Siyasi məhbus probleminə baxış – kimin əmisi oğlusunuz?

Azərbaycanda siyasi məhbus probleminin yaşı çoxdur. Hələ Sovetlər Birliyinin tərkibində olduğu müddətdə ölkəmizdə siyasi məhbuslar və dissidentlər olub. Amma bu problem o zaman indiki qədər aktual olmayıb və geniş yayılmayıb. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə paralel olaraq ciddi şəkildə siyasi məhbus problemi də meydana gəldi və bu problem artan xətt üzrə davam etdi. Həmin vaxt yeni hakimiyyət Milli Məclisin keçmiş sədri İsa Qəmbəri parlament binasında həbs etməklə siyasi məhbus probleminin açılışına rəsmi start verdi. Ötən müddət ərzində ölkədə siyasi baxışlarına görə həbs olunan şəxslərin sayı artmağa başladı və hətta ölkəmiz Avropa Şurasına üzv olan ərəfədə bu rəqəm 718-in üzərində olub.

Azərbaycan son 23 ildə həmişə Avropanın siyasi məhbus problemindən ən çox əziyyət çəkən ölkələrindən biri olub. Konveyer üsulu ilə bir qrup siyasi məhbus həbsdən buraxılıb onların yerinə yeniləri həbs olunub. Həbsdən buraxılanların böyük əksəriyyəti yerli və xüsusən, beynəlxalq təşkilatların ciddi dəstəyi ilə azadlığa çıxıb.

Müstəqil Azərbaycanın 23 yaşlı siyasi məhbus problemi…

Apardığımız araşdırmalar göstərir ki, ötən 23 ildə, konkret olaraq 1993-cü ildən Azərbaycanda minlərlə şəxs ictimai- siyasi baxışlarına və fəaliyyətinə görə həbs olunub. Bu şəxslərin təxminən 1500 nəfərdən çoxu yerli hüquq müdafiə və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb. Maraqlıdır ki, həmin məhbusların çoxunun adını ilk dəfə tanınmış hüquq müdafiəçisi Leyla Yunus yerli və beynəlxalq ictimaiyyətə təqdim edib və onun köməkliyi ilə həmin insanlar siyasi məhbus kimi tanınıb. Təkcə onun tərtib etdiyi 2 siyahıda (718 nəfərlik və 134 nəfərlik-red.) ölkədə olan son 23 ildəki siyasi məhbusların yarıdan çoxunun adı yer alıb.

Kimlər siyasi məhbus hesab edilir?

Uzun müddət bu sual cəmiyyətdə müzakirə mövzusu olub. Mövzunu aktuallaşdıran şərtlərdən biri Azərbaycan hakimiyyətinin ölkəmizdəki siyasi məhbuslarla bağlı məruzəçi Ştrasserin AŞPA-ya təqdim etdiyi hesabatı qəbul etməməsi ilə bağlı irəli sürdüyü tezis olub. Rəsmi Bakı mövqeyini onunla əsaslandırıb ki, siyasi məhbuslarla bağlı vahid kriteriya yoxdur. Fikir ayrılıqlarına və mübahisələrə son qoymaq üçün Avropa Şurası Parlament Assambleyası 03 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsi ilə siyasi məhbuslarla bağlı 5 kriteriya qəbul edib. Həmin kriteriyalara görə həbs edilmiş şəxs aşağıdakı hallarda siyasi məhbus hesab edilir:

  1. əgər saxlanma Avropa İnsan Haqları Konvensiyası və onun protokollarında təsbit olunmuş fundamental təminatlardan biri, xüsusilə fikir, vicdan və din azadlığı, ifadə və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə;
  2. əgər saxlanma heç bir cinayətlə əlaqəsi olmadan sırf siyasi səbəblərdən həyata keçirilibsə;
  3. əgər siyasi səbəblərdən, saxlanmanın müddəti və ya onun şərtləri şəxsin şübhəli və ya təqsirkar hesab edildiyi cinayətə aydın şəkildə proporsional deyilsə;
  4. əgər siyasi səbəblərdən, şəxs digər şəxslərlə müqayisədə ayrı-seçkilik şəraitində saxlanılırsa;
  5. əgər saxlanma aydın şəkildə ədalətsiz məhkəmə proseslərinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Məhz son illər ölkəmizdə hüquq müdafiəçiləri siyasi məhbuslarla bağlı siyahı hazırlayarkən bu kriteriyaları əsas götürürlər.

Azərbaycanda siyasi məhbusların sayı. Ölkəmizdə siyasi məhbusların sayı ilə bağlı həmişə fikir ayrılığı olub. Hakimiyyət birmənalı şəkildə ölkədə siyasi məhbus olmadığını iddia edib və bu gün də öz fikrində qalır. Siyasi motivlərlə həbs olunan şəxsləri müdafiə edən və onların siyahısını hazırlayan hüquq müdafiəçilərinin də problemə baxışı fərqli olub. İlk baxışda bu, fərqli düşüncənin məhsulu kimi görünsə də, sonradan bir çox hallarda problemin mahiyyətində kənar təsirlərin, xüsusən hakimiyyətin “gizli əli” olduğu aşkara çıxıb. Məsələn, zaman-zaman siyasi baxışlarına görə şərlənərək həbs olunanları tərtib etdikləri siyahıya daxil edən hüquq müdafiəçilərinin bəziləri sonrakı dönəmlərdə həmin məhbusların adlarını öz siyahılarında ixtisara salıb azaltmağa, bir qismi isə ümumiyyətlə Azərbaycanda bu kateqoriyadan məhbus olmadığını iddia etməyə başladı. Bir qismi isə özünü daha pis vəziyyətə salmamaq üçün üzüsulu şəkildə bu işdən geri durdu – qeybə çəkildi. Təbii ki, siyasi məhbusların sayını azaltmağa, ölkəmizdə bu növ məhbusların olmadığını iddia etməyə başlayan, mövqeyindən geri çəkilərək siyasi məhbusları “problemli məhbuslar” kimi təqdim edən hüquq müdafiəçilərinin sonradan hakimiyyətin yanında yer aldığı aşkara çıxdı.

Hakimiyyət ölkədə siyasi məhbusların olmadığını iddia etsə də, zaman-zaman bu problemlə manipulyasiya edib, bir sıra Qərb ölkələri və təşkilatları ilə siyasi “alış-veriş”-ə girib. 2012-ci ildə AŞPA-nın məruzəçisi Ştrasseri ölkəyə buraxmayıb, onun hesabatının qəbul olunmaması üçün “Kürü diplomatiyası”-nın imkanlarından istifadə edib. Sonrakı dönəmdə yerli və beynəlxalq ictimaiyyəti aldatmaq, imitasiya etmək üçün Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun rəhbərliyi altında hökümət və “müstəqil” vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət İşçi Qrup yaradıb. Amma nəinki problem həll olunub, əksinə, siyasi məhbusların sayı son illər 2 dəfə artıb.

Ölkəmizdə siyasi məhbusların kimliyi və sayı ilə bağlı yenə də fikir ayrılığı gündəmə gəlib. Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin sıradan çıxarıldığı, müstəqil medianın çökdürüldüyü, məhkəmələrin qeyri- müstəqil olduğu, repressiyaların davam etdiyi hazırkı dövrdə ölkəmizdə ictimai, siyasi, dini, bloggerlik, jurnalist, hüquq-müdafiə fəaliyyətinə  görə hazırda 100-lərlə şəxs qanunsuz həbs həyataı yaşayır. Müstəqil vəkillərin sayının az olduğu, olanların da hakimiyyət tərəfindən sıxışdırıldığı, Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldığı, məhbuslara vaxtında və lazımi peşəkar hüquqi xidmətin göstərilməsi problem olaraq qaldığı, təzyiq və repressiyaların davam etdiyi indiki məqamda ictimai-siyasi fəallığına, tənqidçi mövqeyinə görə həbs olunan bütün şəxslər barədə məlumat toplayıb, onları aşkara çıxarıb müəyyənləşdirmək müəyyən çətinliklər yaradır. Bu kateqoriyadan olan bəzi şəxslər isə köməksiz və inamsız durumda, bir qismi isə təzyiq və təhdid altında olduqlarından, bəziləri isə şirin vədlərlə aldadıldıqları üçün zamanında hüquq müdafiəçiləri ilə təmas qura bilmirlər.

Son siyasi məhbus siyahısı barədə. 2014-cü ilə qədər fərqli siyasi məhbus siyahıları olub. Məhz həmin vaxt bir çox ictimai-siyasi fəalların, bu siyahını hazırlayan hüquq müdafiəçilərinin həbsindən sonra vahid siyasi məhbus siyahısı hazırlamaq zərurəti meydana çıxdı və razılaşma əsasında 98 nəfərlik siyasi məhbus siyahısı elan olundu. Son 2 ildə müstəqil hüquq müdafiəçilərinin yer aldığı Siyasi Məhbuslarla bağlı İşçi Qrup vahid siyasi məhbus siyahılarını hazırladı və yaydı. Bu yaxınlarda isə öncə İşçi Qrup adından 94 nəfərlik siyahı, ardınca isə İşçi Qrupun üzvü olmuş hüquq müdafiəçiləri Leyla Yunus, Elşən Həsənov və mənim tərəfimdən hazırlanan və geniş ictimai siyasi şəxslər və qurumlar tərəfindən dəstəklənən (həmin siyahını 40-dan çox tanınmış ictimai-siyasi şəxslər və təşkilatlar dəstəkləyib – red.) 166 nəfərlik siyahı ictimaiyyətə təqdim olundu. Əslində bu siyahılar bir-birinə zidd və alternativ deyil, biri digərini inkar etmir. Əksinə, 166 nəfərlik siyahı 94 nəfərlik siyahını davamıdır və onu tamamlayır. Fərq budur ki,  166 nəfərlik siyahıda 94 nəfərlik siyahıdan fərqli olaraq bir çox məhbusların adları, xüsusən 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı həbs olunan dindarların, həbsi siyasi motivli olan bir çox şəxslərin, eləcə də ömürlük həbs cəzasına məhkum edilmiş bir qrup məhbusun adları həmin siyahıya daxil edilib. Təəssüfedici haldır ki, “həbsində siyasi motivlər olan məhbusların, xüsusən “Nardaran məhbusları”-nın adları niyə 94 nəfərlik siyasi məhbus siyahısına daxil edilməyib?” sualını cavablandırmaq əvəzinə, həmin siyahını müdafiə edən bəzi şəxslər Napoleon Bonapartın məşhur “ən yaxşı müdafiə hücumdur” deyimini əsas götürərək Leyla Yunusa və 166 nəfərlik siyasi məhbus siyahısını hazırlayan və həmin siyahını dəstəkləyən şəxslərə qarşı əsassız hücuma keçiblər. Hətta yaşı Leyla Yunusun bu sahədə təcrübəsi qədər olan bəzi şəxslər bir az da qabağa gedərək (Leyla xanım 30 ildir hüquq müdafiə fəaliyyəti ilə məşğuldur- red.) onu  qeyri-peşəkarlıqda ittiham edirlər (!?).

“Nardaran məhbusları” niyə siyahıya daxil edilməyib?

Bu suala cavab verənlər qeyd edirlər ki, “Nardaran işi” ilə bağlı məlumatları tam toplaya bilməyiblər. 26 noyabr 2015-ci ildə Bakıda, Nardaran qəsəbəsində baş verən hadisələrdən 11 ay ötür. Adama sual edərlər; necə ola bilər ki, Avropanı şəhər-şəhər gəzib istənilən şəxslə görüşüb müzakirə aparmaq olur, amma Bakının mərkəzində evi güllə-baran edilmiş, atası, qardaşı, əri şərlənib həbs olunmuş, ağır işgəncələrə məruz qalıb qətlə yetirilmiş şəxslərin yaxınları ilə görüşmək olmur? Nə də ki, onlar bir dəfə də olsun “Nardaran işi” ilə bağlı məhkəmə prosesində iştirak edib həqiqətləri eşitmək istəməyiblər. Bunun adı cəsarətsizlik, yoxsa səhlənkarlıqdır? Baş vermiş hadisədən 11 ay ötməsinə baxmayaraq, kimsə Nardaran hadisələri ilə bağlı həbs olunanlar haqqında məlumat toplaya bilməyibsə bu, həm də onun problemi və qeyri-peşəkarlığı, bu işə məsuliyyətsiz yanaşmasıdır. Belə olan təqdirdə əziyyətə və risqə qatlaşaraq bu məlumatları toplayıb onların adlarını siyahıya daxil edənlərə hücum çəkmək hansı məntiqdən və peşəkarlıqdan irəli gəlir?

“Nardaran işi” ilə bağlı həbs olunan şəxslər barədə məlumatlar, həmin məlumatları əldə edə bilmədiklərini iddia edən şəxslərə siyahı açıqlanmamışdan öncə təqdim olunub və bu məlumatları özündə əks etdirən yazı mətbuatda dərc olunub (http://www.contact.az/docs/2016/Want%20to%20Say/101300171507az.htm?5#.WA6Ao_l97cc). Siyahıda 87 nəfərin adı, soyadı, atasının adı, onların həbs olunduğu tarix, ittiham olunduqları maddələr, həbsin siyasi motivləri və digər məlumatlar yer alıb. Yazı dərc olunduqdan dərhal sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi oktyabrın 14-də yazı müəllifi olaraq məni adı çəkilən idarəyə dəvət edərək yazı və orada səslənən fikirlərlə bağlı öz narahatlıqlarını bildirməklə qurum adından mənə xəbərdarlıq ediblər. Necə ola bilər ki, 87 nəfərin adlı siyahısı, onlar barədə əraflı məlumat ölkənin ən üzdə olan qurumunu hərəkətə gətirə bilir, onları narahat edir, amma özlərini peşəkar hesab edən “hüquq müdafiəçiləri”-ni hərəkətə gətirmir? Bu məlumatlar onların diqqətini “çəkmir”? Kimsə bu məlumatlardan istifadə etmək istəmirsə bu, yazı müəllifinin və “Nardaran məhbusları”-nın problemi deyil. Həmin şəxslərin öz problemidir.

Necə ola bilər ki, Taleh Bağırzadəyə görə Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin şərlənərək həbsdə olan, heç bir günahı olmayan 10 üzvünün adı siyasi məhbus siyahısına salınmasın? Nə üçün hazırda məhkəməsi gedən Taleh Bağırzadə və digər 17 nəfərlə birlikdə həbs edilən, onlarla eyni maddə ilə ittiham olunan, ağır işgəncələrə məruz qalıb beli və qabırğaları sındırılan, hazırda ölüm ayağında olan Əbülfəz Bünyatov siyasi məhbus sayılmır? Necə ola bilər ki, Nardaran camaatının yaxından tanıdığı, evinə silah qoyulub həbs edilən, Cinayət Məcəlləsinin (CM) 228.1-ci maddəsi ilə ittiham olunan, 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Nardaran pirinin axundu Nuhbala Rəhimli, eləcə də onunla bərabər Sabunçu məhkəməsində qondarma ittihamlarla suçlanaraq cəza almış 26 nəfər günahsız Nardaran sakini siyasi məhbus siyahısına daxil edilmir? Həmin şəxslərin əksəriyyəti CM-nin 233-cü maddəsi (ictimai qaydanın pozulması) ilə ittiham olunub. Maraqlıdır, 26 noyabr hadisələri zamanı adı çəkilən qəsəbədə ictimai asayişi kim pozub; qəsəbənin hüzurunu qaçıran, orda əlində silah qeyri- peşəkar qanlı əməliyyat keçirən, günahsız insanlara işgəncə verib onları qətlə yetirənlər, yoxsa bu hadisələri sükutla izləyən dinc, günahsız qəsəbə sakinləri? Həmin hadisələrlə bağlı yerli dinc, günahsız sakinləri CM-nin 233-cü maddəsi ilə ittiham etmək, həbsə atmaq tam mahiyyəti ilə siyasi motivlidir, əsassız və qanunsuzdur.

Eyni zamanda həbsdə olan siyasi məhbus, İslam partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadənin oğlu Məhəmmədəli Axundzadə atasını və dindarları müdafiə etdiyinə görə şərlənib həbs edilib. Onun adı nəyə görə siyasi məhbus siyasına daxil edilməməlidir?

Eləcə də, dini cameədə yüksək intellektə, nüfuza və tənqidçi mövqeyə malik olduğuna görə MTN-nin son 10 ildə Azərbaycanda həyata keçirdiyi “vətən xainlərini ifşa etmək” qondarma şousunun qurbanı olan ilahiyyatçı alim Hacı Elşən Mustafaoğlu niyə siyasi məhbus hesab edilməməlidir?

Siyahıda dindarların çoxluğundan narahat olanlar…

Siyahı dərc olunduqdan sonra ən xoşa gəlməyən məqamlardan biri müxalif olduqlarını iddia edən bəzi şəxslərin həmin siyahıda çoxlu dindar məhbusların yer almasından dolayı keçirdikləri narahatlıqdır. Adama sual edərlər; sən kimin əmisi oğlusan; ayının, yoxsa…? 

Siyasi məhbusla vicdan məhbusunun dəqiq sərhəddini ayrıd edə bilməyənlərin dindar məhbusları siyasi məhbus saymağı hakimiyyətin dəyirmanına su tökmək kimi qələmə verməsi absurddur. Bu insanlar sadə bir məntiqi anlamaqda çətinlik çəkirlər ki, insanlar dini, siyasi, irqi mənsubiyyətlərinə görə deyil, hüquqlarının pozulub- pozulmamasına görə siyasi məhbus elan edilirlər. Adları siyahıya daxil edilən məhbusların həbsi konkret olaraq AŞPA-nın siyasi məhbuslarla bağlı məlum kriteriyalarına uyğun gəlir. Əslində ölkədə siyasi məhbus siyahılarının hazırlanması və həmin siyahıya dindar şəxslərin daxil edilməsinə qarşı ən kəskin mövqedə duran tərəf hakimiyyətdir. Özünü müstəqil tərəf və müxalifətçi hesab edənlər bu məsələdə hakimiyyətlə eyni mövqeyi paylaşmaq istəyirlərsə bizim üçün bu mövqe də başa düşüləndirSağlam və muxalif mövqedə dayandığını iddia edən şəxslər bilməlidirlər ki, ölkədə dindarlarları şərləyib həbsə atan, onlara divan tutan, saylarının siyasi məhbus siyahısında daha çox olmasının səbəbkarı hüquq müdafiəçiləri və müxalifət partiyaları deyil, hakimiyyətdir. Digər tərəfdən dindarlar da bu ölkənin bərabər hüquqlu vətəndaşlarıdır. Bu ölkə həm də onların Vətənidir. Əgər hakimiyyət onları şərləyib qanunsuz həbs edirsə, onlara divan tutursa demokratik düşərgə təmsilçiləri niyə onları müdafiə etməməlidir? Bəyəm Ümumdünya insan haqları Konvensiyaları, bəşəri dəyərlər  dini kəsimin hüquqlarını müdafiə etməyi yasaqlayırmı? Xalqa söykəndiyini bəyan edən qüvvə ölkə vətəndaşının marağından çıxış edib onun qanuni haqqını qorumalıdır, yoxsa hakimiyyətin fitnəkar təhdidlərindən qorxub susmalıdır? Həqiqi müxalif qüvvə hakimiyyətin, xarici qüvvələrin deyil, xalqın əzilən, tapdanan insanlarının mənafeyindən çıxış etməlidir.

Siyasi məhbus siyahısında sifariş axtaranlar

Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edir ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır… 166 nəfərlik siyasi məhbus siyahısının Milli Şura və AXCP rəhbərliyinin göstərişi ilə hazırlanması iddiaları cəfəng və absurd iddiadır. Həmin siyahını hazırlayan 3 nəfər arasında ümumiyyətlə AXCP üzvü yoxdur. Müəllifi AXCP üzvü olmayan bir sənəd necə AXCP rəhbərliyinin göstərişi ilə hazırlana bilər? Sənədi dəstəkləyən 40 nəfərdən artıq tanınmış ictimai-siyasi fəallardan isə yalnız 5 nəfər AXCP üzvüdür. Dəstəkləyənlərin əksəriyyəti bitərəf və digər təşkilatların  üzvüdür. Digər tərəfdən, Milli Şura və AXCP dini, siyasi, irqi mənsubiyyətindən asılı olmayaraq hüquq tapdanan hər kəsi müdafiə edib və bu gün də edir. O cümlədən şərlənib həbs olunan dindarları da fərq qoymadan müdafiə edir.

Siyahının texniki problemləri. Hər hansı bir sıyahıda texniki problemin olması təbii haldır, ideal sənəd və iş yoxdur. Azadlığa buraxılmış bəzi şəxslərin adının siyahıda qalması ilə bağlı qeyd olunmalıdır ki, həmin şəxslərdən bəzisi azadlığa çıxsa da onlar məhkəmənin qərarı ilə cəzalarının qalan hissəsini Cəza Çəkmə Müəssisəsində deyil, Məntəqə Tipli Cəza Çəkmə Müəsissəsində çəkir (məsələn, siyasi məhbus Bəxtiyar Qurbanov 16 saylı CÇM-də keçirilən daxili məhkəmə qərarı ilə cəzasının qalan hissəsini Məntəqə Tipli CÇM-də çəkir- red.). Onların üzərində məhkumluq və digər məhdudiyyətlər qalır. Əvvəlki və hazırkı praktikada da Məntəqə Tipli Cəza Çəkmə Müəsissəsində cəza çəkən siyasi məhbusların adları həmişə siyasi məhbus siyahısında saxlanılıb.

İstənilən siyahıda problem, qüsur tapmaq mümkündür. Məsələn, 94 nəfərlik siyahıda Zərdab rayonunun keçmiş prokuroru Rüfət Səfərovla bağlı bölümdə ciddi yanlışlığa yol verilib. Onun, atası Eldar Sabiroğlunun prezident administrasiyasının rəhbəri Ramiz Mehtiyevə görə həbs olunduğu bildirilir. Amma Rüfət Səfərov daha çox prokurorluq orqanlarından istefa verdiyinə və kəskin çıxışlarına görə həbs olunub. Biz bu nüansı sadəcə texniki xətaların labüdlüyü naminə qeyd etdik…

“Ömürlük məhbuslar”- lar niyə siyahıya daxil edilməlidir?

a) Bildiyiniz kimi Milli Məclis tərəfindən ölüm hökmü ləğv edilərkən ömürlük həbs cəzasına məhkum edilmiş məhbuslarla bağlı məhkəmə qərarı olmayıb. Bu, ciddi qanun pozuntusudur. Hazırda onların arasında elə məhbus var ki, 22-23 ildir ki cəza çəkirlər.

b) Onlara qarşı münasibətdə siyasi məhbuslarla bağlı məlum kriteriyanın tələbləri pozulub, ayrı-seçkiliyə yol verilib. Məsələn, Surət Hüseynovun işi üzrə eyni motivlə ittiham olunan və ömürlük həbs cəzasına məhkum olan dustaqlar var. Necə ola bilər S.Hüseynov azadlığa çıxır, amma onlar yox. Və yaxud da həbsdə olan bir çox “OMON”-çular əfv olunsalar da onların yoldaşlarından bəziləri hələ də həbsdədir.  Bu, ayrı-seçkilik deyilmi?

v) Digər tərəfdən, kiçik araşdırma aparsaq görərik ki, bir neçə il bundan öncəyə qədər onların adları əksər hüquq müdafiəçilərinin siyahılarında qeyd olunub (bax; http://www.europapraw.org/files/2013/10/HRC-list-of-political-prisoners-in-Azerbaijan-1-Oct-2013.pdf). Hətta Novella Cəfəorğlu, Sahib Məmmədov və digərlərinin üzv olduqları Monitorinq Qrupu da onların adlarını siyasi məhbus siyahısına daxil ediblər (http://news.day.az/politics/24482.html). Eyni zamanda AŞPA-nın siyasi məhbuslarla bağlı Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin məlum siyahısında da “ömürlük məhbuslar”-ın adları yer alıb (http://topnews.az/news/180293/Siyasi-mahbuslarla-bagli-Shtrasserin-yeni-siyahisi.html).

d) “Ömürlük məhbuslar”-ın adlarının siyahıdan çıxarılmasının “əsaslandıran”-lar fikirlərini belə ifadə edirlər ki, onları Avropa Şurasının ekspertləri siyasi məhbus hesab etmədi. Avtomatik olaraq 2 sual yaranır; məgər Avropa Şurası Ştrasserin siyasi məhbus siyahısını qəbul etdimi? Buna görə Azərbaycan hakimiyyətinə hər hansı ciddi təzyiq mexanizmini işə saldımı? Təbii ki yox. Digər tərəfdən, necə ola bilər ki, Avropa Şurası eskpertləri ölkəmizdə total saxtakarlıq şəraitində keçirilən seçkiləri demokratiyaya doğru bir addım hesab edəndə onları tənqid edib mövqeyini bölüşmürük, amma siyasi məhbuslarla bağlı ədalətsiz rəy verəndə onların fikrini əsas götürüb siyasi məhbusların adlarını dərhal siyahıdan çıxarırıq?

Yekun. Siyasi məhbusların mövcudluğu bu hakimiyyətin mahiyyəti və varlığı ilə bağlıdır. Yəni xalqdan dəstək almayan, mövcudluğunu zor gücünə saxlayan hakimiyyyətin seçkiləri saxtalaşdırması, fərqli düşünən müstəqil vətəndaş cəmiyyəti nümayəndələrini, ictimai-siyasi fəalları repressiya edib sıxışdırması və həbsə atması labüddür. Bu baxımdan nə qədər ki, ölkədə bu repressiyalar davam edəcək, avtoritar rejim qalacaq ölkədə siyasi məhbus problemi də mövcud olacaq. Bu siyasət davam etdikcə siyasi baxışlarına, fəaliyyətinə və mövqeyinə görə həbs olunanlar da olacaq və onların sayı açıqlanan siyahılardan dəfələrlə çox olacaq. Ona görə də ölkədə siyasi məhbus probleminə gerçək baxış ümumiləşməli və konkretləşməlidir. Hüquq müdafiəçiləri onların gerçək sayının və kimliyinin müəyyənləşməsinə nail olmalı, təqiblərə məruz qalıb həbs olunanlar, onların yaxınları isə hüquq müdafiəçiləri ilə əməkdaşlıq edib məlumatların onlara çatdırılmasına çalışmalıdır.

Azərbaycan hakimiyyəti də qəbul etməlidir ki, sağlam və ədalətli dövlətlər güclü vətəndaş cəmiyyətinin olduğu olkələrdə  mövcud olur. Son baş verənlər də göstərdi ki, hakimiyyətə real təhlükə vətəndaş cəmiyyətindən deyil, onun daxilindən, yürüdülən yarıtmaz siyasətdən və bu siyasətdən narazı qalan ölkədə sosial problemlərdən əziyyət çəkən xalqdan gəlir. Əksinə sağlam vətəndaş cəmiyyəti xalqla dövlət arasında körpüdür. Hakimiyyət bu körpünü dağıtmaqla özünü narazı və qəzəbli xalqla üz-üzə qoyur.

Beynəlxalq təşkilatların da Azərbaycan hakimiyyətinə təsir müxanizmləri artırılmalı və güclənməlidir. Təsir alətləri vaxtında effektli həyata keçiriləndə müsbət nəticələri də olur. Məsələn, 25 oktyabrda Astana da keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə beynəlxalq İdarə Heyətinin iclasında Azərbaycanın bu Təşəbbüsdə status məsələsinə baxılacağına, qəbul olunmuş İslahedici planın yerinə yetirilmə vəziyyəti müzakirə olunacağına görə son günlər MSŞA Koalisiyasının üzvü olan bəzi QHT- lərin problemlərinin həllinə diqqət yönəlib. Amma sözsüz ki, bu problemlərin həlli mövsümü olmamalı, hansısa mühüm beynəlxalq toplantı öncəsi yada düşməməli və problemə fundemental, köklü yanaşma olmalıdır. Bunun üçün toplumun müqaviməti artmalı, yerli və beynəlxalq təşkilatların əməkdaşlığı güclənməlidir. Güc o səviyyəyə çatmalıdır ki, hakimiyyət geri çəkilməyə məcbur olsun, demokratik açılıma şərait yaradılsın. Siyasi məhbusların mövcudluğu və onların fərqli siyahıları deyil, ölkənin demokratik inkişaf modelləri müzakirə mövzusu olsun.

Oqtay GÜLALIYEV, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button