SUSSAN DA, SUSMASAN DA – HƏDƏFDƏSƏN!

Nurəddin Xoca

Bu gün Azərbaycanda həqiqətən də azad sözə, azad fikrə, azad insana müharibə elan olunub. Bu gün hakimiyyətin icazə verdiyi parametrlərdən kənar fikrini deyə biləcək və deyən insanların hamısı təhlükə altındadır. Onlar ya öldürülməli, ya həbs edilməli, ya ictimai fikirdən təcrid edilməlidir. Son bir neçə ayda baş verənlərə nəzər salsaq, dediklərimin heç də boş şey olmadığını görərsiniz.


Sərt tənqidi yazıları ilə gündəlik nəşrə keçən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı saxta ittihamlarla əvvəl susdurulmaq istənildi, bu mümkün olmayanda, şərlənərək həbs edildi. Heç bir hüquqi sübutların olmadığına baxmayaraq, 3 ay həbsə atılan Əvəz Zeynallının qəzetinə də embarqo qoyulub. “ Xural” adı qadağan olunan adlar siyahısındadır.
Bu ölkədə erməni yaşaya bilir, amma “Xural”ın yaşamasına qadağa qoyulur!
Bu ölkədə Bakının göbəyində Qarabağ şəhidinin ailəsini evdən çıxarıb ermənini həmin mənzilə yerləşdirmək olur, ancaq “Xural” qəzetini çap etmək olmur!
Bu ölkənin milli maraqlarına zidd bütün qruplar rahat-rahat Azərbaycanda kef edə bilirlər, amma hakimiyyəti tənqid edən aborigenlər yaşaya bilmirlər.
Bu hakimiyyətin düşməni PKK deyil, ASALA da deyil, yalnız və yalnız onun oğru olduğunu deyən insanlardır.
Akademiyanın müxbir üzvü Rafiq Əliyevi hakim elitanın fikri ilə uyğun gəlməyən sözlərinə görə düşmən elan etdilər. Baxmayaraq ki, Rafiq Əliyev dünyada tanınan 2-3 alimimizdən biridir. Ona qarşı çox iyrənc kampaniyaya start verildi. İş o yerə çatdı ki, dünyanın qəbul etdiyi bu alimin elmi işlərini yerli hakimiyyətə yarınan alimciyəzlər şübhə altına almağa başladılar. Niyə? Bəlkə hakimiyyət onlara hansısa bir pay verib? Yox, əsla. Sadəcə yuxarıdan komanda gəldi və bu azad fikirli alimi əzmək lazım idi. Bizim alimciyəzlərimiz də “işə” başladılar.
Rafiq Tağını da bu dönəmdə qətlə yetirdilər. Bu gün bu ölümlə bağlı bir çox versiyalar var. Lakin ən maraqlısı odur ki, nədən bu ölüm bu günə təsadüf etməli idi? Qatil kim olmasından asılı olmayaraq, vuran əli bizim azad sözü, azad fikri məhv etmək istəyənlər yönəldiblər. İnanmırsınızsa, beş dəqiqəlik susun və sakitliyi dinləyin, onda siz hər bir yazan, fikirləşən, düşünən adamın dalınca gedən qatilin tövşüməsini eşıdəcəksiniz.
Elə bil, birilərinin əmri ilə seçilmişlərə qarşı hücum başlayıb. Ziyalıların danışan dili kəsilir, yazan əllər qandallanır, fikirləşən beyinlər isə məhv edilir. Bu, bir mərkəzdən həyata keçirilən əməliyyata oxşayır. Rafiq Tağını hətta İran mollaları öldürübsə belə icazəni bizlərdən alıblar. Bu qətl Əvəz Zeynallının həbsi, Rafiq Əliyevin təcridi kimi bir mərkəzdən planlanmışdır; bu, böyük bir planın tərkib hissəsidir; bu, Azərbaycan xalqının səsinin boğulmasına yönəlmiş bir plandır…
Məgər, Rafiq Tağının qətli düşünən beyinləri dağıtmaq istəyinin səbəbi deyil?
Məgər, Əvəz Zeynallının millət vəkili tərəfindən şərlənərək həbs edilməsiyazan qolların qandallanması deyil?
Hər halda, Rafiq Tağıda qatillər məlum olmasa da, Əvəz Zeynallının üzünə duranlar məlumdur. Və bu fakt bəzi məlum olmayanları məlum edir.

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button