Suyu fransızlar bahalaşdırıb?

11 may 2016-cı ildə prezident İlham Əliyevlə görüşən Fransa Sahibkarlar Təşkilatı – MEDEF-in bəzi üzvləri “SUEZ”, “Sidem” və “İtron” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti iki gün sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətində görüş keçirərkən suyun qiymətləri də bahalaşdı. Elə həmin gün Tarif Şurası ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə – bir kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla), bir kub metr üçün 8 manat müəyyən etdi.Yeni tariflər bu gündən qüvvəyə minəcək, deməli sayğaclar qiymətləri artıq yüksək tariflərlə hesablamağa başlayıb. Nəticədə bu gündən başlayaraq 1 milyon 387 min 96 abunəçinin xərcləri artmağa başladı.
Qiymət “Azərsu” ASC-nin müraciəti əsasında bahalaşdırıldığından bu qərarın korporativ maraqlar üzərində verildiyi şühbə doğurmur. Lakin indiki həsas sosial durumda “Azərsu” ASC-nin bütün məsuliyyəti öz üzərinə götürüb müstəqil qərar verməsi də inandırıcı görsənmir. Fikrimcə, bu qərarla böyük özəlləşdirmə arasında əlaqə də axtarmaq mümkündür. Çünki hazırkı qiymət səviyyəsi ilə Azərbaycanın su, enerji və digər kommunal xidmətlər bazarına xaricdən investisiyanın cəlb edilməsi çox skeptik görsənir. Odur ki, bu yanaşma ilə hökümət suyun və digər kommunal xidmətlərin qiymətlərini mərhələli şəkildə artıra və sonra isə həmin obyektləri özəlləşdirməyə çıxara bilər. Düşünürəm ki, belə olan halda Tarif Şurasından yalnız suyun deyil, digər xidmətlərin və məhsulların bahalaşmasına gözləmək olar. Hesab edirəm ki, milli iqtisadiyyatın kiçildiyi, işləyənlərin gəlirlərinin dəyərsizləşdiyi, işsizliyin kütləvi surətdə çoxalıdığı indiki durumda Tarif Şurasının bu tip əsaslandırılmamış qərarları sosial durumu daha da gərginləşdirə bilər. Nəzərə alsaq ki, suyun artması manatın devalvasiyasından sonra ən çox bahalaşmış qablaşdırılmış suların qiymətində yeni bahalaşma dalğası yaradacaq. Keyfiyyətində ciddi dəyişiklik müşahidə olunmayan suyun mövcud qiymətindəki artım bir müddət ötdükdən sonra ailə büdcəsində daha əhəmiyyətli yer tutacaq. Beləliklə də qiymət bahalaşmasında sonra ödənişləri tam həcmdə və vaxtında təmin edə bilməyən “Azərsu” ASC-nin qara günləri başlaya bilər.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button