Şamama ananın ASİ-liyi

Əvəz Zeynallının anası Şamama xanım «Azadlıq» qəzetində «Mənəm günahkar» adlı bir yazı yazmışdı. Əslində, yazıdan daha çox, bir çağırış, ANA harayı idi bu: Əvəzin yerinə özünün həbs olunmasını istəyir və bunu izahlayırdı: Axı, Əvəzə dürüst, şəffaf, təmiz yaşamağı O öyrətmişdi! Azərbaycan cəmiyyətində isə oğruların bağırtısı altında doğruların Kürdəxanı həbsxanasının soyuq kamerasına soxulmasından hamının xəbəri var.
Həmin ərəfədə dostlar, həmkarlar hamısı o yazıdan danışırdı, – bir qədər təəccüblə, bir qədər tərəddüdlə; «Doğrudanmı Şamama Ana yazıb o yazını» soruşurdular, «axı, özü deyir ki, savadsızam» məntiqilə şübhələrinin səbəbini də göstərirdilər.
Onlara bir sözüm vardı: «Niyə təəccüblənirsiniz? Əvəzin anası necə olmalıdır ki?»
Bu ritorik sual polemikaları anında kəsirdi – axı, bir çoxlarımızı yetişdirən Analar diplomsuzdurlar. Diplomsuz olmaq savadsızlıqdırmı? Analarımızdakı müdrikliyə, dünyagörüşə kimsə şübhə edə bilərmi?
Dünən bu Anamız bütün kollektivi şoka salan bir jestə də imza atdı. Günortadan az keçmiş Vüsalla Kamran əllərində iri bir plov qazanı ilə içəri girəndə təəccübləndik. Ən balacamız Vüsal işıqlanan ac gözlərimizdəki sualı dərhal tutdu: «Şamama Ana göndərdi, dedi, öz əlimlə dəmləmişəm bu plovu, mənim də gücüm buna çatır».
Anamız – Azad Söz İnqilabçılarına – ASİlərə verə biləcəyi töhfədən danışırdı, «gücüm buna çatır» deyə.
Hamımız kövrəldik. Bu kövrəkliyin səbəbini izah edə bilmərəm, hiss etməyinizi xahiş edirəm…
Bircə cümlə deyə bildim: Əvəz Zeynallının anası necə olmalıdır ki?
Şamama Ana, hamı «gücü çatdığını etsəydi», Əvəz Kürdaxanıda olardımı? Və sizin kimi Anaların olduğu məmləkətdə azad sözün kökünü qazımaq mümkündürmü?
Əvəz Zeynallının tez-tez işlətdiyi bir söz vardı. Ən əsəbi vaxtında belə birinin qarasına deyinərkən, «Bütün analar müqəddəsdir, yəqin zatıqırıqlığı atasından gəlir» deyər və gərginlik bir anda ortadan qalxardı, gülüşərdik.
Əvəz, Analar doğrudan da müqəddəsdir – Şamama Anamızın timsalında bir daha bunu gördük. Sənin mübarizə əzminə də tam əminik: Şamama Ananın övladı necə olmalıdır ki?!

Misir Mərdanovun saxta diplomluları

Misir Mərdanovun təhsil sənədlərinin ekspertizası barədə dünənki açıqlamasından bəlli oldu ki, bu vaxta qədər 455 müəllim saxta diplomla dərs deyirmiş, 260 nəfər lisenziyası olmayan müəsisələrin, 468 nəfər leqallaşdırılmamış məktəblərin diplomları, 11 nəfər özəl təhsil müəsisələrinin arayışı, 54 nəfər müxtəlif kursların vəsiqəsi ilə işləyirmiş. Cəmi 1248!
Hələ bu rəqəm tam deyil, ekspertiza başa çatmayıb, məktəblərdəki müəllimlərin cəmi üçdə birinin sənədi yoxlanılıb. Deməli, işləyən diplomsuz müəllimlərin sayı artacaq.
Misir müəllim deyir ki, saxta diplomlular işdən dərhal azad olunub. Amma demir ki, bu müəllimləri işə götürənlər kimlərdir? Kimlər bu saxta və qanunsuz diplomlara göz yumub onları işə götürüb? Bu cinayətkarlığa görə kimlər cəzalandırılmalıdır?
Bu, hələ məsələnin hüquqi tərəfidir. Bəs, 1248 nəfər savadsız müəllim nə qədər şagirdi bədbəxt edib? Neçə min Azərbaycan gəncinin savadı oğurlanıb? Onların sayını hesablamaq olarmı?
Bəs, bu cinayətlərin məsuliyyətini kim daşıyacaq? Saxta diplomla işləyən bu müəllimlər işdən çıxmaqla təhsil şöbələri rəhbərlərinin cinayəti yuyuldumu? Onlara saxta diplom verənlər necə, cinayət məsuliyyəti daşımırlarmı?
Ölkəni xaraba qoymaqdır bu, gələcəyini məhv etmək, intellektini sıradan çıxarmaqdır! Bu ölkənin vətəndaşları sizə nə edib ki, bütün sərvətlərini sümürmək bəs eləmir, onun gələcəyini də məhv edirsiniz?

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button