Şirin Cəfərinin məhkəmə prosesi davam edir

Şirin Cəfərini
“Gündəm xəbər” qəzetinin təsisçisi ilə bağlı keçirilən məhkəmə prosesləri, artıq bu gün mətbuatın gündəmini zəbt edən mövzulardan birinə çevrilib. 2013-cü ildə “Gündəm xəbər” qəzetinin təsisçisi Cəfəri Şirin Abbasqulu oğluna qarşı, Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınması ilə bağlı çıxardığı 71.428 manat cərimə qərarından sonra, Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə ona qarşı cinayət işi qaldırıldı və toplanmış iş materialları Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə də göndərildi. Çox keçmədi ki, qaldırılmış cinayət işi ilə bağlı məhkəmə prosesi də keçirildi. 20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində Cəfəri Şirin Abbasqulu oğlu barəsində üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb o, Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti versə də, Apellyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayır. Cəfəri Şirin bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə də şikayətini ünvanlayır. 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məkhəməsinin çıxardığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanır. Belə bir qərarların çıxarılması onu söyləməyə əsas verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin onunla bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələnir. 20 may 2015-ci il tarixdə onun barəsində çıxarılmış iki il şərti cəza müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, təkrar Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə Cəfəri Şirin Abbasqulu oğlunun təqsirləndirilməsinə dair 152950067 nömrəli cinayət işi qaldırılır və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə göndərilir. Hal-hazırda işin araşdırılması, Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Artıq bu gündək qaldırılmış cinayət işi ilə bağlı bir neçə dəfə məhkəmə prosesi keçirilmiş və növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə saat 10:00-da keçirilməsi elan olunmuşdu.
Bu günədək keçirilən məhkəmə proseslərində dövlət ittihamçısı Vüsal Abdullayev olsa da, dünən keçirilməsi elan olunmuş prosesə başqa bir dövlət ittihamçısı, yəni Sadiq Əkpərov göndərilmişdi. Proses başlayarkən Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov bildirdi ki, “icra şöbəsindən əlavə iki nəfərin dindirilməsinə ehtiyac duyulmursa, o halda prokuror çıxışına başlaya bilər”. Hakimin təklifinə Şirin Cəfərinin vəkili Zaur Niftəliyev münasibət bildirərək “yaxşı olar ki, hər iki şahid məhkəməyə dəvət olunsun və onların da fikirləri dinlənilsin” dedikdə, dövlət ittihamçısı da edilən təklifə razı olduğunu bildirdi. Belə bir səbəb üzündən, məhkəmə prosesi təxirə salındı və növbəti prosesin 14 yanvar 2016-cı il tarixdə saat 10:00-da keçirilməsi elan olundu.
Cəfəri Şirin Abbasqulu oğlu barəsində qaldırılan cinayət işi ilə bağlı keçirilən məhkəmə prosesləri, artıq bu gün mətbuatın gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Belə bir səbəblər üzündəndir ki, “Gündəm xəbər” qəzetinin təsisçisi haqda məlumatlı olan, yaxud da onu daha yaxından tanıyan KİV nümayəndələri, bundan sonra da keçiriləcək məhkəmə proseslərini daim diqqətdə saxlayacaqlarını bəyan edirlər. Çünki onlar Şirin Cəfəri barəsində qaldırılan cinayət işini azad mətbuata basqı kimi qiymətləndirməkdən çəkinmirlər.
Növbəti məhkəmə prosesi 19 yanvar 2016-cı il tarixdə saat 10:00-da keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button