STP-dən işgəncəyə dair – MÖVQE SƏNƏDİ

Son illər Azərbaycanda həbsxanalarda, xüsusən də polis bölmələrinin müvəqqəti saxlama yerlərində və Cəzaçəkmə Müəssisələrində, həmçinin kütləvi aksiyalar və məmurlarla şəxslərin digər təması zamanı işgəncə və digər pis rəftar halları artmaqdadır.

Qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dinc, günahsız insanlara işgəncə verən, onların ləyaqətini alçaldan və qeyri-insani rəftar nümayiş etdirən şəxslər haqqında ölçü götürülməməsi bu səpkidə olan cinayətlərin artmasına səbəb olub. Təəssüflə qeyd etmək lazımdır ki, işgəncə faktına görə bir nəfər də olsun vəzifəli şəxs cəzalandırılmayıb. Məhz cəzasızlıq mühitinin hökm sürməsi qeyri-insani və zorakalıq hallarının daha da şiddətlənməsinə, sonda ölümlə nəticələnməsinə səbəb olub.

Məhkumlar Pərviz Mikayılov, Elşad Babayev, Nurani İbrahimov Cəzaçəkmə Müəssisələrində, təqsirləndirilən şəxslər Bəhruz Hacıyev, Rəşad Mehdiyev və digərləri polis bölmələrində şiddətli işgəncə nəticəsində son illərdə dünyasını dəyişən Azərbaycan vətəndaşlarıdır.

Son hadisələr 10 may ərəfəsində şəhərin mərkəzində yerləşən Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” sözlərini yazdıqlarına görə həbs edilən gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun saxlanma yerlərində işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması barədə açıqlamaları və Milli Ombudsman institutunun bu barədə açıq faktları təkzib cəhdi göstərir ki, şəxslərə qarşı pis rəftar nəinki azalır, əksinə, artan xətt üzrə davam edir.

Azərbaycan dövlət olaraq vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında bir sıra öhdəliklər götürmüşdür.
Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin III bəndinə görə heç kəsə işgəncə və əzab verilə, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala, özünün könüllü razılığı olmadan üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.

Mülki və Siyasi hüquqların haqqında Beynəlxalq Paktın 7-ci maddəsinə görə heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün sərbəst razılığı olmadan tibbi və ya elmi təcrübələrə məruz qalmamalıdır.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü maddəsinə heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

Bundan əlavə, Azərbaycan “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalarına qarşı” BMT-ni Konvensiyasına, “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qabağı alınması” haqqında Avropa Konvensiyasına qoşulmuş, BMT-nin “Məhbuslarla rəftar qaydasının minimal standartı”, (1955-ci il),“Hüquqi qaydaların müdafiəsi üzrə vəzifəli şəxslərin müraciəti Məcəlləsi”, (1979-cu il), “İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiqindən məhbusların və həbs edilmiş şəxslərin müdafiəsi sahəsində hakimlərin və səhiyyə işçilərinin tibbi etik prinsipləri” (1982-ci il), “İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzaların qarşısını alınması üzrə Avropa Komitəsinin Standartları” ölkəmizdə qüvvədədir.

Buna rəğmən Azərbaycan höküməti bu sahədə götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Belə ki, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdiyi müddətdə Avropa Məhkəməsi tərəfindən 19 qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulduğu müəyyən edilmişdir. Bu qərarların ən az 12-də, Avropa Məhkəməsi şəxslərin Azərbaycan dövlət məmurları tərəfindən işgəncəyə və ya qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması faktını müəyyən etmişlər.

Avropa İnsan Hüquqları Konvensiyanın 46-cı maddəsinə əsasən Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra etmək öhdəliyi götürüb, konkret bu halda şəxslərə qarşı işgəncə və ya digər pis rəftar halını ətrafla araşdırmaq, təqsirkar şəxsləri cəzalandırmaq və pis rəftara şərait yaradan sistem problemlərini aradan qaldırmaq öhdəliyi götürüb. Amma buna baxmayaraq, Azərbaycan höküməti bu qərarların icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi ilə effektiv əməkdaşlıqdan yayınır. Həm hüquq müdafiəçiləri, həm də rəsmi şəxslər (daxili işlər nazirinin müavini Əsgər Ələkbərov) bəyan edib ki, saxlanılan şəxslərə qarşı pis rəftar faktına görə bir nəfərdə olsun cəzalandırılmayıb. Hətta Azərbaycan hakimiyyətinin təmsilçiləri bu məsələyə münasibətdə sinizm nümayiş etdirirlər. Belə ki, Prezident İlham Əliyev bəyan edib: “Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq”.
Daxili işlər naziri Ramil Usubov bildirib: “Kimsə indi məhkəmədə özünü müdafiə etmək üçün deyə bilər ki, guya polis onu döyüb, işgəncə verib. Amma bunlar öz təsdiqini tapırmı? Tapmayacaq”.

Bundan əlavə, Azərbaycan hökuməti bu sahədə özünü monitorinq etməyə imkan vermir. Belə ki, 2014-cü ildə İşgəncələrin Qarşısının Alınması üzrə Birləşmiş Millətlər Təşkilatının Alt Komitəsi (İQAT) Azərbaycanda cəzaçəkmə müəssisələrində qarşılaşdığı maneələr üzündən səfərini dayandıraraq, ölkəni tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın da tərəf olduğu BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokoluna (OPCAT) Alt Komitə maneəsiz cəzaçəkmə müəssisələrinə daxil olmaq şəraiti yaradılmalı idi.

Azərbaycan höküməti İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (CPT) ilə əməkdaşlıq etsə də, bu quruma öz hesabatlarını açıq yaymağı qadağan edən Rusiya ilə bərabər iki Avropa dövlətindən biridir. Bu sahədə fəaliyyət göstərən Milli montiorinq qrupları korrupsiyalaşmış, şəffaflığını və qərəzsizliyini, habel cəmiyyət arasında etimadını itirmişlər. Orta əsrlərin qalıntısı və bəşəriyyətin ən idbar təcrübəsi olan inkvizisiyanın cəmiyyətimizdə yenidən təzahür etməsi, bütün sivil dünyada zorakılığa qarşı ciddi mübarizənin vüsət aldığı bir dönəmdə ölkəmizdə bu kimi halların mövcudluğu və yuxarı vəzifəli şəxsləri sükunətli razılığı ilə inkişaf etməsi utanverici haldır. Çünki bu kimi hallar Azərbaycan toplumunu 21 əsrdə sivil dünyadan uzaqlaşdıraraq orta əsrlərin qaranlığına sürükləyir.

STP olaraq bəyan edirik ki, cəmiyyətimizdə ciddi yer alan və insan mahiyyətinin əleyhinə yönələn bu kimi hallara qarşı davamlı və ardıcıl mübarizə aparmaq niyyətindəyik. Azərbaycan hökumətindən daxili qanunlara və bu sahədə üzərinə götürdüyü beynəlxalq öhdəliklərə məsuliyyətli yanaşmağı tələb edirik!

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button