Ştefan Füle: Avropa İttifaqının Azərbaycandakı vəziyyət haqqında məlumatı var və vəziyyəti izləyir

stefan fuqe

03.05.2013

Avropa İttifaqının genişlənmə məsələləri və Şərq Tərəfdaşlığı üzrə komissarı Ştefan Füle bu gün Diplomatik Akademiyada çıxış edib və mətbuat konfransı verib.

Onun çıxışının mahiyyəti ondan ibarət idi ki, Azərbaycan Avropa üçün mühümdür və bu əməkdaşlıq strateji xarakter daşıyır. Brüssel bu münasibətlərin fəallaşmasını istəyir və bu istiqamətdə fəal iş gedir, amma onu sürətləndirmək və gücləndirmək yaxşı olardı.

Füle müsbət məqamlar arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqları göstərib. O, Bakını daha fəal şəkildə siyasi və iqtisadi islahatlar aparmağa, Şərq Tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinin yerinə yetirilməsini təmin etməyə çağırıb.

O, Azərbaycanın ATƏT və AŞ çərçivəsində öhdəliklərini yerinə yetirməsinin və azad və ədalətli seçkilər keçirilməsini təmin etməsinin tərəfdarı olduğunu bildirib. “Qarşıda duran seçkilər beynəlxalq tərəfdaşlar qarşısında qəbul edilmiş öhdəliklərə, demokratiya norma və prinsiplərinə sadiqliyi sübut etmək və göstərmək üçün yaxşı imkan olacaq”, deyə Füle bildirib.

Demokratiya sahəsində vəziyyətə toxunan Avropa Komissarı Brüsselin vətəndaşların hüquq və azadlıqlarının pozulması faktlarından narahatlığını bildirib. Gənc fəalların həbsi və müxalifətin təqibi faktları haqqında məlumatı olub-olmadığı haqqında suala cavabda Füle bütün baş verənlər haqqında yaxşı məlumatı olduğunu bildirib. Onun sözlərinə görə, belə faktların getdikcə daha da çoxalması pisdir.

Jurnalistlər üçün mətbuat konfransında Füle Turan-ın Quba, İsmayıllı və Bakıda kütləvi etirazları nəzərə alsaq, Azərbaycanda vəziyyətin nə dərəcədə sabit olması və kütləvi həbslər, toplaşmaq azadlığının məhdudlaşdırılması fonunda ədalətli və azad seçkilər keçirilməsinin necə mümkün olacağı haqqında sualına cavab verməkdən yayınıb.

Avropa komissarı bildirib ki, Avropa İttifaqı hadisələri izləyir və qiymətləndirir, Azərbaycan hakimiyyəti tərəfindən adekvat qiymətləndirmə gözləyir. “Biz dəfələrlə vəziyyətin yaxşılaşdırılması, islahatlar keçirilməsi ilə bağlı təklif və tövsiyələrimizi dilə gətirmişik və hökumətə təqdim etmişik. Bu, seçki komissiyalarının tərkibinə, namizədlər üçün bərabər imkanlar yaradılmasına, toplaşmaq azadlığının təmin edilməsinə aiddir. Biz tövsiyələrin qəbul ediləcəyini və demokratik seçkiqabağı mühit yaradılacağını gözləyirik. Avropa İttifaqı öz monitorinqini həyata keçirəcək”, deyə o bildirib.

NİDA fəallarının taleyi haqqında təkrar suala cavabda Avropa komissarı bildirib ki, Brüssel vətəndaşların hüquq və azadlıqlarının pozulması, ifadə azadlığının məhdudlaşdırılması faktlarından və xüsusən qanunvericiliyə İnternetdə söz və ifadə azadlığını məhdudlaşdıran düzəlişlər edilməsindən narahatdır.

http://contact.az/docs/2013/Politics/050300035037az.htm#.UYKN8KIqzw0

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button