SEL BU DƏFƏ …RAMİZ MEHDİYEVİ GƏTİRDİ!

Azərbaycan mətbuatının 99,9 faizi Ramiz Mehdiyevdən, hətta onun kürəkənindən yazmır…

İlham Əliyevin xəbəri olmadan bu ölkədə bir jurnalisti hətta mülki qaydada belə məhkəməyə vermirlər…

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizi məhkəməyə verməsi, ədalətsizcəsinə səlahiyyətlərindən istifadə edərək 10 min manat cərimələtməsi, sonra da həmin cəriməni icraya yönəltməsi ölkədə böyük rezonans doğurub. Azərbaycan hakimiyyətinin ən güclü adamının azad sözün üzərinə bu cür səlib yürüşü başlatması «Xural» olaraq dirəniş göstərməyimizə və bu dirənişi Azərbaycan səthinə yaymaq təşəbbüslərimizə səbəb oldu. Bu mənada və bu çərçivədə baş redaktor Əvəz Zeynallı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat zalında mətbuat konfransı keçirdi və mayın 16-da baş tutan bu mətbuat konfransını daşıdığı tarixi əhəmiyyətə görə yayınlamağı qərarlaşdırdıq.

Buyurun, Əziz «Xural» Oxucusu, Ramiz Mehdiyevin bütün arsenalı ilə üzərimizə gəldiyi bir zamanda yanımızda olub tədbirimizə qatılanların bütün dünya ictimaiyyətinə səslənişini siz də oxuyun…

Əvvəli ötən saylarımızda

Qarabağı verənə qədər tənqidçi mətbuatın qalmasını istəmirlər!

Rahim Qazıyev

Sabiq müdafiə nazirlərindən:

– Azərbaycana böyük fəlakət gəlib. Azərbaycan korrupsiyanın içində çapalayır və bu adamların apardığı siyasətin nəticəsidir ki, bu yaxınlarda Qarabağın «de-yure» verilməsi məsələsinə baxılacaq. Onda səsini çıxarmağa bir dənə də olsun qəzetin qalmasını bu adam istəmir. Ramiz Mehdiyevin apardığı ideoloji siyasət buna xidmət edir. Uzun illər bu adam ona çalışıb ki, Azərbaycan mətbuatının hərəsini bir yolla – birini maddiyyatla, birini şantajla, birini zorakılıqla susdursun ki, sabah Qarabağı ermənilərə verəndə mətbuatın danışmağa ağzında dili olmasın. Bu adam buna çalışır. İndi buyurub məni məhkəməyə versin və mən məhkəmədə ona bu sualları vermək istəyirəm.

Soruşmaq istəyirəm ki, Ramiz Mehdiyev, sən hansı millətə xidmət göstərirsən? Mətbuat nə qədər ki birləşib öz qüdrətini, 4-cü hakimiyyət olması iddiasını göstərə bilmədi, hamınızı yerə yıxıb bir-bir başınızı kəsəcəklər. Oyanın və birləşin. Çünki sizə bu adamlar elədikləri pisliyi eləyiblər – qələminizi əlinizdən alıblar, səsinizi boğublar, dilinizi kəsiblər. Artıq bəsdir, əlində bu cür qüdrətli silahı olan bir toplum bu qədər aciz ola bilməz. Qalxın və birləşin! Allah Azərbaycanı hər bəladan hifz eləsin! Doğrudanmı, mətbuat söz demək haqqını bir restoranda yemək yemək üçün dəyişib? Bir vaxtlar səsinin gurultusu yeri-göyü dağıdan Sirus Təbrizli görün artıq hansı rejimdir ki, dediyi sözün arxasından qaçdı. Əvvəlcə «bu ölkəni simasız quldurlar idarə edir» dedi… Kimlər bu simasız quldurları bir yerə yığdı, kim bunlarn əlinə bu qədər böyük hakimiyyəti verdi? İndi heç Sirus Təbrizlinin özünü dinləyən yoxdur. Çünki sözünün ardında dayanmır. Deyir ki, «Heydər Əliyev yaradıcıdır, İlham Əlyiev də qurucudur!». Onda tam məntiqlə elə çıxır ki, «Simasız quldurlar partiyasının yaradıcısı Heydər Əliyevdir, qurucusu da İlham Əlyiev?» Müdrik adam heç bir halda ətrafına simasız quldurları yığmaz. Əgər yığılıblarsa, demək quldurbaşı da özləridir. Hər şeyi öz adı ilə demək lazımdır. Ya Heydər Əliyevin başını aldadıb onun yanına toplaşıblar, onda demək Heydər Əliyev müdrik olmayıb, çünki müdrik insanı aldatmaq olmaz, ya da əgər bunu Heydər Əliyev bilibsə, demək həmin simasız quldurlara onun özü başçılıq edib. Bu hakimiyyət dövründə mənəviyyatımız da getdi, mili dəyərlərimiz də. Açın televizorları baxın. Ramiz Mehdiyevin ideologiyası ilə hazırlanan verilişlərə tamaşa edin. Milləti uçuruma aparırlar, cinayətkarlığı təbliğ edirlər. 3 manata sənədləşdirdikləri malı 100 manata satırlar, evlərin kvadratmetrini 100-250 manata sənədləşdirib, 1500-2000 manata satırlar. Açıq-aşkar quldurluqdur. Jurnalist nə eləsin?

İlham Əliyev, büdcədən 28 milyard manat oğurlayıblar!..

Gördüklərini, bildiklərini yazmasın? Mən də prezidentə yazmışam ki, ay cənab İlham Əliyev, sənin büdcəndən oğurlanan pulların sayı iki büdcənin hesabı qədər – 28 milyard manatdır. Elə bildim, prezident narahat olacaq, amma səs çıxmadı. Yəni bu qədər açıq-aşkar quldurluqlar baş verir. Artıq Qarabağı verməyin de-yure məqamı çatdığı üçün əli qələm tutan yazarları, danışan dilləri, bağıran səsləri susdururlar. İndi də növbə sizə çatıb. Siyasətçilər də həmçinin. Bu dövlətin mili azadlıq hərəkatının liderlərindən birini – Nemət Pənahlını, onun zəhməti hesabına hakimiyyətə gələnlər tutub dama basdılar. Adını qoydular ki, xuliqanlıq etdiyinə görə tutublar. Sonra da evindən kompüter, flyəş, disk axtarmağa başladılar. Xuliqanlıq edən adamın kompüteri bunların nəyinə lazımdır, başa düşmək olmur? Heç kəs də narahat deyil ki, bu həmin Nemət Pənahlıdır ki, Heydər Əliyevin hakimiyyətə gəlməsinə köməklik etmişdi. Mən Heydər Əliyev hakimiyyətə gələndə buna laqeydlik göstərdimsə, 26 yaşlı Nemət bəyəm səhv buraxa bilməzdi? Hamımıza elə gəlirdi ki, bir dəfə hakimiyyətdən enişi görən adam, yenidən qayıdandan sonra o yerin qədrini daha yaxşı biləcək, onu yenidən hakimiyyətə gətirən millətə xidmət göstərəcək, amma olmadı.

Bütün jurnalistlər, birləşin!..

Mən bütün media işçilərindən xahiş edirəm. Bir-bir təklənməyinizə imkan verməyin. Bu millətin layiqli oğullarını, cəsarətli, söz deyə bilən oğullarını məhv etməyə imkan verməyin. Özünü müxalifətin əvəzsiz liderləri hesab edənlər! Bəsdirin kabinetlərdə siyasəti idarə etdiniz! Camaatın içinə gəlin, nə qədər ki, camaatın içində deyilsiniz, sizi dinləyən olmayacaq. Üzeyir Hacıbəyov yazırdı ki, «Aç qapını, gələk səni öldürək!» Biz də gülürdük. İndi hakimiyyət millətin əsəblərini tərəziyə qoyub, başına gətirmədiyi oyun buraxmır. Bu halı ilə özü könüllü qapını açacaq ki, «gəlin, bizi öldürün?»  Hərə öz sahəsində sərbəst, azad hərəkət etsə, hakimiyyətdəkilər də bu qədər harınlamazdılar. Heç olmasa içlərində bir qorxu ola bilər ki, «bəsdir, daha bu qədər də olmaz». Mən hər zaman media ilə bir yerdəyəm və əlimdən nə gəlirsə əsirgəməməyə hazıram. Bir olun, bir yerdə olun. Bir-birinizi əzməyə imkan verməyin! İnsan bir yerdə olanda qüdrətli olur. Yumruqlarımızı birləşdirək və bir yerə vuraq. O zaman bütün bəlalarımız həll olunacaq.

Ramiz Mehdiyevə gəlincə, yəqin onun da bu pula ehtiyacı var, yığıb birtəhər onu da verərik, eybi yox. Düzdür, burada kompensasiya üçün ev verən də oldu, amma onun hamısını vermək düzgün olmaz. Cənab Mehdiyevlə bunun riyazi haqq-hesabını çıxarmaq lazımdır ki, 10 min manatını götürüb qalanını qəzetin özünə qaytarsın (Cənab Ramiz Mehdiyevin ünvanına gülüşmə…).

Hakimiyyətin quldar təfəkkürü…

Bakir Həsənbəyli

Müstəqil jurnalist:

– Çox təəssüf edirəm ki, Azərbaycan mətbuatının iqtidarı burada iştirak etmir. Çünki həqiqətən də bu, hər bir media nümayəndəsinin başına gətirilə biləcək şeylərdir. Əslində, buna qədər də belə hadisələr çox olub. Mən Eynulla ilə bağlı bir fikrimi bildirmək istəyirəm. Eynulla Fətullayev Azərbaycanda çox populyar olan bir qəzet buraxdığı zamanlarda Azərbaycan mətbuatının iqtidarları Eynulla Fətullayevə qarşı cəbhə açmışdılar, səngərləşmişdilər. Ancaq Eynulla həbs olunandan sonra çox maraqlıdır ki, Eynulla bunlar üçün əziz adama çevrildi. İkinci tərəfdən, mən hesab etmirəm ki, bu, «Xural» qəzetinin və ya Əvəz Zeynallının əmlakının müsadirə olunması məsələsidir. Məncə bu, yağmalanmadır. Bu hərəkət mövcud iqtidarın mahiyyətinə uyğun olan bir maskalanmadır. Mən hesab etmirəm ki, bu, bir məmurun hikkəsidir, məncə, bu, bir hakimiyyətin quldar təfəkkürüdür. Onlar başqa cür də ola bilməzlər. Onu da hesab etmirəm ki, bu, bir məmurun öz şərəfi uğrunda çəkdiyi haraydır. Məncə, bu, hakimiyyətin qisasçılığıdır.

Prezident Administrasiyasının qarşısında qəzetin bir nömrəsini çıxaraq…

2005-ci ildə parlamentə namizədliyimi irəli sürmüşdüm, o zaman özəl kanalların birindən dediyim «ey tayfa hökmdarı, sən busan, busan, busan» sözünə görə bu günə qədər öz anlamlarında məni cəzalandırıblar. Əslində isə mənə heç nə edə bilmirlər. Yazımı da yazıram, sözümü də deyirəm. Tədbirlərdə də çıxış edirəm. Bir şeyi bilirəm, bu məsələdə qətiyyən ruhdan düşmək lazım deyil. Təklif edirəm ki, «Xural»ın kollektivi və dostları özlərinin bloknot və qələmlərini götürsünlər və Prezident Administrasiyasının qarşısında qəzetin bir nömrəsini hazırlamağa başlasınlar.  Şəxsən mən özüm də uzun illər jurnalistikada fəaliyyət göstərmişəm. Özüm şəxsən öz tərəfimdən bu məsələdə sizə çox ciddi dəstək verməyə hazıram. Mən hansısa bir Azərbaycan vətəndaşının bir çöpünün belə Ramiiz Mehdiyevə verilməsini istəmirəm. Qətiyyən bunun əleyhinəyəm. Əvvəla, Ramiz Mehdiyev öz yığdıqlarını və öz tikdiklərini siyahıya aldırsın və bu millətə, xalqa aid olan satıdığı torpaqların hesabatını versin, sonra «Xural»dan haqq-hesab tələb eləsin. Bu, çox ciddi bir şeydir. Mən ümumiyyətlə, aclıq aksiyasının əleyhinəyəm. Niyə? Əli Həsənov kimi məmurlara şans vermək istəmirəm ki, efirdən həyasız bir poza verə-verə desin, «Əşşi, öz canına qəsd edir də!.. Bundan bizə nə?» Mən bir daha qeyd edirəm ki, mübarizəmizi çox ciddi şəkildə aparmalıyıq, «Xural»ın dostlarını bir araya gətirməliyik. «Xural»ın Ramiz Mehdiyevin cəriməsini ödəmək istəyini açıqlamasını da zəiflik əlaməti kimi qəbul edirəm. Bizim heç bir günahımız, qəbahətimiz də yoxdur, ona görə də «bizə məhkəmələrin kəsdiyi cərimələri ədalətsiz qərar kimi qiymətləndiririk və onu ödəməkdən imtina edirik» demək lazımdır.

Hərraca çıxarılarsa Heydər Əliyev, İlham Əliyev və hər ikisinin bir yerdə şəkillərini almağa hazıram…

Mən «Xural», daha doğrusu, Əvəz Zeynallı haqqında bir məqalə yazmışdım və orada bildirmişdim ki, Əvəz bəy, sən  bu xalqa bir bayram verəndə, sən özün 21-ci əsrin komasında yaşayıb, başqaları üçün ev tələb edəndə, son nəticə bu olmalı idi. Sözün həqiqi mənasında mənim dediklərim bu gün doğru çıxır. O baxımdan, Əvəz bəy, mən sənin üzü xalqa hər zaman açıq olan qəzetinə, «Xural»a dəstək olmağa hazıram. Əgər bizim xuralsevərlər bu mübarizədə uduzdurularsa, o zaman Heydər Əliyev, İlham Əliyev və hər ikisinin bir yerdə olduğu həmin o üç şəkli dövlətin hərracda qoyduğu qiymətə almağa hazıram.

Mətbuat generalları burada olmalı idilər!

Mirzə Sakit

Satirik şair-yazar:

– Qəzetlərin azad sözə qarşı olan təpkilərə etiraz əlaməti olaraq zaman-zaman ağ vərəqlə çıxmasını çox düzgün hesab etmişəm. Mən bu mətbuat konfransında özünü mətbuatın generalı hesab edən hər bir redaktoru görəcəyimi gözləyirdim. Yəni hərə bir müxbir göndərib, informasiya hazırlatmaq əvəzinə, həmrəylik nümayiş etdirməli və özləri burada olmalı idilər. Çünki belə şeylər hər birimizin başına gələcək hadisələrdir. Susduqca növbə hər birimizi haqlayacaq. Hər kəs «Xural»a bir şeylə dəstək olmağa çalışır və mən də Əvəz bəyə söz verirəm ki, Ramiz Mehdiyev haqqında mən də bir şeir yazaram. Burada qeyd olundu ki, Ramiz Mehdiyev bir vaxtlar dənizdə, gəmidə «koçeqar» – ocaqçı işləyib. İnsan naxırçı da ola bilər, traktorçu da… Amma hər kəs öz peşəsini layiqincə həyata keçirməlidir. Görünür, R.Mehdiyev də öz peşəsini bu gün də davam etdirir, qığılcım olan yerə odun töküb yandırır və peşəkar «koçeqar» olduğunu sübut etməyə çalışır. Amma eyni zamanda R.Mehdiyevin bu məsələdə birinci dərəcəli adam olduğunu da deməzdim. Çünki bütün nüfuzlu beynəlxalq təşkilatlardan – Avropa Şurasından, BMT-dən gələn bütün etirazlar, Azərbaycanda olan söz və mətbuat azadlığının boğulmasından tutmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına qədər bütün tənələr İlham Əliyevə ünvanlanır. Yəni bu ölkədə «Əlibaba və qırx quldur»da olduğu kimi, mövcud quldur məmurlarının başında bir Əbdülhəsən var ki, o da İlham Əliyevdir. Ramiz Mehdiyevi bir nömrəli Əbdülhəsən hesab etmək olmaz, o yalnız prezidentin ocaqçısı və icraçısı ola bilər. Yasəmən xanım yazdığı məqalədə qeyd edir ki, «İlham Əliyevi və Heydər Əliyevi hərraca çıxarmağa qoymaram.» Onları, yoxsa onların şəkillərini?

Replika:

– Şəkillərini…

(Gülüş qopur)

 

Bunlar torpaqları hərraca çıxarıblar…

M.Sakit:

– Hər kəs yaxşı bilir ki, iqtidaryönlü mətbu orqanlarda da müxalifət ruhlu insanlar var. Sadəcə, onlar səslərini çıxara bilmirlər. Hətta belə qəzetlərdə bizim dostlarımız da var. Amma bu hal yeganə haldır, əsl demokratiyanın göstəricisidir ki, hakimiyyətə qarşı müxalifətyönlü müasibət bəsləyən «Xural» qəzetinin əməkdaşı açıq şəkildə deyə bilir ki, «mən Heydər Əliyevə, İlham Əliyevə rəğbət bəsləyirəm. Baxın, görün demokratiya nə gözəl bir şeydir. Lakin burada hərrac məsələsi var ki, o da tək «Xural»ın əmlakına aid deyil. Hakimiyyətdə elə yüksək çinli məmurlar var, Azərbaycanın torpaqlarını zaman-zaman hərraca çıxarıblar və bununla da sudan quru çıxdıqlarını zənn ediblər. Bizim hamımız sizə öz dəstəyimizi verməyə hazırıq, hər zaman da yanınızdayıq.

Sel bu dəfə Ramiz Mehdiyevi gətirdi…

Razi Abbasbəyli

Müstəqil jurnalist:

– «Xural»ı ilk dəfə deyil ki, məhkəməyə verib cərimələndirirlər. Hər zaman müstəqil olan və həqiqəti yazan bu qəzet təbii olaraq çoxlarının maraqlarını ifadə etməyəcək. Yəni sel bundan əvvəl də özü ilə çör-çöp gətirmişdi, «Xural» üçün. Bu dəfə isə Ramiz Mehdiyevin timsalında iri kötükləri gətirdi. Hakimiyyətin xırda çör-çöpləri Əvəz Zeynallı ilə uzun müddətdir ki, mübarizə aparırdılar, amma haqsız olduqlarından bu mübarizədən məğlubiyyətlə çıxdılar. Bundan sora isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev şəxsən özü Əvəz Zeynallı ilə məşğul olmağa başladı. Sizin diqqətinizi bir məqama yönləndirmək istəyirəm. Son zamanlar Azərbaycanda konkretləşmiş bir məntiq var – İlham Əliyevin xəbəri olmadan bu ölkədə bir jurnalisti hətta mülki qaydada belə məhkəməyə vermirlər. Bilmirəm, bu nə qədər etibarlı məlumatdır, amma onu bilirəm ki, bu məlumatı hakimiyyətin ən yüksək dairlərindən cəmiyyətə və mediaya təqdim edirlər. Əgər Ramiz Mehdiyev prezidentdən xəbərsiz bu addımı atıbsa, «aprtıq bu ölkəni mən idarə edirəm!» deyə prezidentə çağırış edir. Bütün hallarda bu, Ramiz Mehdiyevin imzası ilə dövlətin, Azərbaycanın indiki iqtildarının müstəqil «Xural» qəzetin qarşı irəli sürdüyü absurd bir iddiadır. Əgər söylənildiyi kimi, müstəqil mətbuata dövlət qayğı göstərməli, dövlət onu qorumalıdırsa, beynəlxalq təşkilat nümayəndələri qarşısında gecə-gündüz bilmədən bunun belə olduğunu bəyan edirlərsə, demək reallıq əslində yanlışlıqdır. Çünki onlar televiziya efirlərindən bütün dünyaya bəyan edirlər ki, «Azərbaycan dövləti azad sözün, müstəqil mətbuatın inkişafında maraqlıdır», onda biz də onların bu əməllərini beynəlxlaq arenaya çıxarıb, nə qədər bu məsələdə maraqlı olduqlarını göstərməliyik. Ramiz Mehdiyevin ideologiyası haqqında Rahim bəy bayaq çox gözəl açıqlama verdi. Bu gün də «Eurovizion»-la bu millətin düz bir il başını xarab edəcəklər. İlkin informasiyalara görə, bu məqsədlə artıq milyardlarla manat pulun havaya sovrulması ilə bağlı planlar hazırlanır. Gah Qəbələdə yaxın aylarda saray tikib «Eurovizion» –u orada keçirmək istədikləri haqda məlumatlar gəzir, gah da buradakı stadionların yenidənqurulması ətrafında düşünülür. Təsəvvür edirsinizmi torpağının 20 faizi tapdaq altında olan bir dövlətin ideologiyası nəyə xidmət edir? Azərbaycanın xarici siyasətini aparan Elmar Məmmədyarov üç cümləni dalbadal düzüb danışa bilmir, 20 ildir xarici siyasətdə bir dənə də olsun uğurlu siyasət apara bilməyib, Avropada hansısa mənasını itirmiş bir arenada birinci yer tuturlar və bunu da xalqımıza «qələbə günü» kimi yedizdirib, uğurlu xarici siyasətin arxasına bağlamağa çalışırlar. Bəli, bu, H.Əlyiev Fondunun, İlham Əliyevin qələbəsidir. Bu Əliyevlər ailəsinin qələbəsidir. Amma millətin qələbəsi deyil. Nə qədər istədilər 5-10 nəfərdən bayram düzənləyələr, alınmadı. Bu bir əyləncədir və ürəyi nakam torpaq hissilə dolan bir xalqa bu cür əyləncələr üzərindən «biz qələbə qazanmışıq, bayram edin!» əmrini vermək olmaz. Bu yolla millətin bütün ideoloji cəbhəsini sarsıtmağa çalışırlar. «Xural» qəzeti isə milli ideologiyaya işləyən, onun üzərində qurulan bir qəzetdir. O baxımdan, onun fəaliyyəti bütün mənalarda indiki iqtidarın marağında deyil. «Xural» qəzeti kimləri təbliğ edir? Şah İsmayıl Xətaini, Ramil Səfərovu, Mübariz İbrahimovu… «Xural» qəzeti nəyi təbliğ edir? Millətçiliyi, vətənpərvərliyi… Bu da bunlara lazım deyil. İlham Əliyev, Ramiz Mehdiyev «Xural» qəzetini nə üçün sevməlidir ki? Diqqət edin. Mübarizə cəbhədə döyüşən zaman cinayət işi açmışdılar – cəbhə xəttini qanunsuz keçdiyinə və orada atəşkəs rejimini pozduğuna görə. Bu işlə də səssiz-səmirsiz öz rayonunda onu dəfn edəcəkdilər. «Xural» qəzeti dəfələrlə iri manşet yazıları ilə bu məsələnin üzərinə getdi, nəticədə etiraf etməli oldular ki, bu, əslində qəhrəmanlıq hesab olunmalıdır. Bütün hallarda bu hərəkəti təqdir etmək lazımdır, məcburən də bununla razılaşdılar. Belə epizodlardan mən onlarla saya bilərəm.

Ramiz Mehdiyev «Xural»ı niyə sevsin ki?

«Xural» qəzetinin ideoloji olaraq Azərbaycanda baza kimi qazandığı uğurların ən böyük nümunəsi «30 İyun – Sevgililər Günü»dür. Ramiz Mehdiyev Əvəz Zeynallını niyə sevsin ki? Ramiz Mehdiyev bütün varlığı ilə, çox güclü, peşəkar və usta ideoloji bilgiləri ilə bu xalqı çökdürməyə yönəlmiş siyasət aparır. Uzun illər o, bu istiqamətdə saç ağardır və birdən Əvəz Zeynallı qalxır onun uzun illər qoyduğu əməyinin üzərindən xətt çəkir və «30 İyun» deyir. Milli mənəviyyatımızın köklərini yenidən tumurcuqlandırır. Ramiz Mehdiyevin ideologiyası «14 Fevral»a işləyirdi və Əvəz Zeynallı olmasaydı, çox az zamanda istədiyi nailiyyəti də əldə edəcəkdi. Amma bütün onun istədiklərinin və işlədiklərinin əksinə olaraq bütün cəmiyyət də Əvəz Zeynallının təklif etdiyi müqəddəs bir günün arxasınca getdi. Ramiz Mehdiyev niyə Əvəz Zeynallını sevməlidir ki? Buradakı həmkarlarımızı bu məsələdə həmrəylik nümayiş etdirməyimizin vacib olduğunu söylədilər.

Azərbaycan mətbuatının 99,9 faizi Ramiz Mehdiyevdən, hətta onun kürəkənindən yazmır…

Əslində həmrəylik çox gözəl bir şeydir, amma çox təəssüf ki, Azərbaycan mətbuatının 99,9 faizi Ramiz Mehdiyevdən hətta onun kürəkənindən belə yazı yazmırlar. Mən bir jurnalist kimi bütün qəzetlərin redaksiyalarında oluram və orada hansı proseslərin getdiyinin şahidiyəm. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldi və 2005-ci ildən Azərbaycan mətbuatında bir ənənə yarandı – nə olursa olun, nə İlham Əliyevdən, nə də Mehriban xanım Əliyevadan bir kəlmə də olsun yazılmamalıdır. Tamam, yazmırıq, onlarla işimiz yoxdur. Bəs onlardan aşağıda duranlardan niyə yazmayaq? Təsəvvür edin ki, onlar haqqında heç nə yazmamaq üçün və bu mətbu kursu həyata keçirmək üçün  milyonlarla manat pul sərf edilir. Artıq Ramiz Mehdiyevdən də yazmaq olmaz. İndi də bu yaxınlarda «Gündəm Xəbər» qəzetində gedən məlumatlarla tanış oldum və həmin kursa artıq Kəmaləddin Heydərov da daxildir, ondan da heç nə yazmaq olmaz. Kəmaləddin Heydərov haqqında bir kəlmə yazan adamı Baş Prokurorluq yanında Antikorrupsiya İdarəsinə şikayət edirlər. Deməli, yavaş-yavaş bu siyahıya bütün məmurların adları salınacaq. Bir də gözümüzü açacağıq ki, hansısa JEK müdiri haqqında yazmaq da yasaqdır. Əslində zaman-zaman jurnalistləri yazdıqları yazıya görə məhkəməyə verməklə, onları həbs  etdirməklə, imkanlarından artıq cərimələtməklə bir tendensiya yaratdılar – birini pulla susdururlar, birini şantajla, digərini həbslə, xaricə qaçdırmaqla, o birini də əmlakına həbs qoymaqla… Budur Azərbaycan mətbuatının bu günkü reallığı… Bundan sonra hansı müstəqil mətbu qurum Ramiz Mehdiyevdən yazacaq? Heç biri… Hamısı da deyəcəklər ki, əgər Əvəz Zeynallını bu cür ağır duruma saldısa, onda bizi lap bərbad eləyəcək. Əslində, Ramiz Mehdiyev bu məsələ ilə mətbuatın bütünlüklə ağzını bağlamağı planlaşdırır. Artıq bu adam nə etməyindən, hansı qanunsuzluqlara yol verməyindən asılı olmayaraq, mətbuatın gündəmində olmayacaq. Cəmiyyət elə bilirsiniz ki, bunu başa düşmür? Oxucu mətbuatdan tələb edir ki, filan məmur 10 fağır kasıbın evini sökdürüb yerində qəsr tikdirdi, o fağırlara da qəpik-quruş verdi, niyə bundan yazmırsınız? Nə deyək? Deyək ki, yaza bilmirik? Soruşmazlarmı ki, bəs sənin haran jurnalistdir? Sənin işinin adı nədir? Onda gərək biz çıxaq gedək də bu ölkədən…

Əvəz Zeynallı təkbaşına bir orduya bərabər jurnalistdir…

Bilirsinizmi, heç nəyə fikir verməyib, yazmaq da olar. Amma məsələ burasındadır ki, artıq normal mətbuat anlayışı bizdən çox uzaqlarda qalıb. Bir nəfər həqiqəti yazan adam qalıbsa, ona da mətbuatın Don Kixotu adını qoyub, istehza edirlər. Bayaq qeyd etdiyimiz mətbuatın həmrəylik məsələsi də artıq bu günümüzə yad olan bir məsələdir. Ramiz Mehdiyevin ideologiyası həm də təklənmə siyasəti üzərində qurulub. Bir-bir təkləyərək, adamı məhv edirlər. Mən bir partiyanın funksioneri olsam da, mediada olan bir adamam. Bu gün burada azad mətbuat adına iddia edən hüquq müdafiəçiləri, azad mətbuat adına iddia edən Qafqazın ən böyük mükafatlarını almış qəzetlərin baş redaktorları iştirak etməli idilər. Bu gün burada siyasi partiyalar, siyasi institut rəhbərləri olmalı idi. Halbuki yoxdurlar. Demək mənim indiyədək söylədiklərimin hamısı həqiqətdir. Söz ayrı, iş ayrı. Sözə gələndə hamı danışır, işə gələndə isə yoxdurlar, bu adamlar adlarının hallanmasını, görüntülərinin görünməsini istəmirlər. Deməli, bu məsələdə əgər Ramiz Mehdiyevin konkret adı çəkilirsə və bu adamlar da həmin adın qorxusundan burada iştirak etmirlərsə, demək, artıq hər şey məlumdur. Zatən Əvəz Zeynallı hər zaman təkbaşına mübarizə aparıb və inanıram ki, bu məsələdə də Əvəz Zeynallı 10 belə baş redaktoru, lideri əvəz edərək mübarizə aparacaq. Hər bir halda, məhkəmənin qərarından, Ramiz Mehdiyevin «Xural»a olan münasibətindən asılı olmayaraq, icraçılar redaksiyanın bütün əmlakını əlindən alıb, qəzeti bağlatdırsalar da, yenə Əvəz Zeynallı qalib gələcək. Çünki ortada qüvvələr balansı bərabər deyil. Əvəz Zeynallı kimdir? Bir qəzetin, özü də müstəqil, heç bir yerə bağlılığı olmayan bir qəzetin baş redaktoru… Ramiz Mehdiyev isə Azərbaycan dövlətinin Prezident Administrasiyasının rəhbəri, yəni ölkənin ikinci adamıdır. O baxımdan mən jurnalistlərin həmrəy olub-olmamasının bu məsələdə o qədər də önəmli rol oynamayacağını düşünürəm və hesab edirəm ki, Əvəz Zeynallı təkbaşına bir orduya bərabər jurnalistdir.

Biz azad yazarlar Ramiz Mehdiyevin yox, Sizin tərəfinizdəyik…

Sonu gələn sayımızda

Hazırladı:

Kifayət Rəhimli

 

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il


 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button