Soydaşlarımızın problemləri və Azərbaycan

zəlimxan məmmədli

Zəlimxan Məmmədli

“Borçalı” Cəmiyyətinin sədri

Azərbaycan Prezidenti İlham Əliyevin 5-6 noyabr 2015-ci il tarixlərində reallaşan  Gürcüstana səfərini uğurlu hesab etmək üçün əsaslar kifayət qədərdir.  Bu səfər Azərbaycanla Gürcüstanın yeni dönəm üçün əməkdaşlığı baxımından çox mühüm hadisə idi. İlham Əliyevin Gürcüstan rəsmiləri ilə iki tərəfli və çox tərəfli görüşlərdə səsləndirdiyi fikirlər, o cümlədən  yekun bəyənnamədə razılaşdırlmış tezislər mühüm mesajlarla yadda qaldı.

Hər iki tərəfin bir neçə dəfə milli maraqların ortaq uzlaşdırılmasına sədaqətli olacaqlarını vurğulamaları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Prezident Georgi Marqvelaşvili Gürcüstanın həmişə dost Azərbaycanın yanında olacağını, strateji əməkdaşlığın dəyişməz olaraq qalacağını bildirdi. Azərbaycanla enerji əməkdaşlığına sadiq qalacaqları haqda bəyanatı isə, bir sıra suallara aydınlıq gətirdi. Belə ki, Gürcüstanın Rusiya ilə qaz anlaşmasına və Rusiya ilə Ermənistanı birləşdirən kommunikasiya vasitələrinin inşasının Azərbaycanın milli maraqlarından kənarda həll olunmayacağına işarədir. İki ölkənin həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparacaqları haqqında razılaşmaları da geosiyasi maraqların uzlaşdırılması baxımından əhəmiyyətli hadisə hesab oluna bilər.  Belə nəticəyə gəlmək olar ki,  Gürcüstan Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu xətti ilə bağlı qərarında Azərbaycanın rəyini nəzərə alacaqdır. İlham Əliyevin “bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək” bəyanatı da birmənalı olaraq Gürcüstanın Azərbaycan qazını Rusiya qazı ilə əvəzləmə cəhdlərinə əsas olmadığına işarə kimi dəyərləndirilə bilər.

Mühüm hadisələrdən biri də, Azərbaycan Prezidentinin soydaşlarımızın təhsil, sosial, inteqrasiya, sərhəd-keçid, miqrasiya problemlərini sistemli şəkildə diqqətə gətirməsi və problemlərin həlli ilə bağlı verdiyi nikbin vədlər idi. Azərbaycan prezidenti işsizlik problemini həll etmək üçün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini bu ölkədə yaşayan soydaşlarımız üçün yaxşı şərait yaratmağa çağırıb: “Onlar Gürcüstana investisiya qoymağa davam etməlidir, yeni iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılmalıdır. Biz gələcəkdə də çalışacağıq ki, siz yaxşı yaşayasınız və həm Azərbaycanı, həm də Gürcüstanı sevəsiniz”.  Əhəmiyyətli bəyanatdır.

İşsizlik ucbatından gənclər öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar ki, bunların da əhəmiyyətli hissəsi geri dönmürlər. Hesab edirik ki, Prezidentin verdiyi bəyanat, həm də Azərbaycanda fəaliyyət göstərən şirkətlərə aid edilməlidir. Düşünürük ki, Gürcüstan kimi ölkəyə investisiya qoyan iş adamını bu layihəyə həvəsləndirmək çox vacibdir. İş adamları və şirkətlər əmin olmalıdırlar ki, az faizli uzunmüddətli  kreditlər ala, müəyyən vergi və gömrük güzəştləri imkanından bəhrələnə bilərlər. Azərbaycan bu layihəyə dəstək versə. ən yaxın zamanda, hətta yurdlarını tərk edən soydaşlarımızın da öz ellərinə dönməsinə nail olmaq mümkündür.

Soydaşlarımızın istehsal etdikləri kənd təsərrüfatı məhsullarının maneəsiz Azərbaycan bazarlarına gətirilməsinə şərait yaradılması və bu məhsullara  gömrük rüsumlarının ən azı yaxın 5 ildə tətbiq olunmaması Azərbaycanın soydaşlarımıza ən böyük yardımı olardı.

Çox mühüm problemlərdən biri də, Borçalıda (Kvemo Kartli bölgəsi) milli məktəblərdə gənc pedoqoji kadrların haırlanması və milli məktəblərdə pedoqoji fəaliyyətə cəlb olunmasıdır. Hesab edirik ki, Azərbaycan Hökumətinə, Təhsil Nazirliyinə təqdim etdiyimiz “Gürcüstan vətəndaşı olub, Azərbaycanda təhsil alan tələbələrlə iş üzrə dövlət proqramı” və “Gürcüstana dönən gənc pedoqoji kadların sosial müdafiə proqramı”nın tətbiqinə nail olmaq vacibdir. Çox mütərəqqi və həyata keçməsi çətin olmayan layihələrdir. Azərbaycan Təhsil Nazirliyinin və prezident administrasiyası rəsmilərinin diqqətlərinin yenidən bu problemə yönəldilməsində fayda olduğunu düşünürəm.

“Borçalı” Cəmiyyəti bütün vasitələrlə bu problemlərin həllində, ehtiyac duyulduğu halda müvafiq qurumlara yardımçı olmağa hazır olduğunu bildirir.

50 milyon Azərbaycan türkünün harada məskunlaşmasından asılı olmayaraq  milli Azərbaycan dövlətindən ummaq və qürurlanmaq haqqı vardır. Tarixi Borçalı (Kvemo Kartli)  isə ona bitişik olmaqla, mənən bütövün bir hissəsidir. Bu birliyi əməli işlə möhkəmlətmək həm də, milli ləyaqət məsələmizdir. Bu cazibə qüvvəsini artırmaq hər birimizin şərəf  borcumuzdur. Dönüşə inamlıyıq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button