Sumqayıt tək qalanda…

Vüsalə Mahirqızı

Ənənələri dəyişirik…

Azərbaycanda əvvəllər çox dəbdə olan atalar sözü vardı: “Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə”. Amma dövr dəyişdikcə atalar sözlərinə də “korrektələr” olunur. İndi adamlar özlərinə lazım olan, gözünə görünmək istədikləri vacib şəxslərin olduğu məclisə çağrılmasalar belə gedirlər. Əvvəlcədən zəng edib dəvətnamə istəyirlər, araya adam salırlar, hətta önəmli qəbullara dəvət almadığı üçün telefonlarda yana-yaxıla ağlayıb-sızlayanların da olduğunu eşitmişəm. Dəvətli olmadığı tədbirin qapı arxasında qaldığını vecinə almadan eyni adama və ya quruma məxsus o biri tədbirdə peyda olmağın yolunu tapıb, hamıya acıq verənləri az görmədim.

Son illər maraqlı bir tendensiya müşahidə eləyirəm. Adamlar tədbirə mahiyyətinə görə yox, çağıranın vəzifəsinə, qurumun statusuna görə qatılırlar.

Son bir ayda iki dəfə bunun təsdiqini gördüm. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova “İlin adamı” mükafatının təqdim olunduğu mərasimdə millət vəkilləri, rəsmi qurumların dəvətli nümayəndələri, QHT və KİV rəhbərləri barmaqla sayılacaq qədərdi. Zalın soyuq sükunətində hamı ətrafa baxıb tanınmış üz axtarırdı. Adamlar təqdimatı keçirən quruma olan münasibətlərini, ya da münasibətdən yaranan qorxunu Mübariz İbrahimova yansıtdılar. Orada iştirak Azərbaycanın Milli Qəhrəmanına, Azərbaycan Milli Ordusuna olan münasibət idi. Başqa hesabları başqa vaxtlarda və yerlərdə də göstərmək olardı.

Bu gün isə (24 fevral 2011-Red.) vəkil Aslan İsmayılovun “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının türk, rus, ingilis dillərinə tərcümə olunmuş nüsxələrinin təqdimat mərasimi idi. Saat 11-də başlayan tədbir zalına daxil olub Aslan müəllimlə salamlaşanda “Doqquz ölkənin səfiri gəlib, bizimkilərdən heç kim yoxdu. Səncə, neyniyim” deyə, soruşdu. Bir az daha gözləməsi lazımdı, elə də elədi. Azərbaycanda fəaliyyət göstərən 9 ölkənin səfirinə daha 5 ölkənin səfirliyinin birinci katib, müşavir səviyyəsində olan nümayəndələri də əlavə olundu. Bizimkilərdən gələn olmadı…

Aslan müəllim tədbiri başladı…

Tədbir bir saat çəkdi, “bizimkilər” gəlib çıxmadılar…

O tədbirə Almaniya, Qazaxıstan, Litva, Özbəkistan, Türkmənistan, Belarus, Ukrayna, Qətər və Moldovanın səfirləri, Türkiyə, BƏƏ, İsveçrə, Gürcüstan və İordaniyanın səfirliyinin məsul əməkdaşları qatılmışdılar.

Bu diplomatik palitrada hər region, səsimizi duyurmaq istədiyimiz hamı var.

Aslan müəllimdən kimlərə dəvətnamə göndərdiyini soruşdum: “Mən Azərbaycan XİN, Diaspora Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinə dəvətnamələr göndərmişəm. Ölkədə fəaliyyət göstərən 70 Qeyri-Hökumət Təşkilatı, bütün elektron, yazılı və internet media rəhbərləri bu tədbirə dəvət ediliblər”…

Təkcə 2010-cu ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 52 QHT-yə məhz Azərbaycanın cəlb olunduğu münaqişənin öyrənilməsi, mahiyyətinin dünyaya çatdırılması ilə bağlı 302 min manat qrant ayrılıb…

Mən o tədbirdə cəmi 5 QHT, özüm də daxil olmaqla iki media rəhbəri gördüm.

Daha heç nə demirəm.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button