“Seçkidən sonra səkkiz nazirlik və komitə birləşdiriləcək”

nazirl'r kabinetiBir müddət əvvəl Azərbaycanda müxtəlif nazirliklərin, paralel fəaliyyət göstərən qurumların birləşdiriləcəyi müzakirə obyektinə çevrilmişdi. Ölkədəki iqtisadi proseslər məsələni yenidən gündəmə gətirir.

xural.com modern.az -a istinadən xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun sözlərinə görə,  seçki zamanı aparıcı ideyaların, platformaların meydana çıxması zəruridir: 

“İstərdim ki, seçkilərin əsas ideyası dövlət quruculuğu sistemini daha mükəmməlləşdirmək, islahatlara vüsət vermək, bir-birini təkrarlayan dövlət strukturlarını aradan qaldırmaq olsun.

Onların funksional təyinatını müəyyənləşdirmək, xalq qarşısında hesabatlılığını formalaşdırmaq, qeyri-şəffaf fəaliyyətlərini islah etmək üçün işlər həyata keçirilməlidir.

Hesab edirəm ki, gələcək parlamentin siyasi özəyini müəyyənləşdirən tezis, ideya bu olmalıdır.

Çalışmaq lazımdır ki, “Taliban” təfəkkürü, cəmiyyətdə qarşıdurmalar, inqilabi ideyalar toqquşmasın, əksinə vətəndaşın qanuni əmlakının, mülkiyyətinin, torpaq ərazilərinin rəsmiləşməsi prosesi həyata keçirilsin.

Paralel iqtisadi təşəbbüskarlıq, maliyyə fəaliyyəti, bank sektoru, kreditlərlə bağlı məsələlər, o cümlədən kənd təsərrüfatı, aqrar sektorun daha da dirçəlməsi, əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, kreditləşdirilmə və s. bütün bunlar funksiyaları baxımından bir-birinə yaxın olan dövlət qurumlarının birləşməsini zəruri edir”.

Zahid Orucun sözlərinə görə, prezident İlham Əliyev də dəfələrlə dövlət idarə sistemində bu addımların davam etdiriləcəyini vurğulayıb:

“Bu avtomatik olaraq hansısa strukturların üzərindən xətt çəkilməsi, insanların öz iş yerlərini itirməsi kimi nəticəyə gəlinməsi deyil.

Önəmli olan dəqiq səlahiyyətlərlə bu qurumları təmin etmək və vətəndaş qarşısında qara əməllərdən, çirkli fəaliyyətlərdən, bürokratizmdən kənar işlərini təmir etməkdir. Bu o demək deyil ki, Azərbaycan növbəti ildə büdcə xərclərini sıxacağı üçün avtomatik dövlət qurumlarının üstündən xətt çəkməlidir.

Məsələ bu deyil. Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb”.

Deputat bildirib ki, Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır:

“Bu baxımdan, bir-birini təkrarlayan qurumlar birləşdirməlidir. Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır.
Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır.

Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır.

Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək.

Söhbət nazirlikdən daha çox ayrı-ayrı komitə və qurumların birləşdirilməsi, müxtəlif agentliklərin fəaliyyəti ilə bağlı əlaqələndirmələrin aparılması, səhmdar cəmiyyət modelinin kütləviləşməsindən gedir.

Səhiyyə sahəsində dövlət xəstəxana sisteminin kütləvi saxlanması effektli deyil. Bəlkə də onların özəlləşdirilməyə çıxarılması daha effektli olar və rəqabət mühitinə təsir edər. O cümlədən, kənd təsərrüfatı sahəsi ilə bağlı məsələlər çevik reallaşdırılmalıdır. Hökumətin optimal modelini qurmaq vacibdir”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button