Statistika komitəsi: Yanvarda illik inflyasiya 5,5 faiz olub

Natiq Cəfərli: “Əhalinin rəsmi rəqəmlərlə gündəlik gördükləri arasında ciddi fərq yaranıb”

Bu ilin yanvarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsulları 6,9 faiz, qeyri-ərzaq malları 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,9 faiz bahalaşıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən yazıb.

Bildirilir ki, ötən ilin yanvarında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb:

“Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz azalıb. Nəticədə, istehlak məhsulları və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub”.

İqtisadçı Natiq Cəfərli deyir ki, rəsmi statistikanın hesablama qaydaları ilə bağlı bugünədək meydana kifayət qədər suallar çıxıb. Onların hesablama qaydaları beynəlxalq standartlardan xeyli dərəcədə fərqlənir:

“Həm inflyasiya zənbilinə aid olan məhsul və xidmətlərin çeşidi çox azdır, həm də hesablamalar apararkən hansı metodologiyadan istifadə etdikləri bəlli deyil. Bilinmir ki, 5,5 faizlik inflyasiya ötən ilin yanvarına, yoxsa keçən ilin ümumi cəminə nisbətəndir. Əslində inflyasiya rəqəmlərinin açıqlanması aydan-aya olsa daha doğru olardı”.

Natiq Cəfərli
Natiq Cəfərli.

Natiq Cəfərli deyir ki, ötən il qiymətlər kifayət qədər sürətlə qalxmışdı. Hətta rəsmi inflyasiya uzun illərdən sonra ikirəqəmli, 14 faiz oldu:

“Ərzaq inflyasiyası 18 faizə yaxınlaşdı. Ötənilki sürətli qiymət artımının fonunda bu il hətta yanvarda 5,5 faizlik inflyasiya olubsa, buna ciddi şübhələr var. Bunu doğru saysaq belə, qiymətlər ötən ilə nisbətən artıb. Deməli, bu faizi ötən ilə nisbətən artmış qiymətin üstünə gəlməliyik. Ona nisbətən ciddi artım müşahidə olunur”.

İqtisadçı bildirir ki, təəssüf Azərbaycanda statistika çox siyasiləşib:

“Hökumət rəsmiləri dəfələrlə deyiblər ki, bu ilin əsas hədəfi inflyasiyaya qarşı mübarizədir. Mərkəzi Bank da belə bir açıqlama vermişdi. İnflyasiyanı birrəqəmli həddə çəkməyi hədəf kimi qarşılarına qoymuşdular. Sanki Sovet dövründəki kimi qarşıya qoyulan planın yerinə yetirilməsi kimi bir yanaşma statistik rəqəmlərə də şamil edilir. Qarşıya qoyulan məqsədə çatmaq üçün belə rəqəmlər açıqlanıb. Nə alternativ hesablamalar var, nə də Statistika Komitəsi hesablamanı necə aparması ilə bağlı açıqlama verib. Əhalinin rəsmi rəqəmlərlə gündəlik gördükləri arasında ciddi fərq yaranıb. Hamımız hər gün marketlərə gedir, görürük. Ötən ilin ortalarına və sonuna nisbətən qiymət artımı olub. Rəqəmlər arasında ciddi fərqin yaranması açıq-aşkar görünür”.

Natiq Cəfərli deyir ki, real inflyasiyanın nə qədər olmasını demək də çətindir. Çünki Azərbaycanda alternativ hesablama aparan institutlar mövcud deyil:

“İstər Rusiya, Türkiyə, istərsə də Gürcüstan olsun. Bunlarda azı üç qurum statistik göstəricilər açıqlayır. Üstəlik, hesablamalarının metodologiyaları da gizlədilmir. Bu zaman ekspertlərin əlində kifayət qədər ciddi araşdırmaların nəticəsi olur. Bunları incələyib, fikir yürütmək mümkündür. Azərbaycanda isə bir tək Dövlət Statistika Komitəsi var. Alternativ mənbələr və hesablayıcı institutlar yoxdur. Odur ki, real inflyasiyanın hansı həddə olduğunu demək çətindir. Amma reallıqda artan qiymətlərlə açıqlanan rəqəmlər arasında ciddi balanssızlıq var”.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button