Şikayət qiyama çevrilməyincə nəzərə alınmır!

Əlisa Nicat: “Heç bir mütləq hakimiyyət sahibi qonşuluqdakı eyni bir rejimin başına gələn fəlakətin onun da başına gələ biləcəyinə heç cür inanmır”

Anar və elçinlər kimi əsərlərimin xaricdə çap olunub-olunmaması ilə maraqlanmamışam…

Əbülhəsən Ələkbərzadələr isə isə çoxcildlik epopeyaları ilə yalnız müəyyən bir yer üçün kağız kimi istifadə oluna bilərlər…

Onun 75 yaşı tamam olur. Azərbaycanın yaşayan əfsanələrindən biridir. Canlı ensiklopediyadır. Yaşadığı mənalı ömürdə yüzlərlə kitab tərcümə edib, yazıb, tövsiyə edib, qəzet-jurnal çıxarıb, Milli oyanışın təntənəsi üçün əlindən gələni edib. Əlisa Nicatdan bəhs edirik. Ömrünün bu çağında bir çayın qırağında bir koma həsrəti ilə yaşayan Azərbaycan müdrikindən. Onun bu qədər işlərinə baxmayaraq, dövlət ona nə çay qırağı vermədi, nə də koma. Üstünə üstlük, heç gündə min adama verilən «Prezident təqaüdü» belə ona qıyılmadı. Prezident Administrasiyasında əyləşən və ziyalılarımızın gününü qara edən hörmətli Fatma Abdullazadənin sayəsində heç ad da almadı Əlisa müəllim. İndi, budur, Azərbaycanlı müdrikin 75 yaşı tamam olur.

75 yaşının tamam olması münasibətilə Əlisa Nicatı danışdırdıq…

 

Əvvəli ötən sayımızda

– Bəs nə nəzərə alınıb?

– Yaşamaq uğrunda hər cür fəndlər fikirləşmək. Elmi-texniki inkişaf insan beyninin məhz bu əsas xüsusiyyətiylə bağlıdır. Hə, prof. Uilson təkamül və ümumiyyətlə, “biz hara gedirik” sualına belə cavab verir: “məndə belə bir təəssürat var ki, ümumiyyətlə, təkamül kordur.” Bəli, təkamül kordur və burada heç bir mənəvi inkişafdan söhbət gedə bilməz. Lakin məsuliyyətli dövlətlər müəyyən sərt qanunlar və təzyiqlər vasitəsilə insan instinktlərinin tüğyanına hədd qoyurlar. Təkrar edirəm: normal demokratik ənənələri olan ölkələrdə. Bizdə isə dövlət özü həmin yaramaz instinktlərin meydan açmasına imkan verir. Ona görə cəmiyyətdə hər hansı müsbət hadisənin baş verməsi qeyri-mümkündür.

– Əlisa müəllim, gəlin bir az da sizdən, 50 illik yaradıcılıq illərindən, bu yaxınlarda tamam olacaq 75 yaşınızdan, bu illərin məhsulu olan 30 cildlik külliyatınızdan bəhs edək. Siz klassik və dünya ədəbiyyatına yaxından bələdsiniz. Milli ədəbiyyatımızda aydındır ki, əksər qələm sahiblərinin böyük, ya kiçik yeri var. Deyin görək, siz özünüzün dünya ədəbiyyatında hər hansı bir yerinizi görürsünüzmü? Siz ədəbiyyata özünüzə məxsus nəsə gətirmisinizmi?

– Əlbəttə, ümumdünya ədəbiyyatı adlı nə mərkəz, nə dərslik, nə də fənn var. Lakin hər ölkədə orta və ali məktəblərdə xarici ədəbiyyat proqramları keçirilir. Bir qayda olaraq Şərq ölkələrində və bizim kimi kiçik dövlətlərdə Qərb ədəbiyyatı köklü şəkildə öyrənildiyi halda, Qərb ölkələrində buna çox kiçik vaxt ayrılır və çox vaxt Nizami kimi nəhəglərin adı belə başqa Şərq klassikləri ilə bir yerdə sadalanır. Hətta bəzi əsərlər vaxtilə (Məsələn, M.Hüseynin “Abşeron”, M.İbrahimovun “Gələcək gün” romanları) Qərb ölkələrində tərcümə edilib nəşr olunsa da, dərsliklərə daxil ola bilməyib. Yalnız M.F.Axundov kimi Şərq ədəbi nəhənglərinin yaradıcılığı az da olsa tədris olunur, o da hər yerdə yox. Lakin ensiklopediyalarda var; həm ümumi, həm də xüsusi elm sahələri üzrə. Məsələn, götürək hazırda çap olunan yeni Rusiya Ensiklopediyasını. Orada hamısına olmasa da, bəzi klassiklərimizə yer ayrılıb,  A.A.Bakıxanovun,  M.F.Axundovun portretləri verilib. Lakin siz mənə çox böyük qiymət verib dünya ədəbiyyatında iz buraxıb, yer tutub-tutmadığım barədə soruşursunuz. Bu barədə mən heç nə deyə bilmərəm. Desəm də, ancaq onu deyə bilərəm ki, bu gələcəyin işidir. Mən anar və elçinlər kimi əsərlərimin xaricdə çap olunub-olunmaması ilə maraqlanmamışam. Açığını deyim ki, həmkarlarımdan fərqli olaraq mən yalnız özümçün, rus demişkən, “poçti” özümçün yazıram. Çap olunan 30 cildlik əsərlərimin yarısı sırf ədəbi-bədii əsərlərdir. 10 roman, 10 povest, çoxlu hekayə və şeirlərin içində mənə görə Avropa və Amerika – yəni  dünya ədəbiyyatı üçün yeni məzmun və formalı roman və pritçalar var.  “Ehram”, “Artakserks” ümimiyyətlə nəsrdə tamamilə yeni sözdür. Onlar heç şübhəsiz ki, Qərbdə çap olunarsa, maraq doğurmaya bilməz. Çoxlu sayda pritçalar isə heç şübhəsiz avropalıları heyrətləndirər. Özüm haqda bundan artıq heç nə deyə bilmərəm. Bu, ədəbiyyat mütəxəssislərinin işidir. Lakin bizdə bu mütəxəssislər öz dissertasiya mövzularından, obyektlərindən başqa demək olar ki, heç kimlə maraqlanmır və heç kimi tanımırlar. Məsələn, kimsə tutaq ki, M.İbrahimovun romanlarından dissertasiya müdafiə edibsə, o, XX əsr qərb ədəbiyyatından, roman janrında yaranan yeni əsərlərdən və bu janrda yaradılan şedevrlərdən xəbərsizdir. Mən isə bu vəziyyətə az-çox bələdəm. Nəsr janrında yaradılan şedevrlərin demək olar əksəriyyətini oxumuşam. Ona görə kimin nə yaratdığını bilirəm. Söhbət heç də həcmdən getmir. Kafka biri yarımçıq olmaqla üç roman yazıb (“Mühakimə”ni  bitmiş əsər hesab edirəm). Amma məzmun dərinliyinə, sənətkarlıq qüdrətinə, fəlsəfi məzmununa görə, Kafka əlbəttə, 20 cilddən çox nəsr yaradan Qolsuorsidən qat-qat yüksəkdədir. Yaxud Qurban Səid bircə “Əli və Nino” romanı ilə ölməzlik qazanıb, Əbülhəsən Ələkbərzadələr isə isə çoxcildlik epopeyaları ilə yalnız müəyyən bir yer üçün kağız kimi istifadə oluna bilərlər.

– Əlisa müəllim, niyə tərslik edirsiniz, axı özünüz bilirsiniz ki, hər şey şərtidir, nisbidir. Prinsiplər, ideallar, əqidələr… Niyə həyatınızı bu qədər qayğılar burulğanına salıb rahatlıq, dinclik, komfortdan imtina edirsiniz? Ailənizi, oğlunuzu da çətin vəziyyətdə qoyub ağır həyata məcbur edirsiniz…

– Sizi başa düşürəm. Bu barədə kiçik bir dialoq da yazmışam. Bu günlərdə gətirəcəyəm. Prezident təqaüdünə haqqım çatdığı barədə cənabın özünə iki dəfə məktub yazmışam. Görünür, dərkənarla humanitar şöbənin müdiri Fatma Abdullazadənin üstünə yazılıb və bu “xanım” da üstünə  “bizim adam deyil” sözlərinin yazaraq məktubları arxivə göndərib. Bilirsizmi, əgər hər iki məktub bir balaca başqa şəkildə yazılsaydı, cəmi iki-üç söz əlavə olunsaydı, bəlkə də işlər düzələrdi. Amma neyləyim ki, o iki-üç kəlmə sözü yaza bilmirəm. İki-üç kəlmə söz. Axı başqalarının sənin barəndə nə düşünəcəyinin nə əhəmiyyəti? Söhbət ondan getmir. Yüz nəfər adamın qınağı. Bundanmı çəkinirəm? Həmin yüz nəfər adam biz evdə ac qalanda və bir neçə yüz manata zəruri ehtiyac duyanda əl tuturlarmı? Yox. Əlbəttə, hamısının buna imkanı yoxdur. Amma axı imkanı olanlar var. Yox, həmin üç-dörd kəlmə sözü yazmağa onlar mane olmur. Məsələ daha dərindir. İnsan məsələn, hər hasarı dəf edə bilməz. Müqayisə bir az uyğun olmasa da xatırladım ki, xəlifə Babək üçün qızıl surqata bükülmüş əfv fərmanı hazırlamışdı. Bu fərmanda ona hətta vətəninin valisi vəzifəsi belə təklif olunurdu. Yalnız aman istəmək şərtiylə. O isə bu bir kəlmə sözü deyə bilmədi. Hətta Samirəyə aparılıb əlləri, ayaqları kəsiləndə belə. Niyə? Külək hamını aparır; onu da, səni də. Yarımac da qalsan, bir az vaxtından əvvəl də getsən, elə böyük fərq yoxdur. Gözünü aç-yum külək hamını sovurub aparır. Buna görə kimin nə və necə olmadığını demək xatirinə işə, şəhərə şəxsi avtomobil ilə deyil, avtobusla getməyə dəyərmi?

– Əlisa müəllim, şeirlə, publisistika və ya hər hansı ədəbi formayla şikayətin mənası varmı?

– Qətiyyən yox. Hakimiyyət üçün şikayət milçək vızıltısı kimi bir şeydir. Və əslində qoca Sədi demişkən, kababın göz yaşları qızıl közləri daha da alovlandırıb şiddətləndirir. Kababın közlərinə su səpib alovları söndürmək olur, zalımın zülmünü isə yox. Amma şair, yazıçı bir növ xalqın dili və səsi hesab edildiyi üçünmü, ya da fizioloji bir tələb kimi şikayət etməyi – bir növ deyinməyi xoşlayır. Bununla müəyyən təsəlli tapır. M.Ə.Sabirin bütün yaradıcılığı əslində şikayətdir. Ancaq bu, dostdan deyil, onun imkan verdiyi rejimdən, daha doğrusu, rejimdə çiçəklənən zorakılıqdan, ədalətsizlikdən şikayətdir. Məsələn, hazırda dövlətdən şikayət üçün belə bir əsas var. Məişətdə işlədilən qaz pulu əhalinin bütün sferaları üçün eyni qiymətdədir. Halbuki bu aşıq-aşkar ədalətsizlikdir. Əhalinin xeyli hissəsi ki, təqaüdçüdür və yaxud aylıq gəliri 100 manatdır, bu yüz manatın hamısı qış aylarında qaz puluna gedir. Gəliri ayda yüz min manatlarla ölçülən 10 faiz əhalidən də eyni miqdarda qaz pulu alınır. Yüz min manat hara, yüz manat hara? Burada şikayət etməyib neyləyəsən? Kütləvi şikayət qadağandır. Məzlumlar da məcbur olub Allaha şikayət edir. Aydındır ki, bu şikayət də dörd divar arasında edilib ünvanına çatmır. Belə olanda şair, yazıçı, jurnalist bu missiyanı boynuna götürür. Hərçənd ki, heç bir faydası olmur və ola da bilməz.

Şikayət də etirazın bir növüdür. Amma çifayda ki, bu etiraz Misirdə, Yəməndə olduğu kimi qiyama çevrilməyincə qətiyyən nəzə alınmır. Qətiyyən. Bu riyazi qanun kimi bir şeydir. Nə qədər ki qiyam baş verməyib, hakimiyyət heç vaxt bunun baş verə biləcəyinə inanmır. Baş verəndə isə şikayətə, etiraza qulaq asmaq artıq gec olur.

Dünyanın ən doğru kəlamı bilirsinizmi nədir? “Tarixin yeganə ibrət dərsi ondan ibarətdir ki, ondan heç bir ibrət dərsi alınmır.” Heç bir mütləq hakimiyyət sahibi qonşuluqdakı eyni bir rejimin başına gələn fəlakətin onun da başına gələ biləcəyinə heç cür inanmır. Bu, onda doqquz, onda səkkiz halda doğru qənaətdir. Onda bir, onda iki halda isə faciə ilə nəticələnən qənaət. Amma bu onda bir, onda iki hal heç cür nəzərə alınmır. Aydındır, ədalətsizlik, rüşvət, qanunların işləməməsi təkcə Tunis, Misir və ya Qırğızıstanda baş vermir. Dünyanın, xüsusilə Asiyanın çox ölkələrində eyni cürdür. Lakin Qırğızıstan istisna olmaqla türkdilli ölkələrin heç birində bu baş vermir. Niyə? Hə, bu da çox maraqlı məsələdir. Məsələn, götürək Özbəkistanı. Məlumdur ki, orada 6-7 il  əvvəl qiyam baş verdi. Amma amansızlıqla yatırıldı. Avropa ölkəsində olsaydı, xalq hirslənib daha böyük şəkildə etiraz nümayişlərinə çıxıb verdiyi qurbanlara əhəmiyyət vermədən rejimi diz çökməyə, qaçmağa, süqut etməyə məcbur edəcəkdi. Bütün xalqı qırıb qurtarmaq olmaz. 1979-cu ildə İran qiyamını buna misal göstərmək olar. Şah nə qədər qırdısa, ertəsi gün daha çox adam küçələrə axışdı. Özbəkistanda isə bu olmadı. Xalq qurban vermək istəmədi. Qurban getmək istəyən olmadı və ya az oldu.

Dünyada qiyam qaldırmağa, ədalətli rejim uğrunda canını qurban verməyə hazır olmayan, ola bilməyən xalqlar çoxdur. Məsələn, Tacikistan və başqa Şərq ölkələri. Bu ölkələrdə həyat səviyyəsi dözülməz dərəcədə aşağı olsa da, xalq dözür. Çünki necə deyərlər, dözümlü xalqdırlar. Başqa biriləri isə dözmür, ölümü dözümdən daha üstün və şərəfli sayır. Yaxud götürək elə Cənubi azərbaycanlıları. Xomeyni və Xamneyi rejimi Məhəmməd Rza siyasətini davam etdirib azərbaycanlılara ana dilində təhsilə qadağa qoydu. Amma şahın məscidləri məhv etməsinə, islama qarşı siyasətinə etiraz edib ölümə getməkdən çəkinməyən azərbaycanlılar ana dilləri uğrunda ölümə getmədilər. Çünki hələ evlərində və küçədə öz dillərində danışa bilirlər. Məktəblərdə farsca təhsil almağa, anaya “madər” deməyə artıq öyrəşiblər. Amma vaxt gələcək, evlərdə və küçələrdə də türkcə danışmağa qadağa qoyulanda azərbaycanlılar ona da dözəcək, öyrəşəcəklər.

Aydındır ki, dinsiz yaşamaq olar, necə ki çoxları bu cürdür və onlara heç nə olmur və sovet xalqları kimi özünu elə göstərə bilərsən ki guya ateistsən, ürəyində isə dinə inamını yaşada bilərsən, amma ana dilini qurban vermək heç nə ilə, o cümlədən şiəliklə əvəz edilə bilməz. Dil dindən üstündür və ən azı ayrılmazdır.

Bəli, şikayət etirazın bir növüdür. Ancaq açıq etiraza imkan verilməyən şəraitdə bildirilən etiraz – acizin etirazı, hesaba alınmayan, qulaq asılmayan etirazdır. Şərh kifayət etdimi?

– Əlisa müəllim, çox sağ olun. Bir daha 75 yaşınızı təbrik edir, sizə də atanız kimi 100 illik ömür arzu edirik.

Son

Hazırladı:

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button