Siyasi “yük” altında əzilən vəkillər

images (1)16.07.2013

İntiqam Əliyev: “Artıq bu cür işlərə çıxan 5-10 vəkilin nə fiziki, nə də maddi gücü qalıb”

Siyasi motivli işlərdə vəkil çatışmazlığı məsələsi ən aktual problemlərdən biri olaraq qalır. İyulun 14-də saxlanan üç gəncin Məcid Məcidli, Ülvi Həsənli və Kənan Qasımlının işi baxılmaq üçün dünən məhkəməyə göndərilib. Ancaq onların hüquqlarının müdafiəsi üçün vəkil tapmaq çətin olub.
Məsələ “Facebook” sosial şəbəkəsinində də gündəmə gəlib. Vəkillər Aslan İsmayılov və İntiqam Əliyev “Facebook” səhifələrində gənclərin hüquqlarının müdafiəsi ilə bağlı status paylaşıblar. Vəkil çatışmazlığından yazan İntiqam Əliyev bu cür işlərə çıxan 5-10 vəkilin nə fiziki, nə də maddi anlamda bu yükü çəkə bilmədiklərini yazıb: “Vəkil dostlar. Həbslərin sayı artır. Bütün bu yükün ağırlığı 5-10 vəkilin üzərindədir. Onlar daha nə fiziki, nə də maddi anlamda bu yükü çəkə bilmirlər. Digərlərinin də proseslərə qatılmasına ehtiyac var. Dünən qanunsuz tutulan gənclərimizə vəkil lazımdır. Çox ciddi çətinliklərimiz var. Ülvi Həsənli Səbail məhkəməsindən zəng açmışdı, hakim (Famil Nəsibov) ona vəkil tapması üçün 1 saat vaxt verib”.
Baş verənlərə görə vicdan əzabı çəkdiyini yazan vəkil Aslan İsmayılov 56 yaşının olmasına, 30 illik hüquqşünas təcrübəsi olmasına baxmayaraq, baş verənləri anlaya bilmədiyini yazıb: “Bu qanunsuzluqları sifariş verənlər, qanunsuz göstərişləri canla-başla icra edənlər özlərini yox, heç olmasa balalarını düşünmürlərmi? Gəncləri həbs etməklə öz faciəvi sonlarına doğru getdiklərini anlamırlarmı? Millət bu haqsızlığa sussa da, Allahın qəzəbindən qorxmurlarmı? Vəkillikdən kənarlaşdırıldığımdan işə çıxa bilməsəm də, bir vicdan əzabı çəkirəm. Axı bizim hər birimizin o gənclər yaşında balalarımız var. Həmin həbs olunan gənclər bizim sağlam gələcəyimiz üçün vuruşurlar. Onlar öz savadlarına görə bu ölkədə belə heç vaxt ac qalmazdılar, əksinə bir çoxlarından zəngin ola bilərdilər. Sadəcə onlar vicdanlıdırlar. Mən artıq var-dövlətin insanların gözünü qapadığına şübhə etmirəm. Qanunsuz göstərişi icra edən hakim vəkil tutulması üçün 1 saat vaxt qoyur. 37-ci ildə də hakimlər hökm çıxartmağa bu cür tələsirdilər. O dövrdə də üzəduranlar, “donos” yazanlar bugünkülər kimi aktiv idilər. Fərqi ondadır ki, o vaxt vəkil qıtlığı yox idi. İndi isə vəkillərin əksəriyyəti bir tikə çörəyə görə bu tipli işlərə çıxmaq istəmirlər. İşə çıxmağa hazır olanları isə kənarlaşdırdılar. Ortada qalan vəkillər isə sadəcə fiziki olaraq işləri götürə bilmirlər”.
Bir müddət öncə gənc fəal Ülvi Həsənli də “Bizim Yol”a gənclərin həbsində vəkil tapmaq problemi yaşadıqlarını demişdi: “Təşkilatımızın üzvü İlkin Rüstəmzadəni “NİDA”çıların işində şahid qismində istintaqa çağırarkən vəkil tapmaqda problem yaşadıq. İlkini sonra həmin işlə əlaqəli həbs etdilər. Vəkil tapa bilmirdik. Siyasi işlərə çıxan vəkillərin ya vaxtı olmurdu, ya da həmin iş üzrə başqa təqsirləndirilənləri müdafiə edirlər. Belə işlərə çıxan vəkillərin sayı azdır”.

Gülər Mehdizadə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button