Siyasi nekroloq

Vüqar Bəyturan
Milli Qurtuluş Patiyasının sədri

Ruhi həyəcan durumu, inqilab və cılışlaşma mərəzi

Analoqu olmayan durumdayıq. 18-ci ilə keçib ki, bir zümrə öz uğursuzluqlarına don geyindirməklə məşğuldur. Digər ölkələrdə eyni təyinatlı qüvvələr tamam başqa işlərlə məşğuldur, bunlarsa düşünür ki, nə edim-etməyim, özümü qoruyum, saxlayım, meydanda mövcudluğum davam etsin, hər seçkidən sonra yeni avtomobil ala bilim, lap yaxşı nəticələr olsa, evimi dəyişim, övladlarımı iqtidarda olanlar kimi xaricdə oxutdurum, media qarşısında ağıllıyabənzər poza verərək, məmləkətin güzəranı barədə uzun-uzadı açıqlamalar verim. Qonşu dövlətlərdə və digər regionlarda baş verən proseslərdən sonra göbələk kimi ortaya çıxım, “mən də varam”prinsipindən çıxış edərək, növbəti dəfə bazarlaşmaya hazırlaşım. Yəqin hörmətli Oxucular təxmin etdi ki, söhbət kimlərdən gedir. Azərbaycanı hər addımbaşı xərcləməyə hazır olan, özləri xərclənən və 18 il əvvəl yüksək postlarda olmalarının tamamilə təsadüf olduğunu sübuta yetirən ənənəvi müxalifət!

Ənənəvi müxalifət adı barədə bir neçə kəlmə deməklə mövzuya giriş edək. Doğrudan da bu adla çağırılan qüvvələr ənənəvi olduqlarını təsdiqləyiblər. Yəni onlar siyasi fəaliyyətlərinin sonuna kimi müxalifətdə olacaqları, heç vaxt hakimiyyətə gələ bilməyəcəkləri ilə barışıblar. Mübarizə metodları da dəyişməyib, məsələlərə yanaşmalarında da inkişaf gözə dəymir. Özləri də 1988-ci il təfəkküründən imtina etmir, bəlkə də bunu bacarmırlar. Dəyişən zahiri görünüşləri, sosial vəziyyətləri, imkanları və xalq içərisində olan nüfuzlarıdır təkcə. Xeyli yaşlansalar da, bu, onların məsələlərə yanaşmalarında, mühakimələrində, əməllərində hiss edilmir. Ölkədə o qədər hadisələr baş verir, bunların isə bircəciyinə belə təsirləri yoxdur. Qiymətlər qalxır – susurlar, adam öldürülür – susurlar, dünya dəyişir – yenə susurlar. Elə bil ki, ölüdürlər, yerdən götürənləri, basdıranları, üzərlərinə torpaq atanları yoxdur. Bunu əslində cəmiyyət çoxdan edib, sadəcə hakimiyyət nədənsə bu ölümü qeydiyyata almır, ölüm haqqında arayış vermir bunlara.

Müsəlman ölkələrində baş verən hadisələr, üsyan və inqilaba cəhdlər ənənəvi müxalifətin içərisində bir balaca Şeyx Nəsrullah rolunu oynayıb. Yenə sürətlə azalan elektoratına xoş müjdəli çağırışlar, ümidlə dolu bəyanatlar ünvanlayır, güya ölkədə dəyişiklik etmək imkanında olduqlarını nümayiş etdirirlər. Dünənə qədər parlamentə düşmək üçün hər şeyə hazır olanlar indi yenidən radikal müxalifət obrazı yaratmaqla məşğuldurlar. Cibdə olan qəzetləri də bu siyasətbazlardan palaz-palaz müsahibə alıb Misiri, Tunisi, Yəməni dartışır, Azərbaycanla müqayisələr aparır, “biz də inqilab edəcəyik!” deməklə iqtidarı qorxutmağa çalışır və bu zaman quyruqlarının əsdiyini gizlədə bilmirlər.

İnqilabın millətlərə nə dərəcədə xeyirli olub-olmaması başqa bir mövzunun söhbətidir, biz diqqət yetirək, görək, bu ənənəvi müxalifət inqilabı nəylə edir? Onları tanıdığım üçün nə isə qoparmaq arzusunda olduqlarını təxmin etmişdim. Təxminim doğruldu, inqilab bəyanatlarının arxasınca təcili yeni parlament seçkilərinin keçirilməsi tələbi meydana çıxdı. Aydın oldu ki, bunlar 5-10 mandat istəyir iqtidardan. Yoxsa inqilab edəcəklər…

Ənənəvilər bir məsələni də unutmasın gərək. Nə vaxtsa, bu məmləkətdə ara qarışarsa, inqilaba oxşar bir hadisə baş verərsə, o zaman xalq birinci bu cılızlaşmış, öz şəxsi maraqlarının girovuna çevrilmiş, böyük partiyalardan kiçik QHT-lər düzəltmiş, Elçibəyə xəyanət edən, milli azadlıq hərəkatının qanadlarında var-dövlət sahibi olan, bazar düşüncəsilə hakimiyyətə gəlib sonradan əməlləri ilə bu hadisənin təsadüf olduğunu sübuta yetirən ənənəvi müxalifət liderlərinddən hesab soracaq. Çünki 1 illik hakimiyyət dövründə qanuni prezidentin addımlarını sabotaj etdikləri, hakimiyyəti qoruya bilmədikləri, 18 ilə yaxın bir dövrdə hər dəfə xalqa vədlər verərək, sonda ümidləri daşa çırpdıqları, nazir kimi həyat sürdükləri, milli hərəkatı dalana dirədiklərinə görə cavab verməlidir bunlar! Yeni qüvvələri qısqanclıqla qarşılayan, ABŞ-ın, Rusiyanın adamı olduqlarına görə fəxr edən bu qüvvələr Azərbaycana necə böyük zərbələr vurduqlarını bilmirlərmi? Demokratik təfəkkürün formalaşması baxımından bütün postsovet ölkələrini geridə qoyan bir məmləkətin passiv, reaksiyasız, ölgün bir cəmiyyətə çevrilməsinin əsas günahkarı da bunlardır.

Artıq hər şey aydın görünür. Tükəndiklərini, məhv olduqlarını, cılızlaşdıqlarını özləri də hiss edirlər. Ona görə də ruhi həyəcan durumunda, psixi problemlər məngənəsindədirlər. Üz-gözlərindən, danışıqlarından, hərəkətlərindən hiss olunur. Yaxşı aktyor vaxtında səhnədən getməlidir əslində. Aktyorluğunuz bəs deyilmi? Getmək vaxtıdır, sonra gec olacaq …

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Hörmətli Vüqar Bəyturan və Xural qəzetinin baş redaktoru!
    Mən artıq uzun illərdir ki,siyasi-publisistik mövzularda kitablar yazır və bu istiqamətdə tədqiqatlar aparıram.Əgər xatırlayırsınızsa bu tədqiqatlarımdan bir-neçəsini daha dəqiq desəm “Kreml liderlərinin psixoqramması”,”M.C.Bağırov ,Açilmamış səhifələr”,”Siyasilərin psixoloji portretləri “ kitablarım ictimayyətdə böyük əks-sədaya səbəb olmuşdur..
    Hörmətli dostum!
    Xural qəzetinin xüsusən fırıldaqçilara qarşı apardığı mübarizə bir çox ziyalılarımız kimi Mənim və rəhbərlik etdiyim təşkilatımın bütün üzvüləri tərəfindən də böyük rəğbətlə qarşilanibdır. .Ancaq görünür ki,yanınızda olan insanları hecdə yaxşı tanımırsız. .O, cümlədəndə Xaliq Bəşəri.Çünkı onun Xural qəzetində yazıların gördükdə təəcübləndim.
    Başa düşə bilmədim ki,Onu orada hələ tanımırlar?.
    Belə ki,Xaliq Bəşər Mənim müəlifi olduğum “Siyasilərin psixoloji portretləri”(2000-ci il) və “Baş tutmamış çevriliş”(2003 -cü il) kitablarimin fotosürətini çıxararaq 2009 -cu ildə yeni adla “Diktatorların bilinmıyın sirlərii” kimi cap etdirərək öz adına çıxarmışdır.Təsəvvür edin ki”Diktatorların bilinmıyın sirlərii” kimi təqdim olunan kitabın 253 səhifəsi mənim kitablarimin fotosürətidir..Öz-özlüyümdə fikirləşdim ki,bu plagiatı iffşa etmək üçün Sizə müraciət etməyib,kimə müraciət edim. Müdrüklüyünüzə sığınaraq, bu özbaşnalığa və harınlığına son qoymaqda Mənə yardımçı olacağınızdan tam əmin olduğum ücün məhz Sizə müraciət edirəm!

    Bakı –Seul körpüsü” ictimai birliyinin sədri
    Azərbaycan yazıçılar birliyinin üzvü
    tədqiqatcı –yazıçı Adıgözəl Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button