Saytlar Baş Prokurorluğun məktubu əsasında bloklanıb

Mayın 1-də Bakının Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin bir sıra saytlara girişə blok qoyulması tələbi barədə iddiasına baxış davam etdirilib.

Məhkəmədə çoxsaylı jurnalistlər, ictimaiyyət nümayəndələri, ABŞ, Böyük Britaniya, Almaniya səfirliklərinin və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

Məhkəmədə media qurumlarının hüquqlarını vəkillər Adil İsmayılov, Elçin Sadıqov, Cavad Cavadov, Səməd Rəhimli müdafiə edir.

Nazirlik iddia ərizəsində məhkəmədən “dövlətin və cəmiyyətin qanuni maraqlarına təhlükə yaratdıqları üçün azadliq.info (“Azadlıq” qəzeti), azadliq.org (“Azadlıq Radiosu”), “azerbaycansaati.com” domenlərinə, habelə “Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına (Turan TV) girişin məhdudlaşdırılması haqqında qərar qəbul etməyi xahiş edir.

İddiada yalnız konstitusiya quruluşunun devrilməsinə, iğtişaşlara, zorakılığa, ictimai asayişin pozulmasına, ədavətə, dini ekstremizmə və s. yönəlmiş çağırışlar olduğu halda saytları bağlamağa imkan verən qanun normalarına istinad edilir.

“Baş Prokurorluğun 27 mart tarixli məktubu əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə Elektron Təhlükəsizlik Mərkəzi ölkə ərazisində azadliq.info, azadliq.org, “azerbaycansaati.com” domenlərinə,“Azərbaycan saatı” televerilişinin yerləşdirildiyi İnternet-resurslara və Turan telekanalına girişi məhdudlaşdırıb. Nazirlik yalnız Baş Prokurorluğun apardığı araşdırma nəticəsində bu qərarı qəbul edib. Elektron Təhlükəsizlik Mərkəzində hər hansı araşdırma, linqvistik ekspertiza aparılmayıb. Prokurorluğun araşdırması nəticəsində nazirlik də bu qərara gəlib ki, həmin saytlarda dərc olunan materiallarda Azərbaycanın konstitusiyalı quruluşunu dəyişməyə, ictimai sabitliyə, dini ədavəti qızışdırmağa çağırışlar var”, deyə nazirliyin nümayəndəsi  Bəxtiyar Məmmədov məhkəmənin diqqətinə çatdırıb.

Bu zaman vəkillər təhlükəli çağırış olan məqalələrin təqdim edilməsini istəyiblər. Buna cavab olaraq nazirliyin nümayəndəsi skrin-şot edilmiş məqalələri və məqalələrdən çıxarışları təqdim edib. “Bu materialları Baş Prokurorluq Nazirliyə təqdim edib”, deyə Bəxtiyar Məmmədov qeyd edib.

Vəkillər ilkin baxış zamanı müəyyən ediblər ki, bəzi məqalələr hətta prokurorluğun məktubundan sonrakı tarixə aiddir.

Vəkil Adil İsmayılov nazirliyin nümayəndəsindən konkret olaraq azadliq.org saytında çağırış əks olunan hansı məqalələr olduğunu sadalamasını xahiş edib.

Nazirliyin  əməkdaşı “Son 2 gündə 4 nəfərin özünü öldürdüyü deyilir”, “Cəmil Həsənli: Aksiyaları zəruri edən şərtlər var”, “Heydər Əliyev Fondunun Rumıniyada qaranlıq biznesi” materiallarını təqdim edib. Vəkilin “bu məqalələrdə  hansı çağırışlar var?” sualının cavabında Bəxtiyar Məmmədov deyib ki, Baş Prokurorluq və təmsil etdiyi qurum hesab edir ki, çağırışlar var. Amma o, çağırışların nədən ibarət olduğunu deyə bilməyib.

Nazirliyin nümayəndəsi həmçinin azadliq.info saytında dərc olunmuş “Əliyev rejiminin gələcəyi yoxdur, ona yalnız avtoritar qəsbkar kimi baxılacaq”, “Əliyevin yarımçıq əfv sərəncamı haqlı narazılıq və suallar doğurur”, “Milli Şura mitinq müzakirəsinə başladı”, “Bakıdakı  rejim korrupsionerdir, avtoritardır, iqtisadi böhran içindədir”, “Xalq “mən varam” desə..”, meydan.tv-də “Cəmil Həsənli: Kütləvi aksiyalar müzakirə mərhələsindədir”, “Dini təhlükə və avtoritarizm bir-birinin donoru kimi” və bu tipli məqalələri təqdim edib.

Digər saytları təmsil edən vəkillərin təqdim edilmiş məqalələrdə hansı çağırışların olması ilə bağlı sualları da nazirliyin nümayəndəsi tərəfindən prokurorluğun apardığı tədqiqatlara görə çağırışların olduğu cavabını verib.

Turan.tv saytı ilə balı isə sübut kimi ümüumiyyətlə material təqdim edilməyib.

Bu halda vəkillər linqvistik ekspertizanın təyin edilməsi, Baş Prokurorluğun tərəf kimi məhkəməyə cəlb edilməsi barədə vəsatətlər qaldırıblar. Məlum olub ki, Nəqliyyat, Rabitə  və  Yüksək Texnologiyalar Nazirliyində ümumiyyətlə linqvistik ekspert yoxdur və belə ekspertiza aparılmır.

Vəkil Elçin Sadıqov deyib ki, Mili Şura icazəli mitinq keçirib və bu barədə Milli Şuranın sədrinə istinadla yazı dərc edilib.

“Burada konstitusiyalı quruluşu dəyişməyə, qanunla qorunan mənafelərə ziddi hansı çağırış var? Belə görünür ki, deputat Siyavuş Novruzovun dediklərini yazmaq olar, digərlərinin dediklərini yox”, deyə vəkil qeyd edib.

Vəkil eyni zamanda deyib ki, meydan.tv saytı ilə bağlı cəmi iki məqalə təqdim olunub və orada hər hansı çağırışdan söhbət gedə bilməz.

“İki məqaləyə görə bir saytı bağlamaq olar?”, deyə Sadıqov sual edib.

Eyni zamanda, azadliq.info, azerbaycansaati.com, turan.tv saytlarının hüquqlarını müdafiə edən vəkillər Səməd Rəhimli və Cavad Cavadovun da eyni məzmunlu sualları cavabsız qalıb.

Sonda hakim Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsindən tələblərinin dəqiqləşdirilməsini, saytlara girişin məhdudlaşdırılması ilə bağlı vaxt müəyyən edilməsini və sübutlarına bir daha nəzər yetirilməsini istəyib. Məhkəmə 3 may saat 15.00-dək təxirə salınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button