Siyasi və vicdan məhbusları dərhal və sözsüz azad olunmalıdır

27.01.2012

Səməd Seyidov: “Siyasi məhbus adı altında Azərbaycana təzyiq göstərmək düzgün deyil”

E.Fətullayev: “Səməd Seyidov çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyələrinin olduğunu qeyd edib”.

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun İnsan haqları və hüquqi məsələlər komitəsinin toplantısı keçirilib. Xəbər verdiyimiz kimi, Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları yanvarın 26-da keçirilən AŞPA-nın iclaslarında Azərbaycanda söz azadlığının pozulmasına və insanların siyasi motivlər əsasında həbs olunmasına öz narahatlıqlarını ifadə ediblər.

Müzakirələrdə Komitə üzvləri ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin üzvləri, azərbaycanlı və xarici ölkələrin insan hüquqları müdafiəçiləri və AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser iştirak edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Komitənin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, çox ciddi keçən müzakirələrin əsas məğzi Azərbaycana qarşı qeyri-obyektiv mövqedə dayanmağın qeyri-mümkünlüyü olub: “Müzakirələr zamanı aydın oldu ki, qeyri-obyektiv mövqe Azərbaycan-Avropa Şurası əlaqələrinə böyük zərbə vura bilər. Ona görə də siyasi məhbus adı altında Azərbaycana təzyiq göstərmək, Azərbaycanı başqa ölkələrdən fərqləndirib onun üzərində hansısa tədbirlər keçirmək əsla düzgün deyil. Bu ideyanı Komitə üzvlərinin əksəriyyəti dəstəklədi. Hesab edirəm ki, İnsan haqları və hüquqi məsələlər komitəsinin növbəti iclaslarında bu məsələ daha kəskin şəkildə qoyulacaq. Bu gün Azərbaycanın və onun prezidentinin apardığı siyasət birbaşa insan hüquqları və onların müdafiəsinə yönəlmiş siyasətdir, bunu görməmək isə böyük qəbahətdir. Hesab edirəm ki, Azərbaycanda insan hüquqları ilə bağlı görülmüş işlər barədə AŞPA deputatları da məlumatlıdırlar. Ona görə də bugünkü müzakirələr normal və qəbul olunmuş şəkildə keçdi”.

“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin verdiyi məlumata görə, dinləmələr zamanı Azərbaycandan olan hüquq müdafiçiləri ölkəmizdəki insan haqlarının vəziyyətilə bağlı çıxış ediblər: “ Səməd Seyidov çıxışı zamanı Azərbaycanın Prezident Administrasiyasının vicdan məhbuslarının hamısının azadlığa buraxılması və ya cəzalarının yüngülləşdirilməsi ilə bağlı tövsiyələrinin olduğunu qeyd edib. O, daha sonra bildirib ki, bu barədə Avropa Şurasının müvafiq qurumlarına yazılı müraciət olunub”.

 Artikl 19 İfadə azadlığı uğrunda qlobal kampaniya (ARTICLE 19: Global Campaign for Free Expression),  Jurnalistlərin Müdafiə Komitəsi (Committee to Protect Journalists), İnsan Haqları Evi Fondu (Human Rights House Foundation), Senzura indeksi (Index on Censorship),  Müxtəlif KİV İnstitutu (Media Diversity Institute),  Norveç Helsink Komitəsi (Norwegian Helsinki Committee), Beynəlxalq PEN Klubu (PEN International), Sərhədsiz Reportyorlar təşkilatının (Reporters Without Borders) da qatıldığı Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatlarının rəhbərlərinin vicdan məhbusları ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ilə görüşü olub.

Azərbaycanda siyasi və vicdan məhbuslarının azadlığa buraxılması Komitənin mart ayında Parisdə keçiriləcək növbəti iclasında da müzakirə olunacaq. O cümlədən Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin ölkəmizə buraxılması gündəmə gələcək”. Xatırladaq ki. Azərbaycan hökuməti Kristof Ştrasserin ölkəmizə gəlməsi üçün viza almaq məqsədilə edilən  bütün müraciətləri cavabsız qalıb. Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatların AŞPA-ya etdiyi müraciətdə Azərbaycan hakimiyyəti qarşısında qoymalı olduğu tələblərdən biri də, mümkün vasitələrdən istifadə edərək, Azərbaycan hakimiyyəti ilə siyasi məhbuslar üzrə xüsusi məruzəçi arasında əməkdaşlığı təmin etmək və onun mandat hüququndan istifadə edərək bu ölkəyə səfəri üçün viza verilməsini yubadılmadan həyata keçirmək olub.

İPGA AŞPA-nı  hazırda Azərbaycanda siyasi motivlər əsasında müxtəlif ittihamlarla həbsdə olan insanların dərhal və sözsüz azad olunmalarını və  bundan sonra da siyasi motivlərlə insanların həbs olunmasını dayandırmağı tələb etməyə çağırıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button