Statistika Komitəsinin rəqəmləri prezidentin açıqlamasını təkzib edir

İlham Əliyevin və DSK-nin iş yerləri ilə bağlı açıqladığı rəqəmlər arasında 13 dəfədən çox fərq var

İyunun 13-də Dövlət Statistika Komitəsi(DSK) iqtisadiyyatda muzdla çalışan işçilərin sayı barədə məlumat yayıb. “Turan” agentliyi sənədə əsasən, yanvarın 1-dən iyunun 1-dək “maaşdan-maaşa” işləyənlərin sayının 5,9 min nəfər artdığını yazıb. DSK-nın məlumatına görə, 2016-cı il iyunun 1-i üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1501,7 min nəfər olub, onlardan 891,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışır. Beş ayda dövlət sektorunda 13,9 min nəfər işə qəbul edilib. Bu dövrdə özəl sektorda 8 min nəfər iş yerini itirib.

İyunun 10-da dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında açıqladığı rəqəm isə DSK-nın göstəricisindən 13 dəfə çoxdur. İlham Əliyev deyib ki, 6 ayda 90 min yeni iş yeri açılıb. Bunun 78 mini daimidir. O, deyilən dövrdə 26 min iş yerinin bağlandığını bildirib.

Statistik fərqi Meydan Tv-yə şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, dövlət başçısının açıqladığı rəqəmlər şübhə doğurur: “Rəsmi rəqəmlər də təsdiqləyir ki, daimi iş yerlərinin açılması qat-qat aşağı vəziyyətdədir. Sadəcə, prezident açıqlamasında daimi iş yerlərinin nə qədər olmasını dəqiqləşdirməmişdi. Ən azından bu məlumatdan sonra hökumət nümayəndələri prezidentin dediyi rəqəmi ümumilikdə artan iş yerləri  kimi qələmə verib prezidentin dediyi rəqəmi təmizə çıxartmağa çalışacaqlar. Hər bir halda iqtisadiyyatın strukturuna baxdıqda, görünür ki, muzdla çalışanlarla qeyri-daimi iş yerlərində işləyənlər arasında bu qədər fərq ola bilməz”.

Natiq Cəfərli

Natiq Cəfərli.

N.Cəfərli qeyd etdi ki, mənfi tendensiya dövlət sektorunda çalışan işçilərin sayının artmasıdır ki, bu da büdcənin yükünü artırır: “Prezident hələ yanvar ayında dövlət büdcəsinə olan basqıları azaltmaq üçün ciddi ixtisarlara və özəlləşdirmə proqramlarına gedəcəyini söyləmişdi. Amma, hökumət köhnə metodla, dövlət sektorunda büdcəyə əlavə yüklər gətirməklə problemi həll etməyə çalışır. Bu mənada, sonuncu məsələ rəqəm fərqindən daha ciddidir, çünki statistika siyasiləşdiyindən rəqəm fərqi həmişə olub”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button