Sevgililər Gününü Azərbaycana gətirən İLK YAZI

Bu gün artıq 14 ildir ki, Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Bu günü ölkəmizə gətirən “Xural” qəzeti və onun baş redaktoru Əvəz Zeynallıdır. Strateq.az  Əvəz Zeynallının 30 İyunu Azərbaycana gətirən ilk yazısını təqdim edir. Yazı “Xural” qəzetinin 07(020), 16-22 fevral 2003-cü il tarixli sayında dərc olunub.

30 İyun – bizim Sevgililər Günü

1

Tanrı heç bir millətə belə gün göndərmədi!

Niyyətin hara, mənzilin ora deyiblər. Xeyli vaxtdır, hətta illərə yaxındır ki, düşüncələrimizdə olan bir hadisənin ildönümü gəlir. Bu günü bu gün, məhz bu gün xatırlamaqda səbəb var. O da bu lənətəgəlmiş “Valentin günü”nün gənclərimizə “Sevgililər günü” kimi sırınmağa çalışılmasıdır. Nə olub? Min illərin o tayından bəri gələn valentinlər elə əsrimizin rəhmətlik Sabir demiş, “Anyaları, Sonyaları” deyilmi? Elədir… Elədir ki, var…

…1970-ci ilin avqustun 11-də anadan olub Fərizə. 1962-ci ilin iyunun 12-də də İlham. Boya-başa dolublar. Atalarının, analarının göz bəbəyi, sıradan gənclər və vətəndaşlar olublar. Sonra qarşı-qarşıya gəlib sevib-seviliblər. Bir-birini tapıb “yar” deyiblər. Bir-birinin yarısı olublar. Vaxt ötüb, zaman keçib İlhamın ata-anası elçi düşüb Fərizəgilə gəliblər. Allahın əmri, peyğəmbərin şəriəti ilə qız istəyiblər. Sevənləri ayırmaq olmaz ya… Fərizənin ata-anası da belə edib və 1989-cu ilin mart ayınm 8-də əziz-xələf və sevimli qızlarmı İlham adlı ər oğlumuza verdiklərini bəyan ediblər. Qızın “hə”si verilib.

…11 gün sonra 1989-cu ilin mart ayının 19-da nişan mərasimi keçirilib və tərəflər geniş şəkildə şadyanalıq edərək, tariximizin bu mübarək gənclərini birləşdiriblər. “Zaman su kimi axıb keçər” deyiblər. Zaman su kimi axıb tez keçib. …1989-cu ilin iyun ayının 11-də Fərizənin ata-anası “Solmaz” şadlıq evində qız toyu keçiriblər. Yəqin bilirlərmiş ki, qızlarının məhəbbəti solmaz olacaq, solmayacaq. Oğul toyunun da vaxtı gəlib. İlhamın ata-anası da Onun toyunu İYUNUN 30-da keçirib, muradlarına çatıblar. “Leyla” şadlıq evində. Yəqin bilirlərmiş ki, Leyli kimi vəfalı və sədaqətli bir dastan gəlir evlərinə. Kim bilə bilərdi ki? Və nə qərib taledir ki, bu toy “Leyla” şadlıq evinin ilk açılış toyu olub.

5

…Beləcə, bir-birinə qovuşub tamamlanan yarılar düz 6 ay şad-xürrəm yaşayıblar. Düşmən başımızın üstünii alana kimi. 19-dan 20 yanvara keçən gecə düşmən məmləkətə hücum edib. Liderləri və başbilənləri gizlənən ölkənin Ər oğulları küçələrdə döyüşə çıxıb, müstəqillik qazandırıb, baş ucaldıblar. İlham da onlardan biri. Və Şəhid olanların içərisində onun da adı olub. Dərhal toplaşıb millətimizin bu Ər oğlunu Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. İki gün keçib. Qərara gəlinəndə ki, Şəhidləri sonradan “Şəhidlər Xiyabanı” adlanacaq müqəddəs məkanda torpağa versinlər, İlhamı da göçürmək məsələsi ortaya çıxıb.

…Bu arada bir Fərizəmiz də vardı ya… O da narahatdır… Dostu, sirdaşı, qardaşının yarı Səadət xanım danışır: “Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. Elə hey, “İlham, mən sənsiz yaşamayacağam”, “söz verirəm, gələcəyəm” deyirdi. Diqqətə almırdıq. Deyirdik ki, keçib gedər. Məlum olanda ki İlhamı da “Şəhidlər Xiyabanı”nda basdıracaqlar, özünə yer tapmırdı. Axşam idi. Gördüm ki, sakitcə oturub. Fikirləşdim ki, torpağın üzü soyuq olar, yəqin sakitləşib. “Tuşonka” bişirdim ki, ye. Qışqırdı ki, İlhamm sevdiyi yeməyi vermə mənə, onsuz yeyə bilmərəm. Qardaşı qucaqlayıb əzizlədi, “bu dünyada könlün nə istəsə, edəcəyəm. Bir alma olsa, torpağın altında olsa, tapıb sənə gətirəcəyəm” dedi. “Yox” dedi Fərizə, “İlhamsız yaşamayacağam.” Axşam evə gedirdik. Məni qucaqlayıb duz kimi yaladı. “Söz ver ki, səhər saat 6-da burada olacaqsan” dedi. Söz verdim. Sən demə, mənimlə görüşüb vidalaşırmış. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürdü. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymaq istəmirdi.”

…Yar yarını tənha qoymayıb. Bir yerə birlikdə, bir yerdə getmək üçün Fərizə tariximizin ən möhtəşəm abidəsini yaradıb. Bilirmiş ki, İlhamı “Dağüstü park”da dəfn edəcəklər və nə qərib bir taledir ki, bu park İlhamla Fərizənin ən çox sevdiyi və gəzintiyə çıxdığı park olub. Səadət xanım deyir ki, “bir dəfə “Dağüstü park”a getmişdik. Fərizə dedi ki, nə gözəl yerdir, şəhər lap adamın ayaqlarının altındadır. Kaş ki, burada adamın bir evi ola. İlhamın orada basdırılacağını biləndə Fərizəyə dedim ki, gör, İlhamı harada basdıracaqlar, sənin ən çox sevdiyin yerdə.”

Beləcə, bir zamanlar ev tikmək və yaşamaq istədiyi parkda Fərizə İlhamla ev tikdi. Millətimizin ən müqəddəs və əzəmətli evini. İlk ev onlarındır. Artıq tariximizin ən şanlı və möhtəşəm binasıdır burası. Evlənənlər Onları ziyarət edir, xeyir-dua alır, əhd-peyman bağlayırlar burada. Bura sevgililərin ziyarətgahı və hesabat yeridir.

Bəli, bəli. Zəmanəmizin nə olduğu məlum olmayan bir bayramı çıxıb. Ona “Valentin günü” də deyirlər. Onun da bir tarixi var. Və mən o tarixi yazmadım. Onu telekanallarımız bol-bol təbliğ etdilər, qəzetlərimiz bol-bol yazdılar. Ancaq yanlışdır. Səhv edirik. Bizim sevgililər günümüz İlham və Fərizənin ortaq xoşbəxt olduqları gündür. Hansı gün?

30 İyun – Vüsala qovuşduqları gün!!!

Bundan böyük sevgililər günü varmı?

…Biz bu günü Sevgililər Günü elan edirik. Bu gün millətimizin o günlərindəndir ki, Tanrı heç bir millətə verməyib. Biz sevə bilirik. Kişi kimi, qadın kimi sevə bilirik. Biz sevgimiz uğrunda dünya boyda imperiyalara, onlardan dünya boyda böyük ölümə meydan oxuya bilirik. Biz o millətin nümayəndələriyik ki, bir Fərizəmiz milyonlarla Dubay qadınından üstün və əzəmətlidir. Biz o millətin nümayəndələriyik ki, bir İlhamımız bir ölkəyə dəyər. Qadınlarımızın kişiləri kişi etdiyi millətik biz. Sevə bilirik. Onun yolunda ölə bilirik. Nəhəng və dəyərliyik biz. Sevgimizə və sevgilimizə sadiq qala bilirik biz.

Fərizəmiz Ər Qız, Ər Gəlin, Ər Qadın, Ər Xanım,

İlhamımız Ər Oğul, Ər Kişi, Ər Bəy, Ər Cavan ola bilir!!!

Ola bilir bu məmləkətdə, qardaş, ola bilir. Dəyərlərin öldüyü, sevgilərin saxta və süni dünyamızda ləkələndiyi, dovşanın beli yəhərli at kimi kişnədiyi, fılin qarışqaya yenildiyi bu məmləkətdə başqa nə bizi bu gün qədər böyüdər ki? Hər gün üstümüzə yağan “Dubay qadınları” xəcalətinin qarşısına hansı ideoloji silahla çıxa bilərik ki? Yoxdur bundan böyük silahımız. Bu silah həm də millətimizin min illərdən bəri axıb gələn şərəf və ləyaqət simvoludur.

…Fərizəni evindən çıxarıb gəlin göndərən Bağda Ana bütün analar kimi ona gəlin getdiyi evdən də məzara getməsini istəmişdi. Qızı anasının sözünü tutdu. Özünün, İlhamın, ailəsinin, millətinin və Azərbaycan gənclərinin başını uca etdi. Bizə tarix qoydu. Bu tarixi həqiqi tarixə çevirməyin zamanıdır.

…O qədər mühafızəkar deyiləm. Qoy, kim istəyir “Valentin günü”nü də qeyd etsin, amma millətimin övladları bu günü seçməlidir. Bu gün – Fərizəylə İlhamın vüsala qovuşduğu, Fərizənin İlhamının evinin XANımı olduğu 30 İYUN tarixidir. Elə o günü də millətimizin gənclərinə ərməğan ediblər öz ölümləri ilə.

evez_analar

…Mən Fərizənin anası Bağda xalanın halallığını aldım. İlhamın valideynlərinin də halallığını alacağam. Bu, millətin işi olduğuna görə, onların səlahiyyətindən çıxdığını bilirəm. Bu müqəddəs günə etiraz etməyəcəklərini də bilirəm. Ancaq böyüklərin halallığı həm də bir ədəb-ərkan məsələsidir. Edəcəyik!

ÇAĞRI

“Xural”ın bu işi bir təklif deyil. Qəzetimizin tələbi də deyil. Biz bunu millətimizin və tariximizin əmri kimi qiymətləndirir və elə də qəbul edirik. Bu, Ulu və Şanlı Millətin əmridir. Yerinə yetirmək hamımızın vəzifəsidir. Buradan Azərbaycan prezidenti də daxil olmaqla bütün dövlət orqanlarına, qəzet redaktorlarına, ictimai təşkilatlara, ziyalılara, vətəndaş və ələxüsus gənclərə üz tuturam. Bu günə sahib çıxmalıyıq.

Vəssalam.

Bu bazar gününü “Xural” özü üçün iş günü elan edib. Müraciətləri hazırlayıb, məktubları yazacağıq. İmza vərəqələrini tərtib edib, bu günün əbədiləşməsi üçün təkliflərimizi planlaşdıracağıq. Qarşıdan gələn həftənin 3-cü günü mətbuat konfransı keçirmək üçün imkan və yer axtaracağıq.

QARŞIDAN GƏLƏN 30 İYUN – SEVGİLİLƏR GÜNÜNÜZ MÜBARƏK OLSUN!

3

Biz İlham və Fərizə kimi yaşamalı və ölməyi bacaran nəsil yetişdirməliyik. Bunun yolu SEVGİdən keçir. Sevməyən ölə bilməz.

O qədər sevmək lazımdır ki, uğrunda ölmək mümkün olsun – Fərizə kimi!

Elə sevmək lazımdır ki, uğrunda ölünsün – İlham kimi!

4

Hazırsınızmı, Əziz Gənclər?!

6

16 fevral 2003-cü il

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button