Sumqayıt maşın bazarı vergidən yayınır

“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik”

Heydər Əliyev

 Sabir Tarverdiyev ulu öndərin aforizminə niyə əməl etmir?

 Bir müddət öncə Sumqayıtda yerləşən maşın bazarı – “Vicdan” MMC  müvəqqəti fəaliyyətini dayandırmışdı. Mətbuatda dolaşan informasiyalardan belə məlum oldu ki, Badamdar qəsəbəsində yeni maşın bazarı fəaliyyətə başladıqdan sonra, bu bazara nəzarət edən oliqarxlar “8-ci kilometr”də və Sumqayıtda olan maşın bazarlarını bağlatdırıblar. ”8-ci kilometr” bazarı o vaxtdan fəaliyyətini dayandırsa da, 3 ay bağlı qalan Sumqayıt maşın bazarı yenidən işə düşdü. Mətbuatın yazdığına görə, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyevin təsisçisi olduğu “Vicdan” MMC ölkə başçısının əmisi oğlu İlqar Əliyevlə şərik olmağa razılaşdıqdan sonra, onun fəaliyyəti bərpa edilib. Bu dəfəki reportajımızı da məhz həmin başıbəlalı bazardan hazırlamışıq.

…Avtomobillə Sumqayıt maşın bazarına daxil olmaq istəyirdik ki, qapıda əlində dəstə pul tutmuş biri saxlatdı bizi:

–        5 manat verəcəksiniz.

–        Niyə?

–        Bazara daxil olmağın haqqıdır.

–        Biz maşın satmağa gəlməmişik, işimiz var, bir azdan çıxacağıq.

–        Onda maşınınızı bayırdakı “stoyanka”da saxlayın. İçəri maşınla girmək istəyirsinizsə, 5 manat verməlisiniz.

–        Çek verirsiniz?

–        Nə çek, maşının nömrəsini yazıb qeyd edəcəyəm dəftərə, çıxanda heç kim heç nə deyə bilməz.

–        Axı pul ödənilirsə, çek verməlisiniz…

Üzümə bir az təəccüblə, bir az da əsəbi-əsəbi baxıb hirslə girişdəki kiçik köşkə qışqırdı:

– Oradan çek gətir bu müəllimə, çek istəyir…

 Bazara giriş üçün alınan pulun illik dövriyyəsi – 480.000 manat!

 Üzünü çevirib arxadakı maşına yaxınlaşdı. Sakitcə 5 manatını alıb onu içəri buraxdı. Maşını döndərib bazarın ərazisindən çıxardıq və qapıçının məsləhətinə əməl edərək, dayanacaqda saxlayıb piyada bazara daxil olduq. Ancaq bu çek məsələsi beynimizdən heç çıxmadı. Yaxşı, bəs görəsən, vergi ödənilmədən gündə nə qədər pul yığılır burada? Bəs bu pulları həftəyə, aya, kvartala, nəhayət, ilə vuranda nə qədər edir? Bütün bu suallara cavab tapmaq üçün də ərinmədik, bazarı tam dolaşaraq maşınları gözəyarı saydıq. Təxminən 1000 maşın vardı. Hələ nəzərə alsaq ki, biz bazara çatanda saat 11.30 idi, bu o deməkdir ki, hələ nə qədər maşın da bazardan çıxıb gedib. Belə ki, burada maşın bazarı həftənin şənbə və bazar günləri olur. Bəziləri bir gün qabaqdan, bəziləri isə səhər saat 5-dən bazarda yer tutmaq üşün gəlirlər ki, tez də maşınlarını satıb gedə bilsinlər. Bir çox alıcılar da səhər tezdən bazara gəlirlər. Ona görə də günortaya qədər çox sayda maşın alınaraq bazardan çıxıb. Ancaq bütün bunları bir kənara qoyub, biz saydığımız müddətdə bazarda olan maşınların sayına uyğun hesablama apardıq – 5000 manat! Şənbə gününü də nəzərə alsaq, həftədə 10.000 manat! Ayda 40.000 manat! Kvartalda isə 120.000 manat! Belə çıxır ki, həmin 5 manatlarla il ərzində vergidən yayınan, büdcəyə daxil olmayan nəzarətsiz pulun məbləği 480.000 manatdır… Bu pulun vergiyə ödəniləcək məbləğini – 4 faizlə, yoxsa 18 faizlə ödəniləcəyini hesablamaq isə bizim yox, vergi işçilərinin işidir. O vergi işçilərinin ki kasıb-kusubun bir tikə çörəkpulu qazanmaq üçün açdığı xırda piştaxtaların qəniminə çevrilib, onları soyub soğan qabığına çeviriblər.

 “Villis”dən tutmuş, “Mercedes ML”-ə qədər…

 Bazarda əsasən çox da bahalı olmayan işlənmiş maşınlar satılsa da, istənilən marka və modelə rast gəlmək olar. Hər yerdə qızğın qiymət söbəti gedir. Satıcı baha satmaq üçün maşını o ki var tərifləyir, alıcı isə qiymət öldürmək üçün maşında “defekt” axtarır. Hər qiymətə maşın var. Maraqlı olan isə odur ki, Azərbaycanda artıq hər növ alverdə milli valyutaya keçilsə də, maşın biznesi hələ də dollarla aparılır. Məsələn, 1974-cü ilin “Villisi”ni 3200 dollara deyən ağsaqqal, “uzun illərin dostu”nu bir az aşağı sata biləcəyini də deyir: “alsanız, aşağı yeri var… Dağ yeri üçün əvəzolunmazdır, yazşı “yığdırıb” antik maşın kimi də sürə bilərsiniz, indi belə maşınlar “mod”dadır.” Xüsusilə, “avtoş”luğa meylli olanların ən sevimli avtomobil markası sayılan “07”-lərin ətrafına da əsasən elə cavanlar yığışıb. Qabağı qaldırılmış, aparaturalarla təchiz edilmiş 2005-ci ilin istehsalı olan “VAZ 2107”-ni 4900 dollara satmaq istəyən gənc deyir ki, “cəmi iki dəfə “yüngül” vurulub”. Ancaq “avtoş” maşınının “yüngül” vurulmasının nə olduğunu bir az maşından başı çıxanlar yaxşı bilir.

2000-ci ilin istehsalı, üzərində “full salon” yazılan və el arasında “dördgöz” kimi tanınan “E klass” markalı “Mercedes”i 12.500 dollara, ondan 1 il sonra istehsal olunmuş eyni markalı “ML-Cip”i isə 16.500 dollara satmaq üçün müştəri gözləyənlər də vardı.

 “Rastamoşka”nın qiyməti qalxıb

 “Ford-Tranzit” markalı yük avtomobilinin yanında dayanmış bir kişi deyir ki, xaricdən bu avtomobili bu gün gətirib. Qiyməti isə bir neçə variantda təklif edir. Qeyd edək ki, bu tipli avtomobillər yük üçün istehsal olunsa da, Azərbaycanda onları sərnişin mikroavtobusuna çevirib istifadə edirlər. Elə qiymətlər də bu səbəbdən fərqlənir. Satıcı deyir ki, maşın hələ “rastamoşka” edilməyib. Bu vəziyyətdə 7.500 dollara satır:

–        Əgər “rastamoşka” ilə istəyirsənsə, elətdirim – 10.500 dollara olacaq.

–        Deməli, “rastamoşka” 3000 dollar tutacaq?

–        Əslində, 3200 dollar edir, amma mən daim işlədiyim adam var, o mənə 3000-ə edir.

–        Axı əvvəllər hamı üçün 3000-ə edirdilər…

–        Xəbərin yoxdur? “Rastamoşka”nın qiyməti qalxıb…

–        Rəsmi gömrük rüsumu qalxıb?

Üzümüzə tərs-tərs baxdı:

–        Nə rəsmi? Əvvəl aşağı məbləğə qiymətləndirirdilər, indi qiymətləndirməni artırıblar, 200 dollar fərq edir…

–        Bəs bu maşını sərnişin mikroavtobusuna çevirməyə nə qədər pul lazımdır?

–        Hə, 500 manat “QAİ”-yə verməlisən, təxminən elə 500 manat da oturacaqları almağa, quraşdırmağa və s.

 Kassa aparatı nədir, bura yeməkxanadır!

 Şənbə günü yağıb Azərbaycanı sel-suya qərq edən yağışın ardından bazar günü çıxan günəş yerdəki gölməçələri buxarlandırıb əməlli-başlı isti yaratmış, bu səbəbdən dil-dodağımız qurumuşdu. Bazarın içində olan 3-4 yeməkxanaya baxsaq da, əyləşmək üçün yer yox idi. Əslində, bunlara “Yeməkxana” deməyə də adamın dili gəlmir, daxmaya oxşayan, şəraitsiz, sanitariya qaydalarından kənar olan bu obyektlərin işi yaman “xod” gedir. Xeyli gəzdikdən sonra üzərində əcaib sözlər yazılmış bir yeməkxana tapdıq. Latın və Kirill qrafikalarının sintezi ilə yazılmış “Yeməkxana” və “Kabab” sözlərini başa düşsək də, “Hacapuri”, “Xinkal” yazılarına xeyli güldük. Birtəhər yer tapıb əyləşdik. Uzun müddət gözlədikdən sonra, nəhayət, “ofisiant” – üst-başından kir-pas yağan, hamıya laqeyd-laqeyd baxaraq, çağırışlara məhəl qoymayan bir yeniyetmə yaxınlaşdı. Çay gətirməsini istədik və yeməklərlə maraqlandıq. Məlum oldu ki, tikə-kabab, qreçka və s var. Kababın qiymətini soruşduq – 3 manat! Elə şəhərin lüks restoranlarının əksəriyyətində də bu qiymətdir ki… Çayımızı içib qalxdıq. Ofisiant 1 manat çaypulunu alıb mətbəx-bufetə keçdi. Bir az gözlədim və içəri boylandım:

–        Bəs çek vermirsiniz?

Saymazyana yeniyetmə ofisiant heç vecinə də almadı. Sualımı bir daha təkrarladım. Ofisiantın cavabı qısa oldu: “Yox”. Mətbəxdəki yaşlı qadın duruxduğumu görüb soruşdu:

–        Nə istəyirsən, ay bala?

–        Çayın pulunu verdim, çek vermirsiniz?

–        Çek nədir?

–        Çek də, kassa çeki… Bəs kassa aparatınız yoxdur?

Təəccüblə üzümə baxıb, “kassa aparatı nədir, bura yeməkxanadır!” dedi…

 Hər dəqiqə dolub-boşalan və gün ərzində dayanmadan alver edən yeməkxanada da kassa çekinin nə olduğunu bilmirlər… Deməli, burada da 10.000 manatlarla ölçülən vergidən yayınan pul var…

 Kassa aparatından istifadə edilməyən “Zapçast” bazarından yığılan icarə haqqı – ildə 1.440.000 manatdır!

 Maşın bazarının tərkibindəki ehtiyat hissələri satılan və sürücülərin ““zapçast” bazarı” adlandırdıqları əraziyə keçirik. Burada təxminən 400 mağaza var. Öyrəndik ki, icarənin qiyməti 300-400 manatdır. Deməli, ayda orta hesabla 120.000, ildə 1.440.000 manat icarə haqqı yığılır… Mağazaların birinə yaxınlaşıb kiçik bir ehtiyat hissəsi aldıq. Pulunu ödəyib gözlədik, amma burada da kassa aparatı gözə dəymirdi. Dilimizlə çek istədik. Bir az şübhəli-şübhəli üzümüzə baxdılar. Narahatçılıqlarını başa düşdük:

–        Narahat olmayın, vergi işçisi deyilik, amma bu ehtiyat hissəsini şirkət üçün alırıq, ona görə də, şirkətə çek təqdim etməliyik.

–        Biz adətən çek vermirik.

–        Bəs kassa aparatınız da yoxdur?

–        Var, amma istifadə etmirik.

İsrar etdiyimizi görüb telefonla kiminləsə əlaqə saxladılar. Yəqin ki, müdiriyyət idi. Razılıq aldıqdan sonra əşyaların altından kassa aparatını çıxardılar. Aylarla, illərlə, bəlkə də ümumiyyətlə, istifadə olunmayan kassa aparatı toz içində idi. Narazı-narazı silib təmizləyəndən sonra ödənilən məbləğə uyğun çeki təqdim etdilər.

 Sabir müəllim mənə çek verir ki, mən də sizə verim?

 Maşını saxladığımız dayanacaqdan çıxırdıq ki, yenə qarşımızı bir ağsaqqal kişi kəsdi:

–        50 qəpik “stayanka”pulu verməlisiniz.

–        Çük verəcəksən, ağsaqqal?

–        Nə çek, müdir mənə çek verir ki, mən də sizə çek verim?

–        Müdir kimdir?

–        Sabir müəllim.

–        Burada gündə nə qədər pul yığırsan?

–        180-200 manat.

–        Hamısı sənə qalır?

–        Yox ey, hardadır, hamısını Sabir müəllimə verirəm, mənə günə 15-20 manat verir…

“Maşın bazarı”ndakı təxminən 2 saatlıq gəzintimiz başa çatdı. Ortada olan isə odur ki, bu bazarda vergidən xəbərsizdirlər. Bəs görəsən, vergi qurumları da bu bazardan xəbərsizdirlər? Axı Sabir Tarverdiyev daim Heydər Əliyevin siyasi kursunu dəstəkləyib. Onun adı gələndə indi də gözləri yaşaran Sabir müəllim Ulu Öndərin artıq aforizmə çevrilərək yolları və reklam lövhələrini bəzəyən “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləyirik” sözünü heç oxumayıb, eşitməyib? Bəs görəsən, milyon manatlarla ölçülən və vergidən kənarda qalan pulların hesabını heç kim görmür? Bu kimi suallara cavab tapmaq üçün araşdırmalarımız davam etdirəcəyik.

 Hüseyn Əzizoğlu “Xural”ı hədələyir…(?!)

 Yazıda qeyd olunan faktlara münasibət öyrənmək üçün Milli Dövlətçilik Partiyasının Mətbuat Xidmətinin rəhbəri, Sabir Tarverdiyevin təsisçisi olduğu “Dövlətçilik” qəzetinin baş redaktoru Hüseyn Əzizoğlu ilə əlaqə saxlayaraq suallarımızı ona ünvanladıq. Hüseyn Əzizoğlu sualımıza sualla cavab verdi:

–        Niyə Sumqayıt maşın bazarı sizə bu qədər maraqlıdır, başqa maşın bazarı yoxdur yazı hazırlamağa?

–        Haradan yazı hazırlamağı seçmək bizim hüququmuzdur, siz sualları cavablandırın…

–        Mən partiyada mətbuat xidmətinin rəhbəriyəm, “Dövlətçilik”, “Araz”, “Meredian” qəzetlərinin baş redaktoruyam…

–        Çox gözəl, elə isə suallara cavab verin, mətbuatda informasiyalar dolaşır ki, bazarın bir payçısı da prezident İlham Əliyevin əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevdir?

–        Sumqayıt maşın bazarının yaradıcısı Sabir Tarverdiyevdir, hazırda buraya onun oğlu Müşfiq Tarverdiyev rəhbərlik edir.

–        Bəs başqa payçısı yoxdur?

–        Ola bilər ki, var. Amma mən onların adını sizə deyə bilmərəm.

–        Hüseyn müəllim, bazarda pul ödənişləri zamanı çek ödənilmir, bunun səbəbi nədir?

–        Mən başa düşmürəm, niyə ancaq Sumqayıt bazarı sizə maraqlıdır? Bizdə hər şey qanunidir. “Vicdan” MMC Sumqayıtın ən böyük vergi ödəyicisidir.

–        Axı bu gün biz orada idik. Dedilər ki, çek verilmir. İsrar edəndən sonra verirlər…

–        Orada çeki mən özüm verirəm. İstəyəndə hamıya çek verilir. Düzdür, çeksiz də daxil olan olur…

–        Bəs niyə çeksiz də daxil olmaq olur?

–        Siz nə bilirsiniz biz hansı sistemlə işləyirik?

–        Biz də onu soruşuruq ki, siz hansı sistemlə işləyirsiniz?

–        Bizdə lazımi qədər vergi ödənir. Gedin vergidən soruşun.

–        Sağ olun, soruşarıq…

–        Siz Sabir müəllim haqqında xoşagəlməz informasiyalar verirsiniz. Bilirsiniz, ayın 19-da Mətbuat Şurasının üzvü olmuşuq. Əflatun Amaşovla Sabir müəllim dostdurlar…

–        Sizə və Əflatun müəllimə uğurlar, Hüseyn müəllim. Əflatun Amaşov vergilər nazirliyində işləyir?

–        …

 Rəşad Vaqifoğlu

Aqil Orucoğlu

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button