SSRI və Rusiya liderlərinin ABŞ prezidentləri ilə ilk görüşləri – Tarixi xronologiya (FOTOLAR)

Donald Trampla Vladimir Putinin iyulun 7-də Hamburqda G20 sammiti çərçivəsində baş tutan ilk görüşü son günlərin ən çox müzakirə olunan mövzusudur. Görünən odur ki, ABŞ və Rusiya prezidentlərinin bu görüşü hələ bir müddət gündəmdən düşməyəcək və media iki saatdan artıq davam edən müzakirələri hər yöndən təhlil edib qiymətləndirməyə çalışacaq. Maraqlıdır, buna qədər iki ölkənin liderlərinin ilk görüşləri necə və hansı şəraitdə baş tutub?

Strateq.az xarici mətbuata istinadən bu tarixi xronologiyanı yada salamağa çalışacaq.

1943, Stalin və Ruzvelt

İki ölkənin rəhbərliyi ilk dəfə 1943-cü ildə Tehranda görüşüb. SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalin və ABŞ prezidenti Franklin Ruzvelt antihitler koalisiyasının toplantısına qatılıblar.

Koalisiyanın əsas iştirakçılarından olan ABŞ və Rusiya Tehran konfransında Şərqi Avropada ikinci cəbhənin harada və necə açılmasına dair qərar qəbul etməli idi.

1945, Stalin və Trumen

Ruzvelt müharibənin sonuna qədər yaşaya bilmədi və 1945-ci ilin aprelində prezident postunda onu Harri Trumen əvəzlədi.

Trumenin Stalinlə ilk görüşü elə həmin ilin 17 iyulunda baş tutdu. Bu dəfə müttəfiqlər Almaniyadakı konfransda bir araya gəldilər.

1955,  Xruşşov və Eyzenxauer

1953-cü ildə hər iki ölkədə liderlər dəyişdi. Yanvarda ABŞ prezidenti postuna Duayt Eyzenxauer gəldi. Martda isə Stalin dünyasını dəyişdi.

Partiyadaxili mübarizənin nəticəsi olaraq SSRİ-də hakimiyyətə Nikita Xruşşov gəldi. Və elə həmin ilin sentyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi oldu.

Liderlərin ilk görüşü iki il sonra – 1955-ci ilin 18 iyulunda Cenevrədə keçirilən sammitdə gerçəkləşdi. Xruşşovla Eyzenxauerin hakimiyyəti dövründə iki ölkə arasında sərin münasibətlər hökm sürürdü.

1961, Xruşşov və Kennedi

1961-ci ilin yanvarında ABŞ-ın prezidenti Con Kennedi oldu. Onun seçilməsindən dərhal sonra SSRİ-nin təşəbbüsü ilə liderlərin görüşünə hazırlıq başladı. Və 1961-ci ilin 4 iyununda Vyananın Şyonbrun sarayında görüş baş tutdu.

Görüşün əsas mövzusu Berlin və Almaniyanın taleyi idi. Hər iki siyasətçi mövqeyini sərt şəkildə ortaya qoydu və nəticədə açar məqamlar üzrə razılıq əldə olunmadı.

Bu görüşdən iki ay sonra Berlin divarı çəkildi və Almaniyanın paytaxtı iki hissəyə (qərb və şərq) ayrıldı.

1972, Brejnev və Nikson

ABŞ və SSRİ rəhbərlərinin növbəti görüşü on il sonraya təsadüf etdi. Bu illər ərzində tərəflər tarixin ən ağır sınağını yaşamalı oldular. 1962-ci ildəki Karib böhranı az qala, nüvə savaşına gətirib çıxaracaqdı.

60-cı illərin sonlarına yaxın münasibətlər tədricən yoluna düşməyə başladı.

1972-ci ilin mayında ABŞ prezidenti Riçard Nikson tarixdə ilk dəfə SSRİ-yə səfər etdi. Səfər zamanı bir neçə vacib sənəd imzalandı. O cümlədən raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması ilə bağlı.

1974,  Brejnev və Ford

1974-cü ilin noyabrında Mərkəzi Komitənin baş katibi Leonid Brejnev ABŞ prezidenti Cerald Fordla görüşdü.

Vladivostokda keçirilən görüşdə strateji nüvə silahı daşıyıcılarının məhdudlaşdırılması ilə bağlı saziş imzalandı.

1979, Brejnev və Karter

1979-cu ildə Sovet qoşunları Əfqanıstana daxil oldu və bununla da iki ölkə arasında normallaşmış münasibətlər yenidən pozuldu. Lakin ona qədər Brejnev ABŞ prezidenti Cimmi Karterlə görüşə bilmişdi.

Onların görüşü 1979-cu ilin mayında Vyanada oldu. Görüşdə nüvə silahının peykdə yerləşdirilməsinin məhdudlaşdırılmasına dair saziş imzalandı.

1985, Qorbaçov və Reyqan

Əfqanıstan savaşının ilk illərində ikitərəfli münasibətlər kəskinləşdi. 81-ci ildə ABŞ-da hakimiyyətə Ronald Reyqan gəldi. Reyqan SSRİ-ni “şər imperiyası” adlandırmış və xarici siyasətdə kəskin anti-Sovet xətti götürmüşdü.

85-ci ildə Qorbaçovun hakimiyyətə gəlişindən sonra vəziyyət dəyişməyə başladı. 6 illik fasilədən sonra, 85-ci ilin noyabrında Cenevrədəki sammitdə liderlərin görüşü oldu.

Daha sonra Qorbaçov və Reyqan daha bir neçə görüş keçirdilər və tərəflər arasında münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılaşmağa başladı. 1988-ci ildə Reyqan Moskvaya səfərə gəldi.

1989, Qorbaçov və ata Buş

1989-cu il – ata Buşun hakimiyyətə gəlişi iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Dünyada ciddi dəyişikliklər gedirdi. SSRİ-də yenidənqurma başlamışdı, Şərqi Avropa ölkələrində demokratikləşmə gedirdi, payızda isə Berlin divarı dağıdılmışdı.

Buş və Qorbaçov ilk dəfə 1989-cu ilin 2 dekabrında Maltadakı sammitdə görüşdülər. Görüşün nəticəsi olaraq liderlər bəyanatla çıxış etdilər. Bu bəyanat çoxları tərəfindən “soyuq savaş”ın yekunlaşması kimi qiymətləndirildi.

Sovet tərəfi Baltikyanı ölkələrdə və Şərqi Avropadakı proseslərə qarışmayacağına söz verdi. Həmçinin Qərbi və Şərqi Almaniyanın birləşdirilməsinə razılıq verdi.

1991, Yeltsin və ata Buş 

1991-ci ilin iyununda ata Buş Vaşinqtonda Rusiya prezidenti Boris Yeltsini qəbul etdi. Görüş Sovet İttifaqının dağılmasından iki ay əvvələ təsadüf edirdi.

1992-ci ilin əvvəllərində Yeltsin yenidən ABŞ-a yollandı. Amma bu dəfə müstəqil Rusiyanın rəhbəri kimi. Fevralın 1-də iki ölkənin lideri “soyuq savaş”a simvolik nöqtə qoyan deklarasiya qəbul etdilər.

1993,  Yeltsin və Klinton

1993-cü ilin aprelində Yeltsinlə Buşun ilk görüşü oldu. Görüş Kanadada keçirildi.

90-cı illər ərzində hər iki lider şəxsi münasibətlərini qoruyub saxlamışdı. Lakin 99-cu ilin yazında Yeltsin qəfildən ABŞ-ın NATO-dakı müttəfiqləri ilə birgə Yuqoslaviyada keçirdiyi hərbi əməliyyatı tənqid etdi.

2000, Putin və Klinton

2000-ci ildə Rusiyada hakimiyyətə Vladimir Putin gəldi və elə həmin ilin 3 iyununda Moskvada onun ABŞ prezidenti Bill Klintonla görüşü oldu.

Bu yaxınlarda rejissor Oliver Stouna verdiyi müsahibədə Putin bildirdi ki, Klintonla görüşü zamanı ona Rusiyanın NATO-ya üzvlük məsələsinə baxmağı təklif edibmiş.

2001, Putin və oğul Buş

2001-ci ildə ABŞ-da prezident postuna oğul Buş gəldi. Onun Putinlə ilk görüşü elə həmin ilin iyununda Sloveniyada oldu. 11 sentyabr olaylarından sonra Rusiya ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasına qoşuldu.

Lakin sonrakı illərdə iki ölkə arasında münasibətlər yenidən kəskinləşdi. Buna bir neçə səbəb vardı. ABŞ-ın İraqda keçirdiyi əməliyyat, NATO-nun şərqdə genişlənməsi, Bolqarıstan və Rumınyada hərbi bazaların yerləşdirilməsi planı, həmçinin Ukraynadakı Maydan hadisələri.

2008, Medvedev və oğul Buş

2008-ci ilin 7 iyulunda – prezidentliyə gəlişindən iki ay sonra və Gürcüstandakı savaşa bir ay qalmış Dmitri Medevedev prezident Buşla ilk görüşünü keçirdi. Görüş “Böyük səkkizlik”in sammiti çərçivəsində Yaponiyada baş tutmuşdu.

Gürcüstandakı hərbi əməliyyatlar ABŞ-Rusiya münasibətlərinə növbəti zərbə oldu.

2009, Medvedev və Obama

2009-cu ildə Barak Obama prezident kürsüsünə əyləşdi və onun Rusiya prezidenti Medvedevlə ilk görüşü həmin il aprelin 1-də oldu. Tərəflər ABŞ səfirinin Britaniyadakı rezidensiyasında bir araya gəlmişdilər.

Liderlər dərhal ikitərəfli münasibətlərin yenilənməsi barədə bəyanat verdilər və bütün anlaşmazlıqların geridə qaldığını bildirdilər. İki lider xarici siyasətə, eləcə də İran və Şimali Koreyanın nüvə proqramına dair çox vaxt  yaxın mövqelərdən çıxış edirdi.

2012, Putin və Obama

Vladimir Putinin Kremlə qayıdışından sonra Ağ Evlə münasibətlər yenidən pisləşdi. Vacib məsələlərin əksəriyyətində (Suriya, Rusiyada insan hüquq və azadlıqların vəziyyəti, Rusiyanın Edvard Snoudenə sığınacaq verməsi və s.) fikir ayrılıqları oldu. Münasibətlər o həddə çatdı ki, Obama 2013-cü ilin payızında Moskvaya səfərini təxirə saldı.

Krımın Rusiya tərəfindən ilhaqından sonra münasibətlərdəki böhran pik həddə çatdı. İki ölkə arasında təmas minimuma endirildi, qarşılıqla ritorikada aqressiv ton hakim oldu, hərbi əməkdaşlığa son qoyuldu.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button