Siyasi məhbuslardan son xəbərlər…

Siyasi məhbuslardan son xəbərlər...

Leyla Yunus dekabrın 7-də azad oluna bilər; Nemət Pənahlının Qobustanı cəza müddəti yanvarın sonlarında başa çatır; Yadigar Sadıqov azadlığa buraxılması üçün məhkəməyə müraciət edib

Son günlərin əsas müzakirə mövzularından biri Yeni ildə əfv veriləcəyi barədə yayılan xəbərlərdir. Xüsusilə, qadın məhbus Leyla Yunusun həyat yoldaşı Arif Yunus barəsində verilən məhkəmə qərarı ümidləri daha da artırıb.
Ekspertlər hesab edirlər ki, noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra hakimiyyətin siyasi məhbuslarla bağlı siyasəti dəyişib. Bu açıq şəkildə sezilməkdədir. İqtidarın siyasətində yumşalma müşahidə olunmaqdadır.
Hazırda bütün diqqətlər dekabrın 7-də keçiriləcək Leyla Yunusun Apellyasiya Məhkəməsinə yönəlib. Çoxları ümid edir ki, həmin gün Yunuslar ailəsinin digər üzvü barədə də həbs qərarının dəyişdirilməsi ola bilər.
Leyla Yunusun vəkili Elçin Qəmbərov dekabrın 7-dəki məhkəmədən ümidli danışdı: “Ayın 7-də prosesin yekunlaşacağını deyə bilmərəm. Hər şey proses iştirakçılarından asılıdır. Həmin günə ümidimiz var. Arif Yunus azadlığa buraxıldıqdan sonra müəyyən ümidlər yaranıb. Leyla xanımın səhhəti yaxşı deyil. Günü-gündən pisləşməyə doğru gedir. Bizim üçün əsas məsələ onun səhhətidir. Sağlamlığının əvvəlki vəziyyətə qayıtması azadlığa buraxılmasından keçir. Çünki o şəraitdə müalicə olunması mümkün deyil”.
Digər məhbusların da son durumları ilə maraqlandıq.
Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atası ilə noyabrın 24-də görüşəcəyini, ondan sonra ətraflı məlumat verəcəyini bildirdi.
REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova cəzaçəkmə müəssisəsində vicdan məhbusunun soyuqladığını qeyd etdi: “Noyabrın 22-də telefonla danışdıq. Bir az soyuqlayıb. Amma indi vəziyyəti müsbətə doğru gedir. Ona qarşı təzyiqlər hələ ki səngiyib”.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov noyabrın 24-də onunla görüşəcəyini bildirdi: “Sonuncu dəfə bu ayın 21-də əlaqə saxladı. Hər şey yaxşıdır. Heç bir problemi yoxdur”.
Müsavat başqanının həbsdəki digər müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah onunla noyabrın 23-də telefon vasitəsilə əlaqə saxladıqlarını bildirdi: “ Mümkün olduğu qədər siyasi prosesləri izləyir. Hər bir proseslərə münasibəti var. Cəzasının 3/2-ni çəkməsi ilə bağlı məhkəməyə müraciət edib. Yaxın 15-20 gün ərzində müraciətə baxılacaq. Açığı müraciətin təmin olunacağını gözləmirik. Çünki, həbsdə olduğu müddətdə Yadigar bəyin bu tərzdə müraciətləri olub. Biz qanunun verdiyi imkanlar çərçivəsində hüququmuzdan istifadə edirik. Bu ərizə də həmin müdafiə istiqamətində verilib. Cəzasının qalan hissəsindən şərti azadlığa buraxılması əsası ilə”.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı onun səhhətinin günü-gündən pisləşdiyini diqqətimizə çatdırdı: “Noyabrın 22-də telefonla danışdım. Elə bir yenilik yoxdur. Vəziyyəti əvvəlki kimidir. Milli Dirçəliş Günündə onu gündəmdə saxladığına, geniş müsahibə dərc etdiyinə görə “Yeni Müsavat” qəzetinə təşəkkür etdi. Təkadamlıq otaqda qalır. Saxlanma şəraitindən elə şikayəti yoxdur. Səhhəti əvvəl olduğu kimidir. Yaxşıya doğru getmir. Günü-gündən daha da pisləşir. Şəkərlə bağlı bədəni tez-tez şişir. Çəkisi sürətlə düşür. Yanvarın sonlarında Qobustandakı cəza müddəti başa çatır. Qapalıda saxlanılması cəzası üç il idi”.
Müsavatçı gənclər Fərəc və Sirac Kərimli qardaşlarının atası Raqif Kərimli övladlarının son durumları barədə bunları dedi: “Siracın səhhəti hələ tam düzəlməyib. Həkim təzədən dərmanlar yazıb. Ağrıları tez-tez olur. Fərəcin vəziyyəti normaldır. Noyabrın 24-də Siracın, 29-da da Fərəcin görüş vaxtıdır”.
NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova hər şeyin normal olduğunu bildirdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button