Saytların bloklanması məsələsinə Ali Məhkəmə baxacaq

Bir neçə xəbər saytının rəsmi qaydada bloklanması məsələsinə yaxın vaxtlarda Ali Məhkəmədə baxılacaq. Bunlar AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info saytları, eləcə də MeydanTV, TuranTV və «Azərbaycan saatı» televiziya proqramının internet səhifələridir. Bakı Apellyasiya Məhkəməsi saytların bloklanması barədə qətnaməni qüvvədə saxlayandan sonra adları çəkilən media orqanları, o cümlədən AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Martın sonlarında bəzi internet provayderləri ilə azadliq.info-ya maneəsiz giriş mümkün idi, digər saytlarla bağlı vəziyyət isə dəyişməmişdi.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna bunun səbəbini izah edir: «Biz «Qurium» Media Fondu ilə əməkdaşlıq edirik. Bu Fond təkcə Azərbaycanda yox, buna bənzər başqa avtoritar ölkələrdə də vebsaytların qanunsuz, siyasi mülahizələrlə qapadılmasının nəticələri ilə bağlı hesabatlar hazırlayır, müəyyən texniki yardımlar göstərir. Fondun əməkdaşları, məsələn, bizim saytla bağlı ciddi çalışırlar. Arabir keçid linki olmadan azadliq.info-ya girişin mümkünlüyü də həmin çalışmaların nəticəsidir. Mən bunun texniki baxımdan necə həll edildiyini, açığı, bilmirəm. Amma «Qurium»la daimi əlaqədəyik, onlar bu məsələlər barədə izahatlar verirlər».

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adları çəkilən saytlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasını əsas gətirib, əlavə məlumat verməkdən imtina edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button