malın pulunu ödəyib, necə olur, mal sizin anbara gələnə qədər 10 kq olur, sizin anbardan Bakıya 33 kq-lıq yük kimi gəlir? Bunu necə başa düşmək olar? Kimsə buna aydınlıq gətirə bilərmi?”

Q.Şahməmmədoğlu deyib ki, F. Məmmədova nə qədər etirazını bildirsə də, xeyri olmayıb: “Şikayət edəcəyimi deyəndə isə, “Hara istəyirsən, get şikayət elə” cavabını aldım. İndi mən başa düşə bilmirəm, bu firma üçün heç bir qayda-qanun yoxdur? Bunun adı açıq-aşkar vətəndaşın cibinə girmək və soyğunçuluqdur. Yəqin ki, aidiyyəti qurumlar bu məsələ ilə ciddi maraqlanacaq. O da yəqin olacaq ki, bu firmanın arxasında kim dayanır, vətəndaşları günün-günorta vaxtı cibinə girərək, onları biznes fəaliyyətindən uzaqlaşdırmaq istəyən kimlərdir”.

Şikayətçi sonda ölkə prezidenti İlham Əliyevin sahibkarlara dəstəyi ilə bağlı fikirlərini də xatırladıb: “Hörmətli prezidentimiz cənab İlham Əliyev öz çıxışında dəfələrlə qeyd edib ki, sahibkarların fəaliyyətinə heç kəs mane ola bilməz. Əksinə onların fəaliyyətinə geniş şərait yaradılmalıdır. Ancaq “El Cargo Azerbaijan” firması və onun rəhbərliyinə, görünür, prezidentin bu çağırışları hələ gəlib çatmayıb. Axı maraqlıdır: 10 kq mal necə şişib 33 kq olub? Bunun yalnız bir adı var: Özbaşınalıq!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button