Şimali Koreyanın “günəşi” Kim İr Sen-Koreyalılar üçün yerdə cənnət yaradan diktator

Koreya Xalq Demokratik Respublikasının qurucusu, lideri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı (əsgər sayına görə dünyada dördüncü ordu), Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi və qurucusu olub.

Xural.com Ölkə.az-a istinadən bu gün Şimali Koreyanın diktatoru, ölümündən sonra ölkədə 40 gün matəm elan edilən Kim İr Sen haqqında məlumat verir.

Kim İr 1966-cı ildən Şimali Koreyanın əmək partiyası mərkəzi komitəsinin baş katibi olub. 1948-1972-ci illər arasında nazirlər kabinetinin sədri olan lider 1972-ci ildən Şimali Koreya Xalq Respublikasının prezidenti olub. Şimali Koreyada təkpartiyalı sistem şəraitində Kim İr Sen Koreya tipli sosializm, başqa sözlə “yerdə cənnət” yaradan cəmiyyət qurduğu üçün ehtiramla yad edilir.

Uşaqlığı və ailəsi

Kimin ailəsi və uşaqlıq illəri barədə məlumat azdır. O, 1912-ci ilin 15 aprel tarixində Pxenyan yaxınlığındakı Manqende kəndində dünyaya gəlib. Onun atası, Kim Xen Çjikin hansı peşənin sahibi olduğunu söyləmək çətindir. Bəziləri onun kənd müəllimi olduğunu söyləyir. Çünki Kim Xen bir müddət hərbi məktəblərdə dərs deyib. Çox güman ki, Kim Xen gah müəllimlik, gah məmurluq, gah da başqa üsulla pul qazanıb dolanmağa çalışan aşağı təbəqə ziyalısı idi.

Eyni zamanda Kim Xenin loğmanlıqla məşğul olduğunu və müəyyən dövrlərdə xristian missioneri kimi fəaliyyət göstərdiyi barədə də məlumat var. Kim İrin atasının adi dindar protestant yox, xristian aktivist olduğu barədə fakt gizlədilir. Onun dini təşkilatlarla əlaqəsinə inqilabi fəaliyyət üçün qanuni himayədar axtarmaqla izah edilir. Onun anası Kan Van Sok yerli müəllimin qızı olub. Kim İr Seni uşaqlıqda Kim Son Çju adlandırırdılar və ailədə ondan başqa iki uşaq da var idi.

Aşağı təbəqənin bir çox ziyalısı kimi Kim Xen və həyat yoldaşı kasıb həyat tərzi sürür, ehtiyac içində yaşayırdılar. Şimali Koreya tarixçiləri qeyd edirlər ki, Kim İrin valideynləri milli azadlıq hərəkatının liderlərindən olublar. Amma əslində onlar nə bu hərəkata liderlik ediblər, nə də onun üzvü olublar. Təbii ki, yapon işğalına qarşı bu ailə də düşmənçilik münasibəti bəsləyirdi. İşğal edilmiş ölkəni tərk etmək arzusu bir çox koreyalı kimi Kim İr Senin də valideynlərini 1920-ci illərin əvvəlində Mancuriyaya köç etməyə vadar edir. Kiçik Kim Son burada Çin məktəbində təhsil alır. Bu səbəbdən o, Çin dilində sərbəst danışırdı. Bir neçə il sonra o, babasının evinə qayıdır. Amma 1925-ci ildə doğma elini tərk edir ki, 20 il sonra geri qayıtsın. 1926-cı ildə 32 yaşlı Kim Xen Çjik vəfat edir. 14 yaşlı Kim Son yetim qalır.

Pekin məktəbinin yuxarı siniflərində Kim Son Çju gizli marksist dərnəyinə üzv olur. Bu dərnək qeyri-qanuni Çin komsomol təşkilatı tərəfindən qurulmuşdu. Hakimiyyət orqanları dərnəyin fəaliyyətini aşkar edirlər və 1929-cu ildə 17 yaşlı Kim Son Çju həbsə atılır. O, il yarım məhkumluq həyatı yaşayır. Azadlığa çıxdıqdan sonra Kimin həyat yolu dəyişir. Məktəb təhsilini başa vurmayan Kim Çin kommunist partiyasının çoxsaylı partizan dəstələrindən birinə qoşulur. 1932-ci ildən sonra isə partiyaya üzv olur. Partizanlar yapon işğalçıları və onların əlaltılarına qarşı savaşırdılar.

Gənc partizanın savaşdığı döyüşlər barədə məlumat azdır. Amma görünür, Kim pis kommunist olmadığı üçün tezliklə yüksəlməyə başlayır. 1934-cü ildə Koreya-Çin sərhədi yaxınlığında fəaliyyət göstərən partizan dəstələri Birləşmiş şimali-şərq ordunun tərkibinə daxil olan və yaponlara qarşı savaşan ikinci partizan ordusu ilə birləşir. Kim İr Sen 3-cü divizyanın 3-cü rotasının 1-ci bölüyünün komandiri idi. İki il sonra isə 24 yaşlı partizan 6-cı diviziyanın komandiri olur. Bu diviziyanı “Kim İr Senin diviziyası” adlandırırdılar. O dövrdə diviziya deyəndə yüz döyüşçü-partizanın birləşdiyi dəstələr nəzərdə tutulurdu.

6-cı diviziyanın ən məşhur əməliyyatı Poçxonboya reyd sayılır. Uğurlu əməliyyatdan sonra Kim İr Sen məşhurlaşır. Yapon hökuməti onun yerini bildirən şəxsə, bu barədə məlumat verənlərə mükafat vəd edir. Yaponların nəzarəti altında olan rəsmi Koreya mətbuatı partizanları və Kim İr Seni “ifşa” etməyə başlayır.

30-cu illərin sonunda Kim İr Sen gələcək həyat yoldaşı Kim Çjon Suk ilə tanış olur. Suk 16 yaşından partizan dəstəsinə qoşulur. Əslində islə Kim Çjon Senin birinci yox, ikinci arvadıdır. Onun birinci arvadı Kim Xe Sun da Senin partizan dəstəsində vuruşub. Amma 1940-cı ildə qadın əsir düşür. Ən məşhur partizan komandirlərindən birinin arvadının əsir düşməsi barədə yapon mətbuatı xəbər yayır. Sonradan Kim Xe Suk Şimali Koreyada yaşayıb və müxtəlif vəzifələri tutub.

1930-cu illərin sonunda Mancuriya partizanlarının vəziyyəti kəskin şəkildə pisləşir. Yapon işğalçıları partizan hərəkatının kökünü kəsmək qərarına gəlirlər. Bu məqsədlə 1939-1940-cı illərdə Mancuriyaya çoxsaylı qüvvələr cəlb edilir. Yaponların hücumundan sonra partizanlar böyük itkilər verilər. Bu dövrdə Kim İr Sen artıq ikinci əməliyyat rayonunun komandiri idi və Çzyandao əyalətinin bütün partizan bölükləri ona tabe idi. Belə bir şəraitdə 1940-cı ilin dekabr ayında Kim İr Sen 13 nəfərdən ibarət dəstə ilə şimala üz tutur. O, Amur çayını keçir və Sovet İttifaqının ərazisinə daxil olur. Onun SSRİ-dəki miqrantlıq dövrü başlayır.

Digər miqrantlar kimi Kim İr Sen də bir müddət xüsusi düşərgədə yaşayır. Bir neçə ay sonra 28 yaşlı partizan Xabarovskda piyada məktəbinin kurslarına dinləyici kimi qatılır. O, burada 1942-ci ilin yazına qədər təhsil alır. Kimin şəxsi həyatı uğurlu alınır. 1942-ci ildə Kim Çjon Suk oğlan övladını dünyaya gətirir. Uşağa Yura adı verilir.

1942-ci ilin yaz-yay aylarında sovet komandanlığı SSRİ ərazisinə Mancuriyadan keçən partizanlardan atıcı briqada formalaşdırır. Bu briqada Xabarovsk yaxınlığındakı Vyatsk qəsəbəsinə yerləşdirilir. 1942-ci ilin yayında Sovet Ordusunun gənc kapitanı Kim İr Sen bu briqadaya təyin edilir. O dövrdə onu Çzin Jiçen adlandırırdılar. Sayları o qədər də çox olmayan koreyalılar Kim İr Senin komandiri olduğu birinci batalyona qatılırlar.

Vyatskda yaşadığı müddətdə Kim İrin iki övladı-oğlu və qızı dünyaya gəlir. Uşaqlara rus adı verildi. Bu isə Kim üçün vətənə qayıtmaq və problem demək idi. Amma hadisələr başqa cürə cərəyan etdi.

Yaponiya ilə sürətli müharibədə 88-ci briqada iştirak etmədi. Hərbi əməliyyatlar başa çatdıqdan sonra briqadanın fəaliyyəti ləğv edilir. Əsgərlər və zabitlər yeni tapşırıq alırlar. Onların böyük əksəriyyəti azad edilmiş Mancuriya və Koreya şəhərlərinə, sovet komendantlarına kömək üçün yollanmalı idilər. Bununla da sovet hərbçiləri ilə yerli əhali arasında qarşılıqlı münasibətin qurulmasına yardım etməli idilər. Sovet ordusunun yerləşdiyi ən böyük Pxenyan şəhəri idi. Ən yüksək rütbəli koreyalı zabit isə 83-cü briqadanın komandiri Kim İr Sen idi. Bu səbəbdən onun şəhər komendantının köməkçisi təyin edilməsi təəccüblü deyildi.

Öz bölüyünün bir sıra əsgərləri ilə Kim 1945-ci ilin oktyabr ayının əvvəlində Pxenyana təşrif buyurur.

Pxenyan stadionunda 14 oktyabr tarixində xilaskar ordu adından 25-ci ordu generalı Çistyakov çıxış edir və Kim İr Seni milli qəhrəman və məşhur partizan lideri kimi təqdim edir. Bundan sonra Kim İr Sen Sovet ordusuna dair çıxış edir. Beləcə Kim İr Senin hakimiyyət zirvəsinə yolu açılır.

1945-ci ilin dekabr ayında Kim İr Sen Koreya Kommunist Partiyasının Şimali Koreya təşkilat bürosuna sədr seçilir. Fevral ayında isə sovet hərbi hakimiyyətinin qərarı ilə Şimali Koreya müvəqqəti xalq komitəsinin rəhbəri seçilir. Bu komitə ölkənin müvəqqəti hökuməti sayılırdı.. Beləcə, 1945-1946-cı illərdə Kim İr Sen formal olaraq Şimali Koreyanın ali rəhbərinə çevrilir.

1948-ci ildə Koreya yarımadasının şimalında Koreya Xalq-Demokratik Respublikası elan edilir. Şimali Koreyanın bir çox ali rəhbəri kimi Kim İr Sen də arvadı və uşaqları ilə birlikdə Pxenyanın mərkəzində, kiçik bir mülkdə yaşamağa başlayır. Bu ev əvvəllər yüksək rütbəli yapon zabitləri və məmurlarına məxsus olub.

Koreyaya qayıtdıqdan sonra Kim İr Senin həyatında iki faciə baş verir. Onun böyük oğlu Şura suda boğulub ölür, 1949-cu ilin sentyabrında isə arvadı doğuş vaxtı vəfat edir. Kim arvadı Çjon Sukla həyatının ən çətin 10 ilini bir yerdə yaşamışdı.

Potsdam konfransının qərarı ilə Koreya 38-ci paralel üzrə sovet və Amerika işğal zonalarına bölünür. Nəticədə Lı Sın Mann cənubda hakimiyyətə gəlir. Seul isə onların rejiminin yarımadada yeganə qanuni hakimiyyət olduğunu iddia edirdi. Artıq havadan müharibə qoxusu gəlirdi.

1950-ci ilin sentyabr ayında Kim İr Sen Moskvaya səfər edir və Stalinlə görüşür. Bu görüşdə müharibəni başlamaq barədə qərar qəbul edilir.

Kim İr Sen Cənubla müharibə hazırlığında fəal iştirak edir. 1950-ci ilin 25 iyun səhəri Şimali Koreya ordusu qəflətən hücum edir. Ertəsi gün im İr Sen radio ilə çıxış edərək xalqa müraciət edir. Kim İr çıxışında Cənubi Koreya hökumətini aqressiyada günahlandırır və bildirir ki, Şimali Koreya ordusu uğurlu əks-hücuma başlayıb. Müharibənin ilk günlərində Kim İr Sen ali baş komandan vəzifəsini icra edir.

1951-ci ilin yaz ayında məlum olur ki, tərəflər müharibəyə başladıqları mövqedə qalıblar. Bu müddət ərzində Kim İr Sen yeni roluna tam alışmışdı və zaman keçdikcə təcrübəli siyasətçiyə çevrilirdi. O, siyasi intriqalar üzrə usta kimi pis çıxış etmirdi. Həm rəqibin, həm də müttəfiqlərin zəif damarlarından istifadə edirdi.

Kim İr Senin zəif cəhətləri əsasən kifayət qədər olmayan ümumi hazırlığı ilə əlaqədar idi. Kim İr Senin ali təhsili yox idi və öz üzərində işləmək imkanı olmamışdı. Onun sosial və iqtisadi həyat haqqında təsəvvürləri də zəif idi.

Amma əllinci illərin əvvəlində Kim İr Senin qarşısında duran məsələlər məhz manevr etmək bacarığı tələb edirdi və o, bu qabiliyyətə kifayət qədər sahib idi. Söhbət Şimali Koreya Xalq Respublikası qurulduqdan həmən sonra rəhbərlikdə yaranan fraksiyaların ləğvindən gedir.

Şimali Koreya rəhbərliyində 4 qruplaşma var idi: dövlət işlərinə, partiya və hərbi orqanlarda iş üçün yönəldilmiş sovet koreyalılarından ibarət “sovet qruplaşması”, Koreya azad olana qədər ölkədə fəaliyyət göstərən keçmiş gizli işçilərin təşkil etdiyi “daxili qruplaşma”, Çindən geri qayıdan koreyalı kommunistlərin üzvü olduğu “yanyan qruplaşması”, 1930-cu illərdə Mancuriyada fəaliyyət göstərən partizan hərəkatının üzvləri və Kim İr Senin də daxil olduğu “partizan qruplaşması”.

Əvvəldən də qruplaşmaların bir-birinə simpatiyası yox idi. Amma sərt sovet nəzarəti altında fraksiya mübarizəsi açıq-aşkar aparıla bilməzdi. Kim İr Sen üçün tam hakimiyyətə gedən yol partizan qruplaşmasından başqa digər qruplaşmaların məhvindən keçirdi. Eyni zamanda sovet və Çin nəzarətindən də qurtulmaq lazım idi. Bu məsələnin həlli üçün Kim İr Sen bütün səylərini ortaya qoydu.

İlk qurbanlar “daxili qruplaşma”nın üzvləri oldu. Digər iki fraksiyanın köməyi ilə 1953-1955-ci illərdə Kim İr Sen bu qruplaşmanı məhv etdi. 1957-1958-ci illərdə “yanyan qruplaşması” ilə haqq-hesab çürüdüldü. Amma onlar güclü çıxdılar və Çinə qaça bildilər. Sonradan isə Çindən gələn nümayəndə heyəti partiyada yanyanların mövqeyinin bərpasını tələb etdilər və Kim İr Seni ölkə rəhbərliyindən azad etməklə hədələdilər. Koreyalı lider güzəştə getmək məcburiyyətində qaldı. Amma marionet obrazı onun xoşuna gəlmirdi. Bu səbəbdən Kim İr Sen 1950-ci ilin ortalarından hamilərindən uzaqlaşmağa başlayır.

Sülh müqaviləsi imzalandıqdan sonra Şimali Koreya iqtisadiyyatı inkişaf etməyə başlayır. SSRİ və Çinin aktiv dəstəyi ilə ölkə iqtisadiyyatı müharibənin vurduğu zədələri ortadan qaldırdı və inkişaf etməyə başladı. Sovet-Çin münaqişəsinin başlaması isə xarici siyasətdə dəyişikliyə səbəb oldu.

Şimali Koreya iqtisadiyyatı həm Sovet İttifaqından, həm də Çindən çox asılı idi. Bu səbəbdən Kim İr Senin qarşısında çətin məsələ var idi. Bir tərəfdən o, Moskva və Pekin arasında manevr etməli, digər tərəfdən isə elə etməli idi ki, Moskva və Pekin Şimali Koreyaya həm iqtisadi, həm də hərbi yardımını dayandırmasın.

İlk dövrdə Kim İr Sen Çinlə ittifaqa meyilli idi. İki dövlətin mədəni yaxınlığı, koreyalı inqilabçıların keçmişdə Çin rəhbərliyi ilə sıx münasibətlərdə olması, Kim İr Senin Stalinin tənqidlərindən xoşlanmaması və Stalinin idarəetmə üsullarını bəyənməməsi buna səbəb idi.
Çinlə münasibətləri yaxşılaşdırmaq ciddi çətinliklərə səbəb oldu. Sovet İttifaqı qəflətən yardımı dayandırdı. Bu isə Koreya iqtisadiyyatının bəzi sahələrini məhvə doğru sürüklədi. Bundan başqa Çində başlayan “mədəni inqilab” Şimali Koreya rəhbərliyini Çin Xalq Respublikasından uzaqlaşmağa vadar etdi. 1960-cı illərin ortalarından Şimali Koreya rəhbərliyi sovet-Çin münaqişəsində neytral mövqe tutmaq siyasətini tətbiq etməyə başladı.

Bu siyasi kurs həm Moskvada, həm də Pekində narazılığa səbəb oldu. Amma Kim İr Sen işləri elə qurdu ki, nə Rusiya, nə də Çin hərbi və iqtisadi yardımı kəsmədi.

Bununla belə, Çinə istiqamət götürən qısamüddətli siyasi kurs rəqib fraksiyaları məhv etməyə şərait yaratdı. Kim İr Sen 1950-ci illərin sonunda sovet qruplaşmasının bir çox üzvünü ya məhv etdi, ya da ölkədən qovdu. Bu andan etibarən bütün yüksək rəhbərlik postları Kim İr Senin partizan silahdaşlarının əlinə keçdi. Keçmiş partizan özü isə ölkədə hakimiyyəti tam olaraq ələ aldı.

1960-cı illərin əvvəlində sənayedə “tzan iş sistemi” ortaya çıxdı. Bu sistemə əsasən, istənilən formada təsərrüfat hesabı və maddi marağı tamamilə inkar etmək lazım idi. İqtisadiyyat hərbiləşir, ölkədə yeni sistem qurulurdu.

Amma bütün bu yeniliklər zəif effekt verdi. Məlum oldu ki, Kim İr Sen hakimiyyət uğrunda mübarizədə güclüdür, ölkəni idarə etmək məsələsində isə təcrübəsizdir.

1970-ci illərdə Şimali Koreya iqtisadiyyatı tənəzzülə doğru getməyə başladı. Artım demək olar ki, yox idi. Əhalinin böyük əksəriyyətinin həyat şəraiti pisləşməyə doğru getdi. Şimali Koreya cəmiyyətinin stabilliyi əhalinin sərt nəzarəti və ideoloji propoqanda ilə təmin edildi. Repressiya orqanlarının fəaliyyəti və Kim İr Sen rejiminin ideoloji təsirinin demək olar ki, dünyada tayı-bərabəri yox idi.

Ölkənin bütün əhalisi onlarla ailənin birləşdiyi qruplara bölünmüşdü. Bu ailələr bir kvartalda və ya bir evdə yaşayırdılar. Hər qrupun başına təhkim edilmiş rəhbər böyük səlahiyyətlərə sahib idi. Məsələn, bu rəhbərin icazəsi olmadan koreyalı başqa yerdə gecələyə bilməzdi və evinə qonaq çağıra bilməzdi.

Ölkədə sərbəst hərəkət etmək ciddi surətdə qadağan edilmişdi. Qonşu qəzaya səfərlər də ancaq dəvət əsasında həyata keçirilirdi. Şimali Koreyada siyasi dustaqların dəqiq sayı bilinmir. Əsir düşərgələrinin kosmosdan çəkilən fotolarının analizinə əsasən 100-120 min nəfər olduğu ehtimal edilir. 1950-ci illərin sonundan ölkədə kütlə qarşısında edamlar həyata keçirilirdi. Rejimin əleyhdarları stadionlarda güllələnirdilər.

Hakimiyyəti təkbaşına ələ alan Kim İr Sen rejimi özünütərif kampaniyası ilə müşayiət edilirdi. 1960-cı illərdən Koreyada Kim İr Sen kultu geniş ölçüdə təbliğ edilirdi. 1972-ci ildən “Böyük Rəhbər”, “Xalqın günəşi”, “Məğlubedilməz dəmir sərkərdə”, “Qüdrətli respublikanın marşalı”, “Bəşəriyyətin xilaskarı” kimi ünvanlar onu daha da ruhlandırırdı. Kim İr Sen 60 illik yubileyində müasir dünyanın ən şöhrətli rəhbəri idi.

Yetkinlik yaşına çatan bütün koreyalılar sinələrində Kim İr Senin nişanını daşımalı idilər. Onun portretləri hər evdə, idarədə, metro vaqonlarında və qatarlarda asılmışdı. Koreya dağlarının qayalarına onun iri hərflərlə adı yazılmışdı. Bütün ölkədə ancaq Kim İr Sen və onun qohumlarının heykəli ucaldılırdı.

Rəhbərin ad günü dövlətin ən vacib və ən əsas bayramı idi. Hər bir koreyalı onun heykəlinə gül dəstəsi qoymağı özünə borc sayırdı. Kim İr Senin bioqrafiyası bağçadan məktəbə qədər, məktəbdən ali təhsil ocaqlarına qədər tədris edilirdi. Onun əsərlərini isə koreyalılar əzbərdən bilir, xüsusi iclaslarda əzbərdən söyləyirdilər.

Kim İr Senin olduğu hər yer xüsusi xatirə lövhəsi ilə bəzədilirdi. Hətta bir dəfə təsadüfən parkda oturduğu skamya da milli sərvət sayılır və qorunurdu. Uşaq bağçalarında uşaqlar yeməkdən əvvəl xorla rəhbərə xoşbəxt uşaqlıqları üçün təşəkkür edirdilər. İstənilən Koreya mahnısında Kim İr Senin adı hallanır, filmlərin qəhrəmanları isə ona olan sevgisindən şücayət göstərirdilər. Rəhbərin ümumdünya tarix prosesində rolunu öyrənən xüsusi surenqvan fəlsəfi cərəyanı da var idi.

Kim İr Senin həyat tərzi “üçüncü dünya”nın digər diktatorlarından fərqlənirdi. Paytaxt ətrafında Kim İr Senin sarayı olsa da, ölkənin hər yerində rezidensiyaları var idi. Çünki rəhbər tez-tez səfərə çıxır, ölkəni gəzirdi. Keçmiş partizan təyyarəni xoşlamırdı və əsasən dəmiryolu nəqliyyatına üstünlük verirdi. Onun qatarı çoxsaylı və etibarlı mühafizəçilər tərəfindən qorunurdu. Kimin mühafizə dəstələri əvvəlcədən səfər ediləcək əraziyə baş çəkirdi.

Kim İr Sen 1960-cı illərin əvvəlində yenidən ailə qurur (Kim Çjon Suk 15 il əvvəl vəfat etmişdi). Onun yeni arvadı Kim Son E. idi. Şayiələrə görə Kim Son rəhbərin xüsusi mühafizəsi rəisinin katibəsi idi. Amma qadının siyasi həyata təsiri minimum idi.

Kim İr Senin 1942-ci ildə Xabarovskda anadan olan oğlu Yuriy üçün xüsusi rol hazırlanırdı. Qeyd edək ki, Yuriy Kim İr Senin həyatda qalan yeganə oğlu idi. Onun Koreyada adı Kim Çen İr idi. 1970-ci illərin əvvəlində Kim İr Sen oğlunu vəliəhdi etmək fikrinə düşür. Bununla da Şimali Koreyada monarxiya tipli bir qurum yaradacaqdı. Kim İr Çen bu dövrdən başlayaraq xidmət nərdivanında yuxarı qalxmağa başlayır.

1970-ci illərin ortasında bu fikrə qarşı çıxan məmurlar səssiz-səmirsiz yoxa çıxırdı. 1980-ci ildə kommunist partiyasının VI qurultayında Kim İr Çen atasının varisi elan edildi. Təbliğat maşını işə düşdü. Kim İr Çenin qeyri-adi müdrikliyə, ağıla sahib olduğu barədə nağıllar danışılmağa başlandı.

1994-cü ildə Kim İr Sen vəfat etdi. Ölümdən sonra ölkədə 3 illik matəm elan edildi. Hakimiyyət onun oğluna ötürüldü. Kim İr Çenin bu ünvanları var: “Sevimli rəhbər”, “Ölümsüz Çuçxey İnqilab İşinin böyük davamçısı”, “Koreya Təbiətinin Şöhrəti”, “Məğlubedilməz Əbədi Rəhbər” və s.

Kim İr Senin ölümündən sonra ölkədə bütün bayraqlar aşağı endirildi. Şimali Koreya sakinləri kədərlərini küçələrdə nümayiş etdirməli idilər. 40 gün küçələri gəzən nəzarətçilər ağlamayanları həbsə atırdılar. Rəsmi olaraq matəm 11 gün davam etdi. Şimali Koreya liderinin matəm tədbirlərində iştirak etməyənləri 6 aylıq əmək düşərgələrinə göndərdilər.

Dahi rəhbərin meyiti “Kımsusan” mavzoleyindədir. Bu mavzoley 1995-ci ildə qurulub. Kim İr Senin meyiti mavzoleyin zallarından birində şüşə sarkofaqdadır. Ziyarətçilər sarkofaqın ətrafında dövrə vuraraq baş əyirlər. Mavzoleydə Kim İr senin avtomobili, zirehli vaqonu və digər əşyaları da saxlanılır…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button