SOCAR bahalaşmanın qarşısını ala bilər

Xural.com turan.az-a istinadən xəbər verir ki, Azərbaycanda benzin növbəti dəfə bahalaşıb. Bu dəfə Aİ-95 (Premium) və Aİ-98 (Super) markalı yanacaq bahalaşıb. Bununla bu markalı benzinin qiymətləri cari ildə ikinci dəfə artıb. Hazırda avtomobil sahibləri 1 litr Aİ-95 üçün 1,25 AZN, Aİ-98 üçün isə 1,50 AZN ödəmək məcburiyyətindədirlər.

Qəribədir ki, dünyada neft qiymətləri ucuzlaşdığı bir vaxtda Azərbaycanda benzin bahalaşır. Neftin bir bareli 100 dollar və daha yüksək olduğu zaman ölkədə istehsal olunan Aİ-92 markalı benzinin bir litri 0,55 manat idi. Neft qiymətləri ucuzlaşdıqda bu markalı benzin 0,70 manata qədər bahalaşdı, bu yaxınlarda isə Tarif Şurasının qərarı ilə bir litri 0,90 manata çatdı. Bu, ölkəyə idxal olunan Aİ-95 və Aİ-98 markalı benzinə də aiddir. Aİ-95 markalı benzinin bir litrinin qiyməti 2014-cü il oktyabrın 1-dən 2017-ci il yanvarın 13-nə qədər 0,95 manat idi.

SOCAR yanacağın bahalaşmasını onun xaricdən, xüsusən Rumıniyadan idxal edilməsi və bu ölkədə benzin qiymətinin bahalaşması ilə izah edib. Qurum benzinin təkcə Azərbaycanda deyil, qonşu Rusiya və Gürcüstanda da bahalaşdığını qeyd etməyi də unutmayıb. SOCAR-ın məlumatına görə, Ukraynada bu markalı yanacağın qiyməti bizdən 0,31 dollar bahadır və 1,05 dollar təşkil edir. Qonşu Gürcüstanda Aİ-95 markalı benzin 0,86 dollardır, başqa sözlə, Azərbaycanda olduğundan 0,12 dollar bahadır. Türkiyədə bu benzin növü 1,45 dollardır ki, bu da Azərbaycanla müqayisədə 0,71 dollar çoxdur. Ermənistanda Aİ-95 markalı benzin 0,85 dollara satılır, bu da Azərbaycanda olduğundan 0,11 dollar bahadır. Azərbaycanda Aİ-98 markalı benzinin qiyməti 0,88 dollar təşkil edir ki, bu da Gürcüstandakı qiymətdən bir sent ucuzdur. Türkiyədə bu markalı benzin bizdən 0,57 dollar baha satılır və qiyməti 1,45 dollardır. Ermənistanda Azərbaycanla müqayisə bu markalı benzin bir sent bahadır. Ukraynada Aİ-98 markalı benzin Azərbaycanda olduğundan 0,29 sent baha – 1,17 dollara satılır. Amma qurum bütün sadalanan ölkələrdə neft olmadığını və onların benzin istehsalı ilə məşğul olmadığını qeyd etməyib. Neft və neft məhsulları istehsal edən ölkələrlə müqayisədə isə Azərbaycanda benzin qiymətləri 2 dəfə bahadır. Bundan başqa, Azərbaycanda yeganə benzin idxalçısı olan SOCAR-ın Rumıniya və Türkiyədə bahalaşan Aİ-95 və Aİ-98 markalı benzin istehsal edən müasir neft emalı zavodu var. Bəs onda niyə Azərbaycanda qiymətlər yüksəlib?

Ekspert Natiq Cəfərlinin sözlərinə görə, əvvəllər benzin qiymətləri sistemi başqa cür tənzimlənirdi: “Əvvəllər neft qiymətlərinin bahalaşmasından və ya ucuzlaşmasından asılı olmayaraq, Azərbaycanın neft hasil edən ölkə olduğunu diqqətə alaraq, bütün neft məhsullarının qiymətləri dövlət tərəfindən, bəzən dotasiyalar hesabına tənzimlənirdi. Bir çox neft hasil edən ölkələrdə qiymət siyasətinə bu cür yanaşma var. Məsələn, Ərəb Əmirlikləri və Venesuela kimi ölkələrdə neft qiymətləri həmişə aşağı olub. Bu, məntiqlidir, çünki neft xalqın sərvətidir və dövlət ondan daha ucuz istifadə yolları tapmalıdır. Amma neft qiymətləri ucuzlaşdıqdan və Azərbaycanın maliyyə problemləri artdıqdan sonra ölkədə yanacaq qiymətlərinin tənzimlənməsinin başqa qaydaları tətbiq edilməyə başladı. Rəsmi olaraq Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti kənar müdaxilə olmadan bazar tərəfindən tənzimlənir. Amma bazarda bu bezin markalarını satışa çıxaran oyunçu yoxdur. Yalnız SOCAR-ın benzini idxal edən və onun qiymətini müəyyən edən törəmə şirkəti var. Rəqabət olsaydı, qiymətlər həqiqətən də bazar qanunları ilə müəyyən olunardı. Benzin qiymətlərinin bahalaşmasından Dövlət Neft Şirkəti udur. Bu yaxınlarda dövlət Aİ-02 markalı benzinin qiymətini artırdı. Bunun səbəbi SOCAR-ın özünün maliyyə problemləri idi. Şirkətin böyük xarici borcları var və borc probleminin həlli üçün onların istehsal etdiyi məhsulun qiymətini artırmaq qərara alınmışdı. Dövlətin də maliyyə problemləri var və o, Dövlət Neft Şirkətinə əvvəlki həcmdə kömək edə bilmir. Beləliklə, SOCAR-ın borclarını xalq ödəyir”.

Ekspert həmçinin qeyd edib ki, SOCAR-ın Rumıniyada tikdiyi zavodlar bahalaşan markalı benzin istehsal edir: “Bildiyim qədər bu zavodda Avro-4, Avro-5 standartına uyğun benzin istehsal olunur, o, keyfiyyətcə Aİ-95 benzinindən üstündür. Belə bir sual yaranır, niyə şirkət Azərbaycanda bu benzinin istehsalını təşkil edib büdcəyə böyük gəlir gətirmir, ölkə əhalisinin tələbatını təmin etmir və məhsulu ixrac etmir? Benzin ixracı xammal neft ixracından dəfələrlə çox gəlir gətirir”.

Cəfərli SOCAR-ın Rumıniyada istehsal etdiyi benzinin bahalaşması məsələsinə aydınlıq gətirib: “Benzini SOCAR istehsal etsə də, Rumıniya qanunvericiliyinə əsasən, şirkət vergi ödəməlidir, o cümlədən ixrac vergisi. Məhz bu, benzin qiymətinin bahalaşmasına gətirib çıxarır”, deyə ekspert qeyd edib.

Bu markalı benzin idxal edildiyi üçün onun qiymətinin Tarif Şurası tərəfindən tənzimlənmədiyini, idxalçı şirkət tərəfindən müəyyən edildiyini qeyd etmək yerinə düşərdi. Bu, öz növbəsində o deməkdir ki, ixracçı ölkələrdə yanacaq qiymətləri bahalaşdıqca Azərbaycanda da benzin bahalaşacaq. Bu, nəyə gətirib çıxara bilər? Niyə neft ixracçısı olan ölkə müəyyən markalı benzinin idxalçısıdır?

İqtisadçı Nemət Əliyev Turan-a bildirib ki, benzin qiymətlərinin bahalaşması əsassızdır: “Benzinin bahalaşmasını ixracçı ölkələrdə qiymətlərin bahalaşması ilə əsaslandırırlar. Amma bu izah tənqidə belə layiq deyil. Çünki benzin istehsal edən dövlətdə qiymətləri tənzimləyən qurum var – Tarif Şurası. Bundan başqa, dövlət öz vətəndaşlarının sosial vəziyyətinin qayğısına qalmalıdır. Tutaq ki, ixracçı ölkələr qiymətləri bahalaşdırdılar, amma hakimiyyət əhalinin gündən-günə pisləşən alıcılıq qabiliyyətini nəzərə almalıdır. Başa düşməlidir ki, bir yanacaq növünün qiymətinin bahalaşması digər növlərin, habelə enerji daşıyıcılarının və eyni zamanda məhsulların qiymətlərinin artmasına təkan verəcək”.

Əliyev qeyd edib ki, idxal olunan benzinin qiymətini SOCAR qaldırsa da, bahalaşmanın bir təqsirkarı da Tarif Şurasıdır: “Tarif Şurasının əsas öhdəliyi qiymət artımının qarşısını almaqdır. Niyə biz heç vaxt hakimiyyət və Tarif Şurası tərəfindən həyata keçirilən qiymət tənzimlənməsi siyasəti çərçivəsində qiymətlərin azalmasının şahidi olmuruq? Niyə onlar hesab edirlər ki, qiymət tənzimlənməsi yalnız artımdan ibarət olmalıdır?”, deyə ekspert ritorik sual verib.

Ekspertin fikrincə, hətta hakimiyyət yanacaq qiymətini artırmaq məcburiyyətindədirsə belə, nəticələrin yumşaldılması üzrə müəyyən tədbirlər görməli, kompensasiya ödəməlidir. Bundan başqa, ölkədə Aİ-95 və Aİ-98 markalı benzinin istehsalı üçün heç bir maneə yoxdur: “SOCAR 2 mlrd. ton neft ixrac edib. Bu həcmdə ixracatı olan dövlətin ölkə hüdudları daxilində bahalaşan benzini istehsal etməsinə nə mane olur? Dövlət Neft Şirkəti az qala bütün dünyada neft emalı zavodları açıb. Amma öz ölkələrində zavod tikməklə və benzin istehsal etməklə müəyyən benzin markalarının qiymətinin bahalaşmasının qarşısını almaq ağıllarına gəlmir. Dövlət başçısı bildirib ki, xaricdən ixrac edilən malların istehsalını təşkil etmək lazımdır. Bu sözlər yalnız kənd təsərrüfatı məhsullarına və məişət mallarına deyil, həm də neft məhsullarına aiddir. Özü də maliyyə cəhətdən SOCAR bu işi hər şeydən yaxşı təşkil edə bilər. Hesab edirəm ki, qurum benzin idxalının baha olması, ölkənin hazırda çox ehtiyacı olduğu valyutanı itirməsi ilə əsaslandıraraq, ölkədə istehsal təşkil etməyin nümunəsini göstərməlidir”.

Əliyev qeyd edib ki, qiymət artımı inhisarçıların maraqlarına xidmət edir, onlar bundan istifadə edirlər. Bundan başqa, onun sözlərinə görə, bu markalı benzinin istehlakçıları çox olmasa da, təhlükəni başqa tərəfdən gözləmək lazımdır: “Aİ-95 və Aİ-98 markalı benzinin bahalaşması, demək olar ki, hər şeyin bahalaşmasına səbəb ola bilər. Çox güman ki, hazırda bahalaşan benzinə üstünlük verən avtomobil sahibləri xərcləri azaltmaq məqsədilə daha ucuz benzindən – Aİ-92-dən istifadə etməyə başlayacaqlar. Bu, həmin benzinə süni tələbatı artıracaq və onun bahalaşmasına gətirib çıxara bilər. Gələn ilin büdcəsi də bu markalı benzinin bahalaşacağını göstərir. Benzinin bahalaşması dizel yanacağının və bütün enerji daşıyıcılarının bahalaşmasına təkan verəcək. Yerli istehsalçılar xarici həmkarlarının daha çox qazanmasından narazı ola bilərlər. Bunları əsas götürən yerli benzin və neft məhsulları istehsalçıları qiymətləri qaldıra bilərlər. Enerji daşıyıcılarının bahalaşması isə ölkədə başdan-başa bütün məhsulların bahalaşmasına gətirib çıxaracaq”, deyə N.Əliyev əlavə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button