STP hökuməti QHT sektoru ilə bağlı islahatlara başlamağa çağırır-FOTO/VİDEO

Hökumətin hazırda QHT-lərlə bağlı apardığı imitasiya siyasəti müstəqil qalan çox az sayda QHT-lərin də süqutuna səbəb olacaq. QHT sektorunda islahatlar 2013-cü ildən başlayaraq bu sahədə hüquqi aktlara edilmiş məhdudlaşırıcı dəyişikliklərin aradan qaldırılması ilə başlana bilər. Amma hələ bu sahədə hər hansı dəyişiklik baş verməyib. Əksinə, Ədliyyə Nazirliyi QHT-lər, xarici donorlarla bağlı məhdudlaşdırcı qərarlar qəbul edib. Hökumət QHT sektorunda islahatlar paketi hazırlayan zaman müstəqil QHT-lər də müzakirələrə dəvət edilməli və onların təklifləri nəzərə alınmalıdır.

Bu gün Beynəlxalq Media Mərkəzində “Sivil Toplum Platforması”nın “Azərbaycanda QHT-lərin hazırkı vəziyyəti və  problemlərdən çıxış yolları” mövzusunda təşkil etdiyi forumun əsas leytmotivi  bunlar olub.

Forumda QHT rəhbərləri, siyasi partiya təmsilçiləri, xarici diplomatik missiyaların nümayəndələri iştirak edirdi. Hökumət qurumları dəvət edilsə də, foruma qatılmayıb.

“QHT-lərdə son iki ildə baş verənlər və hazırki durum” mövzusunda məruzədə deyilir ki, ölkədə  kommersiya qurumları cəmi 3 günə dövlət qeydiyyatına alındığı halda, QHT-lər 40 günə, bəzən isə hətta 140 günə qeydiyyata alına bilər.

“2013-cü ildən başlayaraq hökumət monitorinqlərində tənqidi qeydlər olan QHT-lərin qeydiyyatından imtina etməyə başlayıb. QHT-lərlə bağlı qanunvericilik aktlarına onlarla məhdudlaşdırcı dəyişikliklər edilib. QHT-lərlə bağlı qaldırılan cinayət işi üzrə çoxsaylı müxtəqil QHT-lərin və bu qurumların rəhbərlərinin bank hesabları dondurulub. QHT liderləri həbs edilib, onların xarici ölkələrə çıxışına qadağalar tətbiq olunub, vergi yoxlamalarına məruz qalıblar, fantastik rəqəmlərlə cərimə olunublar. Ofislərdə axtarışlar aparılıb, çoxsaylı QHT fəalı istintaqa cəlb olunub. Bir çox QHT fəalı ölkəni tərk etməyə məcbur olub”, deyə məruzəçi Xalid Ağalıyev qeyd edib.

2013-cü ildən başlayaraq xarici donorlar ölkəni tərk etməyə məcbur olub. Beynəlxalq QHT-lər istintaqa cəlb edilib. Qrant və ianələrə tətbiq edilən məhdudiyyətlər onu əlçatımlılıqdan uzaq edib.

“Hətta dünyanın yüzdən çox ölkəsində fəaliyyət göstərən beynəlxalq QHT-lər vergi yoxlamalarına, istintaqa cəlb edilib. Onlar artıq ölkəni tərk edib. Cərimələr o qədər fantastikdir ki, bu, nə yerli, nə də beynəlxalq normalara uyğun gəlmir. Məsələn 20 yerli QHT-yə 1 milyon manatdan çox cərimə tətbiq edilib. Beynəlxalq QHT-lərin üzərinə isə 3 milyon 100 min manatdan çox cərimə qoyulub. Belə ki, OXFAM 797 min manat, Fridrix Ebert Fondu 205 min manat, İREX 436 min manat və s. cərimə ödəməlidir”, deyə məruzəçi Bəşir Süleynmanlı qeyd edib.

Siyasi partiya rəhbərləri QHT-lərin fəaliyyətinə qarşı total məhdudlaşdırmaların mövcud rejimin avtoritarizmi daha da dərinləşdirmək siyasətinin nəticəsi olduğunu bildirib.

“Vətəndaş cəmiyyətinin problemi sistemli siyasətin nəticəsidir. Rejim insanları susdurmaq üçün həm siyasi partiyalara, həm mediaya, həm də QHT-lərə qarşı total mübarizə aparır. Ölkədə çoxsaylı siyasi məhbuslar var. Hakimiyyət bu məsələnin beynəlxalq arenaya çıxmaması üçün milyonlarla avro rüşvət verir, geniş lobboçilik işlər görürür”, deyə AXCP sədri Əli Kərimli qeyd edib.

Forumda bir çox beynəlxalq təşkilatların Azərbaycan avtoritar rejimi ilə əlaqələri də tənqid edilib.

“Hökumət bir çox QHT-lərdən, KİV-lərdən qonqolar düzəldib. Beynəlxalq təşkilatlar və Avropa qurumları bu qonqolarla əməkdaşlıq edir. Xarici səfərlərdə  20 qonqo olanda cəmi  2-3 müstəqil şəxs olur. Bu siyasətdən əl çəkilməlidir. Qonqolarla əməkdaşlıq, elə avtoritar hökumətlə əməkdaşlıq deməkdir”, deyə jurnalist Aynur İmranova qeyd edib.

Sivil Toplum Palatformasının tövsiyələrində deyilir ki, QHT-lərin, fondların, ictimai birliklərin, qeyri-kommersiya qurumlarının, icmaların və son 3 ildə basqılara məruz qalmış QHT-lərin, ATƏT-in əlaəqləndirici qurumlarının, AŞ Venesiya Komissiyasının ekspertlərinin iştirakı ilə QHT qanunvericiliyində islahat aparılması ilə bağlı işçi qrupu yaradılmalıdır. Qanunvericilik tənzimləyici hala gətirilməlidir. Bununla yanaşı, vətəndaş cəmiyyətlərinin qeydiyyatı sadələşdirilməli, donorların, beynəlxalq QHT-lərin ölkədə fəaliyyəti ilə bağlı qaydalar sadələşdirilməli, qrantlar və inalərlə bağlı məhdudiyyətlər aradan qaldırılmalıdır. Son illər QHT-lərə qarşı qaldırılmış cinayət işinə xitam verilməli və bu cinayət işi ilə bağlı QHT-lərə, onların fəallarına qarşı məhdudlaşdırıcı fəaliyyətlərə son qoyulmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button