Silahımız gəmilərimiz idi!!!

Dənizçilər olmasaydı, Bakı qırğınları bir həftə davam edəcəkdi!
Rusların meyitləri dənizə tökmək planları vardı!
«Vodoley» gəmisinin üzərində 3.000-dən çox güllə nişanəsi vardı!

Kərəm Məmmədovun «Mən tarana gedirəm!» kitabının təqdimatı hadisəyə çevrildi. Ölkə mətbuatının və telekanalların mövzuya göstərdiyi münasibət «Xural»ın toxunduğu və gündəmə çıxardığı bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha gözlər önünə sərdi. 20 Yanvar 1990-cı ildə «Xəzərdənizneftdonanma»ya aid olan gəmilərimizin və onların kapitanlarının göstərdiyi qəhrəmanlıqlar haqqında ölkə ictimaiyyəti yeni məlumatlar aldı və RATİ-nin mətbuat konfransı salonunda o günlərin şahidləri, gəmi kapitanları, siyasətçilər, qələm əhli danışdı. Bu toplantı həm də unikallığı ilə ona görə yadda qaldı ki, millətmin böyük dərdlərindən bəhs edən natiqlər həm özləri göz yaşlarını tuta bilmədilər, həm də dinləyənləri ağlatdılar. Kərəm Məmmədovun, bu abidə insanın yazdığı kitab və SSRİ-nin iri çinli generallarına dediyi «Mən tarana gedirəm!» nidası kişiləri də kövrətdi.
Kitabın və aparılan müzakirənin daşıdığı əhəmiyyəti nəzərə alaraq «Xural»ın keçirdiyi dəyirmi masanı Oxucuların diqqətinə təqdim edirik…

Əmr-komanda sisteminin əleyhinə getmək çox çətin idi!

Əvəz Zeynallı:

– Bu gün toplaşmağımızın məqsədi qanlı 20 Yanvar hadisələri zamanı Xəzərdənizneftdonanmasının göstərdiyi qəhrəmanlıqlarına həsr olunmuş Kərəm Məmmədovun «Mən tarana gedirəm» kitabının təqdimat mərasimidir. Həmkarımız Faiq Balabəylinin də bu məsələ ilə bağlı hələ bir neçə il əvvəl kitabı nəşr olunub. Mən bir mətbuat işçisi kimi qeyd etmək istəyirəm ki, son 20 ilin ən böyük əsərləri elə bu kitablardır. Biz bununla bağlı bir neçə dəfə söhbətlər aparmış, müzakirələr etmiş və belə qənaətə gəlmişik ki, istər mətbu orqanlar olsun, istərsə də Milli Məclisin, ölkə rəhbərliyinin diqqəti məhz bu məsələyə yönəlməlidir. Bizim gücümüz onda olmalıdır ki, biz 20 Yanvar hadisələrindən sonra Xəzərdənizneftdonanması dənizçilərinin göstərdiyi şücaəti qiymətləndirək. Sovet ordusuna daxil olan hərbi dəniz donanmasının içərisində birbaşa əmr-komanda sistemi mövcud idi. O sistemin içərisində olan hərbçilər üçün yuxarıdan verilən əmrin əleyhinə getmək çox çətin və ağır bir hərəkətdir. O zaman Sovet ordusunun əmrlərinə qarşı çıxan dənizçilərimizin, gəmi kapitanlarının qəhrəmanlığını dillə mümkün deyil. Bizim o vaxtlar hüquq-mühafizə orqanlarımız – prokurorluğumuz, ədliyyə nazirliyimiz, Milli Məclisimiz olub və onların heç biri millətin xeyrinə qərar qəbul etməyib. Amma o zaman dənizçilərimiz həyatları bahasına başa gələn bu şücaəti görüblər. Öz adımdan, Azərbaycan mətbuatının ən tərəqqipərvər insanları adından bu kapitanların qarşısında baş əyirəm. Allah ömrünüzü uzun eləsin, dünyadan köçənlərə də rəhmət eləsin. Söz sizindir. Kərəm müəllim, buyurun.

Bu kitab 21 il bundan əvvəl işıq üzü görməli idi…

Kərəm Məmmədov
«Mən tarana gedirəm» kitabının müəllifi:

– Bizimlə o ağır günlərdə yanaşı olan bütün insanlarımızı, sizləri salamlayıram. Bu gün ərsəyə gətirməyə nail olduğumuz bu kitab 21 il bundan əvvəl işıq üzü görməli idi. Kitabın ərsəyə gəlməsində mənə yardımçı olan insanlara, o cümlədən Əvəz bəyə təşəkkür edirəm. O, bu kitabın işıq üzü görməsi üçün çox əziyyətlər çəkdi. 20 Yanvar hadisələri zamanı Xəzərdənizneftdonanması İdarəsinin kapitanlarının apardıqları mübarizə bu kitabda öz əksini tapıb. Burada hadisələrin hər bir detalı aydın yazılıb. O kapitanların çoxu dünyasını dəyişib, çoxu xarici sularda – Ərəbistanda, Türkiyədə və digər sularda üzürlər. Amma bugünkü tədbirimizə onlardan bir neçəsi qatılıb. Onları sizlərə təqdim etmək istəyirəm. Həmin günlərdə bizə ağsaqqallıq edən, böyük kapitanlarımızdan biri olan Müzəffər Əliyev «Babazadə» gəmisinin kapitanı olub. O, həm də Kapitanlar Şurasının üzvü idi. Təsəvvür edin ki, hamımızın ağsaqqal kimi qəbul etdiyimiz bu insan, o ağır günlərdə hər birimizi dinləyir və uşaq kimi istədiyimizə əməl edirdi. Ən ağır dəqiqələrdə biz Müzəffər Əliyevdən çox ağır bir məsələni həll etməyi xahiş etdik. Həmin vaxt artıq söz yayılmışdı ki, sovet donanmasının gəmilərində qanlı yanvar gecəsində güllələnmiş soydaşlarımızın meyitləri saxlanılır və onlar cəsədləri dənizə atmaq niyyətindədirlər. Biz Müzəffər müəllimə hamıdan çox inandığımız və etibar etdiyimiz üçün bu çətin tapşırığın da məhz onun tərəfindən yerinə yetirilməsini istədik. Müzəffər Əliyev öz gəmisi ilə hərbi gəmilərin içərisinə girdi. Aradan bir neçə saat keçəndən sonra bizə bildirdi ki, mühasirədədir və bütün avtomatlar da «Babazadə» gəmisinə tuşlanıb, çıxmağa imkan vermirlər. Onda biz Müzəffər müəllimə gəmini mühasirədən çıxarmağı tövsiyə etdik, artıq o gəmiləri yoxlamaq imkanının bizə verilməyəcəyini anlamışdıq. O, çox böyük şücaət göstərərək, gəmini sovet hərbi donanmasının mühasirəsindən çıxarmağa müvəffəq oldu və çox şükürlər olsun ki, həmin vaxt nə gəminin ekipajına, nə də Müzəffər müəllimə xətər toxunmadı. Həmin hadisələr zamanı böyük hünər və şücaət göstərən gəmi kapitanlarından biri də Rövşən Dəmirov idi və o, «Neft Qaz-64» gəmisinin kapitanı idi. Onun gəmisini üç hərbi gəmi mühasirəyə aldı, gəmini gülləbaran elədilər. Görəndə ki, onu tabe edə bilmirlər, torpedo ilə gəmini vurub batırmaq istədilər. 3 torpedonu – sovet hökumətinin hərbi gücünün pik zamanlarında gəminin üzərinə saldılar, lakin Rövşən Dəmirovun şəxsi təcrübəsi və cəsarəti sayəsində gəmini batırmağa nail ola bilmədilər. O, gəminin dor işıqlarını yandırandan sonra hərbçilər elə bildilər ki, artıq gəmi «oturub». Arxayın olandan sonra gəmi onlardan uzaqlaşdı. Hadisələr qurtarandan sonra «Neft Qaz-64» gəmisini hərbçilər çox axtardılar, sonunda Zığ körpüsündə tapdılar və onun alt hissəsini yoxlamağa başladılar ki, torpedo buna dəyəndən sonra nə üçün o batmayıb. Gördülər ki, həqiqətən də torpedo gəmiyə toxunmayıb, ondan yan keçib. Rövşən Dəmirovun özü də yaxın dostlarının, yoldaşlarının köməkliyi ilə gizlədildi. Çünki həmin vaxt ələ keçsəydi, ən ağır cəzaya məruz qalacaqdı. Bizim kapitanlarının çoxu hazırda Bakıda yaşamırlar. Amma siz bütün məlumatları bu kitabdan ala biləcəksiniz. Həmin ağır günlərdə gəmi kapitanları ilə sovet hərbi dəniz donanması gəmiləri arasında baş verən bütün hadisələr bu kitabda öz əksini tapıb.

Meyitləri daşımağa imkan vermədik!

O gecə 110 gəmi bir yerə yığılmışdı. Dənizçilərin hamısı and içmişdilər ki, içərisində meyitlərin aparıldığı iddia olunduğu gəmilər onların cəsədlərinin üzərindən keçəcək və biz həmin gəmiləri blokadaya alıb, çıxmağa buraxmadıq. Müzəffər Əliyev gəmilərdə meyitlərin olub-olmadığını yoxlaya bilməyib, gəmini geri çəkəndən sonra biz hərbçilərə xəbərdarlıq etdik ki, əgər onların gəmiləri yerlərindən tərpənsələr, biz öz gəmilərimizlə onları vurub batıracağıq. Çünki bizim silah-sursatımız olmadığından o vəziyyətdən yeganə çıxış yolu gəmiləri gəmilərə vuraraq batırmaq idi. Silahımız yalnız gəmilərimiz idi. Ona görə də admiral Sidorov gəmi kapitanlarının qətiyyətini görüb bizimlə danışıqlara getməyə razılıq verdi. Bizə şəxsən gəmiləri yoxlamaq imkanı verilmədi. Ancaq ikinci gün biz Ali Məclisdə Elmira Qafarova ilə görüşdük və onlara xəbərdarlıq etdik ki, bizdə olan məlumatlara görə gəmilərdə meyitlər var və onları dənizdə batırmaq istəyirlər. O da bizə dedi ki, deputat komissiyası təşkil edəcək, onlar gəmiləri yoxlayıb, bizə məlumat verəcəklər. Sonradan bizə xəbər verdilər ki, gəmiləri deputat komisiyası yoxlayıb və orada meyitlərin olmadığının şahidi olublar. Onlar Azərbaycan xalqını qırmaq üçün Bakıya gəlmişdilər. Biz dənizçilərin də gördüyü işlərin əsas üstünlüyü onda oldu ki, növbəti qırğınların qarşısını ala bildik. Yəni onlar meyitləri dənizə aparıb batıra bilsəydilər, qırğınlar hələ çox davam edəcəkdi – ən azı bir həftə. SSRİ Müdafiə nazirinin müavini admiral Sidorov da başa düşdü ki, qırğınlarda öldürülən meyitləri dənizdə batıra bilmədikləri üçün artıq dənizçilərlə danışıqlara başlamaq lazımdır. Ondan sonra Yazov Müzəffər Əliyevi qəbul etdi və dinlədi. «Mən tarana gedirəm» kitabımda bu görüş haqda ətraflı yazılıb. Yazovun Müzəffər müəllimlə bu mövzu ətrafında dialoqu olub. Sadəcə biz gücümüz çatandan artığına nail olduq və qırğınların çox davam etməsinin qarşısını öz təzyiqimizlə aldıq. Çünki bundan əvvəl belə bir hadisə Gürcüstanda da olmuşdu. Rus ordusu gürcüləri qırıb onların meyitlərini Kürə tökmüşdülər, onlar da Qazax, Ağstafa zonasında üzə çıxmışdı. Biz dənizçilər yaxşı bilirdik ki, gəmilərdəki meyitləri dənizə tökmək üçün ora yığıblar. Biz onların qarşısını aldıq.

Qırğınlar davam edəcəkdi, əgər…

Əvəz Zeynallı:

– Bizim dənizçilərin ən böyük qəhrəmanlıqları o oldu ki, onlar Bakı qırğınlarının daha bir neçə gün davam etməsinin qarşısını aldılar, Azərbaycanı informasiya blokadasından çıxardılar. Çünki bütün gəmilər «SOS» siqnalı verərək, dünyaya Bakıda gedən qırğınlar haqda xəbər yaydı. Hətta rus gəmiləri ilə çox ciddi mübahisələr də olmuşdu, çünki bizim dənizçilər əmin idilər ki, rusların gəmilərində Bakı qırğınlarında həlak olmuş meyitlər daşınır. Şəhidlərin dəfnindən, Azərbaycanın rəhbərliyinə daxil olan insanlarla görüşlərdən sonra bir anlaşmaya doğru gedildi – artıq qarşı tərəf söz vermişdi. Amma təbii ki, onlar öz sözlərində durmadılar. Kitabda da «Vodoley» gəmisi haqqında yazılıb. Onun üzərində üç mindən çox güllə nişanəsi var. Mən biləni həmin gəmi bu gün də Azərbaycanda mövcuddur, sadəcə müəyyən hissələri zədələnib, amma mövcuddur. Kərəm Məmmədovun da təklifi var ki, həmin Xəzərdənizneftdonanmasında bu gəmi muzeyə çevrilərək, gələcək nəsil üçün əyani vəsait rolunu oynasın. Və yaxud da ki, gəmi əvvəlki vəziyyətinə qaytarılsın və o, Xəzər dənizində bir örnək, görk olaraq abidə kimi qorunub saxlanılsın. Onu da qeyd etmək lazımdır ki, bu hadisələrdən sonra dənizçilərə və gəmi kapitanlarına qarşı çox amansız işgəncələr veriblər və bu insanlara qarşı çox ağır repressiyalar həyata keçirilib. Bu kitabın arxasında 20 Yanvar hadisələrində fəal iştirak edən dənizçilər haqda məlumat var, həm də həmin hadisələrdən sonra Qarabağ döyüşlərinə qatılaraq, ermənilərə qarşı gedən döyüşlərdə həlak olan şəhidlərimiz haqda məlumat var. Ən sonda isə, həmin hadisələrdə iştirakı olan, Orenburq və Ulyanovsk dustaqxanalarına aparılan dənizçilərin və gəmi kapitanlarının haqda geniş məlumat verilib. Bu dustaqxanalarda inzibati cəza çəkən dənizçilərimizə insanlığa yaraşmayan, insanlıqdan kənar olan işgəncələr verilib. Onların içərisində sağ qalanı da olub, dünyasını dəyişəni də…

Bu dənizçilər əzəmət bayrağını, şücaət bayrağını qaldırdılar!

Vidadi Bəşirov:
Azərbaycan Dillər Universitetinin Pedaqogika fakültəsinin dosenti:

– Azərbaycanın müstəqilliyinə, Azərbaycanın suverenliyinə, Azərbaycanın dövlətçiliyinə xidmət edən müstəqil vətəndaşlarımızın ən böyük avanqard hissəsi olan Xəzərdənizneftdonanmasının bahadırlarının, gəmi kapitanlarının, gəmi heyətinin burada olan əməkdaşlarını salamlayıram. Burada bir şücaətdən söhbət gedir. O şücaətdən ki, Azərbaycanın müstəqillik tarixinə gedən bir dövr – 1990-cı ilin 19-20 yanvar tarixi bu gün də gözlərimiz önündə canlanır. Bu gün gənclərimiz bəlkə də o günləri tam varlıqları ilə hiss etmirlər, onların təsəvvürləri bizim söylədiklərimiz əsasında qurulur. Amma o qanlı günlərin şahidi olan insanlar yaxşı bilirlər ki, biz hansı dəhşətləri yaşadıq, canımızı belə bu yolda fəda etməyə hazır olduq. Azərbaycanın istiqlalı, bütövlükdə Azərbaycanın müstəqilliyi uğrunda bu dənizçilər əzəmət bayrağını, şücaət bayrağını qaldırdılar. Kişilik, qeyrət nümayiş etdirdilər. Bu mücəssəməni biz bütün limanlarda, buxtalarda izlədik. İnanın, həmin dövrün hüquq-mühafizə orqanlarından daha qeyrətli şəkildə onlar vətəndaşlıq borclarını yerinə yetirdilər, birlik nümayiş etdirdilər, sovet ordusuna, sovet hərbçilərinə göstərdilər ki, onlar nəinki qanlı faciə törətməklə millətimizin iradəsini, əzmini sındıra bilərlər, hətta əliyalın, canları bahasına onlara müqavimət də göstərə bilərlər. Tarana gedən gəmiçilərimizin, dənizçilərimizin qanı bahasına bu gün Azərbaycan müstəqil dövlətdir. Hesab edirəm ki, həqiqətən də əgər o gəmilərdən hansısa bu gün mövcuddursa, onun muzeyə çevrilməsi ətrafında müzakirə və məsləhətləşmələr aparmaq lazımdır. Kərəm Məmmədovun «Mən tarana gedirəm» kitabı Azərbaycanın igid dənizçilərinin hər birinin həyatına həsr olunmuş sanballı tarixi vəsaitdir. Yəni biz bu kitabdan həm maarifləndirmə, həm ideya-siyasi tərbiyə baxımından ali məktəb auditoriyalarında gənclərimizin mətin və iradəli keyfiyyətlərə sahib olmaq zəminində təsirləndirici mənbə kimi istifadə edə bilərik. Bu gün tələbələrə sual verəndə ki, Azərbaycanda ilk milli general olaraq kimi tanıyırsınız? Deyirlər ki, Ramil Usubovu. Azərbaycanın mili qəhrəmanı olan iki nəfərin adını soruşursan, deyə bilmirlər. Halbuki bizim igid şahinlərimiz olub. Bizim müharibə odundan-alovundan çıxan sərkərdələrimiz olub. Buna görə də mili tarixi arxivimizi, mili tarixi fondumuzu, tarixi səlnamələrimizi birər-birər vərəqləyən Kərəm Məmmədov bu kitabla Azərbaycan xalqına, Azərbaycanın ictimai mühitinə, Azərbaycanın geniş Oxucu kütləsinə çox sanballı, dəyərli, ideya-siyasi baxımdan vətənpərvər vətəndaşlıq keyfiyyəti formalaşdıran bir ərməğan edib. Mən kitabın müəllifini təqdir edirəm və ona bugünkü təqdimetmə mərasimində gələcək yaradıcılıq müvəffəqiyyətləri arzulayıyram. İnanıram ki, bizim ağsaqqallarımız, ziyalılarımız və dostlarımız hamımızın dəstəklədiyimiz «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıdan bu kitabın dərc olunmasında oynadığı rola görə razıdırlar. Əgər kitabın 50 faizi Kərəm müəllimin xidmətləri əsasında ərsəyə gəlibsə, 50 faizi də Əvəz bəyin danılmaz əməyi sayəsində işıq üzü görüb. Hər birinizə öz dərin təşəkkürümü bildirirəm.

Kərəm Məmmədov «Mən tarana gedirəm!» dedi…

Faiq Balabəyli
Hadisələrin şahidi:

– Mən də bu hadisələrin canlı iştirakçısıyam və kitabda canlandırılan o qanlı hadisələrin içərisində mən də olmuşam. «Mən tarana gedirəm» adı Kərəm müəllimin öz ifadəsidir. Dənizçi ağsaqqallarımız, gəmi kapitanlarımız Müzəffər Əliyev, Rövşən müəllim də təsdiq edə bilərlər ki, hərbçi gəmilər bizim gəmilərin arasına girərək manevr etdikləri o ağır və gərgin günlərdə Kərəm Məmmədov efirə çıxaraq qəti fikrini bildirdi ki, «Mən tarana gedirəm…» Kərəm müəlimin bu qətiyyəti həmin vaxt rus hərbçilərinə bir çox şeyləri anlamağa məcbur etdi və onlar dərk etdilər ki, danışıqlara getmədən heç bir zaman sağ-salamat bizim gəmilərin arasından çıxa bilməyəcəklər. Onlar əvvəldən elə bilirdilər ki, nə qədər qırğın törətsələr də, millətimiz səsini çıxarmayacaq, əksinə, qorxaraq geri çəkiləcək. Lakin silah-sursatsız olan gəmilərimizin onlara müqavimət göstərə biləcəklərini heç ağıllarına belə gətirmirdilər. O hadisələrlə bağlı 2007-ci ildə mən də «Kəsilməyən həyəcan fiti» adlı kitab yazdım və orada Kərəm Məmmədov, Rövşən Dəmirov, Müzəffər Əliyev, dünyasını dəyişmiş Murad Əliyev, İbrahim Salayev, Anatoli Semiletka, Julian Ratsetkon və digər gəmi kapitanlarının göstərdikləri qəhrəmanlıqlar haqqında yazdım. Hesab edirəm ki, bu kitab yazılmalı idi. Bu kitab doğrudan da gələcək nəsillərin formalaşması, müstəqillik tariximizi dərk etmək baxımından mütləq yazılmalı idi. Burada əyləşən insanlar dənizçi və jurnalist olaraq mənim həmkarlarımdır və mən onların qarşısında çəkinmədən deyirəm ki, bu kitablar araya-ərsəyə gəlməmişdən əvvəl bizim Xəzərdənizneftdonanması İdarəsinin göstərdiyi misilsiz qəhrəmanlıqlar bəzən başqalarının ünvanlarına yönləndirilirdi, başqalarının adına söylənilirdi. 5 gün Bakı buxtasında gəmilərimiz sovet hərbi donanması gəmiləri ilə döş-döşə, sinə-sinəyə gəldilər. Gündüzlər sakitləşdirici – arabir həyəcan siqnallarının verilməsi gəmi kapitanlarının birgə keçirdikləri toplantılarla başa çatırdısa, gecələr gəmilərin arasında yalquzaq kimi üzən rus katerləri gəmiləri dolaşır, bədheybət, çaşdırıcı hərəkətlər, manevrlər etməklə vahimə yaratmağa çalışırdılar. Bütün bunlara dözmək həqiqətən də insanlardan çox böyük dözüm, iradə, əzm tələb edirdi. O zaman Sidorovun dənizçilər arasında «Drama o more – kto vinovat?» sərlövhəli məqaləsi paylanıldı, yayıldı. Həmin məqalədə dənizçilər birbaşa ittiham olunur, onlara ekstremist, «piratı XX veka» damğaları vurulurdu. Amma həmin məqalədə bir etiraf da var idi ki, onlar həqiqətən mülki gəmilərin, Xəzər dənizçilərinin bu qədər mübarizə əzmində olacaqlarına inanmırlarmış. Şəxsən mənim müşahidələrim əsasında yazdığım kitabda və Kərəm Məmmədovun qələmə aldığı və bu gün təqdimatına toplaşdığımız «Mən tarana gedirəm» kitabında göstərilən fakt və dəlillər Bakının hansı dərəcədə iflic vəziyyətinə düşməsindən xəbər verir. Bakı vahimə içərisində susdurulmuşdu. Sonralar dəfələrlə insanlar etiraf etdilər ki, televiziya dağıdılsa da, efirə dənizçilərin danışıqları düşürdü və elə məlumatlar olurdu ki, canlı olaraq dənizçilərdən öyrənə bilirdik və qürurla nəfəs alırdıq, demək, ruslara müqavimət göstərən bir qüvvə hələ mövcuddur. Mən sizə bir epizodu xatırlatmaq istəyirəm. Təxminən yanvarın 22-23-də dənizçilər kütləvi olaraq qanlı yanvar hadisələri zamanı yaralanmış soydaşlarımıza qanvermə aksiyasına başladılar. Orada rəhmətlik Baxşiyev və digər səlahiyyətlilər 28 mayda yerləşən dəmiryolu xəstəxanasına getdilər və o zaman mən dənizdən çıxdım. Dənizçilər məndən xahiş etmişdilər ki, evlərinə zəng vurub ailələrinin salamat olmaları haqda məlumat toplayım. Telefon danışığı aparmaq üçün çoxlu növbə var idi və mən növbədə gecikəcəyimi düşünüb əsəbiləşdim və buşlatımın yaxasını açdım. Bu zaman əynimdəki dənizçi paltarı göründü. Bir nəfər mənə yaxınlaşıb, «Siz dənizçisinizmi» deyə soruşanda mən «hə» dedim. İnanın, orada bəlkə də 50 nəfərə yaxın insan telefon növbəsi gözləyirdi, mənim dənizçi olduğumu eşidib, dərhal geri çəkildilər. Hətta 2 qəpikliyin yerinə telefon kassasına 10 qəpiklik atdılar ki, dərhal kiməsə zəng vura bilim. O zaman mənim ailəm Bakıda yaşayırdı və mən ilk olaraq bir neçə yaşlı gəmiçinin evinə zəng vuraraq ailələrinə bildirdim ki, narahat olmasınlar, dənizçilər yaşayırlar. Mən Kərəm Məmmədova bu kitabı nəşr etdirdiyi üçün öz dərin təşəkkürümü bildirirəm. Əvəz bəyə də təşəkkür edirəm ki, bu kitab hələ işıq üzü görməmişdən əvvəl onun haqqında baş redaktoru olduğu «Xural» qəzetində geniş, ətraflı məlumatların yayılmasında xidmət göstərdi. Mən də bir neçə il əvvəl həmin hadisələri canlandıran bir yazı ilə mətbuatda çıxış etmişdim və o zaman da Oxucuların nə qədər maraq göstərdiklərinin şahidi oldum. Ona görə də hesab edirəm ki, «Xural» qəzetində həmin hadisələrlə bağlı dərc olunan silsilə yazılar da insanlar tərəfindən böyük rəğbət və maraqla qarşılanıb. Mən Kərəm Məmmədova da öz dərin təşəkkürümü bildirirəm ki, bu kitabın işıq üzü görməsi üçün kifayət qədər ağır əmək sərf edib. 20 ildən, lap elə 50 ildən sonra həmin günlərə dəlillər və faktlar əsasında tarixi bir dönüş edə biləcək kitablara bu gün ehtiyac çox böyükdür. Bir var yaddaşlarda nağılvari hekayələr qalsın, bir də var canlı şahidlərin faktlar əsasında yazdıqları tarix… O baxımdan, həm Kərəm Məmmədovun «Mən tarana gedirəm» kitabı, həm də mənim – təvazökarlıqdan uzaq olsa da «Kəsilməyən həyəcan fiti» kitabım bu tarixi günlərə qayıtmaq üçün gözəl bir əyani vəsaitdir. Mən bütün gəmi kapitanlarımızın qarşısında göstərdikləri şücaətlərə görə baş əyirəm. O vaxt cavan oğlan idim və mənim kimi yüzlərlə insanın çılğınlığının qarşısını alan Müzəffər müəllimin, Kərəm müəllimin soyuqqanlı və tədbirli hərəkətləri idi. Rövşən müəllim bizimlə yaşıd olsa da, o da bu hadisələr zamanı nə qədər ağır və tədbirli olduğunu nümayiş etdirdi. Onun bir üz ifadəsi heç vaxt yadımdan çıxmır. O, güllələnmiş gəmisinə baxıb için-için ağlayırdı, elə bil bir ana yaralanmış balasını tumarlayırdı. O vaxt insanlar limana gətirilən bu gəmilərə ziyarətgah kimi axışırdılar, daxili bir həyəcanları var idi ki, görəsən, dənizçilərimizdən öləni, yaralananı oldumu? Düzdür, həmin hadisədən sonra həbsə atılanlarımız, işgəncələrə məruz qalanlarımız oldu, Tanrıya şükürlər olsun ki, ölənimiz olmadı. İşdən uzaqlaşdırılan, təzyiqlərə məruz qalan dənizçilərimiz həmin hadisələrdən sonra da başlarını dik tutdular və Vətənə olan borclarını ləyaqətlə yerinə yetirdiklərini sübut etdilər. Bu hadisələr millətin adına qızıl hərflərlə yazıldı. Millətimizin hansı keyfiyyətlərə malik olduğunu dənizçilərimiz bütün dünyaya nümayiş etdirdilər. O baxımdan, hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Hər halda Sovet ordusu ilə üz-üzə gəlib, «Mən tarana gedirəm» demək çox böyük rəşadət tələb edirdi.

Fövqəladə vəziyyətə son qoyulsun!

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il



Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button