Sülhəddin Əkbər “Azərbaycan Dərin Dövləti” haqqında kitab yazdı-TƏQDİMAT&VİDEO

I hissə:


II – sonuncu hissə:

Məlum olduğu kimi, sentyabrın 16-da Azad Demokratlar Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbərin yazdığı “Dövlət siyasətinin əsasları” adlı kitabın təqdimat mərasimi keçirilib. Müxtəlif media resurslarında bu haqda qısa informasiya verilsə də, Strateq.az-ın əməkdaşı tədbirdən geniş videoreportaj hazırlayıb. Həmin videoreportaj tədbirdən hazırlanmış xəbər mətninə əlavə olunmaqla, aşağıda oxuculara təqdim edilib.

Strateq.az xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında (VHP) və elə VHP sədri, tanınmış yazıçı-publisist Sabir Rüstəmxanlının da aparıcılığıyla keçirilən təqdimat mərasiminə siyasi partiya rəhbərləri, QHT və media nümayəndələri, elmi işçilər qatılıblar.

Kitabın müəllifi – Sülhəddin Əkbər öncə bu əsəri yazmasının hansı zərurətdən doğduğuna aydınlıq gətirib: “Bu kitab onillərlə davam edən strateji düşüncələrimin son məhsulu, yazmamın daxili siyasi-mənəvi imperativə çevrilməsinin nəticəsidir. Onun imperativə çevrilən yazılması fikri cəmiyyətin sosial-psixoloji və sosial-siyasi ehtiyacından doğub… Cəmiyyətimizdə strateji –  uzunmüddətli, geniş və dərin düşüncə çatışmazlığının ortadan qaldırılması ehtiyacından yaranıb”.

S.Əkbər bildirib ki, onun qənaətincə, milli problemlərimizin əsas qaynağı bir neçə əsaslı səbəblərlə bağlıdır: “Birincisi, milli-tarixi-siyasi inkişaf prosesimizin kənar zorakı müdaxilə ilə pozulması; ikincisi, milli dövlətçiliyimizin yaranması, inkişafı və davamlılığının qarşısının alınması; üçüncüsü, müasir tarixi-siyasi inkişaf –  demokratik inkişaf yolundan çıxarılmağımızdır”.

S.Əkbərin fikrincə, dövlətçilikdə ən başlıca məsələlərdən biri davamlılıqdır: “Çünki dövlətçilikdə davamlılıq əsasdır. Dövlətçilikdə davamlılıq milli siyasətin – dövlət siyasətinin davamlılığını tələb edir. Bu da dövlət siyasətinin davamlılığını təmin edən nəsillərin davamlı olaraq yetişdirilməsini tələb edir. O da öz növbəsində milli siyasət məktəbinin yaradılmasını və davamlı olaraq fəaliyyət göstərməsini tələb edir.

Milli siyasət məktəbini isə milli-strateji düşüncəli professor-müəllim heyəti, milli-strateji düşüncə məhsulları olan dərsliklər, əlavə dərs vəsaitləri və elmi-siyasi ədəbiyyat olmadan təsəvvür etmək mümkün deyil.

Bax, bu cür strateji alqoritmlə davam edən yorucu siyasi düşüncələr nəticəsində kitabın yazılması artıq daxili imperativə çevrildi…

Təbii ki, biz davamlı olaraq dünya təcrübəsini öyrənməli və yenilikləri izləməliyik. Lakin öz milli siyasət məktəbimizi yaratmalı və dövlətimizi idarə edəcək yeni siyasətçi, diplomat, hərbçi, kəşfiyyatçı və güvənlikçilər nəsillərini məhz özümüz yetişdirməliyik”.

Daha sonra S.Əkbər deyib: “Dünyamız getdikcə daha sürətlə qloballaşır, “kiçilərək darısqallaşır”, millətlər və dövlətlərarası rəqabət isə amansızlaşır. Bu amansız rəqabətdə yetərli strateji insan qaynağı – yetərli sayda azad və yaradıcı insanları olanlar qalib gələcək, bəşəriyyəti və dünyamızı idarə edəcək. Biz də, gec olsa da, başımızı qaldırmalı, gələcəyə –  mümkün qədər uzaq gələcəyə baxmalıyıq. Çünki gələcək görənlərin, zəfər inananlarındır!

Bizim quracağımız milli siyasət məktəbi də bu amansız rəqabətə davamlı, gələcəyi görən və inanaraq zəfərə yürüyən fiziki cəhətdən möhkəm və sağlam; əqli cəhətdən üstün zəkalı, tənqidi və analitik fikirli, strateji düşüncəli; azad ruhlu və yaradıcı ləyaqətli şəxsiyyətlər yetişdirməlidir. İstədim ki, milli vəzifəmiz hesab etdiyim bu müqəddəs işə mənim də, əgər millətimiz qəbul edərsə, kiçik bir töhfəm olsun…”.

Tədbirin aparıcısı, VHP sədri Sabir Rüstəmxanlı isə öncə kitabın təqdimatının mühüm bir tarixdə keçirilməsinə diqqət çəkib, 15 sentyabr 1918-ci ildə türk qoşunlarının Bakını xilas etməsi məsələsinə toxunub, daha sonra deyib: “…Sülhəddin Əkbərin sevincini və həyəcanını başa düşürəm. Bu, doğrudan da böyük bayramdır. Dövlət siyasətinin əsasları haqqında yazmaq sadəcə olaraq bədii düşüncənin yanaşması ola bilməz. Burada elmi, fəlsəfi, tarixi yanaşmadan söhbət gedir. Bu cür kitabı yazmaq çox böyük informasiya, bilgi sahibi olmaq bacarığı tələb edir. Təəssüf ki, türklər tarixi yaratsalar da, yazmayıblar, “Vətən” deməyib, vətəni qoruyublar. “Tarix” deməyib, tarixi yaradıblar. Ancaq təəssüf ki, az yazıblar. Başqaları yazıb və onlar da təhrif edərək qələmə alıblar. Bunun da əzabını çəkirik. İndinin özündə, təəssüf ki, son 30 illik tarixin şahidi olan dostlarımız çox az yazırlar. Bu işlər barəsində hətta öz xatirələrini də qələmə almırlar. Halbuki, sabah bu xatirələr tarix olacaq. Sevinirəm ki, dostumuz Sülhəddin Əkbərin belə bir kitabı ortaya çıxıb. Həmçinin sevinirəm ki, məclisdə elə müstəqil dövlətimizin quruculuğunda yaxından iştirak etmiş dostlarımız iştirak edirlər. Çox arzu edərdim ki, biz tez-tez bir yerə yığışmağı bacaraq. Bu, son dərəcə vacibdir.

Siyasət haqqında yazmaq çətin olsa da, bu cür kitabların rolu böyükdür. Məsələn, İran-fars şovinizm siyasətinin formalaşmasına iki kitab xüsusi təsir göstərib: Firdovsinin “Şahnamə”si və Nizamimülkün “Siyasətnamə”si. Hər ikisində türklər aşağılanır. Ancaq Azərbaycan siyasəti barədə kitablar çox az yazılıb.

Sülhəddin Əkbər “Dövlət siyasətinin əsasları” kitabında təkcə siyasətçi yox, həm də tarixçidir. Çünki əsərdə Azərbaycan tarixinə ümumi nəzər var, son yarım əsrin tarixinə geniş baxış var və gələcək perspektivlərlə bağlı mülahizələrini irəli sürür.

Əsərdə bir neçə əsrin xronoloji ardıcıllığını saxlamaq zəhmət istəyir. Əsər dövlət siyasəti adlansa da, tamamilə milli siyasət haqda yazılıb. Məncə, kitab “Azərbaycan dövlət siyasətinin əsasları” adlansaydı, daha yaxşı olardı…

Bütövlükdə Sülhəddin Əkbərin bu cür kitab yazmasını yüksək qiymətləndirirəm…”.

Digər çıxışçı – tarix elmləri diktoru, professor Cəmil Həsənli də Sülhəddin Əkbərin kitab yazmasını təqdir edib: “Kitabların ömrü  insanların ömründən xeyli uzundur. Ona görə də kimin imkanı varsa, əli qələm tutursa, bilsin ki, yazılan hər şey faydalıdır. Burada oturan adamların böyük bir hissəsi çox maraqlı və keşməkeşli mübarizə, həyat yolu keçiblər. Onların etdikləri mübarizənin heç 50 faizi də sənədlərdə əks olunmur. Hər hansı hadisəyə münasibətdə rəsmi sənədlər var, ancaq tarixi rəsmi sənədlərdən çox, qeyri-rəsmi münasibətlər formalaşdırır. Bu, insanın yaddaşında qalan münasibətdir. Ona görə də onları yazmaq, çap etdirmək çox mühümdür…

Sülhəddin bəy də çox dəyərli iş görüb. Doğrudan da dövlət siyasətinin əsaslarını ümumi bir sujet xəttində birləşdirmək və mükəmməl bir araşdırma ortaya qoymaq müəllifin intellektual potensialının göstəricisidir… Bu, elə bir mövzudur ki, yalnız yaddaşın və müstəqil fikrin əsasında yazmaq olmaz, geniş araşdırma aparmaq lazımdır. Sülhəddin bəy həm tarixin, həm sosiologiyanın, həm hüququn vəhdətini yaradıb və hər üçü də dövlətlə birbaşa bağlıdır.

Kitabın ikinci məqamı isə fərd, cəmiyyət və dövlətin vəhdətidir. Dövlətin əsasları üçün birinci iki amil çox mühümdür, müəllif də bütün süjet xətti boyunca dövlətlə, millət və milli təhlükəsizliklə və geostrateji vəziyyətlə bağlı yanaşmalarda dövlətin, fərdin və cəmiyyətin maraqlarını ümumi kontekstdə birləşdirib.

Kitabın dörddə biri tarixlə bağlıdır, əsasən də Azərbaycanın müstəqiliyinə təsir göstərən amillər çox nadir formada əks olunub…”.

Müsavat partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər isə Azərbaycanda ilk dəfə olaraq bu mövzuda kitabın yazıldığını vurğulayaraq, onun tədris vəsaiti kimi istifadəsinin zəruriliyini bildirib: “…Məndən asılı olsaydı, bu kitabın bütün humanitar fakültələrdə öyrənilməsini istərdim. Müasir dövrü anlamaq və gələcəyi görmək istəyən gənclər bu kitabı oxumalıdır. Universitet rektoru olsaydım, milli təhlükəsizlik kafedrası yaradıb Sülhəddin bəyi də müdir təyin edər, deyərdim ki, yeni nəsil yetişdir. Azərbaycan alimləri özlərinə hörmət etsəydilər, bu kitaba görə Sülhəddin bəyə şərtsiz siyasi elmlər doktoru adını verməliydilər. Bəlkə də bu əsərdən bir neçə kitab düzəltmək olardı. Məsələn, milli Azərbaycan dövlətçiliyi ayrı kitab ola bilər, yaxud ümumi dövlət quruculuğu, milli təhlükəsizliyin nəzəri əsasları və s.

Azərbaycanın yaxın iki əsrlik keçmişi, bu günü və və gələcəyi araşdırma, informativ şəkildə bir kitabda birləşdirilib. Bu mənada orta məktəblərin və universitetlərin tarix dərslərində “Dövlət siyasətinin əsasları”ndan istifadə edilməlidir, çünki tarixə yaxşı baxış var… Azərbaycan xalqını öz tarixini bilməyən kütlə halına gətirməyə çalışırlar. Tarixini bilməyən millət öz yaddaşı olmayan, amneziya xəstəliyinə uğramış insan kimidir. Bununla da millət başqa dövlətlərin əlində oyuncağa çevrilir. Hazırda Azərbaycan tarixini yazmağa imkan vermirlər və bu da imperiya siyasətinin tərkib hissəsidir…

…Bəzi primitiv düşüncəli insanlar filan xanın yaxşı, digərinin pis olduğunu bildirir, belə mənasız yarışlara girirlər. Ən böyük bəla isə odur ki, xanlıqlar dövrü Azərbaycanda xaos, parçalanma dövrü kimi tədris olunur. Amma Sülhəddin bəy haqlı olaraq bu dövrü milli dövlətin yaranma prosesi hesab edir. Almaniya, İtaliya və başqa dövlətlər də bu mərhələni keçib milli dövlət yaradıblar. Təbii ki, o xanlar Azərbaycan dövləti yaradacaqlarını düşünmürdülər, onlar feodallar idilər…”.

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov isə çıxışında Sülhəddin Əkbəri əvvəl həkim, sonra inqilabçı, ardınca təhlükəsizlik sahəsində məmur kimi tanıdığını vurğulayaraq, deyib: “…Hazırda o, bunların hamısını birləşdirib siyasi elmlər sahəsində dövlət siyasətinin əsaslarından kitab yazan mütəxəssis kimi qarşımızdadır. Mən kitabı tam oxumasam da, tarix hissəsinə baxdım… Dövlətlərin tarixi olmasa, onların inkişafının əsaslarını, siyasətinin istiqamətlərini müəyyənləşdirmək olmur. Nə qədər fərqli yanaşsaq da, Azərbaycan dövləti gəncdir. Ərazimizdə dövlətlər olub, amma Azərbaycan dövləti gəncdir, ona görə tarixi öyrənməliyik və bunda da bu cür kitabların böyük önəmi var. Bütün hallarda kitabın məğzi dövlət təhlükəsizliyinin və siyasətinin müəyyənləşməsidir…

Mən xanlıqları dövlət hesab etmirəm. Kitabda xanlıqların müstəqilliyimizin əsasını yaratması qeyd olunur. O zaman mərkəzləşmiş dövlətin parçalanması baş verib və ayrı-ayrı vilayətlər özləri üçün dövlət yaratmağa cəhd ediblər. Hazırda xalqımızın içində dövlətə münasibətin nöqsanları xanlıqlarla bağlıdır. Həmin vaxt, bir növ, dərəbəylik olub, onlar yaratdıqları qurum üçün yeni ağa axtarmağa başlayıblar. Onu da Rusiyanın və Osmanlının simasında görüblər, ikinciyə etibar etməyiblər, çünki onlar xanlıqları ləğv edərək vilayətə çeviriblər və təyinatlı rəhbərlər qoyublar. Təyinatlı rəhbərlər ümumi dövlətin qanunları əsasında işləyiblər. Bizim xanlıqlar isə qanunu özləriylə əvəz etdilər, heç bir qanun yaradıcılıqları da olmayıb – necə ki, bu gün hər icra başçısı özünü qanun hesab edir. Ona görə xanlıqlar dövrü hərc-mərclik dövrüdür, nəinki müstəqilliyə hazırlıq…

Hesab edirəm ki, Sülhəddin Əkbərin bu əsəri əsasında bir neçə dərslik hazırlanmalıdır, çünki bu dərsliklər gənclərin dövlətin əsaslarının və siyasətinin öyrənilməsinə yardım edə bilər”.

AXCP sədri Əli Kərimli isə çıxışında kitabla bağlı müzakirələrdə tarixi aspektdən digər sahəyə keçid edilməsini vacib sayıb: “…Kitabda tarixə o niyyətlə ekskurs edilib ki, milli dövlətin strateji güc qaynağının tarixdən gəldiyini oxucuya aşılasın. Amma əsas məqsəd dövlətin milli və strateji təhlükəsizlik maraqları və bunların təmin edilməsi ilə bağlı müzakirələrə çağırışdır.

Əsərdə milli maraqların açıqlamasının təqdim edilməsi çox önəmlidir. Müəllif millətin hər bir fərdinin maraqlarını, onun xoşbəxt olmaq haqqının, hüquq və azadlıqlarının milli maraq olduğunu aşılayır. Müəllif deyir ki, hər bir fərdin hüququ, azadlığı, inkişafı, təhlükəsizliyi təmin olunanda milli maraq təmin edilir. Milli təhlükəsizlikdə də demokratiyanın və hüququn aliliyi milli dövlətin güc qaynağı olduğu qeyd edilir. Dayanıqlı və perspektivli inkişafın məhz demokratiya zəminində və qanunun aliliyi çərçivəsində olacağının aşılanması olduqca pozitiv yanaşmadır.

Həyatın paradoksudur, Sülhəddin bəy son bir neçə ildə əziyyətlə dövlət siyasəti haqda kitab yazanda bu dövlətə rəhbərlik edənlər Azərbaycan xalqının sərvətlərini oğurlayırdılar və yenə də bu oğurluq davam edir. Hakimiyyətdəkilər dövlətçilik deyəndə, dövlətin talan edilməsi kimi başa düşürlər. Bu mənada onların belə kitabı universitetlərə buraxacağı inandırıcı deyil. Bütün hallarda, azsaylı olsalar da, adamlar “Dövlət siyasətinin əsasları” kitabını oxuyub müzakirə edəcəklər…”.

KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışı zamanı Azərbaycan tarixşünaslığında xanlıqlar dövrü ilə bağlı vahid konsepsiyanın olmadığını ifadə edib: “Bu gün dövləti təmsil edənlərin dövlətçilik psixologiyası olmadığından “Dövlət siyasətinin əsasları” kitabının olması vacibdir. Amma əsər üçün kənar redaktor olsaydı, daha yaxşı olardı. Kitabın uğuru həm də ondadır ki, bunu Elçibəy komandasının üzvü, bizim silahdaşımız yazıb…”.

VAMBP sədri, professor Hacıbaba Əzimov da Sülhəddin Əkbərin kitab yazmasını təqdir edib: “…Azərbaycan siyasi tarixində ilk dəfə milli təhlükəsiliyin qorunması kitabda geniş əksini tapıb. Kitabda daha çox Sülhəddin Əkbərin öz müşahidələri, fikirləri əks olunub və burada Azərbaycana əsas təhlükələrin haradan qaynaqlandığı, antiazərbaycan meyllərə qarşı mübarizənin istiqamətləri göstərilib. Kitabda qoyulan prinsiplər öyrənilməli və tətbiq edilməli, dərslik kimi istifadə olunmalıdır. Bu, ciddi nailiyyət hesab olunmalıdır”.

AMEA Tarix İnstitutunun elmi işçisi Dilavər Əzimli də çıxışında kitabda yer almış fikirlərlə bağlı tənqidlərə münasibət bildirib, təklif və tövsiyələrini verib: “Sülhəddin Əkbər üzərinə böyük bir iş götürüb və öhdəsindən layiqincə gəlib. Kitab uzun illərin və zəhmətin məhsuludur. Müəllif əvvəldən qoyduğu prinsipi sonadək qoruyub… Kitabda tarixiliyə də geniş yer verilib və bu lazımdır. Xanlıqların milli dövlətlər kimi göstərilməsi fikrini müdafiə edirəm. Onlara necə milli dövlət demək olmaz ki, qubalı Fətəli xanın bayrağı Səfəvi bayrağı idi və Salyana qədər gəlmişdi, vaxtı çatmadı… Qarabağ xanının məqsədi o idi ki, Azərbaycanı milliləşdirsin… Cavad xan gedib gürcülərin əlindən ona qarşı çıxan xanları xilas eləmişdi… Yəni  xanlıqlarda milli düşüncə var idi…

Kitabda şiəlik gündəmə gətirilib. Səfəvilərdə şiəlik işlənməyib – yalnız imamilik işlənib. Nadirin “Cəfərilik” məsələsinə toxunmusunuz. Gözəldir. Türkiyə tarixçiləri yazır ki, guya, “Cəfərilik” şiəliyin sünnilik variantı idi. Yanlışdır. Cəfəriliyin sünni-şiəliyi yoxdur. Sadəcə, Nadir vəhdət yaratmaq üçün buna getmişdi. Ancaq nə Osmanlı üləması, nə də Nadirin ətrafındakı üləmalar buna getmədi. Çünki onda hakimiyyətlərini itirirdilər. 56-cı ildə Əl-Əhzər “Cəfərilik”i şiəlik adıyla qəbul etdi və bizə də zərbə vurdu…

Bir də bu İran anlayışından istifadə zamanı ehtiyatlı olmaq lazımdır… Orta əsrlər dövründə mill kimlik məsələsi fərqliydi. Hətta IV Muradla Cahan Şah görüşəndə Osmanlı nümayəndəsi “Oğuznamə”ni vermişdi ki, siz də, biz də türkük. 1227-ci ildə Anadolu səlcuqları türk dilini rəsmi dövlət dili elan etdilər. Ancaq Şah İsmayıl nə dillə, nə də dinlə bağlı belə bir fərman imzalamadı. Çünki “Qızılbaşlıq” elə milli kimlik idi. Fikir versəniz, görərsiniz ki, qızılbaşlıq dairəsinə ancaq türk ailələri daxil edilirdilər…”

Sabiq Daxili İşlər naziri İsgəndər Həmidov da Sülhəddin Əkbərin kitabının oxunacaq kitablar siyahısında olacağına əminliyini bildirib: “İndiyədək çoxları kitab yazıb, ancaq rəflərdə qalıb… Sülhəddin Əkbərin kitabı isə oxunaqlı kitab olacaq”.

AMEA-nın gənc alimlərindən Faiq Ələkbərov isə çıxışında özündən qabaqkı çıxışçıların tarixlə bağlı səsləndirdiyi fikirlərə toxunub, daha sonra isə deyib:  “…Kitab yeni nəslə milli maraqlarımızı tanıtmaq baxımından çox gərəklidir… Tarixini bilməyən millət inkişaf edə bilməz. Yazılmış tarix başqa əllərdədir və onu biz az bilirik… Kitabın əhəmiyyəti tarixlə siyasəti uzlaşdırmasındadır…”

Başqa bir gənc alim – Yasəmən Qaraqoyunlu da Sülhəddin Əkbərin kitabında səsləndirdiyi fikirlərə münasibət bildirib: “…Kitabda razılaşmadığım məqamlar da var. Məsələn, “Dağlıq Qarabağ münaqişəsi” termini işlədilir. Buna yol vermək olmaz. Yaxud, “Ermənistan-Azərbaycan münaqişəsi” işlədilir. Əslindəsə “müharibə” anlayışı işlədilməlidir… Və yaxud, Türkmənçaydan sonra Rusiya təsirinə düşmə qırılma nöqtəsidir, yoxsa Avropa mühitinə düşmək üçün uğur? Axı, Rusiyanın mədəniyyət gətirdiyini düşünənlər də az deyil… Kitabda Trabzon, Batum müqavilələri geniş şərh olunur. Ancaq təəssüf ki, bu müqavilələr Azərbaycanda az qabardılır… Məsələn, Batum müqaviləsinin 22-ci maddəsində yazılıb: “Ermənistana bir şərtlə bu ərazilər güzəştə gedilir ki, o, Azərbaycan daxilində konfederativ dövlət şəklində birləşəcək”. Biz bunu qabartmalıyıq. Çünki bu, hüquqi əsasdır. Batumda İrəvanın güzəştə gedilməsindən söhbət getmir.

Elmi ədəbiyyatda ənənəvi yanaşma var: Azərbaycan Rusiya-İran arasında bölündü. Bu, qətiyyən belə deyil. Rusiya cənuba, Xəzərə, İstanbula sahiblənmək üçün Osmanlı və Qacarlarla savaşırdı. Bu, rus-türk müharibəsidir.

Biz İran anlamına aydınlıq gətirməliyik. İran fars, yoxsa türk dövlətiydi? Əgər deyiriksə türk dövlətidir, bu, Rusiyanın türk dövlətinə işğalçılıq müharibəsi və şimalın işğalı kimi yayılmalıdır…

Kitabda Avroatlantik məkana inteqrasiyadan danışılır. Mənsə inanmıram ki, bu, inkişafa aparan yoldur…”.

Politoloq Hikmət Hacızadə isə kitab üzərində çalışmanın hansı zəhmətlər hesabına başa gəldiyini yaxşı bildiyini vurğulayıb, müəllifə uğurlar arzulayıb: “…Ölkələr var ki, elə də zəngin keçmişləri, öyünəcək tarixləri yoxdur, ancaq müasir dövrdə xeyli inkişaf ediblər. Biz də keçmişin əsiri olmaqdan daha çox, qabağa baxmalıyıq, bizi inkişafa aparacaq yollar üzərində düşünməliyik”.

Tədbirdən yaddaşlarda qalan fotolar:

  

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button