Saltuk Düzyol: TANAP-ın Mərmərə hissəsini tikəcək şirkət yaxın günlərdə məlum olacaq

Saltuk Düzyol

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə bu vaxtadək 4,5 milyard dollar dəyərində müqavilələr imzalanıb. TANAP-ın Mərmərə dənizindən keçəcək 19 kilometrlik hissəsinin inşası ilə bağlı tender yaxın günlərdə yekunlaşacaq, tikintini həyata keçirəcək şirkət məlum olacaq və müqavilə imzalanacaq.

Xural.com azertag.az-a istinadən xəbər verir ki, bu fikirləri eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

S.Düzyol deyib: “Təxminən iki il yarımdır ki, TANAP layihəsi üzrə işlər uğurla davam etdirilir. 2012-ci ildə Hökumətlərarası Saziş imzalandıqdan sonra 2013-cü ilin sonunda artıq layihəyə investisiya qoyuluşu ilə bağlı qərar qəbul edildi. Ötən dövrdə layihə üzrə mühəndislik, satınalma və tikinti işlərində böyük ölçüdə irəliləyişə nail olunub. Bu vaxtadək mühüm müqavilələrin demək olar ki, hamısı imzalanıb”.

Qeyd edək ki, TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometr olacaq. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) – 58 faiz, “Botaş” – 30 faiz və BP şirkəti – 12 faiz.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button