Siyasi məhbuslarla bağlı sayt yaradılır

Oktay Gülalıyev

Oqtay Gülalıyev; “Siyasi məhbusların müdafiəsi ilə bağlı işlərin gücləndirilməsinə ehtiyac var”

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı siyasi məhbusların müdafiəsi ilə bağlı işlərin  gücləndirilməsi üçün bəzi addımlar atmağı planlaşdırır. Bu barədə Alyansın koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün Facebook səhifəsində məlumat yayıb. O bildirib ki, yerli və beynəlxalq ictimaiyyətin təkidli tələblərinə baxmayaraq hakimiyyətin siyasi məhbuslara qarşı qisasçı, aşırı münasibəti dəyişmir; “Bir tərəfdən ictimai fəallar şərlənərək həbsə atılır, digər tərəfdən onlar haqqında ədalətsiz məhkəmə hökmləri çıxarılır, fantastik, ağır cəzaya məruz qalırlar. Biz son məhkəmə proseslərində, xüsusən Leyla və Arif Yunusun, İntiqam Əliyevin, Xədicə İsmayılın, Seymur Həzinin, Elvin Abdullayevin, Asif Yusiflinin, Taleh Xasməmmədovun və digər siyasi məhbusların haqqında çıxarılan ədalətsiz, sifarişli məhkəmə hökmlərində bir daha bu mənfi tendensiyanın şahidi olduq. Siyasi məhbusların müdafiəsi ilə bağlı işlərin gücləndirilməsinə ehtiyac var. Onların yerli və beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində olmasına, cəmiyyətin daha geniş təbəqələri tərəfindən müdafiə olunmasına zərurət var. Bunları nəzərə alaraq “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı olaraq sırf siyasi məhbuslarla bağlı xüsusi bir saytın yaradılmasına start vermişik. Sayt 2 dildə- Azərbaycan türkcəsində və ingilis dilində olacaq. Sayt əsasən siyasi məhbuslarla bağlı məlumatlandırıcı, maarifləndirici və müdafiə işlərinin yerinə yetirilməsi funksiyasını oynayacaq. Məqsədimiz siyasi məhbusları daha yaxından tanımaq, yerli və beynəlxalq ictimaiyyətə tanıtmaq, onları müdafiə etməkdir. Saytda müxtəlif bölümlər olacaq. Hər bir siyasi məhbusla bağlı ayrıca, ətraflı məlumat bankı yer alacaq. Digər planlaşdırdığımız işlər bu istiqamətdə fəaliyyətin gücləndirilməsi üçün siyasi məhbus ailələrinin və həbsdən çıxmış keçmiş siyasi məhbusların imkanlarını səfərbər etməkdir. Hazırda bu yöndə danışıqlar və müzakirələr gedir. Eyni zamanda “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının növbəti Hesabatını hazırlayırıq. Hesabatda ənənəvi olaraq həbs yerlərində vəziyyət, dustaqların saxlanma şəraiti və sıxlığı, onlara göstərilən sosial və tibbi xidmətin səviyyəsi, korrupsiya faktları, siyasi məhbuslara işgəncə verən məmurların və onlar haqqında ədalətsiz məhkəmə hökmləri çıxaran hakimlərin qara siyahısı, eləcə də digər məsələlər yer alacaq.

Siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlı digər işlərin də görülməsi nəzərdə tutulur ki, bu barədə lazımi məlumatlar vaxtaşırı olaraq açıqlanacaq.

…Siyasi məhbuslar cəmiyyətin vicdan aynasıdır. Onları müdafiə etmək həm də hər bir kəsin vicdan borcudur. Gəlin unutmayaq ki, onlar öz azadlıqlarını bizim hüquqlarımız ugrunda qurban veriblər. Gəlin siyasi məhbusları onların əməllərinə, mübarizliyinə və şəxsiyyətlərinə uyğun səviyyədə müdafiə edək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button