SMMM Mehman Əliyev üçün bəyanat qəbul etdi

Redaksiyamıza “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi ilə əlaqədar “Siyasi Məhbusları Müdafiə Mərkəzinin” 26 avqust 2017-ci il tarixli bəyanatı daxil olub. Bəyanatda deyilir:

Son günlər hakimiyyətin bütün sferalarda cəmiyyətin üzərinə səlib yürüşünə keçdiyi ortadadır. İllər əvvəldən başlayan susdurma əməliyyatı bütün gücü ilə davam edir. Ölkədə axırına çıxılan müstəqil media nümunələrindən sonuncusunun da üzərinə bu günlərdə repressiya yürüşü təşkil olunub. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və rəhbəri olduğu media qurumları hədəf seçilib.
Qeyd olunan doğru-dürüst, vicdanlı şəxs və onun 29 il rəhbərlik etdiyi müstəqil media orqanı hakimiyyətin hədəfinə tuş gələrək cəmi 17 gün ərzində susduruldu. Hakimiyyətin və sifarişlə hərəkət edən hüquq-mühafizə orqanlarının qanunsuz qərarları bir neçə şəxsin mənafeyinə uyğun gəlsə də, həqiqətdə “Turan” İnformasiya Agentliyinin bağlanması və Mehman Əliyevin həbsi vicdanlı hər bir vətəndaşı sarsıtdı. Sifarişli və qanunsuz həbsin ilk günündən tanınmış bir çox beynəlxalq təşkilatlar, onların nümayəndələri, ölkə daxilində olan tanınmış siyasətçilər, hüquq müdafiəçiləri, media nümayəndələri və s. şəxslər də daxil olmaqla hər kəs birmənalı olaraq “Mehman Əliyevə Azadlıq” dedi… Eyni zamanda SMMM-nin təşəbbüsü ilə Mehman Əliyevin müdafiəsi məqsədilə Müsavat Partiyası qərargahında təşkil olunmuş toplantıda “Mehman Əliyevə Azadlıq Komitəsi” yaradıldı.
07 avqust 2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açmaqla ilk olaraq hakimiyyətin mediayaya qarşı olan nifrətini bir daha aşkara çıxarıb. Bundan 1 gün sonra – 08 avqust 2017-ci il tarixində agentlikdə səyyar vergi yoxlaması aparılıb.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri Nəsimi rayon məhkəməsinin qərarı əsasında 16 avqust 2017-ci il tarixdə “Turan” İnformasiya Agentliyinin ofisində axtarış və götürmə hərəkətləri aparıblar. Həmin Vergi əməkdaşları 2014-cü ildən etibarən agentliyin maliyyə sənədlərinin, kargüzarlıqla və onlara “maraqlı” gələn jurnalistlərin şəxsi işləri ilə bağlı bir sıra digər sənədlərin surətlərini götürüblər.
Vergi əməkdaşları 2014-cü ildən etibarən toplanmış sənədləri götürərək istintaq materiallarına əlavə etsələr də, ittihamda agentliyin 2010-2016-cı illər ərzində xeyli miqdarda vergidən yayınması hallarını göstərmiş olublar. Buradan aşkar olunur ki, məqsəd heç də Mehman Əliyevin əleyhinə mötəbər sübut toplamaqdan ibarət olmayıb. İttiham tərəfinin məqsədi sadəcə istintaq və prosessual hərəkətlər aparmaq kimi davranışlarını nümayiş etdirmək olub.
24 avqust saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində Nəsimi Rayon Məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verilən şikayətə baxılıb və şikayət təmin edilməyib. İclasdan sonra müstəntiq və prokuror Mehman Əliyevə dindirmə məqsədi ilə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər. Apellyasiya məhkəməsindən birbaşa dəvət olunduğu idarəyə gedən Mehman Əliyev barəsində elə həmin gün tutulma qərarı verilib və o, şübhəli şəxs qismində saxlanılıb. Ona Azərbaycan Respublikası CM-nin 213.1 (vergidən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan edilib.
Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin 25 avqust 2017-ci il tarixli qərarı ilə “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev barəsində noyabrın 7-nə qədər həbs qətimkan tədbiri seçilib.
Mehman Əliyev barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi məhz onun cəmiyyətdən təcrid edilməklə cəzalanmasına yönəlmiş hərəkətdir. Əgər belə olmasaydı, onun barəsində alternativ qətimkan tədbiri seçilər və bununla da Mehman Əliyev normal müdafiə hüququnu təşkil etmiş olardı. Hətta onun barəsində verilmiş “vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıq” kimi ittihamlar həqiqət olsaydı belə, həbs qətimkan tədbirinin seçilməsinə lüzum olmazdı. İş fəaliyyəti məhdudlaşdırılmış şəxsin təkrarən vergidən yayınacağı və vəzifəsindən sui-istifadə edəcəyi halı əlbəttə ki, mümkün olacaq iş deyil. Bundan əlavə, bütün çağırışlara vaxtında getmiş, daimi iş və yaşayış yeri olan Mehman Əliyevin istintaqdan qaçıb gizlənmə ehtimalı da absurd bir təqdimatdır.
“Siyasi Məhbusları Müdafiə Mərkəzi” olaraq göstərilən halların ardıcıllıqla prosessual qanunvericiliyin tələbləri olduğu qənaətində deyilik. Bu hallar ardıcıllıqla hakimiyyətin sifarişinin “qanun” adı altında icra edilməsi, müstəqil media orqanının fəaliyyətinin məhdudlaşdırılması və həmin media orqanının rəhbərindən qisas almaq məqsədilə onu qanunsuz həbsə ataraq susdurmaqdan və bununla da ictimaiyyətdə xof yaratmaqdan ibarət hərəkətlər olduğunu bəyan edirik. Hesab edirik ki, “Turan” İnformasiya Agentliyinə və onun rəhbəri Mehman Əliyevə qarşı olan bütün qanunsuz hərəkətlər ölkədə söz və ifadə azadlığının, müstəqil mətbuatın susdurulmasına yönəlmişdir.
Mehman Əliyevin həbsi ölkədə qırmızı xəttlərin də qırmızı xəttinin keçilməsidir. Mehman Əliyev müstəqil Azərbaycan mediasının bütün düşərgələr tərəfindən qəbul olunan peşəkar mətbuat işçisidir. Biz SMMM adından Mehman Əliyevin qeyd-şərtsiz həbsdən azad olunmasını Azərbaycan hakimiyyətindən və aidiyyatı dövlət orqanlarından tələb edirik.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button