Siyasətə qarışmayanlara…

Aynur İmran

İstanbuldan “Xural” qəzeti üçün

Post-referendum dövründə ilk dəfə olaraq yağış yağdı. Təbii ki, referendumda saxta bülleten atanlar, ağızdolusu YAP-a yaltaqlananlar suya batmadı, tıxacda qalmadı. Axı onlar bu ölkəni kimin ABAD etdiyini yaxşı bilirlər, onların dəstəkçisidirlər. Yolda qalan, suya batan elə bu “düşmən”, “antimilli ünsürlər” oldu. Məsələn, dünən bir video yayıldı, polislər küçədə vətəndaşı döyür, sürüyür. Ondan əvvəl bir hamilə qadının ərinə təpik atmaqları ilə bağlı da video vardı. Yəqin xatırlayırsız. Onlar kəsin müxalifətçilərdir. O videodakı “Prado” sürən oğlan da həmçinin. Yoxsa polis höküməti dəstəkləyən adama niyə təpik atsın ki?! Əsgərlikdə oğlanları qətl edilənlər də müxalifətçilərdir, xəstəxanalarda öldürülənlər də. Axı bu hakimiyyətin dəstəkçiləri bir-birini gözündən tanıyır, siyasətə qarışmayanları da həmçinin. Bilir ki, susub “ümumi işə” mane olmayanlar incidilə bilməz. Məsələn, nazir oğlunun maşını küçədə siyasətə qarışmayanları, saxta bülleten atanları, hökümət dəstəkçilərini “obqon” eləmir, onları maşınla vurmur, səhvən bir vətəndaş onların maşınını keçəndə düşüb onları döymür. Ağı qaradan seçə bilən hökümətdir bizim hökümətimiz, qiymət verəndir.

Məsələn, Eldar Sabiroğlu hökümətin necə illik qulluqçusudur. Oğlu “sözə baxmırdı”, tutdular saldılar içəri ki, “tərbiyələnsin”. Özü də hökümət bu işlə birbaşa məşğul olur. Və ya Əli İnsanov, təqaüdə çıxanda neynəyəcəkdi? Ona iş verdilər, indi həbsxanada məhbusları müalicə edir, həyatına rəng gəlib. Məsələn, deyirlər a, təqaüdçülər 120 manat alır, sağlamlıq sığortası olmadığı üçün normal müalicədən məhrum qalır. Bunun hökümət yandaşlarının qohumlarına aiddiyyatı yoxdur ki, amma müxalifətçilərin qohumlarına bu da azdır, betər olsunlar. Onlara 120 manat da çoxdur.

Və ya Qarabağ bizim nəyimizə lazımdır?! Əsas odur ki, stabillik var, maaşlarımız vaxtlı-vaxtında verilir, oturub bir parça çörəyimizi qazana bilirik. Bir-iki nəfər qeyri-döyüş şəraitində öldürülür, o da bizdən deyil. Stabilliyi pozmaq istəyən bəziləri polis şöbələrində pəncərədən tullanıb ölürlər, amma biz bilirik onların məqsədlərini, belə oyunlar keçməz…

Nə isə… İndi isə bir az ciddi. Şüurlu insan öz cəmiyyətinə görə məsuliyyət daşımalıdır. Ölkədə işsizlik artıb? Fahişəlik çoxalıb? Hər gün intiharlar baş verir? Əsgər ölümləri, müalicə üçün sosial şəbəkələrdə pul üçün yalvaranların sayı günbəgün artır? O zaman bilin ki, siz siyasətə qarışmıram deyə bilməzsiniz. Çünki o qanlarda sizin də əliniz var. Siz susduğunuz üçün etiraz edənlər gücsüzdür, siz susduğunuz üçün ölkəni ələ keçirmiş rejim bu qədər tərbiyəsizdir. Bu hökümətin əli qədər sizin də əliniz qanlıdır. Heç düşünmüsünüzmü, sabah siz haqsızlıqla qarşılaşanda kim danışacaq? Pulla, rüşvətlə həll edə bilmədiyiniz problem olanda nə baş verəcək? Məsələn, bir doğmanız öldürülsə, onu geri qaytarmaq mümkün olacaqmı? Oturub bu suallarla bağlı ciddi-ciddi düşünməniz lazımdır.

Və unutmayın – görürsünüzsə, eşidirsinizsə, şahidsinizsə, məsulsunuz! Cavabdehsiniz!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button