Siyasi məhbuslar niyə buraxılmadı?

17.03.2012

Mehman Əliyev: “Hesab edirlər ki, tələblər qarşısında geri addım atsalar, zəif görünəcəklər”

Budəfəki əfv fərmanı siyasi məhbus problemini nəinki həll etmədi, heç onun yanından da ötmədi. Ruslan Bəşirli və Elnur Isrəfilov istisna olmaqla yerli hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların siyahılarına düşən məhbusların heç biri azadlığa çıxmadı.

Halbuki bu dəfə “Eurovision”la bağlı müəyyən gözləntilər var idi. Etirazları və narazılığı ən azı yarışmaya qədər səngitmək üçün əfvə bir çox siyasi məhbusların düşəcəyi ehtimal olunurdu. Amma göründüyü kimi, hökumət yenə öz ənənəsinə sadiq qalaraq geri addım atmaq istəmədi.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət öz zəifliyini göstərmək istəmədiyi üçün belə davranır: “Hesab edirlər ki, tələblər qarşısında geri addım atsalar, məhbusları azadlığa buraxsalar, zəif görünəcəklər. Ona görə də həmişəki mövqeyində qalır ki, təzyiq altında heç nəyi edən deyillər”.
M.Əliyevin sözlərinə görə, ancaq o adamlar buraxılır ki, əfv üçün ərizə yazırlar: “Bu bir təcrübədir və ondan hələ də vaz keçmək istəmirlər. Yəni adam etiraf etsin ki, səhv edib və bu yolundan dönür. Bu yolla həmin adamı sıradan çıxarmaq istəyirlər ki, gələcəkdə hər hansı mübarizəyə qoşulmasın. Bu hökumət üçün hər bir güzəşt qarşı tərəfin də güzəşti əsasında olmalıdır. Daxili problem xarici qüvvələrlə alver predmetinə çevrilir. Bununla da hakimiyyət özü üçün daha uzun müddətli təminatlar istəyir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button