Selcanın məmləkəti ?!

“Xural” qəzetinə qarşı səlib yürüşü davam edir. Yox, əslində bu “yürüş” səlib yürüşündən də betərdir. Səlib yürüşündə heç olmasa qarşı tərəfin özünü müdafiə etmək şansı var idi, bu yürüşdə “Xural”a, konkret olaraq Əvəz Zeynallıya müdafiə hüququ tanınmadı. Bir şikayət ərizəsini araşdırmaq üçün bunlara 3 ay vaxt, ən əsası isə Əvəzin zindanda olması lazım imiş. Nədir Əvəzin suçu? Bax bu suala cavab tapmaq elə də asan iş deyil, niyə ki, Əvəzin suçu, daha doğrusu suçları “N” qədərdir. Şəxsən mən bir-ikisini bilirəm…

Əvəz, ürəyi geniş olduğu üçün hamıya qucaq açdı, bundan “işpilyonlar idarəsinin işverənləri” məharətlə yararlandılar, hətta Əvəzə “qardaş” deyib, onun otağına dinləmə qurğusu da (bəlkə də qurğuları) yerləşdirdilər. Əvəz ayıq çıxdı, bu qurğunu, bəlkə də qurğulardan birini aşkarladı. Böyük ajiotaj doğdu, aləm dəydi bir-birinə, amma Əvəz, ona dinləmə qurğusu “hədiyyə” edəndən fərqli olaraq, “qardaş” dediyi adamı sıxmadı, bu məsələnin üstündən keçdi, “olub da, o qoymazdı, başqası qoyardı” dedi və sanki bu günkü günü görürmüş kimi hamı ilə, hətta mənimlə də ehtiyatla danışırdı və mən onun bu ehtiyatını hiss etdiyim üçün redaksiyaya, demək olar ki, 2-3 aydan bir gedirdim, yazılarımı isə elektron poçt ilə yola salırdım. Amma… qardaşım, bəlkə qardaşımdan da çox istədiyim Sakit Orduxanlı ilə “Xural”ın bu durumunu daima müzakirə edirdik. Sakit ilə hər görüşümüzdə “Əvəzin başına yığışanları” müzakirə edir, kimin kim olmasını özümüz üçün aydınlaşdırmaq istəyirdik. Heyhat, sədd heyif ki, bizim bundan artığına gücümüz çatmırdı. Əvəzin bir günahı ürəyinin genişliyi idisə, ikinci günahı “dost, qardaş” dediyi insanların yazılarını yoxlamadan səhifəyə qoyması idi ki, elə bu yazılardan biri (birimi?) onu zindana apardı. Mən inanıram ki, Gülər Əhmədova adi bir bəhanədir, hətta mən buna əminəm də! Əvəzi, dolayısı ilə “Xural”ı susdurmaq lazım idi və…

Əvəzin bir sevimli mövzusu var – “Selcanın məmləkəti” (Selcan Əvəzin böyük qızıdır). Əvəz bu yazıda həmişə Azərbaycanı görmək istədiyi kimi təsvir edər, bunun üçün yollar arayar, öz mövqeyini ortaya qoyardı. Əvəz həm Selcanı, həm də digər yavrusu – Banuçiçəyi mətin, qorxmaz, haqqı deyən, haqqı tələb edən, həmsöhbətlərinə qarşı mehriban və diqqətli olan vətəndaşlar kimi böyüdürdü. Və Selcanın məmləkətində Əvəzə çox “ustalıqla” torba tikdilər!…

Gülər xanımla görüşdən, daha doğrusu Gülər xanımın Əvəzə pul təklifindən və Əvəzin həmən təklifdən imtinasından sonra Əvəz Zeynallı, onların görüşməsinin səbəbkarı olan Rauf Arifoğluna zəng edir və Rauf bəyə bildirir ki, Gülər Əhmədova danışığı lentə köçürüb, Əvəzi şantaj etmək istəyir. “Yeni Müsavat”ın baş yazarı da durub zəng edir deputat xanıma ki, “bəs sən niyə Əvəzin səsini yazmısan?” və çox hörmətli deputat Rauf bəyə “papa canı mən Əvəzin səsini yazmamışam” andını içir və sonra Əvəz bəylə zəngləşib, ona bir kompyuter də hədiyyə etmək istədiyini bildirir və təbii ki, Əvəz bu hədiyyədən də imtina edir….

Selcanın məmləkətində tut-ha-tutdur! Birinin evinə silah atıb tuturlar, birinin cibinə norkotik atıb tuturlar, biri xuliqan olur, o birisi özündən 3-4 dəfə pezəvəng olan 3-4 polisə müqavimət üstə tutulur və ən acınacaqlısı odur ki, Əvəzi deputatın əli ilə tuturlar! Selcanın məmləkətində “üzə durma” kompaniyası aparılır, kim kimin üzünə istəsə dura bilər, bununçun xüsusi fitri istedad tələb olunmur, sadəcə bir balaca vicdanını itirsən, kifayətdir!…

Qayıdaq hörmətli xanımın “andına”. Gülər xanım yalandan and içməz, bu da seçki öncəsi deyil ki, “seçicilər ilə görüş”də yalançı vədlər verəsən, bu iki “köhnə dostun” – Rauf bəylə Gülər xanımın dialoqudur! Əgər Gülər xanım Əvəzin səsini yazmayıbsa, bəs onda bu “səsyazma kompaniyası”nı kim həyata keçirib? Bu məsələdə bir az ehtiyatlı olmaq gərəkir, çünkü Gülər xanımın dediyi həqiqətdirsə və o Əvəzin səsini yazmayıbsa, demək Əvəzin səsini başqası yazıb! Bax, bu “başqası”, əgər varsa, kimdirsə, çox mahir ustadır. “Bu başqası” iki “şəxs” ola bilər, birincisi: bu ola bilsin ki, Əvəzin qılığına girənlərdəndir ki, Əvəzi “baqaja” qoyub, qıraqda qalmaqla “evinə çörəkpulu” aparıb, ikincisi: bu MTN-in xüsusi xidmətinin Əvəzin otağına yerləşdirdiyi dinləmə qurğusudur. Əgər Gülər xanımın içdiyi and düzdürsə, demək Əvəzdən qabaq Gülər xanım, Əvəzə pul təklifi etdiyi üçün şantaj edilib. Bu şantaj çox guman ki, belə ola bilər: “ya Əvəzin üzünə dur, ya da “kaput MM”. Təbii ki, Gülər xanım “vicdanının səsinə” qulaq asaraq, öz balalarının gələcəyini fikirləşərək, (Əvəzin balalarından ona nə? ) Selcanın “həbsdə olan” məmləkətinin qara tarixinə düşdü, daha doğrusu Selcanın atasını saldırdı içəri, sadə və təhlükəsiz!..

Selcanın məmləkətində hamı lal, kimsənin dili yox danışmağa, kimsə Əvəzi müdafiə etməyə qalxmır, amma qalxa bilərlər. Məsəlçün: Respublikanın iki ən böyük müxalifət qəzetinin baş redaktorları, “dəvətnamə” gözləmədən istintaq idarəsinə gedib, olayla bağlı ifadə versələr, bu onların əməli işləri olacaq, daha qəzet səhifələrindən “Əvəzə azadlıq” deməyə ehtiyac olmaz. Niyə məhz “Yeni Müsavat” və “Azadlıq” qəzetləri? Çünkü hər iki baş redaktorun bu olaydan lap əvvəlcədən xəbərləri var, Əvəz hər ikisini, başına gələ biləcək bu bəla haqqında məlumatlandırmışdı. Düzdür, Rauf bəy “musavat.com” saytında bu hadisə ilə bağlı geniş bir açıqlama verib və həmən açıqlamanı oxuyan istənilən şəxs Əvəzin şərləndiyini qət edə bilər, amma… Amması odur ki, “musavat.com” saytında gedən yazılar istintaqda nəzərə alınmır, amma istintaqda verilmiş ifadələr nəzərə alınırlar, bu nöqteyi-nəzərdən hər iki baş redaktorun istintaqa könüllü gedib, ifadə vermələri gərəkir, mən belə düşünürəm, mənim fikrimcə bunun effekti daha çox olar, nəinki qəzetdə Əvəzə azadlıq tələbi irəli sürmək, o da lazımdır, amma fikrimcə bu ondan da vacib lazımdır, çünkü Selcanın məmləkətində hətta “sözü sözə tikə” bilirlər, o ki, qaldı “sənədi-sənədə”…

İ.S. Mən Əvəzi həmişə özümə dost saymışam, onun buna razı olub-olmamasından asılı olmayaraq Əvəz mənim dostum olub, düzdür, bəzi yazıları məni açmırdı, amma bu onun fikri idi və mən, Əvəz hamının fikrinə hörmət etdiyi üçün, onun fikirlərinə hörmətlə yanaşmışam. Amma bu gündən mənim Əvəz adında dostum YOXDUR! Çünkü bu gündən Əvəz mənim QARDAŞIMDIR!

İ.S.S. Selcanın məmləkətində dara düşəni həmişə atıblar, amma Əvəz yüzlərlə dara düşənin yanında olub, bu gün Əvəzin haqqı çatır ki, öz yanında Azərbaycanın böyük bir hissəsini görsün! Görüşənədək, QARDAŞ!

“Tolışon Sədo” qəzeti N: 5(005)

04 noyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button