Supermarket dərdi, nisyə dəftərləri və qonşu ölkələrə ərzaq turları

Qubad İbadoğlu

Qubad İbadoğlu

Azərbaycanın tanınmış supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat nazirinə müraciət edib, manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən şikayətləniblər. Onlar müflis olma təhlükəsindən xilas olmaq üçün hökumətdən vergi yükünün azaldılmasını xahiş ediblər. Təklif ediblər ki, sosial əhəmiyyətli ilkin tələbat mallarının istehsalı və satış zəncirinə “0” dərəcə ilə ƏDV tətbiq olunsun.
Məntiqli və gözləniləndir. Əslində sahibkarlar bu müraciət vasitəsilə həm də onu çatdırmaq və ictimailəşdirmək istəyiblər ki, xərclər artdığına görə satış şəbəkələri bağlana, işçilər ixtisar edilə, mənfəət azadlğına görə qiymətlər bir az da arta bilər. Bu isə həm yeni bahalaşma dalğasından və həm də ərzaq qıtlığının yaranmasından özlərini sığortalamaq məqsədi də daşıya bilər.
Bundan əvvəlki yazımda Mərkəzi Bankın və Maliyyə Nazirliyinin yalnış monetar və fiskal siyasətiləri nəticəsində işgüzar aktivliyin zəifləməsi və alıcılıq qabliyyətinin aşağı düşməsinin yarada biləcəyi makro səviyyəli fəsadları sizinlə bölüşmüşdüm. Bu isə həmin fəsadların biznes səviyyəsində təzahürü və milli iqtisadiyyatda müşahidə olunan tənəzzülün ilkin simptomplarıdır.
Əgər Bakıda iri satış şəbəkələrinə malik olan supermarketlər “qan ağlayırlarsa” onda görün regionlarda vəziyyət necədir. Rayonlardan aldığım məlumatlara görə, xüsusilə də kənd mağazalarında nisyə dəftərləri çoxdan “dolub”, hətta iş o yerə çatıb ki, sərhəd rayonlarında yaşayanlar gündəlik tələbat mallarını almaq üçün ayda 1-2 dəfə qonşu ölkələrə ərzaq turlarına gedirlər və orda səbətlərini doldurub geri dönürlər. Mən bu vəziyyəti bu günlərdə cənub bölgəsinə səfər edərkən müşahidə etdim. Yerli caamatdan aldığım məlumata görə, onlar pensiya və digər ödənişləri alarkən İrana gedir və orda bazarlıq edib geri dönürlər. Eyni vəziyyət Qərb və Şimal bölgəsində də müşahidə olunur. Qərbdə yaşayanlar ayda 1-2 dəfə bu məqsədlə Gürcüstana, şimalda yaşayanlar isə Dağıstana üz tuturlar. Belə vəziyyətin başlıca səbəbi Azərbaycanda qiymətlərin qonşu ölkələrlə müqayisədə baha olmasıdır. Həqiqətən də Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətləri nəinki qonşu ölkələrlə, hətta ABŞ-la müqayisədə də bahadır. Dövlət Statistika Komitəsi də ölkədə ikirəqəmli inflyasiyanın olduğunu bəyan edir. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz bahalaşıb. Bu rəqəmlər hətta gerçək vəziyyəti tam xarakterizə etməsə də vəziyyətin ağırlığını təsbit edir. Vəziyyət həqiqətən də yalnız iş adamları üçün deyil, həm də istehlakçılar üçün də ağırdır. Çünki, əsas ərzaq məhsullarının inflyasiyası açıqlanan rəsmi məlumatlarla müqayisədə dəfələrlə yüksəkdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button