Suriyada döyüşməkdə təqsirləndirlənlərin məhkəməsində şahidlər ifadə verdi

hakim Ənvər Seyidov13.04.2015 

Şahidin ifadəsində ziddiyyət yarandı: “Özümə elan etmədən qol çəkdirdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidov sədrliyi ilə Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirli bilinən 6 nəfərlik dəstənin – Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə ittiham tərəfinin şahidləri dindirilib. İlk olaraq şahid qismində təqsirləndirilən Namiq Məmmədovun bibisi oğlu Elmir Vəliyev ifadə evrib. Tikintidə fəhlə kimi çalışdığını deyən E.Vəliyev ibadətlə məşğul olduğunu deyib. O qeyd edib ki, son vaxtlar münasibətləri soyuq olduğu üçün Namiqin Suriyaya getməsindən sonradan xəbər tutub. “Əvvəl Türkiyəyə getdiyini bilirdim, sonra Suriyaya getdiyini eşitdim. Namiq saxlanılandan sonra məni MTN-ə dəvət etdilər. Orada mənim ifadəmi almadan, özümə elan etmədən qol çəkdirdilər. Guya mən istintaq zamanı demişəm ki, Namiq mənə də Suriyaya getməyi təklif edib, amma qəbul etməmişəm. Yenə də deyirəm ki, mənim heç nədən xəbərim olmayıb. Orada mənə psixoloji təzyiq ediblər”.

Şahidin istintaqa verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, onun məhkəmədə və istintaqda verdiyi ifadələr arasında ziddiyyətlər var.

Bundan sonra məhkəmədə hal şahidi Kamil Cəmilov ifadə verdi. O, ifadəsində həmin gün beş mənzildə olduğunu, yalnız adını və soyadını bilmədiyi birinin evindən güllə çıxdığını dedi: “Həmin gün mənə Yaşar adlı şəxs zəng edib hal şahidi kimi əməliyyatçıların yanında mənzillərə gedəcəyimi bildirdi. Mən də razılaşdım. Beş-altı mənzildə olduq”.

Hakimlərin və prokurorun suallarına cavab olaraq Kamil Cəmilov yazıb-oxumağı bilmədiyini, bundan da qabaqkı əməliyyatlarda hal şahidi kimi iştirak etdiyini bildirib. “Yadımda qalmayıb, qoca kişiyəm. Evdən nə çıxıbsa, ona qol çəkmişəm” – deyə bildirib.

Digər hal şahidi olan Namizəd Səfərəliyev də yalnız evlərin birindən güllə çıxdığını bildirib: “Mən dövlətimin yanındayam. O güllələr insan sağlamlığı üçün ziyandır. Mən olan şeyi görüb, sonra protokala imza atmışam”.

Məhkəmə prosesi aprelin 20-də davam edəcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı cinayətkar birliyin tərkibinə daxil olan Suriya Ərəb Respublikası ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində dini düşmənçilik zəminində iştirak etməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button