Sayt redaktoru prezidentə yazdı: “Sizi tənqid etmək olur, amma…”

AzToday.az saytının redaktoru Elmidar Əliyev dövlət başçısı İlham Əliyevə ünvanladığı açıq məktubda onun köməkçisi Əli Həsənovu tənqid edir.

“Son bir ildə Azərbaycan mətbuatı ən çətin dönəmini yaşamaqdadır. Bunun əsas səbəbi etimad göstərdiyiniz şəxslərin yarıtmaz fəaliyyəti, merkantil maraqlar güdməsi və təmsil olunduqları siyasi komandaya xəyanət etməsidir. Sizin media ilə bağlı göstərdiyiniz bütün təşəbbüsləriniz məhz bu şəxslərin sayəsində öz həqiqi məramına çata bilmir”, deyə müraciətdə qeyd edilir.

Daha sonra bildirilir ki, 2009-cu ildən Azərbaycan mətbuatına böyük büdcə vəsaitləri ayrılsa da, “bu sahədə heç bir nailiyyət müşahidə olunmayıb, əksinə, medianın cəmiyyətdəki nüfuzu aşağı düşməkdə davam edib”. Təəssüf ki, ayrılan büdcə vəsaitləri bir qrup şəxsin varlanmasına və harınlamasına gətirib çıxarıb, deyə müraciətdə vurğulanır.

Azərbaycanda media siyasətini həyata keçirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşov özləri üçün “toxunulmazlıq statusu” yaradıblar.

“Vəziyyət o həddə gəlib çatıb ki, ali hakimiyyət nümayəndələri olaraq başda Siz olmaqla bütün məmurları tənqid etmək olur, amma Əli Həsənov və onun “sevimli” kadrlarını tənqid etmək faktiki olaraq qadağan edilib. Onların yarıtmaz fəaliyyətlərini, Sizin nəcib təşəbbüslərinizə münasibətdə xəyanətkar mövqe tutmalarını tənqid etdiyimiz üçün bu il avqust ayının 18-də Baş Prokurorluq tərəfindən Aztoday.az saytına əsassız qaydada xəbərdarlıq edilmişdi”, deyə müraciətdə bildirilir.

Müraciət müəllifi jurnalistlər üçün evlərin tikintisi zamanı Əli Həsənov tərəfindən yol verilən mənimsəmə və oğurluq faktlarından danışır. Xüsusən, Həsənov pulları ona yaxın olan şəxslərə və qohumlarına məxsus firma və şirkətlərə paylayıb.

“Əli Həsənov Sizin nəcib təşəbbüsünüzün məhsulu olan bu layihəni “ev alqı-satqı” ofisinə çevirdi”, deyə müraciətdə qeyd edilir.

“Bu korrupsiya iddialarını araşdırdığına görə, Aztoday.az xəbər portalı Əli Həsənovun sifarişi əsasında qanunsuz olaraq müvafiq dövlət qurumu tərəfindən Azərbaycan ərazisində blok edilib. Biz öz pozulmuş hüquqlarımızı müdafiə etmək üçün məhkəməyə müraciət edəcəyik. Təəssüf ki, istəsək də, istəməsək də, beynəlxalq media təşkilatları bunu söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirəcəklər. Amma bu, Əli Həsənovu qətiyyən narahat etmir. Yaxşı bilir ki, baş verənlərin fonunda Siz başda olmaqla Azərbaycan dövləti tənqid olunacaq. Göründüyü kimi, Əli Həsənov Azərbaycan Prezidentinin, dövlətinin və təmsil etdiyi hakim komandanın beynəlxalq imicini öz şəxsi maraqlarına qurban verir”, deyə redaktor yazır.

Misal kimi Əli Həsənova və onun ətrafındakılara məxsus saytlara və qəzetlərə müntəzəm olaraq pul vəsaiti ayrılması faktlarından danışılır.

Belə ki, Vüqar Səfərli özünə məxsus olan “Mövqe” və “Futbol + Qol” qəzetlərinə ildə iki dəfə müvafiq olaraq 60 min və 40 min manat ayırır. Əli Həsənova məxsus “Kaspi” və “Kaspiy” qəzetlərinin hər birinə ildə iki dəfə 60 min manat (ümumilikdə 240 min manat) vəsait verilir.

Amma Sizin təşəbbüsünüzlə mediaya ayırılan böyük pullara baxmayaraq, Azərbaycan mətbuatı düşmən Ermənistan mediasından dəfələrlə geridə qalır.

Azərbaycanda beynəlxalq səviyyəli bir media qurumu yoxdur, deyə müraciətdə bildirilir.

Redaktorun iddiasına görə, “bunun səbəbi şübhəsiz ki, o vəsaitlərin xərclənməsinə göstəriş verən Əli Həsənovun korrupsiya maraqlarıdır”. “Məhz Əli Həsənovun uğursuz fəaliyyətinin nəticəsidir ki, onlayn media qurumlarının Azərbaycan ərazisində blok edilməsi kimi bir texnologiya işə düşüb. Bunun da nəticəsində Azərbaycanın beynəlxalq imicinə böyük zərbə dəyib”, Elmidar Əliyev belə hesab edir.

“Hörmətli cənab prezident, Sizdən xahiş edirik ki, özbaşınalıqları sərhəd tanımayan Əli Həsənovun bizə qarşı bundan sonrakı addımlarında dövlətin gücündən sui-istifadə etməsinə imkan verməyəsiniz”, deyə müraciətdə bildirilir.

 

Contact.az

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button