Sapı özümüzdən…

MİRZƏ SAKİT

Məni bir dümbələk yaman aldadır
Sapı özümüzdən olan baltadır.

Ağlını bilmirəm, boyu bir sütun,
Yıxılanda deyir, qolumdan tutun,
Gizlində zəhrimar, dili zəqqutun,
Aşkarda amma ki, sözü bal dadır
Sapı özümüzdən olan baltadır.

On yeddi ildi ki, düşübdür tora,
Axşam evə gedir, səhər kantora,
Kim hara istəsə dartıllar ora,
Boynunda qalstuk sanki xaltadır
Sapı özümüzdən olan baltadır.

Kitab vərəqləyib siyasət açan,
Tərifdən xoşlanıb, tənqiddən qaçan,
Dözüm hoqqasına mən nə vaxtacan?
Tıq-tıq xanım kimi hələ yoldadır
Sapı özümüzdən olan baltadır.

Nisyəylə işi yox, qoçaqdı nağda,
Bir gözü soldadır, bir gözü sağda,
Xeyirli iş olsa gedir qabağda…
Qiyamət düşəndə gördüm daldadır
Sapı özümüzdən olan baltadır.

Məni oda salıb, özü sərində,
Yazıb bitirməyir gic əsərin də,
Könhə maşın kimi qalıb yerində,
Deyəsən, benzini bitib “nolda”dır
Sapı özümüzdən olan baltadır.

Əlaqəli məqalələr

1 şərh

  1. Məncə, Mirzə bu şeirində bir partiya sədrini nəzərdə tutur. Ən az 120 kilo çəkisi olan o partiya sədri həm də millət vəkilidir; başı da keçəldir. Adını da yaza bilərəm, amma gərək varmı? Müəllif həmin şəxsin adını yazmadan bizlərə tanıda bilibsə, mən niyə yazım ki onun adını? Əgər səhv edirəmsə, bu şeirdə 120 kiloluq çəkisi olan keçəl millət vəkili (həm də partiya sədri) nəzərdə tutulmayıbsa, onda mənim heç şeir duyumum yoxdur…
    P.S. Hə, bir də onu deyim ki, Mirzə Sakitdən qabaq İsa Qəmbər də bu partiya sədrini xüsusi eyhamla bizlərə tanıtmışdı: “MTN-in bir dənə gədəsinə gədəlik edənlə biz bir yerdə ola bilmərik!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button