Şeytanın şərlənməsi…

Pərviz

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının iyrənc şəkildə həbs edilməsindən sonra bir yazı yazmışdım: “Gülər Əhmədovanın şərlənməsi”. 
Yazının əvvəlində Mattanın Incilindən Isanın satılacağını və onu həvarilərindən birinin satacağını xəbər verməsindən danışmışdım. Isa bu işin mütləq baş verəcəyini, lakin bu iş üçün kimin seçilməsinin önəmli olduğunu demişdi: “Fəqət vay o adamın halına ki, Insan oğlu onun vasitəsilə ələ verilir! O adam anadan olmasaydı, ona daha yaxşı olardı…”.
Bəli, Əvəz şərlənməli, tutulmalıydı. Azərbaycanın yarımallahları buna fərman vermişdilər. Ama kimin əliylə və niyə məhz onun…
Həmin məşum gün, Gülərlə Əvəzin görüşü olan o axşamtərəfi Əvəz zəng vurub bizim toplaşmamızı xahiş etdi. Səhəri gün Salam Sarvanın doğum günüydü. Əvəz istəyirdi Salam üçün yubiley tədbiri keçirə. Toplandıq. Ama Əvəz yox idi. Zəng vurduq, dedi, siz oturun, bu Gülər məni boğaza yığıb, üstümə yüz minnətçi göndərib görüşmək istəyir. Ola bilsin, Əvəzdə onunla bağlı hansısa kompromat olduğunu eşidibmiş. Mümkündü ki, Gülər Əhmədova indi üzə çıxan bu video haqda məlumatlıymış – ya Elşaddan mesaj alıbmış, ya dövlət orqanlarında bu video varmış və onu qandırıblar ki, bu şərləməyə qol qoymasan, onda ifşa ediləcəksən.
Onlar bir insanın qətlinə fərman vermək üçün başqasından yararlanmışdılar və yenə təkrar eləyirəm ki, bir qadını seçmişdilər (Halbuki haqqında MTN-də o tip videolar olan minlərlə Gülər kimi kişidən birini seçmək olardı. Yəni əxlaqsızlığı da bir az əxlaqlı eləmək). O qadın kim olur-olsun – mələk də, şeytan da, axırıncı yolun yolçusu da ola bilər, lakin çirkab quyusuna düşəni quyudan çıxarmaq yerinə daha beş arşın dərinə salmaq kişilik deyildi. Indi artıq gecdi. Onu quyudan çıxarmaq olar, ancaq bağışlamaq yox. Haçansa onu insanlıq yoluyla xilas etmək olardısa, daha olmaz, heç olmasa bundan belə bu iş yalnız qanunla həll edilməlidir.
Bu məqamda dostumuz Azər Qaraçənlinin dediyi əxlaq məsələsi qətiyyən yerinə düşmür. Indi əxlaqla bağlı bircə iş qalıb – qanunun əxlaqla icra edilməsi. Gizli çəkiliş apardığına (G.Əhmədovaya qarşı) və rüşvət təklif etdiyinə görə Elşad Abdullayevə, gizli çəkiliş apardığına və dələduzluq etdiyinə görə Əhmədovaya və dələduzluqla əllərinə gələn para qarşılığında vəzifə səlahiyyətlərindən istifadə edib kimisə millət vəkili “seçdirdiyinə” görə bütün əlaqədar hakimiyyət rəhbərlərinə cinayət işi açılmalıdır. Əxlaq budur.
Burada konkret olaraq Gülər Əhmədova haqda əxlaq söhbəti eləmək havayıdı. Çünki Gülər Gülər deyil, bütöv bir rejimin görsənişidi. Əxlaq məsələsini daha çox bir qadını öncə, yəni binadan əxlaqsız yola sövq edən, sonra bundan yapışıb onu öz iyrənc əməlinə alət eləyən hakimiyyətə tətbiq eləmək yerinə düşərdi. Bəli, Gülər təkcə Gülərin deyil, az qala başdan ayağa Gülər olan gülünc rejimin adıdı. Azər bəyin dediyi əxlaqsızlıq var, onu danmaq olmaz, lakin bu əxlaqsızlıq Elşad Abdullayevin videonu yaymasından çox-çox irəli gedir, özü də bu videonun bütün tərəfləri hakimiyyətdən ibarətdi. Bizim istədiyimiz isə o “əxlaq”sızlığın qanun çərçivəsində cəzalandırılmasıdı.
Əxlaqsızlığın bünövrəsi hakimiyyətin qeyri-qanuni yolla qəsbindən başlayır, qadınların belə, əxlaqsızlığa bulaşdırılması ilə davam edir. Indi Gülər ağır cəza alarsa, Əvəz əməliyyatıyla bağlı nələrisə açıqlayacağını anonslayır və əslində onun bu sözləri elə bu gün Əvəzi həbsdən azad etməyi şərtləndirir. Getdikcə hələ çox şeylər üzə çıxacaq. Cəlal Əliyevin keçmiş biznes ortağı, keçmiş dekan Sədiyar Zeynalovun Ilham Əliyevə ünvanladığı açıq məktub məlum video-görüntüdən heç də az dəhşətli deyil və bu tip “əxlaq”sızlıqlarla hələ çox qarşılaşacağıq. Bu tip silsilə cinayətlərin apatiyaya qərq etdiyi cəmiyyətin reaksiyası isə təbii ki, sıfır! Iş ondadı ki, dostumuz da cəmiyyəti sıfıra səsləyir – yəni əxlaqsızlığa. Etmə, qardaş, kərəm eylə…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button