Selcan üçün dərs…

Elxan Şükürlü

elxan şükürlü

Bu savaşın əsas silahı elm, bilik, gözəl əxlaqdır, Selcan!

Doğum günün mübarək, Selcan! Sən dünyaya Atan Əvəz Zeynallının ümidi kimi gəldin – onsuz da mübariz, əzmkar olan, hədəfinə çatmaq üçün yorulmadan, usanmadan irəliləyən Atana yeni nəfəs, ruh, onu göylərə belə uçura biləcək yel qanadlar oldun! Sən doğulanadək Azərbaycanı böyük və əzəmətli görmək istəyən, Böyük Gələcək uğrunda mübarizə aparan Atan Əvəz Zeynallı Sənin doğumundan sonra daha da inadkar, əzmkar oldu – axı, indi bu məmləkətdə həm də onun gözəl balası Selcan yaşayacaqdı! O istəyərdimi ki, özündən çox sevdiyi balası Selcan pis məmləkətdə böyüsün, yaşasın, çətinlik görüsün?! Yox! Köşə yazılarını da bu rubrikada verməyə başladı – “Selcanın məmləkəti…”!
Sənin adını “Dədə Qorqud” dastanından seçmişdi, taleyini yazmağı isə nəinki Sənin öz öhdənə, hətta Allahın belə ixtiyarına buraxmaq istəmirdi, məhz özü yazmaq istəyirdi… Bəli, istəyirdi ki, Sən böyüyənə, ayaqda durana, yeriyənə, məktəbə gedənədək, bu məmləkətin bütün problemləri həll edilsin və Sən, eləcə də sənin kimi minlərlə gözəl körpələrimiz azad, firavan, qayğısız, bir sözlə – xoşbəxt yaşasın!
Nə yazıq ki, Sən elə Atanın bu istəyi uğrunda köklənmiş mübarizəsində, siyasi qovğalar içərisindəcə sürətlə böyüdün – “Xural”ın darısqal, siqaret tüstülü, yağış damlayan redaksiyaları sənə həm ana qucağı oldu, həm bağça, həm də məktəb… Təkcə orta məktəb yox, həm də həyat məktəbi, Selcan! Sən bu redaksiyada nələri, kimləri görmədin ki…?!
Məşhur rus mütəfəkkiri Tolstoyun belə bir fikri var: “Uşaq üçün ən gözəl tərbiyə yaxşı nümunələrdir”. Sənsə bu qovğalarda yaxşının-pisin, sevincin-kədərin, haqqın-nahaqqın nə demək olduğunu hər gün görə-görə, öz üzərində hiss edə-edə böyüdün. Ağlın kəsəndə, həyat hadisələri barədə artıq anlayışın olan yaşlarında isə Sənin hər çağırışına “Can, Selcanım!” deyərək cavab verən, saçına dünyanın bütün dərd-qəmini unutmuş kimi sığal çəkib nəvazişlə oxşayan Atanın düz 3 il həsrtini də yaşadın! 3 il hər gecə yuxularında Atanı gördün, hər tıqqıltıya “Ata!” deyib diksindin, xəstələnəndə qızdırmalar içərisində belə, “Ata!” deyib sayıqladın, Atanı zindanda – barmaqlıqlar arasında və qolu qandallı gördün, öpdün, ağladın…! O dəmir qəfəslər, barmaqlıqlar, zindan belə, bu Ata-Qız sevgisinin önünü kəsməyi bacarmadı, o sevgidə əridi, itdi, Selcan! Hələ üstəlik, Sizi bir-birinizə daha da bağladı! Anladınız ki, bu çətin məqamlarda hər kəs bir bəhanəylə üz çevirib aradan çıxsa da, yalnız özünüz özünüzə yeganə dayaq, təsəlli, bir-birinizi daha da iradəli olmağa sövq edən yeganə səbəb və varlıqlarsınız…!
əvəzlə selcan 2 şəkildə

Əgər Atan Əvəz Zeynallı təkbaşına “Selcanın məmləkəti”nin firavanlığı üçün mübarizə aparırdısa, indi Selcan özü bu qovğalarda cilalana-cilalana öz məmləkətinin firavanlığı üçün savaşa hazır yaşa çatıb, yetişib! Bu savaşın əsas silahı elm, bilik, gözəl əxlaqdır, Selcan!
Sən yenə də Atan Əvəz Zeynallının ümidisən – o, indi Səndən daha çox şey gözləyir, inan ki, hətta özünün belə zamanında edə bilmədiklərini də Səndən gözləyir! Deməsə də, o Səndə, bacın Banuçiçəkdə həm də öz ömrünü, arzu və xəyallarını yaşayır!
Mən əminəm ki, Sən bundan sonrakı həyatını məhz Atan Əvəz Zeynallının ümidlərini doğrultmaq üzərində quracaqsan! Axı, Səni həyat özü buna hazırlayıb!
Səni təbrik edirəm! Harvard, 700 bal… Səninçün çox əlçatan və sadəcə xırdaca bir məqsəddir…
Xoşbəxt ol, Selcan!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button